Autizmli italyan yazar Suzanna Tamaro:
"Sevgi gələcəyə inanmaqdır..."
Yazar və kinorejissor Suzanna
Tamaro 12 dekabr 1957-ci ildə İtaliyanın Triest şəhərində
anadan olub. Valideynləri
ayrıldıqdan sonra ana nənəsi tərəfindən
böyüdülən yazar atasını "alkoqolik",
anasını isə "soyuq və qəddar" adamlar kimi təsvir
edir. Yazarın uşaqlıqda dörd iti, on pişiyi, on
beş qırmızı balığı,
çoxlu tutuquşusu, beş tısbağası, bir kirpi və
otuz hamsteri olub. Velosiped, konki sürməyi sevir,
nizə, ox atmağı bilir. Qışda
xizək sürmək sevimli məşğuliyyətidir,
badminton, voleybol oynayır, karate ilə məşğul olur.
Özünü "qəribə uşaq"
kimi təsvir edən yazar nevroloqlar tərəfindən
müalicə olunur və dərmanlar qəbul edirmiş.
Lakin sonra o, Asperger sindromu haqqında oxuyub və
diaqnozunun bu olduğunu anlayıb. Çətin
uşaqlıq keçirən Tamaro 18 yaşında zəlzələnin
şahidi olub, 25 yaşında ölümcül xəstəlik
keçirib və 27 yaşında yazmağa başlayıb.
Yazar italyan kino məktəbi
olan Eksperimental Film Mərkəzində (Centro Sperimentale di
Cinematografia) təhsil almaq üçün təqaüd
alıb və 1979-cu ildə rejissorluq diplomu alaraq məktəbin
məzunu olub. Elə həmin ildən
də məşhur italyan rejissor Salvatore Samperi ilə işləməyə
başlayıb. O, bir neçə il
televiziya sahəsində yazıçı və redaktor kimi
çalışıb.
Tamaro hər uğurlu
yazarın yaşadıqlarını yaşayıb. İlk cəhdlərində uğursuzluğa
düçar olub, lakin onlara məhəl qoymadan yoluna davam edib
və 1991-ci ildə çap edilən "Tək səs
üçün" ("Per voce sola") kitabı ilə
böyük səs-küy yaradıb. O, adətən
gündəliklər və ya məktublar şəklində
yazır. Hadisələri birinci ağızdan
danışır. Yazarın bütün əsərlərində
həmişə kədər var. Onun qəhrəmanları, adətən
ölüm ayağında olan, lakin bu vəziyyətlə
barışmış, həyatda axtardıqlarını
tapmayan insanlardır.
1978-ci ildə ilk qısa hekayələrini
yazmağa başlayıb. Onun ilk romanı 1981-ci ildə tamamlanıb, lakin
müraciət etdiyi bütün nəşriyyatlar tərəfindən
rədd edilib. Nəhayət, 2013-cü ildə
"Hər mələk qorxuncdur" adı altında
çap edilib. 1989-cu ildə
"Ağlı bir qarış havada" ("La testa fra le
nuvole") adlı romanı Marsilio tərəfindən nəşr
edilib. 1991-ci ildə nəşr edilən
ikinci romanı "Tək səs üçün"
("Per voce sola") (1991) böyük uğur qazanıb və
bir neçə dilə tərcümə edilib. Onun
ikinci romanı haqqında dünya şöhrətli rejissor
Federiko Fellini belə deyib: "Bu əsər mənə,
"Oliver Tvist"i və Kafkanın
"Amerika"sının müəyyən səhifələrini
oxuyanda başıma gəldiyi kimi, məni utandırmadan təsirlənmək
sevincini verdi".
Yazar 1991-ci ildə uşaqlar
üçün "Gombul ürək" adlı
kitabını yazıb. Onun 1993-cü ildə
yazdığı "Ürəyinin apardığı yerə
get" ("Va' dove ti porta il cuore")
romanı ilk dəfə nəşr olunanda tənqidçilər
tərəfindən müsbət qarşılanmasa da bestseller
olub. Roman 2008-ci ilə qədər 15 milyon
nüsxə satılıb. Bu kitab "XX əsrdə
ən çox satılan italyan kitabı" kimi tarixə
düşüb. 2000-ci ilə qədər
ABŞ-da təxminən 25.000 nüsxə satılıb.
