Bu şəhərin dəliləri
Əvvəla
salam, salamdan sonra əgər zəhmət
çəkib bizim tərəfin əhval-ruhiyyəsi ilə
tanış olmaq istəsən, biz sağ və salamat olub,
sizin də sağ və salamat olmağınızı o bir
olan Allahdan arzu edirik.
Yaz görüm, orda havalar necədir? Burda
havaların başı xarab olub.
Mən yenə də sənin sevdiyin Yasamalda qalıram. Amma bu Yasamal
o Yasamal deyil sanki, bizim yaşadığımız o tələbə
məhəlləsini xatırlatmır artıq.
Gəlsən, özün də mat qalarsan. Avtobusların
üstünə "Yasamal bazarı" yazmaqlarına baxma,
bazarı da söküblər. İndi
dağlı çörəyini də mağazadan
alırıq. Daha məhəlləni
qovurulmuş tum qoxusu başına götürmür. Həyatın bəstəkarı dəyişib
anlaşılan, köhnə sözlər yeni musiqilərə
uyğun gəlmir.
Çox vaxt harda, hansı məkanda, hansı zaman kəsiyində
yaşadığımı unuduram, öz-özümü belə
hiss eləmirəm.
Amma hərdən, lap hərdən başqa həyatda
baş vermiş kimi yadıma qırıq-qırıq şeylər
düşür. Soyuq havalarda metroya enəndə
üzümə vuran buxar qarışıq isti hava yenə
eyni cür qoxuyur. Yenə yağış
yağanda küçələr eyni cür islanır.
Qulağıma lap uzaqlardan Sezen Aksunun səsi gəlir:
Yağmur
yağar, akasyalar ıslanır,
Mən yağmura dəli, buluda dəli.
Böyük
bir oyun bu,
yaşamaq
dediyin,
Məni ya sevməli, ya öldürməli.
Hərdən elə bil özümüzü - soyuqdan
büzüşüb bir-birinə qısılmış,
böyük şəhərdə bir-birindən başqa kimsəsi
olmayan o iki qızı görürəm. Bir
anlığa sanki gözlərimin qabağından
keçib-gedirlər. Həmin o intəhasız
azadlıq hissini - dəryada damla olmağın dadını
duyuram damağımda, amma bu çox ani olur, tezliklə həmin
hissi itirib məyus oluram.
"Dodaqdan
qəlbə"nin qəhrəmanı Kənanın
sözlərini xatırlayıram: "Gözü sürməli
kasıb məhəllə qızlarına kaman dərsi dediyim
günlərin həsrətini çəkməyim gəlir".
Eyni vəziyyətdəyəm mən də, bu
şəhərdə özümü qərib hiss elədiyim
o günlərçün qəribsəmişəm. İndi mən burda başqa yerdən gəlib yerli
camaata qaynayıb-qarışan kənd müəllimi kimi məşhuram.
Geyim aldığım mağazada, yemək yediyim kafedə,
telefonla danışa-danışa getdiyim küçədə
hər dəfə qarşıma bir tanış
çıxır. Üstümdəki nəzərlərdən
cana doymuşam, heç kimi
tanımadığım yad bir şəhərə
köçmək arzum da yəqin, bundandı.
Mən indi bu qədər ağıllısını
tanıdığım bu şəhəri bir vaxtlar ancaq bir
neçə dəlisini tanıdığım o şəhərə
dəyişərdim.
Yasamalın dəliləri yadında qalıbmı?
Bazara bir tin qalmış öz evinin
qarşısında var-gəl edən, hündürdən
vahiməli şeylər danışan o kişini
xatırlayırsanmı? Açıq həyət qapısından görünən
ot basmış bağçası mənzərəni
bir az da qorxunclaşdırardı. O kişi
indi yoxdu, ölüb, deyəsən. Həyət
qapısına qıfıl vurub, üstünə
"satılır" yazıblar. Hər
ordan keçəndə "Görəsən, o bədbəxt
dəlinin evini hansı xoşbəxt ağıllı
alacaq?" - deyə mənasız
şeylər düşünürəm. Aramızda
qalsın, son vaxtlar ağlıma belə mənasız şeylər
tez-tez gəlir. Həvəsim və
vaxtım olanda bu haqda da sənə yazacağam.
