Panislamizmin qurucusu, türk milliyyətçi
şeirinin
mürşidi,
Renanın İbn Rüşdlə qiyaslandırdığı
Azərbaycan kökənli
Şeyx Cəmalləddin Əfqani
"Beni zalim
edecek mazlum olan saf imanım..."
Mehmet Emin YurdaKul
Əfqanıstanda əfqan, Türkiyədə türk,
İranda azərbaycanlı, Misirdə ərəbdir.
İstanbulda Sultan II Əbdülhəmid, İranda Nəsrəddin
şah, Peterburqda çar Aleksandr Cəmaləddin Əfqaninin
fikirlərinə ehtiyatla yanaşır.
Farslar onu şiə, ərəblər sünni kimi
tanıyır.
Yüz il əvvəl onun vəhabi ola biləcəyini
ehtimal edənlər də olub. Mason adlandıranlar da var,
babı olduğunu güman edənlər də,
"İmanını qeyb etmiş mömin", yaxud
"makiavelist" deyənlər də.
Doğum tarixi, milli mənsubiyyəti,
ölümünün səbəbləri hələ də
mübahisə mövzusudur.
Misirdə Məhəmməd Əbduhu
yetişdirmişdi.
İstanbulda milli şair Məhməd Əmin Yurdaqulun
mürşidi odur.
Ernest Renan Seyid Cəmaləddini İbn-Sina,
İbn-Rüştlə qiyaslandırır.
Dağıstaniyə
yazdığı məktubunda Şeyx iranlı, Renana
yazdığı məktubunda, az qala,
materialist bir ərəb, Hindistana ünvanladığı
"Vəhdəti cinsiyyə fəlsəfəsi"
yazısında hindlidir. Maddəçiliyin - dəhriyyəçiliyin
tənqidinə həsr etdiyi risaləsində müsəlman
idealistidir. Sultan II Əbdülhəmidin nəzərində
o, bir ingilis casusudur.
Bu il Şeyxin ölümündən 125 il
ötdü. İngiltərə, Fransa, Almaniya, Rusiya, İran,
Türkiyə, Əfqanıstan, Hindistan, Ərəb ölkələrinin
humanitar-ictimai institutları bir əsrdən çoxdur ki,
Şeyxi tədqiq edir...
Misirdə
professor, İranda məhbus, Əfqanıstanda Baş nazir,
Parisdə redaktor...
XIX yüzildə meydana çıxmış ittihadi-islam
ideyasının müəllifi odur. Şeyx müsəlmanların bir mərkəzdən
idarə olunmasını, buna rəğmən islam
dininə etiqad edən müllətlətin dil
özgürlüyünə sahib olmasını istəyirdi.
"Səadətin
altıguşəli qəsri"ni qurmaq üçün yeni
bir düstur irəli sürdü: 1. İnsan gərək
özünün ərzi bir mələk olaraq
yaradıldığına inansın; 2. Öz millətini
başqa millətlərdən daha üstün bilsin; 3. Elmlərin
mövcud qaranlıq mühitdən daha yüksək, daha ali
bir aləmə keçmək üçün
yaradıldığına etiqad etsin; 4. İnsanı digər
canlılardan fərqləndirən mənəvi dəyərlərə
- iffət və həya duyğusuna sədaqətli olsun; 5.
Əmanətə xəyanət etməsin; 6. Doğruluq və
ədalət yolundan sapmasın.
Şeyxə görə, insan hüquqlarının (Həqq-ül-nasın)
qorunmadığı bir cəmiyyət müasir dünyada
yaşamağa qabil olmayacaqdı.
***
I
Nikolayın Osmanlı imperatorluğu barədə verdiyi "xəstə
adam" diaqnozunun tədavisinə ilk
başlayan Cəmaləddin Əfqani oldu: "Mən
İslamı nəhəng bir vücud kimi təsəvvür
edirəm. O, başını İstanbulda yerə qoyub,
qollarının birini Afrikanın şimalına, o birini isə
Krım və Orenburq üzərindən Çinə
uzadıbdır. Ayaqları isə bütün Qərbi
Asiya boyunca dolaşır. Artıq bu
vücudda nə sağlam bir yer və nə bir xəsarət
almamış orqan var. Amma o, qanı axa-axa, yarımcan halda yenə
öz dəmir püskürən nəfəsini bilirsiniz nəyə
sərf edir? Sadəcə, kimin haqlı, kimin haqsız
olduğu ilə bağlı höcətləşmələrə!
Əmirmi, Zeydmi haqlıdır? Əmirinmi, Zeydinmi ilahiyyatı yaxşıdır?
Yalnız son nəfəs də canından
çıxandan sonra o başa düşəcək ki, sadəcə
bu höcət nəticəsində öldü".
