Sıxıntıdan çıxmaq
Aydın Tağıyevin "İspan çəkməsi"
romanını teatral bir auditoriyaya ünvanlanmış mətn-müraciət
adlandıra bilərik. "Mətn"də təsvir, tədqiq,
təhlil, "müraciət"də kod və işarələr
sistemi aktivləşir. Ənənəvi mətnlərin
qurulmasında lazım olan qayda və prinsiplər bu əsərdə
bəlli janr, təhkiyə və metodikaların,
çoxsaylı süjet materiallarının konstruksiyası
ilə əvəz olunur. Ona görə
romanın mövzu və məzmunu haqqında birmənalı
fikir söyləmək mümkün deyil. Mətndənkənar
və mətndaxili sinonimiya həm məzmunda, həm nitqin intonasiyasında,
həm sintaktik qatda təzahür edir. Sitatların,
üslubların kollajı, hər hansı tanış
hadisənin, ya bundan əvvəl yazılmış ədəbi
mətnin təkrarı və təkrar olunan ədəbi
materialın yeni pəncərədə açılması
romanın estetik xüsusiyyəti kimi dəyərləndirilə
gərək. Romandakı kiçik və
geniş təsvirlər, tərənnüm (əsərdəki
obrazın durumuna uyğun şeir parçaları nəzərdə
tutulur) həyatın nə qədər bəsit, maraqsız
olduğunu, eyni zamanda qəmli, kədərli bir dünyada
yaşadığımızı göstərir. Mətni müxtəlif rakurslardan bəyənib dəyərləndirmək
gərəkir. İnsan həmişə xəyal
qurmaq, mif yaratmaqla məşğuldur. İşləyir,
yazır-yaradır, şeir-sənət mifi, şair,
yazıçı mifi, rəhbər mifi düzəldir. Toplum dərd-qəm içindədir. Bu roman bir növ bu ədəbi-bədii,
sosial-psixoloji müşkülləri azaltmağa, işləri
yoluna qoymağa "yardım edir". Keçmişdən
qalan ağır mirası cəmiyyət kürəyində
daşıyır. "İspan çəkməsi"
açıq mətnlə qısa və konkret deyir ki, bunlar
lazım deyil. Şablon əlaqələrə,
siyasi və ədəbi çevrədə kök
salmış klişelərə parlaq ironiya bu mətnin verdiyi
bir cavab refleksidir. Eyni zamanda bu şeylər gerçək
həyatdır, dünən olduğu kimi, bu gün və sabah üçün də aktualdır. Əsərin
dili həm klassik (bir az da arxaik) leksika və
qrammatikaya, həm də yeni terminologiyaya əsaslanır.
Hər hansı bir yazarın ədəbiyyatda yeri,
mövqeyi nə qədər bəlli olsa da, yazdığı
hər yeni əsər yeni baxış tələb edir. Zatən,
"İspan çəkməsi" Azərbaycan ədəbi
mühitində son qırx-əlli ilin texnologiyaları zəminində
ərsəyə gələn əsərlərdən biridir.
Uzaqdan baxıb da - mətndəki başlıqların
"Xronika", "Hadisə", "Azadlıq",
"7-ci mərtəbə", "On bir metrlik zərbə",
"Fərziyyələr, gümanlar" və bu kimi
adlandırılması, sitatçılıq, epiqraf
çoxluğu nəzərdə yeni bir mətn təsəvvürü
yaradır - mətni oxuyub da - Şərq üçün, elə
Qərb üçün də orta çağ və yeni
çağ tarixinin ustalıqla bir mətndə montaj edilməsi
- əsərin yeni estetik tələblər səviyyəsində
yazıldığını göstərir. Roman
hadisələr və məlumatlar makinasını
xatırladır və o hadisələrin içində biz
haçansa yaşamışıq və ya
yaşayırıq, hətta o dövrün, epoxanın bir
parçasıyıq. Plüralist məzmun
və quruluşu, mətndəki səyahət, seyr və təhlil
mühiti romanın cazibəsini artırır.
