14 kilometr uzunluğunda ev
Bizim rayonumuz
Araz çayının
yaxınlığındadı. Çay həm
də İranla sərhəd funksiyasını
daşıyır. Rayonumuz
23 avqust 1993-cü il tarixində erməni separatçıları
və Ermənistan dövlətinin aktiv iştirakı ilə işğal edildi. Vəhşi ermənilər bizə rayondan heç bir əmlak götürməyə imkan
vermədilər. Var-dövlətimiz vəhşilərin əlinə
qaldı. Biz canımızı birtəhər
qurtarmaq üçün
bəzilərimiz qaçqın
düşdük, bəziləri
isə özlərini
vəhşilərdən xilas
etmək üçün
Araz çayına atıb İran ərazisinə keçməyə
cəhd etdilər.
Qonşumuz Dünyaverdi dayının
ailəsi çayı
keçmək üçün
özlərini suya atdılar. Onların təzə gəlini
ağır ayaqlı idi. O, çayda çox pis vəziyyətə düşdü.
Hamı dua edirdi ki,
Allah eləsin o gəlin
çaydan çıxsın,
çünki o, ikicanlı
idi. Amma əri Sakit
nə qədər cəhd etmişdisə onu xilas edə
bilməmişdi. Özü də
onları xilas etmək istəyərkən
suda boğulmuşdu.
Belə ailələrin
sayı rayonda az deyildi.
Ermənilər azərbaycanlılara qarşı son dərəcə
amansız rəftar edir, əllərinə keçən mülki şəxslərə işgəncələr
verirdi. Qarşılarına çıxan imkansız
adamları balta ilə qətlə yetirir, meyitlərini yolun kənarında olan kol-kosa atıb
gedirdilər.
Əmim oğlu Qaçay polis şöbəsində zabit
idi. O, çox bacarıqlı,
rayonda böyük hörmətə malik, hamıya yeri düşəndə yardım
göstərən, torpaqlarımızın
və əhalinin təhlükəsizliyinin qorunmasında
əlindən gələni
əsirgəmirdi. Ermənilər onu çox izləyirdilər. Bir gün
bir neçə polis əməkdaşını mühasirəyə
salıb tutmuşdular.
Onlardan Cəbrayıl
torpaqlarının ermənilərə
məxsus olmasını
demələrini tələb
etmişdilər, onlara
olmazın zülüm
vermişdilər. Buna baxmayaraq, Qaçay və onun iş yoldaşları,
hamısı bir nəfər kimi Cəbrayılın Azərbaycanın
torpağı olmasını
dəfələrlə təkrar
etmişdilər. Dediklərinin üstündə qəti dayandıqlarını görən
ermənilər onların
əl-qollarını bağlayıb
ağızlarını torpaqla
doldurub qətlə yetirmişdilər. "Bu da sizin torpağınız".
Bu hadisəni bütün rayon əhalisi
bilirdi. Ermənilərin vəhşiliyindən ürək ağrısı
ilə danışırdılar.
Ermənilər Cəbrayıl əhalisini
qorxutmaq üçün
bütün iyrənc
yollara əl atırdılar.
Biz rayondan zorla çıxdıq. Yayın qızmar
istisində rayonun əhalisini İmişli rayonundakı 14 kilometr uzunluğunda dəmir yolu relslərinin üzərində yükdaşıyan
vaqonlara yerləşdirdilər.
Əhali
əlacsız vəziyyətdə
qalıb yük vaqonlarında, bəzən
iki ailə bir vaqonda birtəhər
yerləşdilər. Rayon
o qədər isti idi ki, vaqonlarda
nə gecə, nə gündüz yaşamaq və yatmaq mümkün olmurdu. Əhali kölgəlik olmadığına
görə vaqonların
altında birtəhər
yemək yeyirdilər.
Mən onların bu halına dözə bilmirdim. O gözəl
rayonumuzdan, gözəl
həyətimizdən, evimizdən
sonra belə bir çətin vəziyyətdə yaşamağı
heç ağlıma
da gətirmirdim. Həmişə fikirləşirdim:
"Biz bu haqsızlığa
nə vaxta qədər dözməliyik?". Belə bir dözülməz
vəziyyətdə anam
yataq dəstinin içərisinə saman doldurub, döşək, balış düzəldib
bizi birtəhər vaqonda saxlayırdı.
Belə bir zülmə salındığımız üçün
qisas hissi məni heç vaxt boş buraxmırdı.
İmişlidə yayın
istisinə dözmək
olmadığı üçün
xeyli adam
dünyasını dəyişdi.
Dörd qardaş idik. Kiçik qardaşlarımın ikisi
vəfat etdi, nənəm isə İmişliyə çatmamış
yolda dünyasını
dəyişdi. Onu yolun
kənarında torpağa
tapşırdıq.
Qarabağın bir neçə rayonu qısa müddət ərzində
erməni vəhşiləri
və terror dövləti
olan Ermənistan silahlıları tərəfindən
işğal olundu. Adım Xosrov
idi. Hamı məni Xosu
deyə çağırardı.
