Yalqız
qurdun nəğməsi
Şəhər hisslərin
dağınıq məkanıdır. Bir "məzhəbə" qulluq etmək çətindən
çətin, müşkül məsələdir, hər
adamın əlində deyil. Teatr səhnəsinin
dekorları kimi dəyişdikcə dəyişir şəhər
həyatı və sən onun aludəsi olursan. Köhnənin - dəyərlərin təmizliyini,
saflığını yaşatmaq hər adama müyəssər
olmur.
İnsanlar xarakterlərinə
görə "dəyişik havada" yaşayırlar.
1. Biri söyür,
qışqırır, hayqırır;
2. Birinin səhərdən axşamacan
göz yaşları qurumur;
3. Bir başqasının qorxudan
bağrı yarılır, ürəyi parçalanır;
4. Və yaxud işi gülməkdir,
heç nə vecinə deyil.
Mənə görə isə
insanların içində eləsi var ki, müşənbəli
qapıya oxşayır - harayla, bağır, çatla - səni
eşitməz!
Yazımızın mövzusu
olan şairlər, müşəmbəli qapının
qarşısında daynıb özləri ilə şöhrət
eləyənlərdir. Qapının o
üzündə nələrin baş verdiyini bizə
anladırlar. Poeziya sənəti də, elə
sükutun səsini anlatmaq sənətidir.
Tofiq Nurəlinin şeirləri
duyğuların qırılmış güzgüsünə
bənzəyir - nə qədər ətrafa səpələnsə
də, hər zərrəcikdə, qırıntıda o,
özünü görür, öz taleyini yaşayır.
Orada "daim ürəklərdə qəm yükü",
"əllər sonsuzluğa uzalı", "məzarlar
daim qazılı" və bütün bunların sonunda
"nəğmələr yazılı"...
Onun obrazlar dünyası, nənələrimizin
əllərinin sığalı hopmuş qədim
xalçaları xatırladır, qəlbimizin hər telini
titrədə-titrədə əski xatirələri yada
salır...
Keçən əsrin uzaq 79-cu ili... Qubanın Çiçi kəndində
İman kişinin evinin (şairə Ofeliya xanım
Hacıyevanın ata yurdu) qonağı oldum, halal çörəyindən
bir qismət kəsdim. Kəndi gəzərkən,
bir neçə evdə qurulmuş xanaları gördüm.
Barmaqların xanalar üzərində
incə plastikasından alınan rənglərin rəqsini
(işıq-kölgə harmoniyası) indi də canımda,
qanımda hiss edirəm.
Ay
işığına sərilmiş damların altında,
Sevgisi dərilməmiş Ay
parçası qızlar
Toxuyur ağqollu,
Ağgüllü "Yerfi"
xalçası...
Ecazkar və nadir sənət nümunəsi olan
xalçalar əvəzedilməz ünsiyyət vasitəsidir,
ilmələrdə yatan tariximizin bir parçasıdır.
Əllərini xalçaların üzərində
gəzdirə-gəzdirə, xanımlarımızın -gənc
qızların vurduğu güllərə, sirli-sehrli,
naxışlara sığal çək, gör sənə nələr
danışacaq?! O uzaq illərin, uzaq sahillərindən
gələn səsləri elə yaxından elə aydın
eşidərsən:
O gecə ürəyin duyacaq nəsə
Qəmli xatirələr verib səs-səsə
Qəhərli-qəhərli
oxuyacaqlar
Sənin ürəyində,
eh sənin,
sənin.
Suyun dərinliklərinə baş vuran dalğıc
kimi, poetik nəfəsin imkanı xaricində T.Nurəlinin
heç bir iddiası yoxdur. Özünün
ruhani hücrəsində, könül pəncərəsindən
gördüklərini yazır. Əgər
paralellər aparası olsaq o şeirlər xatirələrin
köynəyindən keçib bizə də doğmalaşır.
Dərələr darıydı,
dağlar darıydı -
Könlüm genişliyə
intizarıydı...
Onda kəndimizdə bir qız
varıydı,
O məni sevirmiş, mən bənövşəni...
