Ən adi yaxşılıqları
Ömrə naxışlayıram
Bəlkə də bir gələn var,
Gözlərim yol çəkir,
yol;
Ölü dillər kimiyəm,
Sözlərim yol çəkir,
yol...
Göy ulu, yer yağızdı,
Hər dua bir ağızdı;
Bu - qələm, bu - kağızdı,
Özləri qol çəkir,
qol...
Uzaq yolum təngiyir,
Uzun qolum ləngiyir;
Sağ gözümdü səyriyir,
Ürəyim sol çəkir, sol...
***
Sevinə
bilirəm, Tanrım,
Kədərlənə bilirəm;
Sevə
bilirəm, ya Tanrı;
Sevilirəm bəlkə də...
Utana bilirəm hələ,
Hələ bağışlayıram.
Ən adi yaxşılıqları
Ömrə naxışlayıram.
Xatirəm var - oyanır,
Sabahlar var - gözlərik;
Gözdü - görür, aldanır,
Dözmək də var, neyləyək...
Küsdüyüm var, çox şükür,
Umanım vardı, Tanrı.
Mənə olan umudu
İtirmə, amandı, Tanrım...
***
Sarayım Firata baxıb, baxmayıb?.. -
Xatırlaya bilmirəm,
Gilqamışın gil
tarixi sirr vermir...
"Bu vücudun iki payı Tanrıdır,
bircə pay İnsandı"
-
deməliyəm,
demirəm;
"Tanrı mənə şah damardan yaxındır" -
bu olsun ən doğrusu...
Ah, nə bilim, bəlkə də
Ötükəndə əriməmiş
dəmirəm -
Dinmirəm döyüldükcə...
Dəvəyə ərəbəm, atlara
türkəm,
Ərəb xurmasının
və
türk tutunun
dadını bilirəm,
dadını;
Bu sözləri yazanın
türk ruhunu bilirəm
və də, ərəb adını...
Bir də,
soyuq Sibirdəki ağ qadını bilirəm -
Atın
qara ciyərini çiy-çiy yeyən,
amma hər bir kəlməsini
bişirib bişirib
deyən,
dəvəyunu paltar geyən,
daşıdığı türk
ruhunu,
alışdığı rus adını
bilən istiqanlını...
Qızmar
yaylar uzunu
qaynar çay içən
bu mən,
gah anlamaz, gah anlaram
qış ortası
dondurmadan ləzzət
alan,
o gözəlim Sibirin
o uzunsaç qızını...
O gözəl
Yeniseyə
boylanan saraydan ola, olmaya..?
Deyirəm, nə yaxşı
ki,
Yeniseylə Firatın
arasında Xəzər
var,
Xəzər qıyısındakı
bir koma yetər mənə -
ha qış olsun, ha yaylar...
ya dünən ya sabahlar...
Necə
olsa,
Firatdan Yeniseyə,
Yeniseydən Fırata
gedənlər
burdan keçər...
Yoxsa,
gözüm bu tarixdən su içməz...
***
Əlini
ver əlimə,
Əlim quru yerdədi.
Gözümə bax, gözümə,
Daşıb, suyu yerdədi.
Bu - əl, bu - göz, daha nə?
Qalan hər şey bəhanə...
Günəş özü göylərdə,
Nuru, nuru yerdədi.
Eşqdi
- göyə qaldırır,
Qanada inandırır...
Sevgisizlər inanmır, -
Odu, budu... yerdədi...
Əlin
qalsın əlimdə
-
Şad olduğu
yerdədi.
Gözün qalsın gözümdə,
Gözüm duru yerdədi...
***
Gəlmək var, getmək var, gəlməmək - nədi?
Cənnət, cəhənnəm var, dözməmək - nədi?
Sən heç
bilirsənmi gözləmək
nədi?
İki söz bilirsən: gözlə, gələcəm...
***
Aman, öz yağında bişən, əfəndim,
Dayan, göz yaşında üzən, əfəndim,
Yeddi qat göylərdən düşüb, elə bil,
Özü öz gözündən
düşən, əfəndim...
***
Gülüm, yaman dolmusan,
ağla, gözümə,
ağla.
Bir işə yaramayan
fağır dözümə,
ağla...
...Qəlbimdə izin olsun,
Günahlar bizim olsun;
Əlim
və dizin olsun,
məni özünə
bağla...
Deynən,
qadam bilmişdim,
deynən, adam bilmişdim,
yanınaca gəlmişdim,
Məni
xətaya salma,
bir də üzünə baxmam...
Çox
söylə, az eşidim,
qışını yaz eşidim,
Nə desən naz eşidim,
baxma, üzümə
baxma...