Əfqaninin
bu fikirləri panislamist olduğu qədər də
pantürkist mahiyyətlidir... Coğrafiyaya fikir verin:
İstanbuldan başlayaraq, Krım üzərindən Çinə
qədər və Qərbi Asiya...
***
Fransız
Renanın "İslam dini elmdə qısırdır"
hökmünə dayalı bir iddia ilə yazdığı
fikirlərə Cəmaləddin Əfqaninin 1883-cü ildə
elə Parisdə qələmə aldığı cavab məqaləsi,
az qala, yüz ildən çoxdur ki,
müzakirə olunur. Ancaq bəzən unudulur ki, polemika iki
mütəfəkkir arasında - biri təkcə islamı
deyil, xristianlıq da daxil olmaqla bütün dinləri elmi tərəqqi
yolunda əngəl hesab edən qərbli Renan, digəri isə
ona öz kübar ədası ilə cavab verib, dinlərin və
təkcə islamın deyil, xristianlığın da
insanlıq tarixindəki mütərəqqi rolunu xatırladan
şərqli Şeyx Cəmaləddin arasında baş verib.
Vəziri olduğu əfqan kralı Məhəmməd
Əzəm taxtdan endiriləndən sonra bir müddət
Hindistanda yaşayan Şeyx hindliləri təşviq edirdi ki,
onlar ingilis dili ilə yanaşı, milli dilin də dövlət
dili elan olunmasına çalışsınlar. Əslində, o, bu
çağırışı ilə Hindistanı - geniş
miqyasda isə Şərqi Qərbin əsarətindən
qurtarmağın mümkün yollarından birini və ən
başlıcasını nişan verməkdəydi.
Şeyxin irəli sürdüyü milli dil siyasətini
ümmət əxlaqına söykənən İslam aləmində
etiqad birliyinin pozulması kimi dəyərləndirənlər
Cəmaləddinin əsas hədəfini gözardı ediblər. Şeyx Cəmaləddin
deyirdi: "İnsanlar arasında bir çox fərdləri
bir-birinə bağlayan iki bağ vardır: biri dil birliyi,
başqa sözlə, millət birliyi. Digəri din. Dil
birliyinin, yəni soy birliyinin (irqin, millətin) heç
şübhə yoxdur ki, dünyadakı daimiliyi dindən daha
davamlıdır, çünki az bir zamanda
dəyişməz. Halbuki, ikincisi belə
deyildir. Eyni dildə danışan irqi
görürük ki, min illik bir müddətdə dil birliyindən
ibarət olan milliyyətə bir zərəri olmadan,
iki-üç dəfə din dəyişir. Deyə bilərik ki, dünyanın axarında dil
birliyinin təsiri dini bağlılıqdan daha qüvvətlidir".
Şeyx haqlıdır. Yabançı siyasətlərin,
xarici hərbi təcavüzlə yanaşı,
yabançı dilin istila və işğalı altına
düşmüş Vətən, təbii ki, həm də dil
birliyinin, vəhdəti-cinsiyyənin - irqi vəhdətin
hesabına istiqlalını əldə edə bilərdi.
Elə buna görə də Şeyx Cəmaləddinin islam birliyi naminə irəli sürdüyü
doktrin türk dünyasında milliyyətçi hərəkatın
da qabarmasına səbəb olurdu. Yusuf Akçuranın dediyi
kimi, "Bu məşhur Şeyx, bütün İslam aləminin
yaşaya bilməsi üçün müsəlman millətlərin
milli şüura sahib olmaları gərəyinə
inanmışdır... Əfqani, İslam aləminin
hər tərəfinə düşüncələri ilə,
sözləri ilə, işləri ilə çox bərəkətli
toxumlar saçmış və Qərb türklüyündə
olduğu kimi, Şimal türklüyündə də milliyyət
fikrinin inkişafına xidmət etmişdir".
Türk milliyyətçi şeirinin memarı,
"qaranlıq fəlakət vadilərində
çobansız dolaşan zavallı türk millətini, əlində
qavalıyla Turi-Sinadan enərək" (F.Köprülü)
toplayıb-birləşdirən Məhməd Əmin Yurdaqula
"qaval çalmağı"n sirrini, əslində, Cəmaləddin
Əfqani öyrətmişdi. Yusuf Akçura Yurdaqulun
etirafını xatırladır: "Məni o
yoğurmuşdur. Əgər ruhların əbədiliyi
və ölməzliyi varsa, o, ruhunu mənə yadigar
etmişdir. Cəmaləddinin ruhu məndə
yaşayır". Aydəmir isə
bildirir ki, Yurdaqul "ərəb və fars qaydalarından təmizlənmiş
ilk türkcə şeirlərini, o sıradan "Bən bir
türkəm, dinim, cinsim uludur" misrası ilə
başlayan şeirini Cəmaləddin Əfqaninin təlqini ilə
yazmışdı". Mehmet Emin Yurdaqul "Dua"
şeirini Əfqaninin əziz xatirəsinə ithaf
etmişdi... Şeirdə belə bir misra var: "Beni zalim
edecek mazlum olan saf imanım...". Hər
dəfə Əfqani barədə düşünəndə,
nədənsə, həmin misranı xatırlayıram...