Roman 1994-cü ildə Roma Şəhəri
Qadın Mükafatını ("Premio Donna Citta di Roma")
qazanıb. 2002-ci ilə qədər 44 dilə
tərcümə edilib. 1996-cı ildə
italyan rejissor Kristina Komençini bu roman əsasında
eyniadlı film çəkib.
1997-ci ildə yazar, "Anima
Mundi" (Dünyanın Ruhu) romanını nəşr
etdirib. 1998-ci ildə o,
İtaliyanın "Xristian Ailəsi" ("Famiglia
Cristiana") jurnalı üçün yazdığı məqalələr
toplusunu "Əziz Matilda, insanın gəzməsini dörd
gözlə gözləyirəm" adı altında kitab
halında çap etdirib.
Yazarın 2001-ci ildə
çap edilən "Mənə cavab ver"
("Ripsondimi") kitabı "Müqəddəs
anlayışları təhqir etdiyi" əsas göstərilərək
bəzi jurnallar tərəfindən tənqid olunub. 2002-ci ildə "Daha çox yanğın, daha
çox külək" ("Piu fuoco, piu vento"),
2003-cü ildə "Kənarda" ("Fuori")
kitabları nəşr edilib.
2005-ci ildə yazar özünün
3 hissədən ibarət "Mənə cavab ver"
("Ripsondimi") kitabının "Cəhənnəm
yoxdur" başlıqlı hissəsi əsasında
"Sevgimdə" ("Nel mio amore") adlı filmini
çəkib. 2006-cı ildə "Ürəyinin
səsini dinlə" əsərinin davamı olan "Səsimə
qulaq as" ("Ascolta la mia voce") əsərini nəşr
etdirib. Bu roman 12 dilə tərcümə
edilib.
2008-ci ildə "Luisito - Bir sevgi
hekayəsi" ("Luisito - Una storia d'amore"), 2013-cü
ildə "Hər mələk qorxuncdur" ("Ogni angelo e tremendo") kitablarını çap
etdirib.
Tamaro haqqında çəkilən
"Yayınlanmamış" ("İnedita") adlı sənədli
film Roma Film Festivalında, daha sonra "Rai 5" televiziya
kanalında nümayiş etdirilib. Sənədli
filmdə o, Asperger sindromlu həyatı, yazarlıq
karyerası və velosiped təmiri, arıçılıq,
döyüş sənəti kimi müxtəlif maraqlı məşğuliyyətləri
haqqında danışıb.
"Ağlı bir
qarış havada" ("La testa fra le nuvole") əsəri
ilə İtalo Kalvino (1989) və Elza Morante (1990)
mükafatlarını alıb. "Tək səs üçün" ("Per voce
sola") kitabı Beynəlxalq PEN (1991) və qadın yazarlar
üçün olan Rapallo Cariqe (1992) mükafatlarını
qazanıb. Ən son 2016-cı ildə "Tullan,
Bart" ("Salta, Bart"!) kitabı ilə İtaliyada
Streqa Mükafatı alan yazar bunlardan
başqa da müxtəlif mükafatların sahibidir.
2002-ci ildə verdiyi müsahibədə
Tamaro özünü ekoloq və vegetarian, Taoizmə
marağı olan atası, yəhudi anası daxil olmaqla ailəsinin
dini inanclarına görə "katolikdən daha çox
xristian" kimi təsvir edir. Otuz ildən
çoxdur ki, yazar Roberto Mazzoni ilə birlikdə
yaşayır.
10 il fasilədən
sonra yazdığı yeni romanı - "Böyük bir
eşq hekayəsi" ilə gündəmə gələn
yazar bu dəfə oxucularına xoşbəxtlik və
etibarlı liman axtaran Edit və xoşbəxt etməyi
özünə vəzifə bilən Andreanın məhəbbət
fonunda yaşanan həyat hekayələrini təqdim edir. 2019-cu ildə Asperger sindromunun yaratdığı
çətinliklərə görə evinə qapanan
yazarın uzun müddətdən sonra verdiyi müsahibəni təqdim
edirik. Bu müsahibədə yazar təbiətin
içindəki həyatından, sevgisindən, taleyindən,
çətin uşaqlığından və maraqlı məşğuliyyətlərindən
danışıb.
