“Qarabağ. Tale hekayələri”
Monteneqroda çap olundu
Monteneqroda,
Podqoritsa şəhərində “Qarabağ: Tale hekayələri”
toplusu işıq üzü görüb. Topluya Xalq
yazıçısı Elçin, Azər Abdulla, Vaqif
Sultanlı, əməkdar incəsənət xadimi Elçin
Hüseynbəyli, Kamran Nəzirli, Günel Anarqızı,
Şərif Ağayar, Ataqam, Mirmehdi Ağaoğlu və Xəyyam
Rəfilinin hekayələri daxil edilib. Kitab Podqoritsa şəhərində
fəaliyyət göstərən Azərbaycan - Monteneqro Mədəni
və İqtisadi Mərkəzinin iştirakı və Azərbaycan
Diasporuna Dəstək Fondunun köməyi ilə ərsəyə
gəlib. Hekayələri Monteneqro dilinə Dragana
Pantoviç tərcümə edib. Toplunun tərtibçisi
və “ön söz”ün müəllifi Azərbaycan
Yazıçılar Birliyinin katibi, şair Səlim
Babullaoğlu, məsləhətçilər Azərbaycan -
Monteneqro Mədəni və İqtisadi Mərkəzinin
direktoru Seyran Mirzəzadə, tərcüməçi və
şair Bojidar Proroçiçdir.
Bizə
eksklüziv açıqlamasında Seyran Mirzəzadə
bildirib ki, Mərkəz Azərbaycanın tarixi, mədəniyyəti,
ədəbiyyatı ilə bağlı kitabların Monteneqro
dilinə tərcümə etdirilərək çap
olunması ənənəsini davam etdirir: “Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
2022-ci il Şuşa şəhərinin 270 illiyi münasibətilə
“Şuşa ili” elan edilmişdir. Biz də Mərkəz olaraq,
Şuşa ili münasibətilə
Monteneqroda nə edilə bilər sualı ətrafında
düşünərkən, Azərbaycan Yazıçılar
Birliyinin katibi, tanınmış şairimiz Səlim
Babullaoğlu müasir Azərbaycan
yazıçılarının Qarabağ haqqında hekayələrindən
ibarət “Qarabağ: Tale hekayələri” kitabının tərcümə
və çap edilməsi təşəbbüsünü irəli
sürdü. Təşəbbüs tərəfimizdən
dərhal qəbul edildi və dəstək üçün Azərbaycan
Diasporuna Dəstək Fonduna müraciət edildi. Fond da təşəbbüsü təqdirəlayiq
hesab edərək, hərtərəfli dəstəyini əsirgəmədi.
Beləliklə, qısa müddətdə kitab ərsəyə
gəldi. “Qarabağ: Tale hekayələri”
kitabı nəfis tərtibatda işıq üzü
gördü.Yaxın günlərdə kitabın təqdimat mərasiminin
keçirilməsi və Monteneqronun təhsil müəssisələrinə,
kitabxanalarına paylanılması nəzərdə tutulur.
İnanıram ki, kitab sayəsində monteneqrolu
dostlarımız Azərbaycan yazıçıları, həmçinin
Qarabağ həqiqətləri haqqında daha yaxından tanış olmaq imkanı əldə etməklə
yanaşı, ikitərəfli mədəni əlaqələrin
inkişafına da töhfə olacaq... “ Seyran Mirzəzadə
eyni zamanda kitabın ərsəyə gəlməsində hərtərəfli
dəstəyə və əməyə görə, Azərbaycan
Diasporuna Dəstək Dondunun icraçı direktoru Əkrəm
Abdullayevə, baş mütəxəssisi Xıdır
Kazımova və Azərbaycan Yazıçılar Birliyinin
katibi Səlim Babullaoğluya dərin təşəkkürünü
bildirib.
