Beynəlxalq
Silkway ədəbiyyat festivalı keçirildi
Ədəbiyyatımızın
ölkə daxilində və beynəlxalq miqyasda təbliğinə
yönələn, gənc yazarların
yaradıcılığına dəstək məqsədi
güdən Beynəlxalq Silkway ədəbiyyat
festivalının (Silkway International Literary Festival) Azərbaycan
turunun final mərhələsi Qubada “Şahdağ Quba
Truskavets” sanatoriyasında keçirilib.
Silkway International Writers Union təsisatının
və “Şahdağ Quba Truskavets” sanatoriyasının təşkilatçılığı,
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
yanında İctimai Şuranın, Dünya Gənc Türk
Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin
təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət”
portalının informasiya dəstəyi ilə keçirilən
festivalın seçim turunda 30 gənc yazar 300-ə yaxın
namizəd arasından fərqlənərək final mərhələsinə
vəsiqə qazanıb. Onların arasında ədəbi gəncliyin
Fərid Hüseyn, Ramil Əhməd, İntiqam Yaşar, Cavid
Zeynallı, El Roman, Faiq Hüseynbəyli, Eminquey, Ulucay Akif,
Nargis İsmayılova, Bahəddin Salman, Emin Piri, Ruslan
Dost-Əli, Mehdi Dostəlizadə, Ayxan Ayvaz, Nadir
Yalçın, Ələsgər Əhməd, Ümid Nəccari,
Rəvan Cavid, Nigar Arif, Cavid Qasımov, Səddam
Laçın, Həsən Kür kimi imzalarına rast gəlmək olar. Finalçılar öz əsərlərini səsləndirməklə,
münsiflərdən 10 ballıq dəyərləndirmə ilə
qiymət alablar. Fetival çərçivəsində
Qubanın görməli yerlərinə ekskursiyalar,
“Çölçü” obasına yürüş də təşkil
olunub.
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri Anar gənc yazarlara ustad
dərsi keçib, Milli Elmlər Akademiyasının
vitse-prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin
deputatı akademik Nizami Cəfərov “Müasir Azərbaycan ədəbiyyatının
inkişaf tendensiyaları”, Azərbaycan Milli
Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi
“Dünya ədəbiyyatının mədəniyyətdə
rolu” mövzusunda məruzələr ediblər.
Qubadakı “Azərkitab” mərkəzində
AYB sədri Anarın bölgə yazarları ilə
görüşü, bölgə şairlərinin Bakıdan
gələn qonaqlar qarşısında öz şeirlərini
oxumaları da festivalın tərkib hissəsi kimi bölgə
ədəbiyyatının inkişafına bir təkan olub.
Bölgənin tanınmış şairi Ramiz
Qusarçaylının AYB tərəfindən yeni təsis
edilmiş Əhməd Cavad mükafatına layiq görülməsi
mərasimi də festivala rəng qatıb. Həmçinin yazıçı, motivasiya spikeri
Əlibala Məhərrəmzadənin gənclərə
uğur qazanmaq təlimini açması, onlara
kitablarını hədiyyə etməsi də xüsusi rəğbət
doğurub.
Festivalın münsifləri Nizami Cəfərov
başda olmaqla, AYB sədrinin müavini Rəşad Məcid,
AYB katibi Elçin Hüseynbəyli, “Ədəbiyyat qəzeti”nin
baş redaktoru Azər Turan, AYB mətbuat xidmətinin rəhbəri
Xəyal Rza, AYB sədrinin müşaviri Sayman Aruz, tənqidçi
Nərgiz Cabbarlı, “Söz” layihəsinin rəhbəri Nigar
Həsənzadə, şairlər Ramiz Qusarçaylı və
Əkbər Qoşalı, yazıçı Varis olublar.
Təkilat Komitəsinin həmsədrləri
yazıçılar Əlibala Məhərrəmzadə və
Varis olan Beynəlxalq Silkway ədəbiyyat festivalının
Azərbaycan turunun may ayının 1-də təşkil
edilmiş Qala gecəsində Xalq artisti Malik Mansurovun bədii
rəhbəri olduğu “Naz-nazı” muğam qrupunun ecazkar
musiqisinin, təbrik nitqlərinin, banket süfrəsinin
müşayiəti ilə bütün iştirakçılar
“Festivalın finalçısı” Fəxri Diplomları ilə,
3 ən yüksək bal toplayan iştirakçı isə
1-ci, 2-ci və 3-cü yerləri tutmaqla, qiymətli hədiyyə
və sertifikatlarla
mükafatlandırılıblar. Daha bir
iştirakçı-qalib isə 30 iştirakçının
səsverməsi nəticəsində müəyyənləşib.
1-ci yeri Ruslan Dost-Əli, 2-ci
yeri Ulucay Akif, 3-cü yeri Cavid Qasımov tutublar. İştirakçıların səsverməsi nəticəsində
isə El Roman fərqlənib.
Növbəti mərhələlərdə
festivalın qalibinin kitabının nəşri, piarı,
mükafatçıların beynəlxalq miqyasda tanıdılması,
eləcə də finalçıların əsərlərindən
ibarət antologiyanın dərci də nəzərdə
tutulur.
Dünyadakı analoji layihələrdən
ödənişli olmaması üstünlüyü ilə
seçilən və devizi “Sonda ədəbiyyat qalib gələcək!”
olan Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan
turunun hər il keçirilməsi nəzərdə
tutulur.
Ədəbiyyat qəzeti.-
2022.- 7 may. S. 25.