Tural Həsənlinin
"Koma"sı: gücdən
sevgiyə gedən səyahətin hekayəti
Tural Həsənli
imzası oxuculara müəllifin "Mən həyata
gecikmişəm", "Psixodrama", "Təşəbbüs"
romanlarının, "İgid ölər, igidlik ölməz"
povestinin, "Dünyadakı dünyam", "İki
sıfır bir dörd" şeirlər toplularının
müəllifi kimi tanışdır. Gənc müəllifin
psixoloji-fəlsəfi qatların üstünlük təşkil
etdiyi yaradıcılığında diqqəti cəlb edən
əsas məqam onun əsərlərinin postmodern təhkiyə
üzərində qurulmasıdır. Tural Həsənlinin bu
il işıq üzü görmüş "Koma"
romanının əsasını postmodern estetikaya xas sitat,
oyun, detektiv ünsürlər təşkil edir.
Açar. Yazıçı
"Ön sözüm" adlandırdığı
girişdə romanlarının hipertekstual əlaqəsinə,
zəncirvari mətn texnikasına işarə etməklə
yanaşı, "Koma" adlandırdığı yeni əsərinin
fərqliliyini vurğulamaqla oxucuya mətnin
"açar"ını təqdim edir: "İlk yazmağa
başladığım günü düşünürəm.
Həyata gecikdiyimi düşünmüşdüm.
İkincini qələmə alan zaman psixoloji bir dram içindəydim.Üçüncünün
ərsəyə gəlməsi hərbi xidmətimin təsirində
qaldığım müddəti əhatə edirdi. Onlar
olmasaydı təşəbbüs də olmazdı. Əlinizdə
tutduğunuz bu kitab isə digərlərindən fərqli
olaraq daha gözəl bir dünya naminə, xətrinə xəstə
misalı, içində hamımızı ehtiva edən
böyük bir komadır".
Mətnin alt və üst qatı. Romanın epiqrafı olaraq
seçilmiş "gücün sevgisi yoxdur, sevginin
gücü vardır" ifadəsi oxucunun əbədi ədəbi
mövzu olan mənəvi və maddi dünya, daxili və
xarici aləm, ruh və cisim, ilahi və dünyəvi həyat
ilə bağlı sonsuz mübahisələr zəncirində
yeni halqa olmağa iddialı bir əsərlə
qarşılaşacağını müjdələyir.
Müəllif roman estetikamız üçün fərqli bir
üsuldan istifadə edərək əsərin 16 fəslinin hər
birinin adını Konfutsinin kəlamları ilə
adlandırmış, hər fəsildən sonra
"köşə"lər vermişdir. Beləliklə, əsərin
adından quruluşunadək hər bir məqamda rəmz -
sitat texnikası ilə yazıçı oxucunu mətnin alt
qatına hazırlamağa çalışır. Mətnin
üst qatında verilən süjet maraqlı olsa da sadədir.
Dünyanın 20 ən varlı insanından biri olan atası
öldürüldükdən sonra azərbaycanlı Adelin
Bakıdan İstanbula magistr təhsili almaq üçün
köçməsi, Jonasla olan sevgi dünyası,
bacısı Aysel və Fati adlandırdığı Fatehlə
bağlı olaylar mətnin üst qatında oxucunun diqqətini
cəlb edəcək, onda maraqlı və fərqli üslubda
qələmə alınsa da, sıradan bir mövzuda roman
oxuduğuna əminlik yaradan elementlərdir.
Klassik "Sirlər
xəzinəsi"ndən hipertekstual
"Koma"ya. Romanla tanış olan oxucunun diqqətini ilk cəlb edən
məqam hər fəslin başlığına verilən
adların həmin fəsildəki hadisələrin nəticəsi
kimi təqdim edilməsidir. Beləliklə, bir tərəfdən
fəsil başlamadan son barədə oxucuya məlumat
ötürülür. Digər tərəfdən, Konfutsinin kəlamları
qəhrəmanların yaşadığı olayların nəticəsində
gəlinən qərar, yekun fikir kimi səslənir. Lakin ilk
baxışda görünməyən üçüncü məqam
alt mətnin varlığıdır. Alt mətni nəzərə
aldıqda aydın olur ki, Tural Həsənlinin romanı
müasir dövrün modern, hipertekstual "Sirlər xəzinəsi"dir.
