Ruslan Dost Əli: "Ədəbiyyatımızın
gələcəyi ilə
bağlı çox nikbinəm"
"Fikir bucağı" layihəsinin
qonağı şair Ruslan Dost Əlidir
- Xoş gördük, Ruslan bəy. İşlər necə gedir, yeni nələr yazırsınız?
- Xoş
gördük. İşlərin gedişatı ovqatla bağlıdır. O da gah elə olur, gah belə. Adətən,
yaradıcı adamın işləri qaydasında olmur. Xüsusi bir şikayətim yoxdur. Sadəcə, yaşamaq mənim üçün
narahatlıq, nigaranlıqdır. Əsas iş də bu
narahatlığı rahat bir şəkildə keçirməkdir.
Açığı, demək olar, heç nə
yazmıram. Öz hücrəmə çəkilmişəm.
Düşünürəm, oxumaq daha vacibdir.
Amma hər şey bir yana, yazmaq gözəl
işdir. Həm də yazıçını,
şairi formada saxlayan amildir. Oturub şeir
yazmaq kimi bir şakərim yoxdur. Şeir
Allah qonağıdır. Həmişə gözüm
üstündə yeri var...
- Keçən həftə Beynəlxalq
Silkway ədəbiyyat festivalı (Silkway International Literary
Festival) Azərbaycan turunun final mərhələsi
keçirildi. Kifayət qədər ciddi imzalar
iştirakçı oldu. Təbrik edirik, festivalın
qalibi oldunuz. Ümumən ab-hava necə idi?
- Təşəkkür
edirəm. Ədəbiyyatla bağlı, ədəbiyyat adına görülən işləri yüksək
qiymətləndirmək lazımdır. Təbii,
burada işin keyfiyyəti, ədalətlilik və peşəkarlıq
meyarı əsas götürülməlidir. Bu cür festivalların əsas qayəsi
yaradıcı şəxslər arasında körpü rolunu
oynamaqdır. Beynəlxalq Silkway ədəbiyyat
festivalı bu baxımdan çox faydalı oldu. Bu işdə yazıçı Varis Yolçuyevin
böyük zəhməti var. Təşkilat Komitəsinin həmsədrləri
Əlibala Məhərrəmzadəyə və Varis
Yolçuyevə böyük təşəkkür
düşür. Şəhərin
xaosundan, qaçaqaçından, qayğıların əlindən
bir neçə günlük qaçıb təbiətə
köklənmək yaradıcılıq baxımından
yaxşı effekt verir. - Hansı təkliflərin oldu və
ya müsabiqə şərtləri ilə bağlı
görmək istədiyin məqamlar... Şərtlərdə
nəsr və poeziya ayrı-ayrılıqda olmalı idi.
Nəsrlə poeziyanı müqayisə etmək
yanlışdır. Yəni hər iki
kateqoriya üzrə müvafiq olaraq 3 yer təyin edilməli
idi. Əsaslandırma belə oldu ki, cəmi
6 nəsr nümunəsi olduğuna görə şeir və
hekayələr eyni kateqoriyada təqdim edilib. Bu da başa düşüləndir. Növbəti festivalda bu nüanslar nəzərə
alınsa, çox gözəl olar.
- Səsvermə ilə bağlı
fikir ayrılıqları oldu. Necə düşünürsən,
bu nə ilə bağlı ola bilər?
- 30
iştirakçı arasında da səsvermə
keçirildi. Yəni bir-birimizə səs
verdik. Bilirsiniz, bir şairə onun layiq olduğundan bir az artıq qiymət veriləndə buna haradasa
susmaq, göz yummaq olur. Ancaq layiq olduğundan
qat-qat aşağı qiymət veriləndə, bunu həzm eləmək
olmur. Bal məsələsində adətən
münsiflərin haqsızlıq etdiyini görürdük, bu
dəfə əksinə oldu. İstedadlı,
işıqlı adamlara qarşı qərəz həmişə
olub. İştirakçılar arasında
vicdansızlıq edənlər çox oldu. Belə işlərdə kifayət qədər həssas
və diqqətli olmaq lazımdır.
- Bəlkə qısqanclıq var?
Hamı qalib ola bilməz axı...
- Əlbəttə, qısqanclıq var. Mən bunu
özümə qarşı böyük ölçüdə
hiss elədim.