Fondun
baş mütəxəssisi Xıdır Kazımov isə
öz açıqlamasında bildirib ki, Azərbaycan Diasporuna
Dəstək Fondu Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 6 iyul 2018-ci il tarixli fərmanına əsasən
Azərbaycan Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsi tabeliyində yaradılıb: “Ölkəmiz
və ölkəmizin ayrılmaz hissəsi olan Qarabağla
bağlı həqiqətlərin, erməni vandalizminin nəticələrinin,
Qarabağ regionunda Azərbaycan irsinin, ədəbiyyatının,
tarixinin məhv edilməsi cəhdlərinin beynəlxalq
ictimaiyyətə çatdırılması Azərbaycan
Diasporuna Dəstək Fondunun fəaliyyətində prioritet
istiqamətlərdəndir. Fondun Qarabağ həqiqətlərinin
yayılması sahəsində növbəti mühüm
addımlarından biri də Monteneqroda yerli dildə Azərbaycan
yazıçılarının, ədiblərinin povest və
hekayələrinin dərc edilməsi idi. Həqiqətlərin
dünya ictimaiyyətinə çatıdırılmasında
ən əsas və effektiv yollardan biri də ədəbiyyatın
gücündən düzgün istifadə etməkdir. “Qarabağ: taleyin hekayələri” toplusu
özlüyündə mühüm təğliğati-siyasi məzmuna
malikdir. Bu layihə Qarabağın əzəli və əbədi
Azərbaycan torpağı olduğunu, Azərbaycan ədəbi
irsinin dərin və zənginliyini nümayiş etdirmək məqsədindən
irəli gəlib...”
Səlim
Babullaoğlu da öz növbəsində Mərkəzin
direktoru Seyran Mirzəzadəyə, Fondun icraçı
direktoru Əkrəm Abdullayevə ölkəmiz
üçün əhəmiyyətli olan mədəniyyət,
xüsusən ədəbiyyat layihələrinə dəstək
verdikləri, bu istiqamətdə ardıcıl fəaliyyətlərinə
görə təşəkkür edib.
Maraqlı olacaq deyə Səlim Babullaoğlunun “ön
söz”ünü oxucularımıza təqdim edirik.
Savaş və sənət xisləti etibarilə əks
qütblərdə dayanan hadisə kimi görünür ilk
baxışdan. Ən azı ona görə ki, göydən
bomba yağanda sənət düşünə biləcəyin
ən sonuncu şey olur, bəlkə hətta düşünmək
imkanının özü belə artıq bir şeyə
çevrilir. Amma sənətlər kimi
savaşlar da müxtəlifdir. Faşizm əleyhinə
açılmış istənilən cəbhənin
haqlılığı, bu cəbhələrdə
savaşmış millətindən, irqindən və dinindən
asılı olmayaraq istənilən əsgərin qəhrəman
olması kimdəsə şübhə doğurmur. Çünki həmin əsgər təcavüzkar
deyildi, o döyüşçü kimsənin haqqına
girmirdi. Amma Əfqanıstanda vuruşan rus
və amerikan əsgəri haqqında eyni şeyi söyləmək
olmaz. Çünki onlar özgə
torpaqlarında idilər. İndi gəl,
Əfqanıstan savaşlarındakı amerikan və rus əsəgərlərinin
“şücaətini” təsvir edən şeir yaz. Hekəyə, roman yaz. Nə
yazsan yalan olacaq.
“Qarabağ
məsələsi”
hər bir azərbaycanlı üçün ilk
növbədə şəxsi və milli haqq məsələsi
idi. Bu XX-XXI əsr Azərbaycan tarixinin bəlkə
də yeganə məsələsi idi ki, burda yalnız bir tərəf,
bir mövqe vardı. Torpaqlar
qaytarılmalı, işğalçı erməni ordusu Azərbaycan
torpaqlarından çıxmalıydı. Və bu
mövqe 30 il ərzində dünya
güclərinin çox müxtəlif psevdohumanist təbliğatına
və təzyiqinə rəğmən bir santim belə geriləmədi,
dəyişmədi, əskilmədi. Əksinə,
yeni nəsillər yetişdi ki, Qarabağ torpaqlarını
öz gözləri ilə deyil, haqqları tapdanmış
ata-analarının, nənə və babalarının
gözü ilə, ən başlıcası onların qəlblərinin
gözü ilə görmüşdülər və o
onların yanğısı daha çox, daha böyük, daha
saf idi.
Məhz o nəsillərin
sırasından yetişən qəhrəman Azərbaycan
oğulları Azərbaycanın Prezidenti və Azərbaycan
Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
ilə doğma torpaqlarını geri aldılar, bu yolda
heç nəyi, canlarını belə əsirgəmədilər.
