“Ən bədbəxt xoşbəxtlik
içində yaşayan” Akutaqava
Yapon yazıçısı
Ryunosuke Akutaqavanın 130 yaşına
"Uzun
gələcəkdə, yüz ildən sonra mənim əsərlər
külliyyatımı əlinə götürəcək
oxucunu təsəvvür edirəm. Və bu oxucunun qəlbində
dumanlı şəkildə, xəyal kimi mənim obrazım
canlanacaq", - deyirdi Akutaqava. Bəli, artıq bu sətirlərin
yazılmasından yüz ilə yaxın vaxt keçib və
Akutaqava tanımadığı gələcək
oxucularının qəlbini fəth etməyə və
onların "gözəl yuxu görməsinə səbəb
olmağa" davam edir. Çünki Akutaqava insana aid heç
zaman dəyişməyən gerçəkləri bəlli bir
dövrə öz damğasını vuran özəlliklərlə
bədiiləşdirib.
Ryunosuke
Akutaqava yapon ədəbiyyatının Tayşo (1912-1926)
dövrünün ən görkəmli
yazıçılarından biridir. Yazıçı cəmi
35 il davam edən yaşamı ilə yapon ədəbiyyatı
ilə yanaşı, dünya ədəbiyyatında da təkrarolunmaz
bir iz buraxıb. Akutaqava yapon qısa hekayə janrının
atası kimi qəbul edilir. Gündoğan ölkənin ən
nüfuzlu ədəbi mükafatlarından biri də məhz
"Akutaqava" mükafatıdır. Sözügedən
mükafat yazıçının ölümündən 8 il
sonra - 1935-ci ildə yaxın dostu, "Bunqeyşuncu"
jurnalının o vaxtkı redaktoru Kan Kikuçi tərəfindən
Ryunosuke Akutaqavanın xatirəsinə təsis edilir.
"Akutaqava" mükafatı ildə iki dəfə olmaqla
yaradıcılığa yeni qədəm qoyan ən
istedadlı gənc yazarlara təqdim olunur.
Keçən
əsrin ilk onilliklərində müasir yapon ədəbiyyatının
da təməli qoyulur. Əsasən aristokrat və samuray sinfinə
müraciət edən yapon yazıçıları modernləşmə
mərhələsində artıq böyük kütlələrə
müraciət edirlər. Buna qədər Qərbə
qarşı məsafəli olan və Qərbi yeni kəşf
etməyə başlayan müəlliflər daha sərbəst
şəkildə həqiqi kimlikləri ilə müxtəlif
məsələləri qələmə alacaqları bir ədəbi
mühit yaratmaqda idilər. Beləliklə, yapon
yazıçıları cəmiyyətdə itirilən və
ya gizlənən "fərd"i ortaya çıxarmağa
başladılar. Akutaqava sözügedən dövrün
yetirməsidir. Yazıçının
yaradıcılığında fransız, alman, rus, ingilis ədəbiyyatını
dərindən bildiyi, Höte, Dostoyevski, Tolstoy, Şekspir,
Bodler, Strinberq, Qoqol kimi yazıçıların
yaradıcılıq məhsullarını mütaliə etdiyi
aydın şəkildə izlənilir. Avtobioqrafik səciyyə
daşıyan "Səfehin həyatı" povestindəki
cümlələrə nəzər yetirək: "İyirmi
yaşlı bir gənc kitab rəflərinin
qarşısında Avropasayağı söykəmə nərdivana
dırmaşıb yeni kitabları gözdən keçirirdi:
Mopassan, Bodler, Strinberq, İbsen, Şou, Tolstoy... Bu vaxt hava
yavaş-yavaş qaralırdı. Amma o, maraqla kitabların
cildindəki yazıları oxumağa davam edirdi. Onun
qarşısında sanki kitablardan daha çox, "Əsrin
sonu"nun özü dayanmışdı. Nitsşe, Verlen,
Qonkur qardaşları, Dostoyevski, Hauptman, Flober...". Akutaqava
Qərb ədəbiyyatından aldıqlarını yapon ədəbiyyatı
ilə qarışdıraraq Yaponiyada yeni ədəbiyyatın
inkişaf yolunu müəyyənləşdirir. Çünki
yeni formalaşan müasir yapon ədəbiyyatında bir-birinə
zidd iki mövqe mövcud idi. Bir qrup yazıçı milli dəyərləri
inkar edib, Qərbə əsaslanmağı müdafiə edir,
digər qrup isə ancaq milli dəyərlərə, ənənələrə
söykənməklə yeni ədəbiyyat yaratmağın
mümkünlüyünü vurğulayırdı.
