Janrın sərhədlərinə
sığan və sığmayan mətnlər
Qurultayqabağı
publisistika məruzəsi
Ədəbiyyatşünaslıq
terminləri lüğətində nə yazılmasından,
necə təqdim edilməsindən asılı olmayaraq,
publisistikanı klassik Azərbaycan müstəvisində bir kəlmə
ilə dəyərləndirmək mümkündür: Azərbaycanda
milli özünüdərk prosesinin təşəkkülü,
Azərbaycanın dövlət müstəqilliyinin
varlığı Azərbaycan publisistikasına - daha çox
isə Əli bəy Hüseynzadənin və Mirzə Cəlilin
publisistikasına borcludur. Dünya mədəniyyətinə,
Avropada gəlişən estetikalara
çıxışımız da milli publisistikamızın
hesabına mümkün olmuşdur. Bu mənada
XX yüzilin əvvəllərində Azərbaycan
publisistikası həm ədəbiyyatın, həm də cəmiyyətin
istiqamətini müəyyənləşdirir, milli
şüurun, eləcə də estetik zövqün gəlişməsini
təmin edirdi. O illərdə bizim siyasi müəyyənliyimiz,
sərhədlərimiz, ordumuz, dövlətimiz
olmadığı üçün bütün
boşluqları, təbii ki, Azərbaycan publisistikası
doldururdu. 1906-cı ildə yazdığı
"Türklər kimdir və kimlərdən ibarətdir"
məqaləsi ilə "Qafqaz sıra dağlarının cənubunda
sakin Azərbaycan türkləri ki, şirvanlı,
bakılı, qarabağlı, gəncəli, irəvanlı və
sairədən ibarətdir. İranın şimal qərb
cəhəti sakinləri də bunlardandır" sözləri
ilə Əli bəy Hüseynzadənin, 1917-ci ildə qələmə
aldığı "Azərbaycan" məqaləsindəki
"Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi
ibarət olsun Təbriz şəhərindən; qalan hissələri
də Gilandan tutub qədim Rusiya hökuməti ilə
Osmanlı hökuməti daxillərindədir ki, bizim
Qafqazın böyük parçası ilə Osmanlı
Kürdüstanından və Bayəziddən ibarət
olsun" sözləri ilə Mirzə Cəlilin
publisistikası ərazilərimizin sərhədlərini
cızır, toplumun milli şüurunu yaradır, onu təşkilatlandırır
və milli mücadiləyə hazırlayırdı. Mirzə
Bala Məmmədzadə "Azərbaycan misaqı-millisi" əsərində
məfkurə tariximizin üç mərhələsini - məfkurəyə
hazırlıq dövrü, məfkurə uğrunda mücadilə
dövrü, məfkurənin həyata tətbiq edilməsi
dövrünü xatırladır və fikrini belə davam
etdirirdi: "Zənnimizcə, Mirzə Fətəli və Həsən
bəy Zərdabi əlli il sonra dünyaya gəlsəydilər,
istiqlal tarixi, Azərbaycan istiqlal bəyannaməsi də əlli
il sonra meydana gələcəkdi. Bunların
arasında sıx bir münasibət və rabitə
vardır". XX yüzilin əvvəllərində
gerçəkləşən "Azərbaycan
dövrü", əslində, Mirzə Balanın sözlərindən
də göründüyü kimi, Azərbaycan
publisistikasının bəhrəsidir.
Əslində, publisistika qəzetçilik və
jurnalistliklə bağlı bir anlayışdır. Amma onun latın mənşəli
publika (ictimaiyyət) sözündən törədiyini nəzərə
alsaq, o zaman
dünya miqyasında ilk publisistik örnəklərin
nədən, hansı mətnlərdən oluşduğunu da
düşünməliyik. Hələ XIX
yüzildə Ernest Renan "Fiqaro" qəzetində İsrail
peyğəmbərlərini ilk publisistlər, özü də
alovlu publisistlər adlandırır, anarxist, yaxud sosialist
publisistləri Bibliya peyğəmbərləri ilə
müqayisə edirdi. Qlobal yanaşmadır
və tamam fərqli intibalar doğurur. İctimai
fikrə yönəlmiş ilk mətnlər, təbii ki,
peyğəmbərlər tərəfindən dilə gətirilirdi
və bu baxımdan Renanın sözləri məsələyə
bir də bu aspektdən yanaşmağı zəruri edir.
