Mirzə Ələkbər
Sabir və uşaq ədəbiyyatı
Mirzə Ələkbər Sabir-160
Mirzə Ələkbər Sabir yalnız böyük
satirik deyildir, həm də uşaq ədəbiyyatının
inkişafında xüsusi xidmətləri olan şəxsiyyətlərdən
biridir. "Beynəlmiləl" kimi son dərəcə
ciddi şeiri yazan qələmdən incə ruhlu uşaq
şeirləri də çıxmışdır. O, məktəbdarlıqla
yanaşı, "Dəbistan" və "Rəhbər"
jurnallarında, "Birinci il", "İkinci il",
"Yeni məktəb" dərsliklərində, həmçinin
"Səda", "Həqiqət", "Günəş"
və s. qəzetlərdə əsərləri ilə daim
iştirak etmiş, "Yaz günləri", "Uşaq və
buz", "Qarınca", "Cütçü",
"Molla Nəsrəddinin yorğanı", "Əskik
alıb, artıq satan tacir", "Yalançı
çoban", "Uşaqlara", "Analar bəzəyi"
kimi şeir və mənzum nağılları, həmçinin
İ. Krılovdan tərcümə etdiyi "Qarğa və
Tülkü" təmsilini qələmə
almışdır. Sabirin yüksək poetik
istedadının, uşaq psixologiyasına dərindən bələdliyinin,
sadə və anlaşıqlı dilin, yığcam və
bitkin süjetin məhsulu olan klassik uşaq şeirləri orta
məktəb dərsliklərimizdə bu gün də öz
layiqli yerini tutmaqdadır. Böyük şairin uşaq ədəbiyyatının
inkişafı yönündə xidmətlərini elə bu
iki istiqamətdə: dərsliklərin hasilə gəlməsində
rolunu araşdıraraq və poetikasının incələyərək
sənətkarlıq xüsusiyyətlərini meydana
çıxarmaq doğru olardı.
***
Məlumdur ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində
milli uşaq ədəbiyyatının və dərsliklərin
formalaşdırılıb inkişaf etdirilməsi uğrunda
hərəkat başlamışdır. Bu işdə Rəşid bəy
Əfəndiyev, Sultan Məcid Qənizadə, Mirzə Fətəli
Axundov, Mahmudbəy Mahmudbəyov, Abdulla Şaiq, Abbas Səhhət,
Süleyman Sani Axundovla bərabər, Mirzə Ələkbər
Sabir və digərləri mühüm rol oynamışdır.
1905-ci il 17 oktyabr manifestindən sonra Rusiyanın
başqa ucqarlarında olduğu kimi Qafqazda, o cümlədən
Azərbaycanda da bəzi azadlıqlar həyata keçirildi. Mətbuat yaratmaq üçün icazə istəyən
ziyalıların bəzilərinin xahişlərinə
müsbət cavab verildi. Ə.Hüseynzadə,
Ə.Ağayev, H.Vəzirov, Ü.Hacıbəyov, C.Məmmədquluzadə,
O.Nemanzadə kimi yazıçılar gündəlik ədəbi-ictimai-siyasi
qəzetlər çap etdiyi bir vaxtda müəllim-yazıçılar
uşaq mətbuatına böyük ehtiyac olduğunu görərək
bu işi həyata keçirməyə başladılar.
Bunun nəticəsi olaraq hasilə gələn "Dəbistan"
(1906-1908), "Rəhbər"(1906-1907) jurnallarının nəşrə
başlaması, həm ədəbi, həm də pedaqoji
ictimaiyyət tərəfindən sevinclə
qarşılandı və həm pedaqoji fikrin, həm də
milli uşaq ədəbiyyatının sürətli
inkişafına təkan verdi. M.Ə.Sabir, S.S.Axundov, A.Səhhət, Abdulla Şaiq
kimi uşaq ədəbiyyatının qüdrətli
yaradıcıları meydana çıxdı.
Ümumiyyətlə, XX əsrin əvvəllərində,
1906 və 1907-ci illərdə Bakıda keçirilən I və
II müəllimlər qurultayı, orda qəbul edilən qərarlar
milli uşaq mətbuatımızın yaranması və milli
uşaq ədəbiyyatının canlanmasında məxsusi mərhələ
təşkil edir. Mirzə Ələkbər Sabir ilk milli
uşaq jurnalı olan "Dəbistan"ın nəşrini
digər həmkarları kimi böyük sevgi ilə
qarşılamış, yazdığı bir çox
maraqlı uşaq nümunələrini bu jurnalda çap
etdirmişdir.