"İnsan həyatı Bodlerin bir misrasına dəyməz"
deyən Akutaqava isə Qərbin təqlidçisinə
çevrilmədən milli dəyərlər çərçivəsində
Qərb və yapon ədəbiyyatının sintezini ortaya
qoyur.
Akutaqava
1892-ci il mart ayının 1-də Tokioda Toşizo Nihara və
Fuku Niharanın tək oğlu olaraq dünyaya gəlir. Yapon
mifologiyasına görə yazıçı əjdaha ili, əjdaha
ayı, əjdaha günündə doğulduğundan ona ailəsi
tərəfindən əjdaha mənasını ifadə edən
Ryunosuke adı verilir. Anası doğuşdan qısa müddət
sonra ciddi psixiatrik xəstəlik olan şizofreniya ilə
mübarizə aparır. Xəstəliyinin şiddəti
artdıqca oğluna baxa bilmir və dəlixanada intihar edir.
Atası oğlunun qayğısına qala bilmədiyindən
dayısı tərəfindən övladlığa
götürülür. Ryunosuke dayısı Doşo Akutaqava və
xalası Fuki Akutaqavanın himayəsində
böyüyür. Daha sonra dayısı Ryunosukeyə öz
Akutaqava soyadını da verir. Akutaqavanın ədəbiyyata
qarşı marağı da məhz yeni ailəsində
başlayır. Gənc Ryunosuke yapon, Çin folkloruna aid əsərlər
oxuyur və yapon ədəbiyyatının məşhur
yazıçısı Natsume Sosekinin (1867-1916), Mori Oqayın
(1862-1922) əsərlərini maraqla mütaliə edir. Eyni
zamanda, gənc yaşlarından Bodler, Balzak, Dostoyevski kimi məşhur
müəlliflərin kitablarını da kitabxanasına daxil
edir: "Mənim ürəyimi riqqətə gətirən
ağaclar və su var. Üstəlik, üç yüzdən
çox yapon, Çin, Şərq və Qərb
yazıçılarının kitabları
varımdı". Bütün həyatı boyu Akutaqava Qərb
romanlarının acgöz oxucusu olmuşdur. Akutaqava sələflərindən
fərqli olaraq heç vaxt Qərbə getməsə də,
onun Qərb təfəkkürü haqqında
anlayışları çox dərin idi. Şuiçi Kato
yazırdı ki, Qərbə səyahət etmədən,
oradakı həyatla birbaşa heç bir təcrübəsi
olmadan Qərb ədəbiyyatını təqdir edib
bağrına basan ilk yazıçı Akutaqavadır.
Erkən
yaşda anasını itirən, atasından didərgin
düşən yazıçının
uşaqlığı çox çətin keçir.
Anasının xəstəliyindən çox təsirlənən
və onun kimi olmaqdan qorxan Akutaqava bütün həyatı
boyu bu qorxudan xilas ola bilmir. Bu qorxu Akutaqava üçün vəsvəsəyə
çevrilir, yuxusuzluqdan əziyyət çəkərək
depressiyaya düşür. "Kodoku ciqoku" - "Tənhalığın
cəhənnəmi" (1916) hekayəsi gənc
yazıçının vəziyyətini, düçar
olduğu iztirabı açıq şəkildə
nümayiş etdirir: "İnsanı əhatə edən nə
varsa, bir göz qırpımında əzab və iztirab cəhənnəminə
çevrilə bilər. Bir neçə il bundan əvvəl
mən belə bir cəhənnəmə
düşdüm. Heç nə məni uzun müddətə
özünə bağlaya bilmir. Elə buna görə də
mən daim dəyişikliklər arzusundayam. Ancaq neyləsəm
də, canımı bu cəhənnəmdən qurtara bilmərəm.
