Sevən belə yalvarar
Başını bir azca yuxarı
qaldır,
O qara gözlərə baxım
doyunca.
Görüm bu gerçəkdi,
yoxsa xəyaldı,
Sevda sellərində axım
doyunca.
Yuyunum saçların şəlaləsində,
Doğsun o gözlərdən
Günəşim, Ayım.
Əlim toxunduqca, kövrək səsində
Hər sözü, hecanı
öpüm, oxşayım.
Sən Allah, gözümün içinə
bax bir,
Axı perik düşər
baxışlarımız.
Sevmək bizim üçün eyib
deyildir,
Üst-üstə
düşübdü naxışlarımız.
Eşqin məbədidi ürəklərimiz,
Səcdəyə gələnsə
gözlərimizdir.
Lal bir məhəbbətin
buraxdığı iz,
Baxışlarda qalan sözlərimizdir.
Başını yuxarı
qaldır, a zalım,
Vücudun sükutlar
içində dinsin.
Başına dolanım, qadanı
alım,
Bəlkə anam bilib bir az sevinsin.
Ürəyin
ollam
Sən mənə
"gülüm" de,
Sadəcə, gülüm.
Gül de ki, gül olum,
Gül de ki, gülüm.
Qoyma solub-solub
Yerə tökülüm,
Gərəyin ollam.
Şöhrətim, şərəfim,
şanım,
de mənə.
Canına can ollam,
canım
de mənə.
Damarında axan
qanım
de mənə,
ürəyin
ollam.
Baxma gözlərimin
yaşına
belə.
Sevgimiz vüqarla
yaşanar
belə.
Bir gün dağlar aşsa,
başına
belə,
dirəyin
ollam.
Ağlama, sızlama
gəl
için-için.
Al ovcun içinə,
mən
bir göyərçin.
Sev məni, əzizim,
çatdıqca
gücün.
Günahın olubsa,
sevda yolunda.
Qurana çatmasa
əlin,
and üçün
öpüb
and içməyə
çörəyin
ollam.
Sevgi şərqisi
Dünya özü aşiq oldu
Sevgililər barışan
gün.
Zülmət dönüb
işıq oldu
Sevgililər barışan
gün.
Tək qalanlar qoşalaşdı,
Könüllərdən sevgi
daşdı.
Şirin söhbət-söz
dolaşdı
Sevgililər barışan
gün.
Xatirələr dilə gəldi,
Sona uçub gölə gəldi.
Şeyda bülbül gülə gəldi
Sevgililər barışan
gün.
Susdu böhtan, utandı şər,
Mələkləşdi
bütün bəşər.
Kifirlər də gözəlləşər,
Sevgililər barışan
gün.
Təbrik edər aran dağı,
Gələr muştuluq
sorağı,
Gül açar güllə
qundağı
Sevgililər barışan
gün.
Mənim eşqim
Mənin eşqim dağ
çayıdır
Coşar, çağlar,
dönər nəhrə.
Bir ağacdı, dərin
budağı
Çiçək açar,
verər bəhrə.
Mətinlikdə bir poladdı
Gah kök saldı, gah qol
atdı.
Göy yamacda bir palıddı
Başdan qoca, dibdən
pöhrə.
Gəncliyimlə göz-gözədir
Düşdüyü sevda təzədir.
Mənim eşqim möcüzədir,
Sehrbazı salar sehrə.
Gözəl
Bu çeşmənin
cığırında
Gələn göyçək,
gedən gözəl.
Bir yönünü bəri
çevir,
Ay nazlanıb gedən gözəl.
Düşdüm sevda aləminə,
Qurbanam eşqin qəminə.
Şükür tanrı qələminə,
Yeriş nazlı, bədən
gözəl.
Gör məskən seçdim
haranı,
Harda qaldı de, yar hanı?
Həsrət vurduğu yaranı,
Açan zalım, didən
gözəl.
Qəmi boğub dərd itirən,
Ətirli güllər bitirən,
Belə gözəllər yetirən,
Diyar abad, Vətən gözəl!
Kipriklərin dar
ağacı
Kipriklərin dar ağacı,
Baxışlarım
asılıbdır o gözlərdə...
Sən o dara çəkilənin
Batmısanmı heç
yasına?
Gülüm, səni and verirəm,
Baxma, baxma başqasına.
Yoxsa mənim baxışlarım
Gözlərindən
düşüb sınar.
2021
Ziyəddin
SƏLİM
Ədəbiyyat qəzeti.- 2022.- 7 may. S. 31.