Yəni dünya publisistikasının məhvərində
teoloji əsaslar dominant olub...
Amma publisistikanın inkişafı, eyni zamanda milli
şüurun gəlişməsi birmənalı olaraq, qəzetin
meydana gəlişinə bağlı məsələdir. Fransız sosioloqu Tarde bunu dəqiq
ifadə edib: "Milliyyət fikri qəzetlə
başlayır. Qəzet eyni dildə
danışan insanları publika halında toplayaraq onlara
müştərək bir vicdan verir". Bizim
dildə danışan ilk qəzet "Əkinçi"
olduğuna görə, ilk publisistimiz də, təbii ki, Həsən
bəy Zərdabidir. Əli bəy Hüseynzadə Zərdabinin
1907-ci ilin 29 noyabrında keçirilən dəfn mərasimində
"Keçmişdə aləmi-islam bir qaranlıq içində
qaldığı zaman bu adam əlinə məşəl
alıb qaranlığı işıqlandırmağa
çalışırdı... Biz Qafqaz türklərinin
öhdəsində bu adamın böyük haqqı vardır.
Çünki bu şəxs bizim
üçün dil yaratmışdır. Ədəbiyyata
qapı açmışdır." - deyirdi.
Hüseynzadə
həmin vida mərasimində Həsən bəylə
bağlı çox sözlər deyib, mən isə burda, məhz
bu sözlərin üzərinə vurğu salmaq istədim:
İlk publisistimiz bizim üçün dil
yaratmışdır, ədəbiyyata qapı
açmışdır...
Mətləbdən uzaqlaşmayaq. Son yeddi ilin
publisistika mənzərəsində şübhəsiz ki, diqqəti
cəlb edən ən dəyərli hadisə Anarın
"Yaşamaq haqqı" traktatıdır. "Yaşamaq haqqı" nəinki haqqında
danışmağa, eləcə də böyük bir
dövrü və əsərləri onun ətrafında və
işığında, onunla bağlantılı şəkildə
təhlil etməyə imkan verən əsərdir. Hüseynzadənin "Siyasəti-fürusət"
traktatı da belə idi. Elə buna görə
də mən, "Yaşamaq haqqı"ndan bəhs edən məqalədə
onu "Siyasəti-fürusət"in çağdaş
analoji versiyası kimi şərh etmişdim. Əli bəy
Hüseynzadə "Siyasəti-fürusət"i 1907-ci ilin
siyasi-publisistik icmalı şəklində yazsa da, burada
türk dünyasının, özəlliklə Azərbaycanın
iki min beş yüz illik tarixini, onun
düşüncə tərzini, etnoqrafik özəlliklərini,
milli atributlara və etnik simvollara estetik yanaşmalarını
ehtiva etmişdir. Anar da belə bir üsul
seçir, başlanğıcdan bu günə qədər Azərbaycan
tarixini icmallaşdırır, onun şərhini verir. Məncə, bizim belə bir istiqamətverici əsərin
varlığına böyük ehtiyacımız var idi. Bəlkə də, dediklərim birmənalı
qaşılanmayacaq, ona görə də
aydınlaşdırmağa ehtiyac duyuram. İstiqamətverici
deyəndə nəyi nəzərdə tuturam? Böyük alim Xudu Məmmədovun sovetlər
dönəmində - 1974-cü ildə yazdığı
"Qoşa qanad" əsərini yəqin ki, hamı
xatırlayır. Üzeyir Hacıbəyovun
xatirəsinə həsr etdiyi "Qoşa qanad" indi
humanitar-filoloji araşdırmaların predmetinə
çevrilmiş intermediallıq barədə, bəlkə də,
ilk fundamental araşdırmaydı. Önəmli
olan bu idi ki, hətta ədəbiyyata da yön verən bu əsəri
humanitar elm sahəsinin deyil, fundamental elm sahəsinin nümayəndəsi
yazırdı. İndi isə təəssüf
doğurur ki, bizim dəqiq elmlər sahəsində Xudu Məmmədovdan
sonra belə universal düşünən və yazan,
düşüncəsi təkcə elm sahəsinə deyil, ədəbiyyata
da, ictimai fikrə də yön verən mütəfəkkir
alimlər yoxdur... "Qoşa qanad"dan xeyli sonra müstəqillik
ərəfəsində qələmə aldığı
"Baharın ardınca" əsəri ilə milli problemlərimizin,
əsasən də Qarabağın etnoqrafik həyatı ilə
bağlı düyünə düşmüş gerçəklərin,
heç olmasa, şüurlarımızda çözülməsinə
yenə də Xudu Məmmədov təkan verdi. Ciddi,
milli və kürəsəl problemlər barədə elmdə
gəlişmiş mütəfəkkir sözü cəmiyyət
üçün daha aktual və daha gözlənilən olur.