Haqqında danışılan, "Şair" adı
ilə təqdim olunan əsas obraz çoxvariantlıdır,
paralel mətnlərin personajı kimi çıxış
edir. "Şair" şərti sözdür və
yazıçı, rəssam, filosof, alim - bir sözlə, sənətçi
kimi dərk olunur. Şair, "Yarımçıq əlyazma",
"Şairin edamı", "Şairin intiharı",
"Şair xatirələrdə" bölümlərindəki
və digər epizodlardakı şair - bunlar hamısı eyni
semantikanın ayrı-ayrı vahidləridir. "Şair"
(musiqiçi, rəssam və s.) cəmiyyətin nəzərində
həmişə cəlbedicidir. Cəmiyyət
bir yerəcən ona tamaşa etməyi sevir. Ən azı, sənətçi gözündə
doğmadır. Bu adla sənət, sənətkar,
cəmiyyət, dövlət, dünya barədə
xatırladığımız və xəyal etdiyimiz əşyaların
və hadisələrin kökü, mahiyyəti, yeri, rolu barədə
nəsə söyləmək olur.
Proloq hissəsində ilk cümlələrdə
"yükün ağırlığına" çiyin
verənin qələm adamı olduğu bildirilir. Əsərdə
o, "Şair" kimi təqdim edilir. Proloqdakı
iki epiqrafda sıxıntıdan bəhs olunur. Dərd-qəm "kodeksi" əvəzinə (ədəbi
yaradıcılığın canında, bətnində
kök salmış geniş bir sistemdən - stereotipdən -
söz gedir), məsələnin "həlli", ya
sualın "cavabı" üçün ayrı bir
metoddan istifadə olunur. "İncil"dən "Ey
bütün yorğunlar və yükləri ağır
olanlar, mənim yanıma gəlin və mən sizə
rahatlıq verərəm" və Prienni Buantdan
"Bütün yüküm özümlədir"
sitatları romanın "şah misrası" kimi
götürülə bilər. Əlavə edim
ki, "yüklər" təkcə şair və
yazıçılara deyil, tamamən icmaya aiddir və hər
kəsin bir ağrıyan ürəyi olduğuna görə
bu ağrıları birləşdirib bir roman predmeti etmək
olar. Mətnin yükü, çəkisi
bu kontekstdə dəqiqləşir.
Gələk hadisənin təfərrüatına. Həyat
gün-gündən elə dəyişir ki, o, adamı dar
ayaqqabı kimi sıxır, əzir, incidir. "İspan çəkməsi" ifadəsi bu mənada
romanın ideya dərinliyinə "təsiredici" maye kimi
axır. Orta əsrlərdə inkvizisiya tədbirləri
zamanı məhkumun ayağına "məxsusi" (A.T.)
ayaqqabı keçirməklə cəza veriblər.
Romanın əvvəlində bu informasiya ilə tanış oluruq. Son vaxtlar sıxıntı
içində olduğunu hiss edən Şair
ayağındakı ayaqqabıya baxır və ispan çəkməsi
yadına düşür. Əsərin son səhifələrində
qəbiristanlıqdan ayrılan qəhrəmanın
ayaqyalın olduğu görüntülənir. Deyək ki, bütün bahalı, ucuz ayaqqabılar
bu dünyanın "istehsalıdır" və dünyadan
bir "nişanədir". Əslində,
ayağını atdığın yer yasaq zonadır, qəlibdir.
Ayaqyalın gəzmək azad, sərbəst hərəkət
etməyin bir şərtidir. Sitat: "Və qəribə
idi ki, Şair daş-kəsəkli yolda ayaqyalın çox
rahat gəzirdi...". Bu sərbəstlik
duyğusu şüuraltıda əsər boyu
yanıb-sönür. "Azadlıq" mətn-epizodu
"sükut" sözünün təkrarı ilə
başlayır. Lal sükutun
basqısında müdhiş tənhalıq əzabına son
qoymağa bir səs gərəkdir. "Birdən
hardasa it hürdü. Səs gah uzaqdan, gah
da yaxından gəlirdi. O it elə
arxayınca hürürdü ki, görünür,
xaltasız, zəncirsiz idi". O lal sükutu pozmağa,
yəqin ki, işıq da kara gələ
bilərdi. İşıq bir dəfə (bir dəfəmi?)
yolu "arzu olunmayan" səmtə aparmışdı, ona
görə də ikinci variantı, it hürən tərəfi
seçmək məqbul görünür.