İlk
nömrəsi 1906-ci il aprelin 16-da
çıxan "Dəbistan" jurnalı öz səhifələrində
bədii ədəbiyyata geniş yer verirdi. Çap
olunan əsərlər, əsasən, Azərbaycan
yazıçılarının şeir və hekayələrindən,
rus və şərq ədəbiyyatından edilmiş tərcümələrdən
ibarət idi. Bu əsərlərin
çoxu maarifin, məktəbin gözəlliyindən bəhs
edir, uşaqlarda məktəbə, təhsilə maraq və
sevgi hissləri oyadırdı. "Elm və texnika
nailiyyətlərinə, coğrafiya, fizika və heyvanata aid
oçerklərdə qitələrdən, saat, kompas kimi
şeylərin mənşəyindən, əhəmiyyətindən
və s. bəhs olunurdu. H.Zərdabinin
nağılvari oçerkləri "Dəbistan"ın
balaca oxucularını heyvanat aləmi ilə tanış
edirdi" (Ə.Mirəhmədov).
Lakin
"Dəbistan" jurnalı uzun ömürlü ola bilmədi. Mətbəə xərci
ilə bağlı maddi çətinliklər və abunəçi
yoxluğu ilə əlaqədar cəmi 27 nömrəsi
çıxdıqdan sonra jurnal 1908-ci ilin mart ayında
bağlandı. Bu xəbəri dərin təəssüf
hissi ilə qarşılayan Mirzə Ələkbər Sabir
yazmışdı:
Əlmünətü
lillah ki "Dəbistan"da qapandı!
Bir badi-xəzan
əsdi, gülüstan da qapandı!
Hasilləri
puç oldu bütün məzrəəcatın,
Yel vurdu
qavun-qarpızı, bostan da qapandı!
"Dəbistan" jurnalından əvvəl isə
"Rəhbər" (redaktor Mahmudbəy Mahmudbəyov)
bağlanmışdı. Bu jurnalın da ilk nömrəsi
1906-cı il 24 sentyabrda
çıxmış, cəmi 5 nömrəsi
buraxıldıqdan sonra 1907-ci ilin yanvar ayında maddi çətinlik
üzündən nəşrini dayandırmışdı. Beləliklə, 1911-ci ilə qədər Azərbaycanda
uşaqlar dövri mətbuatsız qalmışdı.
1911-ci ildə təşkil olunan "pedaqoji kurs"un iştirakçıları uşaqlar
üçün "Məktəb" adlı jurnal təsis
etməyə qərar verib, bu işi həyata keçirmək
üçün icazə aldılar. 1911-ci ilin noyabr ayından
Bakıda iki həftədə bir dəfə (redaktorları:
Qafur Rəşad Mirzəzadə və Əbdürrəhman
Əfəndizadə) nəşr olunmağa
başlamış, 1920-ci ilə qədər davam etmişdir. "Dəbistan" və "Rəhbər" kimi
"Məktəb" də elmi-pedoqoji və ədəbi-bədii
jurnal idi. Bu jurnalların faydası nə
oldu? Ədəbiyyatşünas alim Əflatun Məmmədov
1977-ci ildə çap etdirdiyi "Azərbaycan uşaq ədəbiyyatı"
("Dəbistan", "Rəhbər" və "Məktəb"
jurnalları əsasında)" kitabında yazır ki, "Hər
üç jurnal Azərbaycan uşaq ədəbiyyatının
yaranmasında mühüm rol oynamışdır... Əsl uşaq əsərləri 1905-ci ilə qədər
yox dərəcəsində idi. Yeni-yeni məktəblər
açan, qiymətli dərsliklər hazırlayan M.Ə.Sabir,
A.Şaiq, A.Səhhət, S.S.Axundov, S.M. Qənizadə və
başqa yazıçı, şair və maarif xadimləri
uşaq ədəbiyyatının gözəl və rəngarəng
nümunələrini Azərbaycan uşaq jurnallarının nəşrindən
sonra yaratmışlar".
Uşaq ədəbiyyatının əsas
yaradıcıları realist yazıçılar və maarif
xadimləri idi. Mirzə Ələkbər Sabir onlardan biri
olaraq, həm məktəbdə çalışır,
uşaq psixologiyasını və maraqlarını, onların
hansı ədəbiyyata ehtiyac hiss etdiyini çox
yaxşı bilirdi. Onun şeir və mənzum
əsərlərində maarifə, məktəbə, tərbiyə
məsələlərinə xüsusi diqqət yetirilirdi.
"Dəbistan" və "Rəhbər"
jurnallarının nəşri onun uşaq ədəbiyyatı
ilə bağlı davamlı fəaliyyət göstərməsinə
yol açmış, uşaq ədəbiyyatının
problemlərini duymağa imkan yaratmışdır.