"İslam aləminin düşünürlərindən
Cəmaləddin Əfqani həzrətləri, Parisdə bulunduğu
sırada mənim mütəvazi məskənimi,
başqalarından üstün tutmaq lütfündə
bulunmuşlardı və həftələrcə bərabər
qalmışdıq". Bunu Əhməd Ağaoğlu yazır.
Parisdən Azərbaycana qayıdarkən
yolüstü İstanbulda dayanan Əhməd bəy Seyid Cəmaləddinlə
təkrar görüşüb fikir mübadiləsi etməyə
ehtiyac duymuşdu. Beləliklə,
Ağaoğlu Parisdən Azərbaycana Cəmaləddinin fikri təlqinləri
ilə qayıdırdı. Əli bəy Hüseynzadənin
pantürkizminə rəğmən, Əhməd
Ağaoğlunun uzun müddət panislamist mövqedə
qalması da, şübhəsiz ki, Əfqani faktoru ilə əlaqədar
idi...
Məhməd
Akif də Seyid Cəmaləddinin heyranlarından idi və
"Safahat" şeirlərində Şeyxin
böyüklüyünü dönə-dönə iqrar
etmişdi... Akif İslam ölkələrində məktəblər
açmağa, o məktəblərdə İslam aləmi
üçün Cəmaləddinlər yetişdirməyə
çağırırdı...
Şeyxin ardıcılları sırasından
böyük məfkurə sahibləri ilə yanaşı,
ömrünü onun yolunda fəda edə biləcək qədər,
yaxud onu incitmiş imtiyaz sahiblərini qurşuna düzəcək
qədər fanatik vurğunlar və fədailər yetişdi.
Misirə getdi, ətrafına zamanın yeni düşüncəli
ərəbləri toplaşdı, valinin göstərişi ilə
Qahirədən çıxarıldı. İstanbula gəldi, Ali
Maarif Məclisinin üzvü seçilsə də camelərin
birindəki çıxışından sonra Həsən Fəhmi
əfəndi onu kafir elan etdi, İstanbuldan
çıxarılmasına fitva verdi. (Sonra "İttihad və Tərəqqi" tərəfdarları
Həsən Fəhmini qətlə yetirdilər). İrana keçdi, Baş nazir Mirzə Əli
Əsgər xan onu özünə rəqib gördü.
(Sonra Nəcəfdən dörd müctəhidin
imzası ilə Mirzə Əli Əsgər Xanın kafir elan
olunması barədə fitva verildi). Avropada
Məhəmməd Abduhla "əl Urvatul-Vusqa" qəzetini
nəşr elədi, Qərb dövlətlərinin
basqısına uğradı, qəzeti yasaqlandı.
Misirdəki qiyamlar, Hindistanda məşrutə
inqilabı, İrandakı "Tənbəki hərəkatı",
İraqın müstəqillik inqilabı Şeyxin
ideyalarından qaynaqlanıb.
Seyid Cəmaləddinin
Misirdə, Hindistanda, Sudanda, Rusiyada, Fransada, İngiltərədə,
Almaniyada, Amerikada islam peyğəmbərinin
hübbülvətən (Vətən sevgisi) təlimini
aktuallandırdl. Amma İsmayıl bəy
Qaspıralının dediyi kimi, "Şeyx Cəmaləddin
Əfqaninin əsərlərində tazə can bulmuş islam
fəlsəfəsi yeni bir dövrə, yeni bir zamana girildiyini
göstərməkdə idi... Bizim Rusiya və Mavərənnəhr
qədimçiləri şu dərəcə qafil və
cahildirlər ki, əsrimizin ən böyük alimi olan
Şeyx Cəmaləddin Əfqani kibi ünlü alimə həqarət
nəzəri ilə baxırlar...".