Sıxıntıdan azadlığa, arxayınlığa
çıxaran tərəfi...
Müasir kütləvi informasiya şəbəkəsi
elə qurulub ki, hər hansı bir yazılı mətndə
fakt, hadisə, mətnin çoxluğu eyni ədəbi
materialın və əlaqələrin tutuşdurulması
üçün əlavə dəlil rolunu oynaya bilər və
nəyinsə mahiyyətini dəyişməz. Bədii əsər
də belədir. Aydın Tağıyevin bu romanında
KİV-ə xas informasiyaçılıq ölkədə və
dünyada baş verən intiharların çeşidləndiyi
hissələrdə daha çox hiss olunur. Hərçənd
bütün bu cür aralıq təfərrüatlar mətnin
gövdəsindən şaxələnərək qol-budaq atır
və bədii tamlığa ucalır. Əsərdə
yer alan fərqli
dünyagörüşlü insan qrupları fonunda Şair
obrazı iri planda görünürsə də, bayaq qeyd
etdiyimiz informasiya çoxluğu oxucunun diqqətini paralel
olaraq bir neçə yerə paylayır. Bu
paralellər əsərin struktur əlaməti kimi əvvəldən
axıracan davam edir. Oxucuda ta müsbət və mənfi
obrazların, pis və yaxşı adam surətlərinin
peşinə düşmək həvəsi qalmır, o, bir
neçə romanın predmeti ola biləcək həcmdə
hadisələrin xronologiyasına diqqət kəsilir. Mətnin formatı elədir ki, onu kiçik internet
şəbəkəsinə bənzədə bilərik.
Müəllif iç-içə bir neçə
"şair mətni" qurur. Məsələn,
birinci (əsas) mətn və oradakı şair və həmin
şairin yazıb yarımçıq qoyduğu mətndəki
(əlyazmadakı) şair - bu çür iç-içəlik,
mətnlərarası arakəsmələr bədii detal rolunu
oynayır, obraz, hadisə və şərhlər bir-birinə
süjet xətti ilə deyil, əsasən, məzmun və
ideyaca bağlanır.
Həyat sürətlə dəyişir, oxucu kütləsinin
maraq və düşüncə dairəsi də dəyişir. Detektiv
üslub kütlənin marağını çəkdiyinə
görə "İspan çəkməsi"ndə kriminal
hadisələrdən istifadə olunur. Məsələn,
əsərin "Hadisə" bölümündə qətl
olayı təsvir olunur və bu, ayrıca bir hekayə təsiri
bağışlayır. "Xronika"da
İntihar olayları sadalanır və səbəbləri, qətllərin
motivi təhlil olunur. Təsvir olunan
ölüm xəbərləri əsasən həyatdan,
KİV-dən bildiklərimizdir. Məsələn, adam özünü 7-ci mərtəbədən
atır, ya filosof həb qəbul edir. Həmin
7-ci mərtəbə, topluma, tutaq ki, məlum 17-ci mərtəbə
olayından (gənc şair özünü binanın on
yeddinci mərtəbəsindən ataraq intihar edir), həb
içib, ya özünü asıb intihar etmək sovet
imperiyası zamanından məlumdur. Bax belə
yaşamaq və ölmək, siyasi, ədəbi aləmdə
baş verənlər təkrar olunduqca ikrah doğurur.
İnsan özünü yeni bir dünyaya transfer edə bilmir.
Ölümlərin, qanunların, xasiyyətlərin,
xəbər başlıqlarının, ədəbi mövzu və
süjetlərin oxşarlığı, bir-birini təkrar etməsi
buna görədir.
Mətnə əsasən deyə bilərik ki,
ölüm epizodları mahiyyətcə iki yerə
bölünür. Kriminal ölümlər və öz əcəli
ilə baş verən ölümlər. Birinci
hal cəmiyyətdə sensasiya yaradır, toplumun
marağına səbəb olur. İkinci
ölüm faktı yalnız kədər doğurur. Dağdan ağır kədər. "Kədərdən daşa
dönmüşdü". Əsərin
"Epiloq" hissəsində müdriklərdən gətirilən
sitat belədir. İntihardan əvvəl
şair yadında olanları xatırlayır, doğmalarını
itirdiyi vaxt keçirdiyi hissləri dilə gətirir.