- "Ürəyinin
apardığı yerə get" romanı ilə milyonlarla
insanın qəlbini fəth etdiniz və bəlkə də
onları yenidən öz həyatlarını sorğu-sual etməyə
vadar etdiniz. Birinci növbədə soruşmaq
istədiyim budur: Ürəyinizin apardığı yerə
gedə bildiniz?
- Əlbəttə. Təəssüf
ki, uşaqlıqdan həmişə ürəyimin
apardığı yerə getmişəm, amma bu, həyatımı
daha da çətinləşdirib. Ürək bizi çox vaxt qeyri-adi seçimlər
etməyə sövq edir.
- 10 il fasilədən
sonra yeni roman yazdınız. Təsirli sevgi hekayəsidir.
"Böyük bir eşq hekayəsi" fikri
necə yarandı?
- Uzun illərdir bu hekayə üzərində
işləyirdim. "Ürəyinin
apardığı yerə get" kitabımda əsas qəhrəmanım
qadınla həkim arasında böyük sevgi
yaşanmışdı. Düşünürəm
ki, böyük auditoriyaya müraciət edən ədəbi əsərlərin
mərkəzində əsl sevgi hekayəsi dayanır.
"Anna Karenina", "Martin İden", "Hərb və
Sülh", "Uğultulu təpələr"... İllər keçdikcə dərin sevginin, yəni
zamanın sınağına tab gətirən sevginin çox
gülünc, bəzən isə qeyri-mümkün kimi təsvir
edildiyini gördüm.
- Bu vəziyyətdə sevgi sizin
üçün nə ifadə edir?
- Sevgi gələcəyə
inanmaqdır və çətinliklərlə, ən dərin
emosional reallığımızın zamanla ortaya
çıxacağına olan inancımızla mübarizə
aparmaqdır. Bunun üçün də inam,
hörmət, dinləmə və səbr lazımdır.
- Nə istəmədiyimizi bilmək
bir gücdür. Bəs, istəmədiklərimizi
qorxularımız və təcrübələrimiz müəyyən
edir?
- Bəli, mənfi təcrübələrdən
dərs çıxarmaq kifayətdir. Təəssüf
ki, biz emosional həyatımızda qurban/cəllad kimi
davranış nümunələrini tez-tez təkrarlaya bilirik.
İnsan istəsə, belə münasibətlərdən
daimi olaraq xilas ola bilər.
- Xoşbəxtlik və etibarlı
liman axtaran Edit və missiyası xoşbəxt etmək olan
Andrea. Bir-birinə tamamilə əks olan, öz
şəxsi sərhədlərini daima qoruyan iki insan. Onları bir-birinə yaxınlaşdıran
keçmiş yaralarıdır?
- Bəli, şübhəsiz. Qarşımızdakı insanı dəyişdirməyə
çalışmadığımız müddətdə fərqlilik
münasibəti canlı saxlayar. Bu vəziyyət
eyni zamanda bir ağrının
ağırlığını birlikdə
daşımağı mümkün edir.
- Həyat bizi qəhrəmanlar və
qurbanlar olaraq iki yerə ayırır. Halbuki, hər kəs
öz həyatının qəhrəmanı ola
bilər. Ya da qurbanı. Bu
taledir, yoxsa seçim?
- Məncə, həyat bu iki
reallıq arasında mürəkkəb bir şəbəkədir:
Taleyin qarşımıza çıxardığı vəziyyətlər
və onlara verdiyimiz reaksiyalarımız. İnsanın
qurban olma hissinə qapılması passivliyin bir
formasıdır və bu, qurbana çevrilməyi daha da
asanlaşdırır.
- Bütün kitablarınızda
daxili hesablaşmaların yer aldığı məktublarda
baş rollarda fatalizm və ruh mövzularıdır. Bəs, sizin həyatınızda tale nə qədər
həlledicidir?
- Tale həmişə insanları
qorxudub. Bəlkə də, buna görə
insanlar bu mövzudan narahat olmamağa üstünlük verirlər.
Bir vaxtlar bəşəriyyət taleyin fərqindəydi,
amma indi texnologiyanın verdiyi hər şeyə qadirlik hissi ilə
düşünməkdə çətinlik çəkirik.
Təsəvvür edin, dəhşətli qəza
baş verir, biri ölür, digəri yaralı qalır.