Əgər əhatəmi tez-tez dəyişməsəm, bundan
da betər olacaq. Bax beləcə, mən sonu görünməyən
dəyişikliklərlə hər növbəti günün
acısını unutmağa çalışıram. Əgər
nə vaxtsa bunu etməyə gücüm çatmasa,
yalnız bir yolum qalacaq - ölmək". Akutaqava
düşdüyü tənhalıq cəhənnəminin əzablarına
tab gətirə bilmir, "Əsrin sonunun" qəddar iblisi
onun ruhuna hakim kəsilir. Həyatının son dövrlərində
qələmə aldığı əsərlərində
yazıçının psixoloji durumu, dəlilik və
ölüm arasındakı get-gəlləri, dəli
ananın xatirələri, cəmiyyətdən duyduğu qorxu
və həyəcanları açıq-aydın şəkildə
hiss olunur. Yazıçı 35 illik yaşamı boyunca
anasının taleyini yaşayacağı qorxusu ilə
apardığı mübarizəsi qarşısında 1927-ci
il iyul ayında yüksək dozada dərman içərək
intihar etməklə təslim olur. Yazıçının dəlilik
ilə ölüm arasında etdiyi seçimə aparan yolu
ölümündən sonra çap olunan "Haquruma" -
"Dişli çarxlar" adlı əsərində izah
etməyə çalışmışdır: "Daha məndə
yazmağa hal yoxdu. Belə ruhi vəziyyətdə yaşamaq -
dözülməz işgəncədir. Doğrudanmı, elə
bir adam tapılmayacaq ki, yatdığım yerdə sakitcə
məni boğa?". Yazıçı özü də
yazılarında intiharın axmaqlıq olduğunu söyləməsinə
baxmayaraq, ruhi zəifliyi qarşısında çarəni
ölümdən başqa heç nədə görə
bilmir: "Mən anlayıram ki, ağıllı adamlar mənim
bu axmaqlığıma güləcəklər. Elə mən
özüm də gülməyi bacarıram, bu məsələdə
heç kimdən geri qalmıram. Ancaq axmaqlığıma
güləndə də bu axmaqlıqdan dördəlli
yapışan ruhi zəifliyimə görə özümə
yazığım gəlir. Özümlə birgə digər
ruhən zəif insanlara da yazığım gəlir".
1913-cü
ildə Akutaqava Tokio İmperator Universitetinin İngilis dili və ədəbiyyatı bölməsinə
daxil olur və 1916-cı ildə Uilliam Morris haqqında
dissertasiya işini uğurla müdafiə edərək
universiteti bitirir. Yazıçı yaradıcılığa
hələ universitetdə oxuyan zaman başlayır. 1914-cü
ildə Akutaqava orta məktəb dostları Kikuçi Kan və
Kume Masao ilə birgə xarici ədəbiyyat tərcümələri
ilə yanaşı, öz yaradıcılıq nümunələrini
də nəşr etdirərək universitetin
"Şinşiçyo" (Təfəkkürün yeni cərəyanları)
ədəbi jurnalını yenidən canlandırırlar.