Amma Coni durur, bilirsənmi? Yadındadımı Coni? Xoşbəxt təbəssümlə hamıya təzim
edib, baş əyən, o vaxt "pozitiv dəli" dediyimiz
toppuş, sevimli Coni. Heç dəyişməyib, yenə
o müdhiş təbəssümlə
"İnşaatçılar" metrosunun ətrafında
fırlanır, yenə boynundan dəmir qutu asıb, taxta
çubuqlarla döyə-döyə gəzir, yeni il
qabağı kiminsə bağışladığı Santa
Klaus papağıyla qəfildən peyda olur.
Yenə
də kişilər ona bir siqaret verib, mağazanın
qarşısında hansı mahnıya istəsələr
oynadır, ətrafında dövrə vurub əl
çalırlar: "Hə, Coni", "Oyna, Coni",
"Bax belə, Coni"... Coni də oynayır.
Siqareti qulağının dalına keçirib, öz təbəssümüylə
bu dünyanın ciyərinə dağ çəkirmiş
kimi elə ləzzətlə rəqs edir ki...
Bu mənzərəni görməyin lazımdı. Bəlli deyil, kim kimi oynadır; onlarmı Conini, Conimi
onları. Düzdü, mən daha çox
Coninin - keçmiş günlərimin yadigarı olan qoca
uşağın tərəfindəyəm, amma o adamlara da
acığım tutmur. Sanki
yazıqların içində güclə zəbt etdikləri
bir Coni var. Sanki yanlarındakı Coniyə deyil, öz
içlərində oynayan Coniyə əl çalırlar.
Mən isə üçüncü şəxsəm,
tamaşaçıyam, yoldan keçənəm, oyundankənar
vəziyyətdəyəm. Nə oynayanam, nə
əl çalan, nə dəliyəm, nə ağıllı,
nə hücumçuyam, nə müdafiəçi, mən yarımmüdafiəçiyəm.
Bir sözlə, ən axmaq vəziyyət mənimdi.
Nə vaxtsa hücumda oynamış birinin
yarımmüdafiəçi olması kədərlidi. Mən nə
qol vurub sevinə, nə qol buraxıb kədərlənə
bilmərəm, gah geri, gah irəliyə qaçmağa məhkumam.
Bütün bunlara görə də səni
qınayıram. Sən öz
cinahını atıb getməsəydin, mən tək
qalıb hücumu buraxmazdım. Hərdən
paslarıma elə heyifim gəlir ki. Dilimdən
anlayanım yoxdu.
Gör bir neçə ildi, mən Coninin
baxışlarından keçib gedirəm. Əvvəllər
təhsil aldığım məktəbə, sonra təcrübə
keçdiyim, sonra dərs dediyim, daha sonra uşaqlarımın
oxuduğu məktəbə. Bəlkə də,
həyatında heç bir məktəb görməyən bu
nikbin dəli həyatındakı bütün məktəblərə
lənət oxuyan bədbin mənə acıyır. Yəqin, onun dayandığı yerdən mənim
keçdiyim səki ilə zamanın necə axması aydın
görünür, üzümdəki təbəssümün
necə qocalması, əlindən tutduğum uşaqların
necə böyüməsi.
Hərdən gedib Coniylə danışmaq istəyirəm. Bilmək istəyirəm,
neçə illər öncə bu məhəllədə eynən
onun kimi gülümsəyən, onun kimi azad olan o iki
qızı xatırlayırmı? Əgər
xatırlayırsa, desin görüm, mən çoxmu dəyişmişəm.
İstəyirəm, ondan soruşum ki,
bütün günü narazı sifətlə harasa tələsən
mən, ağıllı zamanın heç cür qalib gələ
bilmədiyi sən dəlinin gözlərində necə
görünürəm, Coni?!
Səhər ƏHMƏD
Ədəbiyyat qəzeti.-
2022.- 14 may. S. 5.