Hətta elə adamlar vardı,
qısqanclıqları gözlənilməz oldu. Üzlərinə baxanda narahatlıqlarını
açıqca sezmək olurdu. Bunlar
az-çox istedadlı olub, istedadlarında zərrə qədər
işıq olmayanların işidir. Paxıllıq
ağacı içindən yeyən qurd kimidir, nə olursa
özünə olur. Nə deyim? Allah hər birinin köməyi olsun. Mən səsvermədə çox humanist
davrandığımı deyə bilərəm. 31 iştirakçının heç birinə 6
baldan aşağı qiymət verməmişəm.
Münsiflərin seçiminə gəlincə, heç kim qalxıb deyə bilməz ki, birinciliyə
filankəs layiq idi, amma Ruslan Dost Əlini seçdilər. Müsabiqədə səslənən əsərlər
ortadadır. Yalnız şeirləri nəzərdə
tuturam. Hamı tapıb oxuya bilər.
Münsiflər heyətinin yekdil rəyi bir daha
onu göstərdi ki, şeir təkcə zövq məsələsi
deyil. Bu müsabiqədə ətrafına özü
kimi 3-5 adam yığıb, orda-burda poeziya
haqqında ağzına gələni danışan, sosial
şəbəkədə 5-10 layka aldanan adamların da
şair obrazı darmadağın oldu. - Ustadlarla həmsöhbət
oldunuz, dərslərdə iştirak etdiniz... Bəli.
Düşünürəm ki, Anar və Nizami Cəfərovun
çıxışları faydalı oldu. Hər biri ilə maraqlı söhbət elədik.
Gənc yazarlar Nizami Cəfərovun bəzi
fikirləri ilə razılaşmadılar. Ancaq akademikin
dediklərində həqiqət var idi... Məsələn... Məsələn, Nizami Cəfərov deyir ki, siz gənclər
böyük həcmli əsərlər yaza bilmirsiniz. Şeirlərinizdə yaxşı tapıntılar
var, ancaq hamısı yarımçıqdır. Yazdığınız şeirlərdə pərakəndəlik
var, süjet xətti yoxdur. Sizcə də, adam haqlı deyilmi?! - Şeirin
düsturu varmı? Ya şeir
yazmağın? Şeirin, ya onu yazmağın düsturu
heç vaxt ola bilməz. Şeir
ilahi faktordur. Birbaşa ilahiyə
bağlı nəsnədir. Onu
düzüb-qoşanda, quranda alınmır, süni
görünür. Bir də, şair özünü,
içinin ona diktə elədiyini yazmayanda şair ola bilmir. Ədəbi
mühitimizdə yüzlərlə beləsi var. Nizami müəllimin
dediyi başqa şeydir, əlbəttə. Tutaq ki, bir şeirin əvvəlində dağın
başında dincələn adamın şeirin sonunda ürəyi
istidən partlayır. Şeirin
ortasında da bu adamın Bəndər Şəhrə səfərilə
bağlı heç bir məlumat yoxdur. Yəni
biz yazdığımız şeirlərdə Çexovun
dediyini edə bilmirik. Bizim tüfəngimiz
açılmır...
- Tez-tez gənc yazarları mütaliə
etməməkdə, intellektli olmamaqda qınayırlar. Bəs,
sizcə, intellekt və mütaliə nədir? Necə
olmalıdır?
- Toplum
olaraq intellektual səviyyəmiz çox
aşağıdır. Analitik qabiliyyətimiz həddindən
artıq zəifdir. İnsanlara kitabı məcbur
oxutdurmaq olmaz. Cəmiyyətə
könüllü şəkildə kitab oxutdurmağın
yollarını tapmaq lazımdır.
- Ruslan bəy, ədəbi
mühitimiz haqda nə düşünürsünüz, necə
təsvir edə bilərsiniz mənzərəni?
- Bu
sualı jurnalist dostlarımızdan biri də vermişdi. Dəyişən bir şey yoxdur. Ona görə
də eyni cavabı verəcəm: Ədəbi mühitdə qəribə
dağınıqlıq var. Modern forma axtarışları
bizi yolumuzdan sapdırıb. Sözün müqəddəs
hesab olunduğu dövrləri kitablardan da olsa oxumuşuq,
söhbətlərdə eşitmişik. "Filankəs
filan sözü necə yerində tapıb"
eyforiyasından, situasiyanın hegemonluq elədiyi ədəbiyyata
keçid çox ağır gedir. Biz
keçmişdən gələcəyə körpü ilə
getmirik, sanki sel bizi aparır. Məncə,
bu pərakəndəlik, boğulma bitəndə hər
şey qaydasına düşəcək.