Bu, taleyin qaranlıq tərəfidir. Ola bilsin ki, taleyin bizə nə dediyini öyrənmək,
məğlubiyyətə uğramadan, həyatın
özüylə üzləşməyimizi təmin edəcək
böyük müdriklik verir.
- "Hər mələk
qorxuncdur" adlı kitabınızda ailənizdən bəhs
edirsiniz. Çətin
uşaqlıq keçirmisiniz. Valideynlərinizlə
münasibətləriniz necə idi? Necə
uşaqlıq keçirmisiniz?
- Kitabdan da göründüyü
kimi, mənim uşaqlığım çox çətin
keçib. Valideynlərim müharibədən sağ
çıxmış, lakin həyatlarını sarsıdan
ağrıdan xilas ola bilməyən, şəxsi
problemlərlə yüklü iki gənc idi. Uşaq
olanda çox pis təsir edirdi, amma indi onlara baxanda həssaslıqları
qarşısında mərhəmət duyuram. İkisi də müasir dövrümüz
üçün gənc sayıla biləcək şəkildə,
yetmiş yaşlarında vəfat etdi. İki
qardaşım və üç qardaşım oğlu var.
- Məncə, romanın ən
böyük uğuru sətirlərdəki ehtirasla
yanaşı, hər şeyin sonunda gizli olmasıdır. Hər səhifədə maraqlı və gizli nəsə
var. Kitab boyu, demək olar ki, Venesiyadan Livornoya, Uzaq Şərqdən
Şimali Avropaya keçmişlə gələcək
arasında hərəkət edirik. Bunun bir
sirri var?
- Düz deyirsiniz, bu kitabın
quruluşu son dərəcə mürəkkəb idi. (Gülür). Hadisələrin
zamanını ardıcıl etməyib müxtəlif vaxtlara
yaydım. Nəhayətində, ədəbiyyat
xatirələr vasitəsilə taleyin
qazıntısıdır və bu, mənim kitabımda
çox aydın görünür.
- Andrea və Editi birləşdirən
əsas şey onların tənhalığıdır. Özlərinə aid şəxsi sərhədləri
olan, öz işıqlarında yanan iki sevgili. Bu vəziyyətdə
"Biz`in içində mən ola bilmək"
mümkündür?
- Düşünürəm ki, həqiqi
münasibətlər yaratmaq üçün yeganə
düstur budur. Digərinin içində yox
olmadan, fərqlilikləri ilə zənginləşmək.
- Asperger sindromu ilə bağlı
"mənim gözəgörünməz əlil arabam,
içində məhbus həyatı yaşadığım
evim" deyirsiniz. İçərisindəki heç də
stabil olmayan bir insanla yaşamalı olan son dərəcə
stabil adam Suzanna. Asperger
olduğunuzu necə aşkar etdiniz? Bu illər
ərzində bu əsarətin səbəbini bilmədən
yaşamaq, insanların qərəzli münasibətinə məruz
qalmaq necə hiss idi?
- Uşaqlığımdan bəri
adaptasiya və sinir sistemimlə bağlı ciddi problemlərlə
mübarizə aparmışam. Gəncliyimdə
autizm sindromları indiki kimi tanınmırdı. Ətrafımdakılar məni psixi problemləri olan
çox qorxaq bir gənc qız hesab edirdilər. Məktəbə gedib normal həyat sürmək
çox çətin idi. Böyüdükcə bu vəziyyətin
mənim problemim olmadığını, içimdə
mübarizə aparmalı olduğum bir varlıq olduğunu
düşünməyə başladım; sanki Doktor Cekl və
Cənab Hayd (Dr. Jekyll ve Mr. Hyde`ın qəribə hekayəsi -
Robert Luis Stevensonun ilk dəfə 1886-cı ildə nəşr
edilmiş qotik romanı - tərc.) mən idim. Əslində,
mən son dərəcə stabil adam olanda
məhrəmimdə böyük düşmənlə birlikdə
yaşayırdım. İllər boyu nevroloq və psixiatrlarla
məsləhətləşdim, amma heç kim
mənə cavab verə bilmədi. Nəhayət,
simptomlar haqqında olan bir məqalə oxuyarkən bunu
başa düşdüm və bir psixiatr da təsdiqlədi.
Bu vəziyyət həyatımın ən
böyük qurtuluşuydu və artıq Cənab Haydı necə
idarə edəcəyimi bilirəm.