Düşdüyü sıxıntıdan çıxmaq
üçün ya qələmə əl atmalı,
yarımçıq əlyazmanı başa
çatdırmalıdır, ya da... "İspan çəkməsi"nin müəllifi də qələmi bu məqamda
"kənara qoyub" başqa əhvalatın təsvirinə
keçir. Şairin yarımçıq əlyazmanı
bitirib-bitirmədiyi bəlli olmur. Çünki
həmin bilgidən sonra intihardan əvvəl şairin
başına gələnlər nəql edilir. Belə çıxır ki, "İspan çəkməsi"
də həmin yarımçıq əlyazmalardan biri kimi yadda
qalmalıdır.
Bu əsərdə məşhur italyan
yazıçı U.Ekonun "Gülün adı"
romanı ilə səsləşən məqamlar var. Orada bir
rahibin əlinə keçən qədim əlyazmada cərəyan
edən hadisələr yeddi gün ərzində başa gəlir. Ekonun əsərindəki
labirintdən çıxma cəhdi ilə
sıxıntıdan qurtulma çabası mahiyyətcə
eynidir. Yaxud "İspan çəkməsi"nin epiloqu ilə Ekonun romanının "qeydlər"
hissəsi oxşarlıq təşkil edir. Mətnlərarası
bu cür əlaqələri başqa müəlliflərlə,
əsərlərlə də müəyyən etmək olar.
Yazıçı Sadıq Elcanlı
"İspan çəkməsi"nə yazdığı
ön sözdə əsəri postmodernist estetikaya yaxınlaşan
əsər adlandırır.
Romandakı
Şair - hökmdar əlaqələri də tanış
motivdir. Bir hadisədə hökmdar Şairi edam etdirir, digərində
Şairin ölümü dövlət səviyyəsində
qarşılanır, rəsmi qəzetlərdə haqqında
nekroloq dərc olunur, adı əbədiləşdirilir və
s. Ancaq hər iki halda tərəflər arasında fikir
ayrılığının olmağı labüddür,
çünki bu konflikt, əkslik sənətlə
iqtidarın, elmlə gücün (bürokratiyanın)
arasında mövcud olan mübarizənin təzahürüdür.
Qeyri-xətti süjetin əsasında tez-tez
yönünü dəyişən təhkiyə əhvalatın
"başdan söylənilməsinə" deyil, süjetin
parçalanıb çoxaldılmasına sərf olunur və
mətndaxili məlumat şəbəkəsi yaradılır.
Hər yeni epizodik hadisə, mətn
parçası açılan panoramanın daha çox
işıqlandırılmasına səbəb olur. Bu, "işıqda" oxucuya istədiyini
seçib götürmək fürsəti verilir. Bu, mətn-oxucu tandemində bir demokratik yanaşma
nümunəsidir. Bütövlükdə
demokratik dəyərlərə əsaslanan mətnin epiloq fəslində
realist metodikadan, "Şair xatirələrdə"
bölümündə oçerk dilindən, "Qəfəsdəki
qartal"da romantik üslubdan oxucu həzz duya bilər. Bu tendensiya mətn boyu davam edir. Üslub
dəyişkənliyi mətnin postmodernist xarakterini təsdiq
edir. Əsərin hər bir fəsli tarixin
obrazını yaratmaq vasitəsidir.
Romanın əvvəlində arsızlıq
sıxıntıdan qurtulmağın yolu kimi göstərilir. Bu,
mümkün olmadıqda başqa yollar axtarılır və
müxtəlif əhvalat-rəvayətlərə rəvac
verilir. Nəhayət, intihar cəhdləri.
Axı bütün intiharların baş verməsi
"həyatdan bezmək"lə bağlıdır. Yəni sıxıntı ilə. Şair mətbuatda dərc olunan intihar
olaylarının xronikasına nəzər salır. Səbəblər nə qədər müxtəlif
olsa da, əsas səbəb insanın yaşamaq istəməməsidir.
İntihar dar ayaqqabını
çıxarıb atmaq istəyi ilə bağlıdır.