Əgər "Sirlər xəzinəsi"ndə 20 məqalənin
hər biri bir müdrik fikrin açılmasına xidmət
edirsə, "Koma"nın 16 fəslindən hər biri
Konfutsinin bir kəlamının açıqlaması kimi
çıxış edir.
Romanın sonunda Rene Dekartın
"düşünürəmsə, deməli varam"
fikrini sitat gətirən müəllif əsəri
"ardı var" qeydi ilə bitirir. Bu qeyd bir tərəfdən
əsərin "sondan əvvəlki başlanğıc"
hissəsindəki Adellə atasından başqa kimsənin bilmədiyi
Şpitsbergen adasında yerləşən, xüsusi şifrə
ilə qorunan evindən gələn qəfil siqnalla
bağlı olaraq süjetin yeni məcrada inkişafına və
romanın davamının olma ehtimalına işarədir. Digər
tərəfdən, "ardı var" qeydinin məhz Rene
Dekartın məlum kəlamından sonra verilməsi həm
müəllifin düşüncəsindən doğacaq yeni əsərlərə,
həm də insanın düşünmə
gücünün kainatda varlığın yeganə
forması kimi mövcudluğun davamlılığını
təmin edən amil olduğuna işarədir.
Güzgü effekti: Əsərdə
fəsillərin quruluşu və
formatı ilə yanaşı, diqqəti cəlb edən məqam
hər fəsildən sonra "köşə"lərin
verilməsidir. Köşələrə nəzər
saldıqda ilk baxışda bunun Adelin gündəliyindən,
yəni romanın əsas mətnindən, fəsillərdən
fərqləndiyini görürük. Bu köşələr
sanki Adelin gündəliyini oxuyan şəxsin hər fəsilə
dair ümumiləşdirmələridir. İkinci fəsilə
aid köşədən bu qısa mətnin müəllifinin
Adel olmadığı oxucuya məlum olur: "Gözüm
köhnə sandığa sataşdı və içindən
on il əvvəlki günlüyümü tapdım. Sevdiyim
qıza yazdığım uşaq düşüncəli məktubu
oxuduqca üzümə çoxdandır unutduğum təbii
gülüşün gəldiyinin şahidi oldum. Ard-arda
yazdıqlarımı oxuduqca bir də baxdım ki, qeyri-iradi
gözümdən yaş düşür. Sonuncu dəfə
atam öləndə ağlamışdım". Müəllif
burada güzgü effektindən istifadə edərək əslində
yalnız Adel adlı bir qızın gündəliyini deyil,
köşələr şəklində Adelin oğlan
variantı olan mənəvi əkizinin də gündəliyini
təqdim edir. Deməli, köşələr "roman
içində roman" funksiyasını icra edir. Buna əlavə
olaraq müəllif "Ön sözüm"
bölümündə "Hər köşədə bir az
mən, bir az sən, bir az biz varıq. Bəyəm
varlığımız ən böyük xəzinəmiz
deyilmi?" qeydi ilə köşələrin avtobioqrafik siqlətli
olma ehtimalını irəli sürərək
üçüncü mətnin varlığına işarə
edir.
Süjet-xəritə. Üst mətnə görə
kəlamlar qəhrəmanların yaşadığı
olayların xəbərçisi və nəticəsi, gəlinən
sonucdur. Alt mətndə isə qəhrəmanlar Konfutsinin kəlamlarının
ardıcıllığı əsasında qurulmuş
süjetə uyğun olayları yaşayırlar. Beləliklə,
əsərdə iki "süjet-xəritə"
mövcuddur:
1. Adel,
Jonas, Aysel və digər qəhrəmanların iştirak
etdiyi Adelin atasının ölümündən
başlayıb varlığını onunla atasından
başqa kimsənin bilmədiyi Şpitsbergen
adasında yerləşən, xüsusi şifrə ilə
qorunan evindən gələn qəfil siqnal-mesajla bitən
detektiv siqlətli fəlsəfi-psixoloji xətt.