Jurnal ətrafında toplaşanlar naturalizmə tənqidi
mövqe nümayiş etdirərək ədəbiyyatda
neorealizm cərəyanının əsasını qoyurlar. Gənc
Ryunosuke "Rounen" - "Qocalıq" (1914) hekayəsi ilə
bədii yaradıcılıq yolunda ilk addımını
atır. 1914-1927-ci illəri əhatə edən
yaradıcılıq dövründə 150-dən çox
hekayə və esse qələmə alır. Universiteti
bitirdikdən sonra Akutaqava bir müddət Yokosukadakı hərbi-dəniz
məktəbində ingilis dili müəllimi kimi fəaliyyət
göstərir. Müəllimlik dövrünün xatirələrini
müxtəlif məzəli vəziyyətlərə
düşən təmiz və vicdanlı müəllim
Yasukiçinin hekayətlərindən bəhs edən
"Yasukiçi no teçyou kara" - "Yasukiçinin
qeyd dəftərindən" adlı silsilə hekayələrində
bədiiləşdirir. Özünü tamamilə bədii
yaradıcılığa həsr etmək istəyindən irəli
gələrək Tokio və Kyoto universitetlərindən gələn
təklifləri rədd edən Akutaqava məktəbdəki
müəllimlik vəzifəsindən də istefa verərək
Osaka Mayniçi jurnalının əməkdaşı olur. Hətta
yaradıcılığının ən məhsuldar
dövründə - 1921-ci ildə Akutaqava müxbir kimi
Çinə də ezamiyyətə gedir. Tələbəlik
illərində uşaqlıq dostu Yayoi Yoşida ilə ailə
həyatı qurmaq istəsə də, Akutaqavanın ailəsi
bu birliyi təsdiqləmir. 1918-ci ildə Fumi Tsukamoto ilə evlənir
və onların üç övladı dünyaya gəlir:
Hiroşi Akutaqava (1920-1981) aktyor olmuş, Takaşi Akutaqava (1922-1945)
Birmada əsgərlikdə öldürülmüş,
Yasuşi Akutaqava (1925-1989) isə bəstəkar kimi fəaliyyət
göstərmişdir.
"Qarşımda
kağız, kitab, qələm və yaxşı tənbəki
olanda elə bil dünyaya yenidən gəlirəm" deyən
yazçının yaradıcılığında başda cəmiyyət
olmaqla insan azadlığını məhdudlaşdıran,
insan ruhunu əzən hər şeyə qarşı üsyan
aydın şəkildə izlənilir.
Yaradıcılığının ilkin dönəmlərində
problemlərə qarşı ironiya ilə yanaşan
yazıçı yapon cəmiyyətindəki eybəcərlikləri
ələ salaraq, nə vaxtsa aradan qalxacağına ümid
edir. Yaradıcılığının son dövrlərində
isə pessimizmə qapılır, insan psixologiyası, ruhi
sarsıntılar əsərlərinin mərkəz xəttinə
çevrilir. Bu isə birbaşa yazıçının
öz vəziyyəti ilə bağlı olur.
Yazıçının cəmi 13 ili əhatə edən
yaradıcılığı üç mərhələyə
bölünür. Akutaqava yaradıcılığının
ilkin dövründə qələmə aldığı hekayələrində
orta əsrlər yapon ədəbi nümunələrinə
müraciət edərək insanın daxili aləmindən bəhs
edən mövzulara diqqət yetirmiş, eqoizm motivi xüsusilə
işlənmişdir. Yazıçının hekayələrində
itmiş, yoxa çıxmış insanlıq və insani məziyyətlər
vurğulanır. Eqoizm, yalan, şər insanlığı əhatə
edib. İnsanlar eqoizmə, pisliyə o qədər
qarışıblar ki, heç kim bir-birinə güvənmir.
Bu qarşılıqlı inamsızlıq həyatı cəhənnəmə
çevirib, cəmiyyəti tənəzzülə
sürükləyir. Akutaqava ədəbi karyerasının ən
mühüm əsərlərindən birini -
"Raşomon"u (Raşo qapıları) 1915-ci ildə
çap etdirmişdir. Tarixi və psixoloji məna
daşıyan əsərdə cəmiyyətin insanları
özünün ən qəddar quluna çevirməsi, saf
insanların belə özləri bilə-bilə haqsızlıqlara
rəvac vermələrilə cəmiyyətin dəhşətli
vəziyyətə düşməsini yazıçı qədim
dövrlərə aid hadisələri müasirləşdirməklə,
mənəvi-psixoloji cəhətdən zənginləşdirməklə
təqdim etmişdir. Əsərə beynəlxalq dəyər
qazandıran isə 1950-ci ildə görkəmli yapon kinorejissoru
Akira Kurosava tərəfindən eyni adla
ekranlaşdırılması olub. "Raşomon" filmi
R.Akutaqavanın "Raşomon" novellası ilə
yanaşı, "Sıx meşədə" hekayəsi əsasında
çəkilmişdir. Film 1951-ci ildə Venesiya Film
Festivalının "Qızıl Şir"
mükafatına layiq görülməklə beynəlxalq
mükafat qazanan ilk yapon filmi olmuşdur.