Məsələn, qartalı (Qəfəsdəki
qartal) qəfəsdən buraxırlar, ancaq onun indiki halı
daha dözülməzdir. Adamlar onunla əylənirlər,
necə deyərlər, məğrur quşu ələ
dadandırırlar. Qəfəsdən
buraxılsa da, azadlığına qayıda bilmir. Əhvalat eynən cəmiyyətdəki kimidir.
Quşu yenidən qəfəsə salırlar.
Qəfəs daha gözəldir. İndi dünyanın daha çox qəfəsi
andırması reallıqdır. Qartal,
bülbül, insan qəfəsdə rahatlıq tapmaz.
"Sürünmək üçün yarananlar uça bilməz...,
bəs uçmaq üçün yarananlar sürünə
bilərmi?". Sitat əsərdəndir.
İbarənin birinci hissəsi tanış
frazadır. İkinci hissə yenidir və eyni mənanı
gücləndirir. Hər halda yazıçı
təkcə şairin başına gələnlərin yox,
baş verən bütün olayların bir səbəbi
olduğunun fərqindədir. Bu mənada
romandakı intiharların xronikası bir növ
yaşanmış, keçilmiş ömrün, həyat
tarixçəsinin anamnezini ehtiva edir.
Romanda lirik ricətlər, təkcə oradakı şeir
parçalarında deyil, nəsrin özündə də boy
göstərir. Bu lirika daha çox kədər
notları üzərində qurulub. Doğmaların
qəbrini ziyarət etmə səhnəsi həmin kədəri
daha təsirli formada ifadə edir. Lirik-psixoloji
ovqat əsərin "Durun gedək evimizə" adlanan fəslində
güclənir. Bu abzaslardakı təsvirlər,
fikrimcə, avtobioqrafik səciyyə daşıyır. Çünki insan başına gələnləri
belə təsvir edə bilər. Bir epizodda müəllif
hadisəni belə təqdim edir: "O il payız tez gəlmişdi.
Birdən-birə qəfil leysan
başlamışdı. O yağışlı payız
günlərinin birində ilk dəfə qəbiristanlığa
baş çəkib nənəsinin tanış
qəbrinin ayaqları altında başdaşı əvəzi
əl boyda taxtanı görəndə başa
düşmüşdü ki, oğlunun qəbridir. Doluxsuna-doluxsuna ələm kimi torpaqdan qalxan o yaş
taxtanı oğlunu oxşayırmış kimi
sığallaya-sığallaya öz-özünə
pıçıldamışdı". Bu
təsvirlər Şairin fərdi kədərini ifadə etsə
də, bədii kontekstdə ümumiləşir, kütləvi
məzmun qazanır. Atasını,
anasını, bacısını itirəndə də
şairin keçirdiyi hisslər, yaşadığı anlar ən
incə məqamları ilə poetikləşdirilir. Bu təsvirlər insanlığın sözlə rəsm
edilən dolğun və orijinal tablosudur. Məsələn,
bacının ölümü barədə seçilən
prozaik detal bir yerdə "ay Allah, oxumuş, savadlı
bacısı nə qədər sadəlövh, avam idi..."
şəklində təqdim edilir. Yaxud ikicə
yaşlı körpə oğlunun ölümü belə
xatırlanır: "Yadında idi. Hələ neçə
illər bundan qabaq körpə oğlu dimdiyi sarı quş
kimi əllərindən uçub gedəndə ahıl
qohumlarından biri ağ mələfəyə
bükülmüş körpənin cəsədini iki
qolları arsında qabağa uzadıb elə bil torpağa bir
pay aparırmış kimi evlərindən, qapıdan
çıxmışdı". Tanış mənzərədir
(körpələri bu şəkildə dəfn etmək bir adətdir)
və ağı əvəzinə, bu sətirləri təkrar
etmək olar. Hadisənin bu cür
canlandırılması sızıltı kimi oxucunun iliyinəcən
işləyir. Misalların sayını
artıra bilərik.
Aydın Tağıyevin ədəbi dəst-xətti
insan psixologiyasının ən mürəkkəb tərəflərini
açıb göstərməyə yetərlidir. Romanın "Şairin
gündəliyindən" hissəsində sanki roman
içində ayrıca bir romanla tanış
oluruq. Bacılarının tək qardaşı
olan Şair anasının söylədiklərini
xatırlayır. Bu əhvalatlar bir-birindən
təsirli, yanıqlıdır. Eyni zamanda
buradakı qəm, kədər həm fərdi, həm ictimai məzmunludur.