Bilirəm ki, məruzəmi qurultaylararası mərhələdə
yaranmış bədii publisistika nümunələrinin təhlili
əsasında hazırlamalıydım. Amma
təbii ki, bu mənada dərc olunmuş saysız publisistik
materiallardan deyil, milli intellektə yön verən sistemli
yazılardan danışmaq lazım gələcək. Onlar isə etiraf edək ki, çox
yazılmayıb. Hətta barmaqla sayılacaq dərəcədə
az yazılıb.
Müstəqillik
dövrünün publisistikasında sovet dövründə
yaranmış - Anarın "Dünya bir pəncərədir",
Qəzənfər Paşayevin "Altı il Dəclə-Fərat
sahillərində", Sabir Rüstəmxanlının
"Ömür kitabı" səviyyəsində əsərlər
yazılmadı. İndi tarixə 30 illik bir uzaqlıqdan baxanda
böyük bir nəslin, daha doğrusu, Azərbaycanın
müstəqilliyinə doğru axın edən nəslin, əsasən,
bu üç kitabın şinelindən çıxdığını
kim etiraf etməz? Bəs nə
üçün müstəqillik dövründə həmin əsərlər
kimi, ümummilli məzmun daşıyan nümunələr
meydana qoyulmadı? Hansısa publisistik əsər
dəyişən toplumun, yeni dəyərlərə adaptasiya
olunan gəncliyin stolüstü kitabı olmadı. Bəlkə,
bu, sosial şəbəkələrin
yayğınlaşması, ifadə imkanlarının
genişlənməsi hesabına baş verdi,
bilmirəm. Hər halda, belə əsərlərin
yaranması müşahidə olunmadı.
Bu məqamda və bu mənada narahatlıq doğuran bir
məsələyə münasibət bildirmək istəyirəm. Hamımıza
bəllidir ki, son illərdə yaradıcılıq prosesini
layihə adlı bir söz müşayiət edir və biz bu
anlayışa verdiyimiz yeni məzmunla onu xeyli naqis etmişik.
Şəxsi qənaətimə görə, bu
anlayış ədəbiyyatda, yazı həyatımızda mənəvi,
intellektual aşınmalara rəvac verir. Adamlar
əvvəlcədən nəzərdə tutmadıqları
mövzuları hansısa layihə çərçivəsində
qələmə alırlar. Çünki
önəmli olan yazılanların ictimai düşüncədə
yaradacağı təsirin miqyası və mahiyyəti deyil,
müəlliflərin alacağı qonorardır. Hətta ən pisi odur ki, layihə
anlayışı indi bütün yaradıcı sferanı əhatələyib.
Qarabağdan yazırlar - layihə. Türkdən yazırlar - layihə. Turandan yazırlar - layihə. Şeir
yazırlar - layihə. Vətənpərvərlikdən
yazırlar - layihə. Təbiətdən
yazırlar - layihə. Multikultural dəyərlərdən
yazırlar - layihə. Rəsm çəkirlər
- layihə, film çəkilir - layihə. Hətta bəzən hansısa layihəyə görə
ideoloji dürüstlüyümüz, azərbaycançılıq
konsepti zədələnir. Hətta
ayrı-ayrı humanitar istiqamətləri
işıqlandıran araşdırmalar da bəzən layihə
qəlibinə salınır və elmi tədqiqatların
özü də layihə hüdudlarında şəkillənir.