"İncəsənət
hər şeydən ucadır" prinsipinin zirvəsi Floberin
yaradıcılığıdır" deyən Akutaqava
yardıcılığının ikinci mərhələsində
incəsənət, yaxud həyat daha üstündür
sualı ətrafında düşünmüşdür. Yazıçının
bu dövrünün ən mükəmməl nümunəsi
isə "Cəhənnəm əzabı" povesti
olmuşdur.
Əsərin qəhrəmanı rəssam Yoşihide cəhənnəmin
rəsmini ancaq yeganə qızının gözləri
qarşısında odda yandırılmasından sonra tamamlaya
bilir: "Fikirləşmək olar ki, onun gözləri
qızının əzab içində necə can verdiyini
görmür. Al-qırmızı alovun gözəlliyi
və alov içində vurnuxan qadın fiquru onu valeh edib
özünə çəkmişdi". Akutaqava rəssamı
günahlandırmır: sənətkar özünə tabe
deyil, nəsə ondan da güclü şeylər var - mübtəla
olma, tutulma, ilham və dahilik. Gözləri önündə
doğmaca övladı yanan Yoşihide sifariş olunan "Cəhənnəm
əzabları" rəsm əsərini çəkməklə
bağlı daş kimi möhkəm istəyindən imtina
etmir, əksinə, bu istək onda daha da artır və
şirmanın üzərindəki rəsmi bitirdiyi
günün sabahı özünü asaraq
öldürür. "İndi şirmanı görən hər kəs
sanki doğrudan da, alovlu cəhənnəmin böyük əzablarını
görürmüş kimi rəsm əsərinin qəribə
qüdrəti qarşısında əzilirdi".
Yazıçı
yaradıcılığının ən yüksək zirvəsinə
məhz ölümündən bir neçə il əvvəl,
yaradıcılığının üçüncü mərhələsində
- 1924-27-ci illərdə çatmışdır. Bu illər ərzində qələmə
aldığı əsərlərində
yazıçının militarizmə, kapitalizmə
qarşı barışmaz mövqeyi, sosial bərabərsizliyə
qarşı üsyanları açıq şəkildə izlənilməkdədir.
Ölümündən əvvəl qələmə
aldığı və cəmi iki həftə müddətində
tamamlanan, lakin ölümündən sonra çap olunan
"Kappa" (1927) əsəri yazıçının
yaşadığı dövrdəki militarizm və kapitalizmin
xoşagəlməz və mənfi cəhətlərini
işıqlandırmışdır. Satirik hekayədə
ruhi sığınacaqda məhbus olan 23 nömrəli xəstənin
tərk etmək istəmədiyi su adamlaranın
yaşadığı yeraltı ölkəyə etdiyi səyahətlərindən
bəhs edilir. Eyni zamanda, Akutaqava
yaradıcılığının son dövrünün ən
spesifik xüsusiyyəti yaşam-ölüm
mövzularının üstünlük təşkil etməsidir
ki, yazıçının özünün psixi və ruhi
sarsıntıları ilə birbaşa bağlı
olmuşdur: "Siz tez-tez məni həvəsləndirirsiniz:
"Öz həyatın haqqında çox yaz, səmimi
olmaqdan qorxma!". Amma demək
olmaz ki, mən səmimi olmamışam. Mənim
hekayələrim müəyyən dərəcədə mənim
yaşadıqlarımın etirafıdır".
Gülnar YUNUSOVA
Ədəbiyyat qəzeti.- 2022.- 14 may.- S.30-31.