2.
Konfutsinin "İnsan yaşadığının şahidi,
yaşamadığının kahinidir" kəlamı ilə
başlayıb "Sizdə üç şeyi görə bilən
insana güvənin: gülüşünüzün
arxasındakı kədəri; nifrətinizin arxasındakı
sevginizi; səssizliyinizin arxasındakı səbəbi"
frazası ilə yekunlaşan sitat texnikasına əsaslanan
dekonstruktiv- postmodern xətt.
I "süjet-xəritə"yə görə: "Koma"
məşhur alim, akademik, iş adamının qızı olan
Adelin gündəliyi şəklində qələmə
alınmışdır. "Koma"nın qəhrəmanı
Adel zəngin və onu dünyalar qədər sevən
atasının nəzarəti və sevgisi ilə əhatə
olunmuş bir dünyada yaşayır. Hər şeyə sahib
olan Adel əslində heç nəyə sahib deyil. Xüsusi
təhsil və tərbiyə almış bu qızın həyatı
atasının qəfil ölümü ilə dəyişir.
Böyük var-dövlət və güc müqabilində
Adelin (əsərdə də qeyd olunduğu kimi "Adel"
- ibranicə "güc" deməkdir) həyat təcrübəsi
yoxdur, o bu günə qədər ancaq dünyanın nəzəriyyə
tərəfini öyrənib, gerçək yaşamdan xəbərsizdir.
Adelin atasının ölümü onun "komadan
ayılmasına", gerçək dünyanın sakininə
çevrilməsinə səbəb olur.
II "süjet-xəritə"yə görə: İnsanın
həyatında ən böyük səhvi onun özündən
və dərk etdiyindən kənarda olanların
mövcudluğuna inanmaması, görmədiyini yoxdur
damğası ilə işarələməsidir. Öz
içində özünün də bilmədiyi bir
dünyanı daşıyan insanın kamilliyə gedən yolu
dünyanı deyil, özünü öyrənməkdən
keçir. "Koma"dan ayılmaq üçün
"Koma"ya düşmək. "Koma" maddiləşdikcə
zəhərə çevrilən dünyaya qarşı padzəhr
təklif edir. İnsanın yaratmaq üçün
bütün həyatı boyunca çalışmalı
olduğu bu padzəhrin tərkibi aşağıdakı
elementlərdən ibarətdir:
l Yaşadıqca dünyanı
deyil, özünü kəşf etdiyinin
fərqinə varmaq;
l Öz daxilinə səyahəti seçən insanlarla yoldaş
olub bu səyahətin xəritəsini əldə etmək;
l Həyatın
və ölümün nisbiliyini anlamaq;
l Kitabın, biliyin adəm oğluna verilmiş ən böyük
nemət olduğu qənaəti;
l Zamanın yalnız mənəvi dünyasında nirvananı fəth
etmiş bəşərə tabe olması;
l Ağıl və qəlbin vəhdətinin mütləqliyi;
l İstənilən dəyişimin
qaçılmazlığı;
l İnsanın yaşadığı
anın malik olduğun yeganə məlum həqiqət
və tək sərvət olması;
l Sevginin "in-yan" fəlsəfəsindəki tamamlanma prosesi
olduğunu qəbul etmək;
l Həqiqət və yalanın, məlum və naməlumun dialektik vəhdəti;
l Düşüncə və
hərəkətin vahidliyi;
l İnsanın insana olan sevgisinin cənnətə çevriləcək
dünyanın açarı olması.
"Yer üzünün əşrəfi" dünyanın
insanı minillər boyu uyutduğu güc "komasından"
ayılmaq üçün Tural Həsənlinin təklif
etdiyi sevgi "Koma"sından keçməli və sevginin
gücə çevrildiyi dünyanın sakini olmalıdır.
"Koma"ya xoş
gəldiniz!
Elnarə QARAGÖZOVA
Ədəbiyyat qəzeti.- 2022.- 14 may.- S.29.