1908-ci ildə
Bakıda nəşr edilən "İkinci il"
dərsliyində Mirzə Ələkbər Sabirin böyük
əməyi olmuşdur. Şəhərin pedaqoji ictimaiyyətinin,
ümumiyyətlə ziyalıların ciddi maraqla
qarşıladığı bu kitab haqqında tədqiqatçı
Nadir Vəlixanov yazır: "Bu dərslik Azərbaycan pedaqoji
fikir tarixində yeni mütərəqqi hadisə olmuşdur. "İkinci il"in
müəllifləri yenicə oxuyub yazmağa başlayan azərbaycanlı
balaların təlim-tərbiyəsinə aid fikirləri sadə,
aydın dillə qələmə almağı qarşıya əsas
məqsəd qoymuşdular. Məhz buna görə
dərsliyin müəllifləri böyük şairimiz M.
Ə. Sabirin, A. Səhhətin, A. Şaiqin uşaq təfəkkürünün
asan qavraya bilməsinə uyğun, uşaq yaddaşında nəqş
sala bilən, balaca oxucunun zövqünü oxşayan şeirlərindən
də nümunə verirdilər".
Beləliklə, XX əsrin əvvəllərində
dalğalanan maarifçilik hərəkatında Sabir həm
pedaqoji fəaliyyəti, həm də tərcümələri
ilə müstəsna xidmət göstərdi, klassik milli
uşaq ədəbiyyatımızın formalaşıb
inkişaf etməsinə nail oldu. Amma Sabir ən
böyük xidməti gözəl bədii mətnlər, bu
gün də örnək kimi təqdim olunan və
gücünü saxlayan uşaq ədəbiyyatı nümunələri
hasilə gətirməklə sərgilədi.
***
Sabirin şeirləri uşaq ədəbiyyatının
inkişafında misilsiz rol oynadı. Bir əsrə
yaxın müddətdə bu şeirlər milli ruhumuzun ən
dəyərli cəhətlərinin balalarımıza
tanıdılmasında, onların dilimizə
bağlılığında, yurdumuzu, təbiətimizi, vətənimizi
sevməsində mühüm rol oynadı.
Şairin "Uşaq və buz" şeiri bütün
uşaqların şeirlə, ədəbiyyatla ilk
tanışlığının başlandığı
ünvandır. İllər ötür, zaman öz balaca
qəhrəmanlarına ən yeni, ən müasir
texnologiyaların dili ilə müraciət edir, hətta əsirinə
çevirir. Amma bu torpaqda doğulan, yenicə
dil açan bütün körpələrin
yaddaşının bir küncündə bu şeir
özünə əbədi yuva salmış olur. Çünki "Uşaq və buz" tək
axıcılığı, sadə və rəvan
yazılışı ilə deyil, həm də dili,
sözü sevməyi uşaqlara öyrətdiyinə görə
müstəsnadır. Yaxud "Yaz günləri"
şeiri uşaqların təbiət hadisələri, ilin fəsilləri
ilə tanışlıqla bərabər sabaha, gələcəyə
ümdilərinin yer aldığı poetik nümunədir:
Gəl, gəl,
a yaz günləri!
İlin əziz
günləri!
Dağda ərit
qarları,
Bağda ərit qarları.
Çaylar
daşıb sel olsun,
Taxıllar tel-tel olsun.
Ağaclar
açsın çiçək,
Yarpağı ləçək-ləçək.
Məlumdur
ki, "Hophopnamə"nin
üçüncü, təkmilləşdirilmiş nəşri1922-ci
ildə işıq üzü görüb. Yeni
nəşr öz həcminə görə ilk nəşrlərdən
xeyli fərqlənib. Sabirin
külliyyatına düşməyən bir sıra əsərlərini
yeni nəşrə əlavə ediblər. "Məktəb
şərqisi", "Cütçü", "Ağacların
bəhsi", "Elmə təğrib" şeirləri ilk
dəfə bu nəşrdə çap olunur. Bu gün də
məktəb dərsliklərində yer alan
bu şeirlər uşaq ədəbiyyatımızın ən
uğurlu poetik nümunələri sırasında yer alır.
Bu şeirlərin hər birində Sabiri uşaq
xarakterinin formalaşmasına, ona ən dəyərli cəhətlərin
aşılanmasına çalışan milli münəvvər
kimi görürük. Müəllif
"Ağacların bəhsi" şeirində Alma, Palıd
və Şam ağaclarının bəhsləşməsi
timsalında lovğalığı, eqoizmi, yersiz iftixarı tənqid
predmetinə çevirir. Yaxud
"Çütçü" şeirində müəllif
zəhmətin gücünü, öz əlinin halal
qazancı ilə dolanmağın hər şeydən
üstün olmasını bədii vüsətlə,
yığcam poetik təhkiyə ilə uşaqların diqqətinə
çatdırır.