- Gənc yazarların əsas
problemlərini yaradıcılıqla bağlı nədə
görürsünüz?
- Gənc
yazarların əksəriyyətinin problemi yaza bilməməkləri
ilə bağlıdır. Üstəlik, yaza
bilməməklərini məişət
qayğılarıyla, sosial vəziyyətlə və s.-lə
əsaslandırmağa, özlərinə haqq
qazandırmağa çalışırlar. Etiraf edə bilmirlər ki, istedadımız bu
yazdığımıza çatır.
- Poeziyanın kölgədə qalması
ilə bağlı fikirlər səslənir. Ancaq
görünən odur ki, insanların şeirə hər zaman
ehtiyacı var. Bu barədə nə deyə bilərsiniz?
-
Poeziyanın kölgədə qaldığını
düşünmürəm. Əksinə, məncə, son
dövrlər şeirə maraq bir az da
artıb. Düzdür, yazanların sayı oxuyanların
sayını çoxdan keçib. Bazarda
müştəridən çox, satıcı olanda malın
urvatı qalmır. İndi bizdə də
yazmaq kütləviləşib. Ancaq əminəm
ki, o yazanların da əksəriyyəti əvvəl-axır
yenə oxumağa qayıdacaq.
- Son dövrlər gənc qiraətçilər
sanki şeirə yeni nəfəs vermiş oldular. Ümumiyyətlə ədəbiyyatı necə
gündəm etmək olar?
- Peşəkar
müstəvidə baş verən hadisələr, gedən
proseslər adətən gündəmə çevrilmir. Sənəd hər zaman fərdlər
üçün maraqlı olub, bu gün də belədir.
Fikir vermisiniz? Heç bir ədəbi-bədii
ölçülərə cavab verməyən nümunələr
daha tez məşhurlaşır, dildən-dilə
düşür, nəinki əsl sənət əsərləri.
- "İndi dadlı
söz də hamıda yoxdu". Sözün
dadını necə müəyyən edirsiniz?
-
Sözü hiss eləmək kifayətdir. Sözə
qarşı çox həssasam. Bəlkə
də hansısa yeməyin dadını tutmaya bilərəm,
sözün dadını əsla. Sözü
bütün canıyla, qanıyla hiss eləyən, iliyinə
qədər duyan kişilər var. Onlar üçün
sözün verdiyi ləzzəti heç nə əvəz edə
bilməz. Yeməyin dadlısı damaqda
qalan kimi, sözün də dadlısı ürəkdə
qalır.
- Nə vaxtsa nəsrə keçmək
haqda düşünürsünüz?
-
Düşünmüşəm. Gələcəkdə
böyük həcmli əsər yazmaq fikrim var. Amma buna hələ
ki hazır deyiləm. Elə bilirəm,
yaxşı nəsr nümunəsi yaratmaq üçün
yazıçı əsəri tamamlayana qədər
özünü hər şeydən, hamıdan təcrid etməlidir.
Tamamilə özünə - içinə
çəkilməlidir. Yalnız
özü ilə əlaqədə olmalıdır. Bu da asan məsələ deyil, əlbəttə.
- Nəsr daha çətindir, ya necə?
-
Yuxarıda da qeyd elədim, nəsrlə poeziyanı müqayisə
etmək yanlışdır. Şeir daha
çox şüuraltı məhsuldur. Gəlir,
yazırsan. Onun redaktəyə ehtiyacı
yoxdur. Nəsrdə isə mətnə təkrar-təkrar
qayıtmaq, daha da təkmilləşdirmək
üçün üzərində işləmək
mümkündür. Bu mənada nəsr
daha ağırdır, böyük zəhmət, hövsələ
tələb edir.
- Ədəbiyyatla və
yaradıcılığınızla bağlı gələcək
görüşləriniz...
- Ədəbiyyatımızın gələcəyi ilə
bağlı çox nikbinəm. Elə bilirəm, o qədər
də uzaq olmayan gələcəkdə Nobel
mükafatını ölkəmizə gətirə biləcəyik.
Bu, kimlər üçünsə gülməli
səslənə bilər. Hər halda, mən
belə düşünürəm.
Söhbətləşdi: Tural
CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2022.- 7 may.- S.27.