Ananın oğluna danışdıqları görün necə
təsirlidir: "... Yay idi. Bacılarının,
sənin alt pal-paltarlarını yuyub zirədən
asmışdım. Zirədəki şalvarların birinə
gözüm birdən sataşdı və o oğlan
şalvarına baxa-baxa özüm də bilmədim ki, birdən-birə
məni nədən hıçqırıb ağlamaq tutdu... Kiçik bacım sənin zirədən
asılmış gödək şalvarına baxa-baxa necə
haldan-hala düşdüyümü görüb təlaşlanaraq
"uşağa nə olub, niyə dinmirsən?" - deyə məni silkələdi".
"İspan çəkməsi" süjetdaxili və süjetətrafı sitatlarla zəngindir, söz tarixinin qədim və müasir nümunələrindən yığılmış çox qütblü, çoxkültürlü saysız-hesabsız mətnləri vahid, bütöv paradiqma halında birləşdirir. Proloq və epiloq əsərin təkcə klassik aurası ilə bağlı deyil, dünya ədəbiyyatına nəzərən bir postmodern estetikadan bəhrələnmə faktıdır. Şifahi və yazılı ədəbiyyatda dəfələrlə oxuduğumuz, yazılmış mətnlərin təkrarən xatırlanması xoş təsir bağışlayır və maraq çəkir. Çünki bu "üst-üstə düşən" situasiyalar, epizodlar yeni bir konstruksiyanın vacib komponentləridir. Bu "təkrarın" ədəbi-bədii variantı Aydın müəllimin dəst-xəttində keçmişin improvizasiyası şəklində üzə çıxır. Keçid dövrünün mətni kimi (ədəbiyyatda keçid dövrü daimi prosesin əlaməti sayılır) romanın ayrı-ayrı hissələri - öncə yazmışam - vahid süjet materialı deyil, dağılmış, səpələnmiş fakt və bilgilərin bir neçə müstəvidə paylanması şəklində üzə çıxır. Əsəri "Dədə Qorqud" mətninə də, Füzulinin "Leyli və Məcnun", "Şikayətnamə", nağıl və dastan mətnlərinə də bənzətmək mümkündür. Bu kontekstdə mifdən və yazıdan gəlmə motivasiyanın postmodern düşüncədə ümumiləşdirilməsi keçmişə və gələcəyə bir quşbaxışı effekti yaradır. Romanda xatırladılır, operada Məcnunun atasının dilindən götürülmüş "durun gedək evimizə" nidası Şairin dilində təkrar olunur. Bu sözlər şairin atasının dilindən şairin yadında qalan sözlərdir. Atası kefinin yaxşı vaxtlarında "şərab doldurun" ("Leyli və Məcnun" operasından) ifadələrini təkrar edərmiş. "Durun gedək evimizə" nidaları da ona məxsusdur. Ancaq Şair özü də başa düşür ki, torpaq altında yatanların durub evə getmək şansı yoxdur və onlar üçün ən rahat yer elə torpağın qoynudur.
Əsərin sonuncu abzasını nəzərə çatdıraraq bir daha romanın çoxplanlı struktura malik olduğunu göstərmək istəyirəm. Sitat: "Aradan az keçdi, çox keçdi. Sinədolusu nəfəs alıb qəti addımlarla yataq otağına keçdi. Nə vaxtdan bəri onu üzən fikirlərdən, həm də yuxusuzluqdan axır ki, yorulmuşdu. Usanıb bezmişdi, dərman qəbul etmək, hər şeyə son qoymaq qərarına gəldi. Həb qutularını açdı...". Roman bu sözlərlə bitir. Birinci cümlə nağıl dilini, sonrakı cümlələr realist, romantik mətnə xas təhkiyəni, son iki cümlə detektiv janrı xatırladır.
Bunu da müəllifin ayrıca bir qeydi kimi başa düşmək olar.
Zakir Məmməd
Ədəbiyyat qəzeti.- 2022.- 14
may.- S.26-27.