T.Nurəli
bütöv şeirlərlə yox, misra-misra yaddaşlara
süzülür:
Səndən
ayrılalı tənhayam hələ,
Bilməzdim get-gedə ömür təklənə...
...Bu gün ad günündür,
dözə bilmədim,
Çiçək
bağışladım sənin şəklinə!
T.Nurəlidə uşaqlıq xatirələri,
"yaddaşın textonik hadisəsidir (Rüstəm
Kamal)", mifik-mistik artefaktları üzə
çıxarılıb bir-bir bizə xatırladır.
Dərsə
gedərdik onda
Bağların arasıyla,
Çox vaxt hayla-harayla,
Bəzən boy
sırasıyla.
Hansı fəsil çatardı
O vaxtkı payızlara?
Oğurlayıb almanı
Ötürürdük
qızlara.
Xatirələrdə şaman duasının cazibəsi
var. O duanın sözləri unudulub yaddan çıxar. Fəqət qulaqlarından getməyən səs
ömür boyu sənə yoldaşlıq edər.
Şeir də belə... İllər ötüb-keçər. Ha fikirləşərsən,
oxuduğun şeiri xatırlaya blməzsən. Elə
bil hafizən buxarlanıb, yaddaşın o tayında,
korşalmış tərəfində qalıb. Di gəl, ordakı bir obraz, (misra, söz) ən
xırda detalınacan yaddaşına elə hopub ki, sanki
gözlərinin qarşısındadır, əlini uzatsan
çatar; o isti, ilıq təması ruhunda hiss edirsən.
O, canlıdır, səninlə nəfəs alır. Elə
küskün baxışdır ki:
Mənə
tanış gəlir gedən qatarlar...
Ona əl etmək də
tanışdır mənə.
Hər şey unudulub,
ötüb-keçsə də,
Hərdənbir vağzala gəlirəm
yenə...
Sözsüz ki, mən səni
anıram yenə,
Çəkib ciyərimə
tüstülü odu...
Əzizim, mən sənin
saçların bilib
Sıxıram ovcuma bir çəngə
otu...
Baxış bucağını bir qədər dəyişəcək.
Birdən-birə hava qaralır. Qaranlıq
ətrafda dolanan kabusa dönüb - hər tərəfi
ağuşuna alan qasırğa,
fırtına gətirəcək, tufan qopacaq, dalınca da
leysan-şıdırğı yağış!
Pəncərən
gecənin gözləri kimi
Hönkürər
yağışlı Ay işığında...
Yaxud:
Sən
elə bilərsən durmuşam yenə
O dar küçənizdə...
yağışın altda.
Qəfil ildırım
çaxır. Göz
qamaşdıran işıq seli hər yanı nura boyayır.
Elə bir nura ki, təbiətin
yaratdığı canlı, cansız nə varsa -
atılıb bir kənarda qalmış daş
parçasından, pərdəsi çəkilmiş pəncərəyəcən
bir anda görünüb qaranlığa qarışır.
An-Əbədiyyətdir! Xatirələr Əbədiyyət
daşıyıcıları...
Yazının bu yerində
müəllifin təəssüf dolu səsini eşidirəm.
Heyif,
unutmuşam ən düz ağacın,
Əyri kökləri var
torpağın altda.
P.S. Görən xəyallarmı
bizlərə qol-qanad verir, yoxsa qanadların özü
insanı uçmağa pərvazlandırır?! Axı xəyallardır ömür karvanında,
yolların sonsuzluğunu, göylərin-ənginliklərin
hüdudsuzluğunu bizə göstərən.
Elə isə nədən bəndələri
Tanrıdan xəyallar yox, qanadlar diləyir?!
T.Nurəli göylərə -
Bədirlənmiş Aya üz tutan yalqız qurdun nəğməsini
yazır. Bədirlənmiş Ay üzütək
qurd ağzı da mübarək!
14.04.2022
Fəxrəddin
Əsəd
Ədəbiyyat qəzeti.- 2022.- 7 may. S. 29.