Mələklər yaşayır dağlar qoynunda, Cənnət mələklərin
qoynunda olur
Siz heç nə bilmirsiz, heç nə bilmirsiz,
mən adam deyildim, adam deyildim.
Hara and içim ki,
inanasınız.
Hardasan,
səhərdən səni
gəzirəm,
hardasan, bir topa, bir əlçim
bulud!
Həmişə sən yağırdın,
biz islanırdıq,
bu dəfə mən yağdım, di gəl çim,
bulud.
Yağdım ağaclara, yağdım
quşlara,
damdım bu evlərin damınnan, di gör.
Bir adam sənintək
yağmaqdan ötrü,
gör, nətər
keçirmiş canınnan,
di gör.
Yağdım, bu kəndi də sel-su apardı,
gördüm ki, atama söyür adamlar.
Ay bulud, mən tanrı qapısıyammı,
məni harda tutdu döyür adamlar.
Nə
qədər istəsən
yağım başından,
utanma, utanma, dur, gəl, çim, bulud.
Yağmaq nə gözəlmiş,
ah, nə gözəlmiş,
ay bir topa bulud,
bir əlçim bulud.
Azca yağ dedilər,
söydülər məni,
mən bu yer üzünə boşuna gəldim.
Deyəsən, bir tanrı üzümə baxdı,
deyəsən, bir onun xoşuna gəldim.
Dedim,
mənə dəymə,
yağım, yaşayım,
qoy hamı öyrənsin sulu qalmağa.
Gördüm ki, bir yetim uşaq titrədir,
dayandım, yollandım
günəş olmağa...
Gördüm ki, quruyur bütün ağaclar,
gördüm ki, adamlar su axtarırlar.
Gördüm, susuzluqdan ölür
adamlar,
bir qurtum suyu da bölür
adamlar.
...Özün bil, özün bil, özün bil, bulud.
Daha mən yağmıram, di get, öl, bulud.
Baxdım buludların o nəm
cildinə,
günəşə boylandım,
baxa bilmədim,
qayıtdım, qayıtdım
adam cildinə...
***
Hərə bir zümzümə
edir keçmişdən,
hərə içində
bir bəstə saxlayır...
Məni
bu od-ocaq qızdırmır daha,
məni xatirələr
isti saxlayır...
Gəlib məhləmizdə az tutmayıblar,
qızlar gəlinciyi,
donu əlimdə...
Mən
də böyüməyə
tərəf qaçardım,
qarğı atım
vardı - onun belində...
Gedib kitablarda quş axtarardım,
rəsm dəftərimə
şəkil çəkməyə...
"Klas"a bir yastı daş axtarardım,
indi daş gəzirəm bir ev tikməyə...
Deyimmi,
xəlvətcə, ağac
başına
çıxıb yuvaları
yoxlamağımı;
körpə budaqlardan
yay-ox düzəldib,
günahsız göy
üzün oxlamağımı?
Canım bahasına ala bilmərəm,
suyu qiymətinə
satdıqlarımı...
Sonradan
səngərdə döyüşən
gördüm,
taxta avtomatla "atdıqlarım"ı...
Götürüb üstünə adımı
yazdım,
bir arxa tulladım, getdi-gəlmədi
-
mənim uşaqlığım,
ahh... uşaqlığım
kağız gəmilərdə
batdı, gəlmədi...
***
Orucumu
pozaram, and içərəm
doyunca,
səni inandıraram
bu eşqə yol boyunca.
Deyirsən, sevgi nədi, oyuncaqdı, oyuncaq,
olsun, bilməlisən
ki, uşaqlar üçün deyil.
Baramaqlarını gətir, bir, iki, üç, dörd... sayım,
adını əzbərləyim,
gündüzlər sayaqlayım.
Yaxın dur, dodağına
bir kəlmə pıçıldayım,
mənim deyəcəyim
söz qulaqlar üçün deyil.
Tərpənməyə qorxuram, bu eşq ki
var canımda,
bircə addım
ataram, boğularam qanımda.
Bu əlləri bəs
niyə saxlamışam
yanımda?
Ay qız, sənin saçların daraqlar üçün deyil.
Mən
Tanrıdan nə bir din, nə ayə istəyirəm,
nə azan oxumaqçün
minarə istəyirəm.
Göy
üzünü bir günlük kirayə istəyirəm,
sənə yazacaqlarım
varaqlar üçün
deyil.
***
Hava qaralmamış qaralan bulud,
yaxşı hiss eləyir
su yoxluğunu;
görür ki, dünyanın ürəyi
yanır,
istəyir yatırsın
susuzluğunu...