Çıxdı
günəş, doldu cəhan nur ilə,
Cütçü sürür tarlada cüt şur ilə.
Atlar,
öküzlər kotana güc verir,
Gah yüyürür, gah yıxılır, gah durur.
Cütçü
batıb qan-tərə, yer şumlayır,
Şumladığı tarlasını tumlayır.
Olsa da
artıq nə qədər zəhməti -
İşləməyə var o qədər qeyrəti.
Çünki
bilir rahət əziyyətdədir,
Şad yaşamaq səydə və qeyrətdədir.
Ümumiyyətlə, Sabir bütün əsərlərində
mənəvi-əxlaqi tərbiyə məsələsinin
işıqlandırılmasına xüsusi diqqət
yetirmişdi.
Onun əsərlərinin məzmununda insanpərvərlik,
xeyirxahlıq, vəhşiliyə nifrət, möhkəm iradə,
haqsızlığa nifrət ideyaları vardır. Əlbəttə, belə fikirləri Azərbaycanın
bütün klassik sənətkarlarının əsərlərində
müşahidə etmək olar. Lakin XX əsrin əvvəllərində
aydınlar öz mətnlərində təlim-tərbiyə məsələlərini
xüsusən diqqət mərkəzində saxlayır,
uşaqlarda müsbət keyfiyyətlərin
formalaşmasına yardımçı ola
biləcək hadisələrin təsvirinə geniş yer
verirdilər. Mirzə Ələkbər Sabir də
bu mənada, real həyatı, uşaq mühitini bədii təsvirin
mərkəzinə gətirirdi.
Şairin
"Məktəbə təğrib" şeirindən bir
misralara diqqət edək:
Mənim
bağım, baharım!
Fikri
ziyalı oğlum!
Məktəb
zamanı gəldi,
Dur, ey vəfalı
oğlum!
Ey
gözüm, ey canım!
Get məktəbə,
cavanım!
Sabir əksər şeirlərində folklordan alınma
süjetlərə və mənzumələrə daha
çox diqqət yetirmişdir. Onun uşaqlar üçün qələmə
aldığı bədii nümunələr, əsasən,
süjetli hekayətlərdən və mənzumələrdən
ibarətdir, - deyə bilərik. Bu barədə
bir faktı qeyd etmək lazımdır. XIX əsrin
sonlarında Sultan Məcid Qənizadə öz şair
dostlarına - Mirzə Ələkbər Sabir, Abbas Səhhət,
Məhəmməd Hadi və başqalarına məsləhət
görürdü ki, öz yaradıcılıqlarında
süjetli şeirlərə, mənzumələrə daha
çox yer versinlər. O, dostu Məhəmmədtağı
Sidqiyə 1894-cü ildə göndərdiyi məktubda
yazırdı ki, "...Bəndə təlim və tədris
işlərində millət nağıllarının
faydaların dərk etdiyimizə laməhalən bir neçəsinin
dildən qələmə düşməgin çox arzu
edirdim. Buna binaən öz həmvətənlərim -
Şirvanın növcavan şairlərinə bu təklifı
etdim" .
Bəli, Abbas Səhhətin Sabirə verdiyi klassik qiymətdə səsləndirdiyi "Sabirin asarı... İran məşrutəsinə bir ordudan ziyadə xidmət etmişdir" fikrini böyük şairin uşaq ədəbiyyatının inkişafı yönündə xidmətlərinə də aidləmək olar. Sabir uşaq ədəbiyyatı ilə bağlı ən gözəl nümunələrini o vaxtda ərsəyə gətirdi, ilk oxu kitablarının, anadilli dərsliklərin, ilk uşaq mətbuatının yaranmasına o vaxt öz mücadiləsini verdi ki, eyni vaxtda o, milli satirik şeirimizin ən gözəl örnəklərini yaradırdı, İran məşrutə inqilabına, rus-türk müharibəsinə şeirlər həsr edirdi, vətənindəki yaraları - mövhumatı, qadın hüquqsuzluğunu, savadsızlığı amansız və aramsız tənqid atəşinə tuturdu. Çünki "Vətən, millət, dil" amalı Sabirin prioritetə çevirdiyi məqsədlər idi və milli təəssübkeşlik gərəkən bütün sahə və istiqamətlərdə özünün siması və xarakteri ilə ön sıralarda dayanmağı ziyalı hünəri sayırdı.
Elnarə
AKİMOVA
Ədəbiyyat qəzeti.- 2022.- 14
may.- S.16-17.