Nəsrəddin
şahın müsafir olaraq Tehrana dəvət edib, sonra
"bir müddət Əbdül Əzim ziyarətgahında
sığınacaq tapandan sonra çox soyuq və qarlı bir
qışda sığındığı yerdən
çıxardıb ayaqlarını qatırın qarnına
bağlayaraq o soyuq havada İranın Həmədan və Kirmanşah
yolu ilə sərhəddən çıxartması",
"əl-qolunu zəncirlədərək Türkiyə-İran
sərhədinə qədər "yeddi yüz atlının
müşayiəti ilə" onu sınır dışı
etməsi də İran şahına səltənətdən,
taxt-tacdan və canından vaz keçmək bahasına
başa gəldi. Əfqani İran şahının
yürütdüyü təslimçi iqtisadi siyasətin, Qərb
imperializminin xeyrinə bağlanmış məşhur "Tənbəki
imtiyazı"nın özülünə
elə sərt bir zərbə vurdu ki, İran şahı bu zərbədən
bir daha özünə gələ bilmədi. Cəmaləddin
Əfqani dövrünün böyük "müctəhidi
Mirzə Həsən Şiraziyə dövlət xəzinəsinin
islam düşmənləri lehinə israf edildiyini isbat edən
və İran hökumətinə qarşı ittihamnamə təşkil
edən bir məktub göndərdi və müctəhid
hökumət tərəfindən "Tütün
imtiyazı" ləğv edilincəyə qədər,
müsəlmanlara tütündən istifadəni yasaq edən
bir fitva verdi. Bu fitvaya dərhal əməl edən
xalqın müqaviməti qarşısında İran hökuməti
müqaviləni ləğv etməyə məcbur oldu"
(Qoldzer).
Sonra da Nəsrəddin şah Mirzə Rza Kirmani tərəfindən
Şah Əbdül Əzim məscidində Cəmaləddin
Əfqaninin təlqini ilə qətlə yetirildi. İstanbulda Sultan II
Əbdülhəmidin ona verdiyi və içərisində ev dustağı kimi yaşadığı
malikanəni "türk aydınlarının fikir təkkəsinə"
(Aydəmir) çevirdi.
Adam böyük bir sirdir. Həm İslamın
modernizə olunmasına çalışır, həm
panislamizmin ideya müəllifidir, həm də ümumtürk
poeziyasında milli ruhu ehya qılmış mürşiddir.
Bütün sirlər açılır, amma
Əfqaninin sirri açılmır. Əbdürrəşid
İbrahim ondan əsl Vətənini soruşmuşdu.
Seyid Cəmaləddin isə cavabında "Mənim Vətənim
yoxdur" - demişdi... "Vətəni yox
idi", amma Hindistanda Mahatma Qandiyə təsir göstərirdi.
Yaponiyada islamı yaymaq üçün Əbdürrəşid
İbrahimi təşviq edirdi... Misir, Hindistan, İraq
inqilablarının ideoloji istiqamətini müəyyənləşdirirdi.
İranda,
Əfqanıstanda, Misirdə, Hindistanda, İngiltərədə,
Fransada, Rusiyada, Türkiyədə yaşayıb... 1897-ci ildə
İstanbulda vəfat edib, burada dəfn olunsa da, 1944-cü ildə
məzarı Əfqanıstana aparılıb...
Əfqaninin Cənubi Azərbaycan yenilikçiləri, məşrutəçiləri
üzərində də təsiri çox böyük
olmuşdur. İranda yenilənmə hərəkatına ilk
çağırış, bu istiqamətdəki ilk təkan Cəmaləddin
Əfqanidən gəlib. Gənc Türklər
tipində bir Gənc İranlılar modelinin ideoloqu odur.
Tarixçilər Nəsrəddinin ölümündən
sonra hakimiyyətə gəlmiş Müzəfərrəddin
şahın zamanında -1906-ci ildə konstitusiyanın və
Millət Məclisinin yaradılmasına səbəb olmuş
xalq hərəkatının ideya mənbələrindən
biri kimi Cəmaləddin Əfqaninin yaydığı
panislamizm ideologiyasının təsirini ayrıca qeyd etməkdədirlər
(J.H.Kramers).
Seyid Cəmaləddin
ömrünün son illərində İstanbulda "Sultandan
himayə gördü. Ona ev və maaş
təsis edildi. Amma Türkiyədəki həyatının
böyük bir qismi, II Əbdülhəmid xəfiyyələrinin
nəzarəti altında keçdi. Zatən, onun atəşli
və islahatçı təbiəti ilə II Əbdülhəmidin
uyuşmasına, əlbəttə ki, imkan yoxdu... Bu güclü fikir və dartışma adamı
ingilis və rus xəfiyyələrinin də davamlı təqibi
altındaydı" (Süreyya Şevket).
Bir az laübalı, bir az da dərvişanə
halı ilə bütün həyatını ümmət
birliyinə həsr etsə də, son nəfəsində
"Allahım, bilirsən ki, Hz. Peyğəmbərimizin son
sözü "ümmətim, ümmətim" olmuşdu, mən
də "millətim, millətim" deyirəm" - deyib həyata
vida edən Seyid Cəmaləddin 58 il yaşadı, ailə
qurmadı...
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2022.- 14 may.- S.10-11.