Bəlkə yaşam verir, bəlkə can verir,
hər damcı
torpağın bir giləsinə...
Buludlar
ağaca bənzəməsə
də,
damcılar bənzəyir
nar dənəsinə...
Fikir ver, torpağın rəngi dəyişir,
göylərdən tökülən
sirr... nə gözəldi!..
sakitcə yağışın
səsini dinlə,
Allahın bəstəsi... gör,
nə gözəldi!..
Yolüstü kimisə qonaq aparır,
kiminsə könlünü
sevindirməyə...
yağır, analara
yardım eləyir,
dəcəl uşaqları
geyindirməyə...
Bu yağan yağışa otaqdan az
bax,
dur, aç pəncərəni, duy yağışları...
Qoyma,
tökülsünlər ayağın
altda,
öpüb gözün
üstə qoy yağışları...
***
Səni
məntək sevməyənlər,
bilirəm, mənnən
qəşəngdi.
Adam var, adamdan qəşəng,
gün var ki, günnən qəşəngdi...
İslandıqca baxışlar da,
aram dəyir yağışlarnan.
alnım, üzüm
qırışlarnan,
saçlarım dənnən
qəşəngdi...
Ruhum sevgi, səsim sevgi,
quruca nəfəsim
- sevgi.
kim nə deyir desin, sevgi,
imandan, dindən qəşəngdi!
Səni
sözə oxşatmışam,
nə cür görmüşəm, yozmuşam;
sənə bir şeir yazmışam,
incimə, səndən
qəşəngdi...
***
Bu pulun olmayan vaxtı,
deyirəm, noola,
bircə dəfə
yeyib-içəsən, deyələr
hesabı şeirnən
ödə...
Ömrün-günün qara vaxtı,
şeiri bir bəyaz boya san...
bircə səhər
üzün gülə:
məktəbə gedən
oğlunun
cibinə şeir
qoyasan...
Yazmağa həvəsin ola,
nəyəsə yaraya şeir...
bir ovuc küldən ötəri
özünü yandırmayasan,
basasan yaraya şeir...
Qəm
eləmə, qoca şair,
hərf-hərf oxuduğun
alınsa... yaxşı
olacaq!
fikri satışa qoymuşam,
alınsa yaxşı
olacaq...
***
Bir fikir var, səhər-axşam
içimi didir, İlahi:
görən dumanlı
dağların,
çəkdiyi nədir,
İlahi?
Heç seçilmir mələyindən,
baş açmıram
kələyindən,
bir qız çıxır ürəyimdən,
gör, hara gedir, İlahi?
Gizli sənsən, əyan sənsən,
bu dünyaya həyan sənsən,
hamıya göz
qoyan sənsən,
səni kim güdür, İlahi?!
***
Ta bu bir otaqlı
evi də satdım,
bilmirəm, vuracam
hara şəklini.
Saçların gözünün üstünə
düşüb,
bəs niyə
demirsən: dara şəklimi...
Nə
Tanrıya açdım,
nə sənə dedim:
mənimçün sevmək
də bir sənət idi.
mənim ki ürəyim eşq sənədidi,
vurdum o sənədə
ara şəklini.
Düzəldim özümü gərək
sabahdan,
endirim bu şəkil eşqimi taxtdan.
Öpüb, gözlərimin üstə
qoymaqdan
yara eləmişəm,
yara, şəklini...
***
Tale var ki, dumanında
dağ azır,
bayraq hazır, tabut hazır, ağ hazır:
ölüm elə
bu vətəni hey yazır,
əsgər-əsgər cilidləyir
nə vaxtdı...
Solan gördüm yaz günündə gülləri,
səngər içir
o qırmızı gölləri.
Göy
üzünə açdığımız
əlləri,
Tanrı tutub kilidləyir
nə vaxtdı...
Sərhəd boyu dəmir-dəmir
ağaclar,
heç nə
demir, heç nə demir ağaclar.
Neçə vaxtdı çiçəkləmir
ağaclar,
bizim torpaq şəhidləyir nə
vaxtdı...
***
De, yolları bağlasınlar,
gəlmək istəyirəm
sənə.
Tanrıdan bircə halımı
bilmək istəyirəm
sənə...
Yerində dur, nə gəl, nə get,
heç nə
demə, bixəbər
et.
Vaxtın olsa bir xəbər et,
gülmək istəyirəm
sənə...
Elə
sevir qələm səni,
ən az sevən mənəm səni.
Dur,
de ki, sevirəm səni,
ölmək istəyirəm
sənə...
Ruslan
DOST ƏLİ
Ədəbiyyat qəzeti.- 2022.- 14 may. S. 9.