Amma əlbəttə
bu qələbəni, bu torpaq sevgisini hər gün yaşadan,
sönməyə qoymayan, “Qarabağ məsələsi”nin
müxtəlif insan talelərindəki tarixçələrinə
işıq tutan, həyati və ədəbi hədəfləri
dəqiq nişan verən ədəbiyyat yarandı ilk əvvəl...
Həmin ata, ana, baba və nənələrin
iztirablarının hopduğu hekayələr və şeirlər.
Sənət həqiqətlə üst-üstə
düşəndə qarşısıalınmaz gücə
çevrilir.
Unudulmaz
Azərbaycan şairi Qabilin (1926-2007) hələ onillər
öncə yazdığı, bütün Azərbaycanlıların
dilində əzbər olan şeir yaranmışdı Qələbə
savaşından çox-çox əvvəl, 1996-cı ildə,
əvvəl şüurlarda və qəlblərdə həmin
şeir savaşmışdı:
“Uzanır danışıqlar, imzalanır sənədlər.
Xəritədə
aləmə göstərilir sərhədlər….
Səsimizə
səs verir dünya başbilənləri;
Ümid sənədir
ancaq, Azərbaycan əsgəri!
Söhbətlər
çözələnir, bir şey görünmür hələ,
Heyətlər təzələnir, bir şey
görünmür hələ.
Müddətlər təzələnir, bir şey
görünmür hələ.
Açılmır ki, açılmır
düyünü bu torpağın.
Qov alışa bilərmi, od saçmasa
çaxmağın?
İldırımlardan
belə umma bu zərrələri,
Ümid sənədir
ancaq, Azərbaycan əsgəri!...”
Çünki, tanınmış tənqidçi
və ədəbiyyatşünas, professor Cavanşir Yusiflinin
təbirincə desək, “müharibə cəbhələrdə,
səngərlərdə bitsə də, ürəklərdə
bitmir, onun ağrısını daşıyan sonuncu insan
dünyadan köçsə belə gələcək nəsillərin
yaddaşına ötürülür, çünki torpaq
ağrısı, vətən dərdi heç zaman sahibsiz
qalmır, bir gün heç onu tanımayan insanın
qapısının ağzını kəsdirir, onunla
itirilmiş torpağın, ağacların kirimiş quşa
dönən yarpaqlarının diliylə danışır.
(...) Qarabağ
müharibəsinin boy-buxunundan kəssə də içdən
sürətlə böyüdüb qocaltdığı nəsillər
və bir də bu həqiqətləri canlı şəkildə
yaşamış, görmüş, ağrını,
acını bu dünyada hər kəsdən daha yaxından
yaşayan nasirlər. (...) Bu nasirlərin
hamısı ömürlərinin ağrıya pərçim
edildiyi görüntünü – öz avtoportretlərinin məhz
bu önəmli hissəsini təhkiyənin içinə
qatır, sanki o qanlı-qadalı illərdə
itib-batmış xatirə və söhbətləri
damcı-damcı yığıb uşaqlıqlarının o
illərə düşən kölgəsini var gücləriylə
qorumağa, bunu hər vəchlə görk etməyə
çalışırlar. Çünki ömürlə
tale arasında müharibə qopmuşdu...”
Əziz
monteneqrolu oxucu!
Bu əlinizdə tutduğunuz bu toplu- “Qarabağ hekayələri”
bir xalqın, bir ölkənin, Azərbaycanın haqq
işinin, ağrılı-acılı bədii tarixçəsidir. Və bu tarix
həm də zülm və haqsızlıq görmüş
bütün xalqların həqiqi tarixi sayıla bilər.
Çağdaş Azərbaycanın son otuz ilinin bədii
tarixi olan bu kitab inanırıq ki, dəyərli monteneqrolu
oxucuların diqqətini çəkəcək.
Mən zəhməti keçmiş bütün təşkilatlara,
insanlara, ilk növbədə isə dəyərli həmkarlarımıza,
tərcüməçilərə minnətdarlıq etmək
istərdim.
Səlim Babullaoğlu
Ədəbiyyat qəzeti.- 2022.- 14
may.- S.20.