Daha doğrusu, dəyərlərimiz bu şəkildə kimlərinsə
qazanc yerinə çevrilir... Və qəribədir
ki, bu barədə heç kəs danışmır,
yazmır. Proses nəzarətə
götürülmür. Bədii publisistika barədə məruzədə
bu məqamı ona görə qabardıram ki, bir çox
aspektlərdən bu proses həm də
yazıçıların, özəlliklə bədii
publisistikanın problemi və predmetidir və belə bir
prosesin fonunda qələm sahiblərinin susması, hadisəyə
seyrçi yanaşması anlaşılan deyil.
Məruzəni daha çox ədəbi tənqid, esseistika
və bədii publisistika üzərində qurmaq istəsəm
də, son mərhələdə ədəbi tənqidlə
bağlı hissənin mənə təklif olunmuş
mövzudan ayrılması esseistika barədə fikir söyləmək
imkanlarımı da məhdudlaşdırdı. Əslində,
Azərbaycanda ədəbi tənqidin özü də ilkin
başlanğıcına görə Azərbaycan
publisistikasına borcludur. "İntiqad
ediyoruz, intiqad olunuyoruz" ("Tənqid edirik, tənqid
olunuruq") məqaləsində, yəni bir ədəbi-tənqidi
məqalədə Hüseynzadə hətta milli
triadamızın əsas müddəalarını irəli
sürmüşdü. İndi də
ötən əsrin əvvəllərində olduğu kimi, ədəbiyyatımızda
janr təyinatlarını dəqiqləşdirmək çox
çətindir. Janrlar arasındakı fərqlər
sürətlə və az qala, gözəgörünməz
şəkildə ortadan qalxır... Məsələn, kim dəqiq təsbit edə bilər ki,
Hüseynzadənin "Qırmızı qaranlıqlar
içində yaşıl işıqlar" yazısı
publisistik məqalədir, yoxsa milli esseistikamızın ilk
örnəklərindəndir? Yaxud indi, Xalq
yazıçısı Elçinin xatirələrin, tarixlərin,
talelərin parlaq ekspressiyası fonunda yazdığı, bəzən
bədii ədəbiyyatla ədəbiyyatşünaslıq elmi
arasındakı sərhədləri görünməz edən
esseist-publisist yaradıcılığı, xüsusən onun
"Taleyin yazısı...Ümm-ül-Banunun "Min bir gecə"
nağılı..." essesi təkcə ədəbiyyatımızın
deyil, ümumilikdə yaxın tariximizin humanitar meyillərinə
işıq salan mətndir. Akademik Nizami Cəfərovun
"Ağamusa müəllim idi, Tofiq müəllim idi, bir də
mən idim" məqaləsi son illərin həm ən
yaxşı esse, həm də ən yaxşı publisistik
örnəklərindən biridir. Bədii
publisistikadırmı, yaxud ədəbiyyatşünaslıq
yazısıdır? Əslində, belə
mətnlər hansısa janrın çərçivəsinə
sığmır. Kamal Abdullanın son illərdə qələmə
aldığı "Düma ilə Coys arasında",
"Əvvəl-axır yazılanlar" və "Mənim
Füzulim" əsərləri də esse janrını vəsilə
edib Azərbaycanda yeni düşüncə modeli
yaratmaqdadır... Yaxud ədəbiyyat tariximizlə
bağlı ehkamlaşmış düşüncə modelini
yeniləmək akademik İsa Həbibbəylinin
araşdırma yazılarının da səciyyəvi cəhətlərindəndir.
Elmi-bədii publisistikamızın uğurlu nümunələrindən
biri Səlahəddin Xəlilovun "Gözəllikmi, dini-əxlaqi
dəyərlərmi, humanist fəlsəfi təlimlərmi? Yoxsa Ədəbiyyat?!"
suallarına aydınlıq gətirmək üçün
yazdığı "Ədəbiyyatın fəlsəfəsi
və ədəbiyyatda fəlsəfə" əsəridir.