- Şəhər xaosundan
uzaqda təbiətlə baş-başa bir həyatınız
var. Necə oldu ki, kənd həyatına köçməyə
qərar verdiniz? Yaşadığınız
yer haqqında bizə bir az məlumat verə
bilərsiniz?
- 1989-cu ildə ağır astma
diaqnozu və şəhər həyatının qorxunc
mühitinə görə bağ evinə köçdüm. İndi astma xəstəliyimə təşəkkür
edirəm, əgər astma olmasaydım, bəlkə də
kitablarımı heç vaxt yaza bilməzdim. (Gülür). Meşənin kənarında,
təpənin üstündəki balaca evdə
yaşayıram. Qədim orta əsr şəhəri
olan Orvietadan bir neçə kilometr aralıda yaşayıram
və bura bir vaxtlar qədim Etrusk sivilizasiyasının ölkəsi
olub. Bostanım, meyvə bağım,
zeytunluğum, toyuqlarım, arılarım, itlərim,
pişiklərim, bir eşşəyim və bir atım var.
- Bəli, mənə də
arıçılıq hissəsi maraqlıdır. Arıçılıqla aktiv məşğul
olduğunuzu oxudum. Bu detallara
romanınızda da rast gəlirik. Dünyanın
bütün ölkələrində arıların
ölümünə səbəb olan pestisidlərdən
istifadə çox yüksəkdir. Bu barədə
nə düşünürsünüz?
- Bu, böyük faciədir. Suya, havaya, torpağa zəhər atılanda sonsuz
ölüm zənciri başlayır. Bəli,
həşərat ölür, amma onları yeyən heyvanlar da
ölür. Həyat dövrü mürəkkəbdir
və biz insanlar məhdud, təkəbbürlü
dünyagörüşümüzlə təbiətə bərpası
mümkünsüz zərərlər veririk. Fərqli kənd təsərrüfatı uğrunda
mübarizə, torpağın azad edilməsi üçün
ən böyük mübarizələrdən biridir.
- Eyni zamanda, siz heyvanların
yardım çağırışlarına cavab verən
heyvan dostusunuz. Həyat enerjinizin və sakitliyinizin bir səbəbi
də bu dostlarınızın sevgisi ola
bilər?
- Məndə Asperger sindromu
olduğu üçün həmişə heyvanlarla yaxın
münasibətə ehtiyacım olub. Çünki heyvanlarda səhv anlama deyə bir
problem yoxdur. Yazar karyeramdan əvvəl
heyvanlar haqqında sənədli filmlər çəkirdim.
Ölümdən xilas etdiyim çoxlu
heyvanlarım var. Minnətdarlıq hisslərini necə əks
etdirəcəklərini o qədər yaxşı bilirlər
ki. Bu xüsusiyyət insanlarda çox rast
gəlinmir. Mən sakitliyimi bu səssiz və
sevgi dolu heyvanlara borcluyam.
- İtalyan mətbəxi
hamının zövqünü oxşayır. Ən çox sevdiyiniz italyan yeməyi
hansıdır?
- Makaron və məncə, pomidor
souslu spagetti ən sevdiyim ləzzətlərdir.
Buğdanın keyfiyyəti yaxşıdırsa və pomidorlar
turş deyilsə, bu, dünyanın ən sadə və
mükəmməl yeməklərindən biridir, təbii ki,
üzərinə bir çimdik parmezan ("parmigiano") pendiri
səpmək şərti ilə! (Gülür).
- Böyük və uzun masalar sizin
üçün nə ifadə edir? Dostlarla
süfrəniz mənə maraqlı gəlir. Necə olduğunu bizimlə paylaşa bilərsiniz?
- Dostlarımın çoxu
çöldə yaşayır və bizə ocaqda
bişirdikləri yeməkləri gətirirlər. Hər cür pizza və yaşadığım ərazidə
yayğın olan qoyun pendiri yeyirik. Adətən,
deserti mən hazırlayıram. Avstriya ənənəsindən
gələn ailəm sayəsində nənəmin desertlərini
yaxşı hazırlaya bilirəm.
2021
Suzanna Tamaro
Hazırladı:
Nilufər HACILI
Ədəbiyyat qəzeti.- 2022.- 7 may. S. 30-31.