Bu hadisədən bir neçə il
əvvəl bir erməni qadını bizim kəndə gəlib özünü imkansız biri kimi göstərərək
ona köməklik edilməsini xahiş etmişdi. Azərbaycanlılar ona yazıqları
gəldiyi üçün
maddi kömək göstərmişdilər. Sən demə, həmin qadın paltarının altında belinə çatı bağlayaraq özünü köməksiz
biri kimi göstərərək rayonda
oğruluqla məşğul
olurmuş. Axşamlar isə, yəni şər qarışan zaman otlaq sahəsindən qayıdan mal-qaranı oğurlamaqla məşğul
olurmuş. Yolda kimsənin olmadığını
hiss edən zaman paltarının altından
belinə bağlamış
çatını açıb,
sahibsiz olan dananın başına bağlayıb apararkən
yoldan bir az kənara
çıxıb, Ermənistan
ərazisinə keçməyə
tələsirmiş. Qaranlıq
olduğundan 2-3 metr dərinliyində köhnə,
istifadəsiz su quyusuna düşərək
qıçları sınmış,
dana isə
onun üstünə yıxılmışdır. Dana
çaladan çıxmaq
üçün ozünü
ora-bura vurduğuna görə qadının üzünə və başına xəsarət
yetirmiş, gözünün
birini çıxarmışdır. Köməksiz vəziyyətdə qalan qadın zarıya-zarıya qalmışdı.
Mal otaran uşaqlardan
biri zarıyan qadının səsini eşidib, ora yaxınlaşmış və
gözlərinə inanmamışdı.
Yoldaşlarını köməyə çağırıb, çox
çətinliklə erməni
qadını və dananı quyudan çıxarmışdılar. Bu hadisəni rayon əhalisi bilmişdi.
Azərbaycanlılar qadına yardım
etmiş, humanistlik göstərmiş, onu cəzalandırmağa cəhd
etməmiş, əksinə
sağaldaraq Ermənistana
yola salmışdılar.
Azərbaycanlı qadınlar:
"Allah ona öz cəzasını verib, onu cəzalandırmağa
ehtiyac qalmayıb, artıq o, cəzasını
almışdır" - demişdilər.
Xeyli müddət
idi dəmir yolu relsləri üzərində 14 kilometr
uzunluğunda olan yük vaqonlarında qalmağımız davam edirdi. Bilmirdik necə bu vəziyyətdən qurtaraq.
Qaçqın ailələrin demək
olar ki, xeyli hissəsi vaqonların içərisində
köməksiz vəziyyətdə
qalmışdı. Belə bir
vəziyyətdə düşünürdüm
ki, nə vaxtsa ordumuza yaxından kömək etmək məqsədilə
könüllü olaraq
orduya getməliyəm.
Bir gün rayonumuza Ədliyyə Nazirliyinin məsul işçisi Avropa Şurasının üzvləri ilə bizim yaşadığımız
əraziyə gəldi.
Əhalinin dözülməz vəziyyətdə olduğunu
gördükdə heyrətlərini
gizlədə bilmədilər.
Vəziyyətimiz son dərəcə ağır idi. Ədliyyə Nazirliyinin məsul işçisi bizə yaxından kömək edəcəyinə
söz verdi.
Verdiyi sözə müvafiq olaraq qısa müddət ərzində
bizi vaqonlardan çıxarıb, çadır
şəhərciyində yerləşdirdilər.
2020-ci ilin sentyabr
ayında ordumuz hücuma başladı. Bu xəbəri eşidən
kimi ailəmizdən xəbərsiz dərhal könüllü olaraq orduya yazıldım.
Mənimlə birlikdə orduya
yazılanların sayı-hesabı
yox idi. Böyük döyüş başladı.
Mən də döyüşdə
fəal iştirak edirdim. Qısa müddətdə Cəbrayılın torpaqlarını
erməni vəhşilərindən
azad etdik. Sonra Zəngilan, Füzulidə daha çox çətinliklərlə
rastlaşdıq. Ordumuz erməni
işğalçılarına qarşı çox vuruşdu, xeyli itkilərimiz oldu. 12 gündən artıq
Füzulinin azad olunması uğrunda döyüşdük. Çox çətinliklə
Füzuli torpağını
da, Zəngilanı da azad etdik.
Ən çətin döyüşlər Şuşa şəhəri
uğrunda oldu. Şuşanın alınması üçün
ordumuzun xüsusi təyinatlı dəstələrinə
mən də qoşuldum. Nəhayət, gecə vaxtı
şəhərə daxil
olduq və qısa müddətdə
Şuşanı azad etdik. Erməni işğalçıları məcbur olub Ağdamı, Kəlbəcəri,
Laçını könüllü
olaraq təhvil verib, məğlub olduqlarını etiraf etdilər. Bu qələbə münasibətilə
başqa əsgərlər
kimi, mən də dövlətimiz tərəfindən müxtəlif
orden və medallarla təltif olundum.
Qələbədən sonra rayonumuzun sakinləri və bütövlükdə Qarabağ
əhalisi toy-bayram içərisində idi. Bu qələbə
30 illik işğaldan
sonra dünyada görünməmiş və
az təsadüf
edilən qələbələrdən
biridir. Mənim üçün maraqlı hadisələrdən
biri də o idi ki, bu
müharibədə yerli
əhali əsgərlərə
yemək çatdırır,
onlara köməklik göstərirdi. Xalq-ordu birliyi
qələbəmizin özülünü
qoydu.
may 2022-ci il
Akif RƏFİYEV
Ədəbiyyat qəzeti.- 2022.-
14 may.- S.19.