Necə,
necə dolmusan,
ağla, gözümə
ağla.
Dözüm dözmədi deynən,
fağır dözümə
ağla...
Su pərisi
Su pərisi, su pərisi,
niyə çıxdın
göy dənizdən?
Sahilləri döyən dalğa
ayrılıb sən aybənizdən
sənsiz döndü
ana suya,
səssiz öldü...
Daha
dönüb,
quru yurdun
dəli qızı olmuşdun,
bizim qara torpaqların
pəri qızı olmuşdun...
Görürdüm ki,
Harda olsa,
pəri yenə pəridi...
Sonra, sonra...
"sonra, sonra"
deyə-deyə,
bir də baxdım,
qaynamışıq-qarışmışıq...
Bilməm,
niyə Yer üzündə
Sular atəşlə
rəqs edər?
Yoxsa, pərilər suda da
atəşdənmi köynək
geyər?..
Keşkə də, heç
qarışmasaq,
Keşkə... alışmasaydıq...
Əlim
çatdı, ünüm
yetdi,
bir də baxdım,
bir də gördüm,
sənin torpaq pəriliyin suya dönüb...
Su pərisi,
mən yenə torpaq oğluyam,
sən də yenə,
sən də yenə su pərisi
olsan, keşkə...
Öncə sulardan silkindin,
sonra çırpındın
torpaqdan,
bircə,
qanad çıxarmağın
qalıb daha,
Harayadır yolun, hara? -
Sən sudan, torpaqdan
əvvəl,
Özündən qaçırsan bəlkə?
"Torpaq oğlu,
daha pəri demə mənə"
söyləyirsən;
Deyirsən ki,
"Yalnız adım Pəri qalıb,
yalnız adım...
Bircə,
çıxsaydı qanadım,
Ruhlanardım"!..
Sən sudan, torpaqdan
deyil,
Özündən qaçırsan Pəri;
Amma hər gəlişində
də,
amma hər qaçışında da
Can verirsən, can alırsan -
Bu,
"can alıb, can verməyin"
adını sevgi qoyursan...
Nə sehirsən,
nə ovsunsan?
Baxma, sənə şeir yazar,
Özü üçün qələm
çalmaz
bu adam;
Sən tərk edən göy dənizə
qarmaq atmaz bu adam...
Sahilə
çıxdığın yerdə
bardaş qurar, oturar...
Yeni dalğa gəlir gəlsin,
yeni pəri gəlməsin,
Nə pərilik,
nə pərilər heç vaxt adiləşməsin...
Aldanıb açılır
qar çiçəkləri
"Düşmənlər ayağa,
dost başa baxar"
-
belə bir söz qonub el yaddaşına.
Utandım, üzünə baxa
bilmədim,
gözlərim yol çəkdi ayaqlarına...
-
Utandım deyirəm - bu,
ilk görüşdü,
Düşmən də deyiləm, özün bilirsən.
Bir atalar sözü qüvvədən düşdü
bizim aramızda, - düzünü gəzsən.
Ağmı görməmişik, ya yaraşıqmı..? -
yox, sənin ayağın başqadı,
başqa...
bir bax, öz ürəyin sinəndə vurur,
ayrı bir ürək də ayaqlarında...
Sən yerə basırsan, ayaqdı, deyib,
məncə, bu ayaqlar uçmaq üçündü...
Belə
ayaqların eşqinə
qalxıb,
aldanıb açılır
qar çiçəkləri...
***
Atlar ayaqlandı Altay tərəfdən,
Atlar qanadlandı Günbatan səmtə;
Soyuqdan əsəndə yüyən
tutan əl,
Buğ qalxanda atların, adamların
ağzından,
və sırsıra tutanda kirpikləri-qaşları,
at özü qoparıb şah damarını
içirtdi qanını
süvarilərə...
fışqıran o qaynar qanıydı elə -
işlədi iliyə,
qarışdı qana,
azarlar-bezarlar qaçdı
ordudan.
İgidlər atdan düşüb
atlandı yenə;
yeni atlar ilə tərpəndi elat.
Sonradan uşaqlar atağız oldu,
bulaqlar Atbulaq,
yollar atyolu,
aşırımlar dəyişib
Atyalı oldu...
Yorğun
atlar yetişəndə
mənzilə,
Günbatan torpağı çiçəkləyirdi.
Atımızın təriylə sulanırdı
biçənək...
O ağır, o ləngər,
ahəngli yeriş
bərəkət qatırdı
torpağa lay-lay...
Günbatanda batdılar
o igidlər, o atlar,
Gün kimi doğsaydılar!..
Əkbər QOŞALI
Ədəbiyyat qəzeti.- 2022.-
14 may.- S.23.