Səlahəddin müəllim problemi universal
müstəvidə dəyərləndirir. Şərq-Qərb təfəkkürünə yeni
rakursdan yanaşır. Din və fəlsəfənin bədii
təfəkkürə təsir imkanlarını
araşdırır.
Müstəqillik dövrünün, indiki halda isə son
yeddi ilin ən önəmli publisistik əsərləri
arasında Nizaməddin Mustafanın yüksək intellektual məzmun
kəsb edən araşdırmalarını da
xatırlatmalıyıq. Nizaməddin Mustafanın
çağdaş ədəbiyyatşünaslığımızın
olduğu kimi, publisistikamızın da örnək nümunələrindən
hesab edə biləcəyimiz yazıları sırf
publisistikadırmı? Yaxud bədii
publisistikadırmı, yoxsa elmi publisistikadır? Əlbəttə, indiki anlamda, ümumiyyətlə,
bu əsərlər publisistikadır - deyə cavab vermək
çətindir. Hətta əgər
publisistikadırsa, dediyim kimi, elmi publisistikadır və elmi
araşdırmalara istiqamət verə biləcək
publisistikadır. "Ədəbiyyat qəzeti"ndə
dərc olunmuş "Sabirin kimliyi", "Daha "...bir nəzər"
-Səhv nəzərləri sərf-nəzər etmə
vaxtı", "Azərbaycan" jurnalının təqdim
etdiyi "Türk-islam mədəniyyətinin cüt
gücü: şeir və musiqi" yazıları təkcə
faktların şərhi deyil, zəngin mütaliə və
sistemli axtarışlar nəticəsində əldə etdiyi
faktların elmi dövriyyəyə qatılması və
şərhidir. Tutaq ki, Nizaməddin bəyin "Ziya
Paşaya, Namiq Kamal, Əli
Süavi, İbrahim Şinasi və digər tənzimatçılara
tək bir ədib kimi yox, Osmanlı imperiyasının
müasirləşməsi uğrunda gedən ölüm-dirim
mübarizəsinin öncülləri, təkanvericiləri,
"Zəfərnamə"yə isə bu mübarizənin bədii
proqramı kimi baxanda cəmiyyət həyatında həcvə
ayrılan missiyanı obyektiv
qiymətləndirmək, onun fikir plüralizminin, bəlkə
də, yeganə qaynağı
olması fikri ilə razılaşmaq xeyli asanlaşır"
qənaəti ədəbiyyatşünaslığımızda
yeni nöqteyi-nəzərdir. Yaxud müəllif yuxarıda
xatırlatdığım "Türk-islam mədəniyyətinin
cüt gücü: şeir və musiqi" məqaləsində
musiqi və ədəbiyyat paralelizmlərini incələyir,
Fuad Köprülünün müxtəlif əsərlərini,
fikir həyatımızda son dövrdə daxil olmuş Frederik
Starın "İtirilmiş maarif" əsərinə
istinadən sənətlər arasındakı əlaqələri
tədqiqat predmetinə çevirir. Etiraf etməliyik
ki, "Azərbaycan" jurnalı "Publisistika"
rubrikasında təqdim etdiyi bu yazı ilə istər ədəbiyyatşünaslığımız,
istərsə də musiqişünaslığımız
üçün konseptual bir əsəri meydana qoymuşdur.
Niyazi
Mehdinin "Ədəbiyyat qəzeti"ndə dərc
etdiyimiz "Mən" olmağımın tarixçəsi"
avtobioqrafik əsəri 2019-cu ildə yazıldı və
ardıcıl olaraq "Ədəbiyyat qəzeti"ndə dərc
olundu. O zaman işğal altında olan Ağdamın təsviri
ilə başlayan "Mən" olmağımın
tarixçəsi" təkcə Niyazi Mehdinin
bioqrafiyasını deyil, həm də yurd yerini itirmiş Azərbaycan
ziyalılarının yaşantılarını öyrənmək
baxımından önəmli mətndir. "Mən"
olmağımın tarixçəsi"ni, əslində, Azərbaycanda
fəlsəfi publisistikanın ilk örnəyi hesab etmək
olar. Niyazi müəllim bildirirdi ki, "Bu
yazını təkcə uşaqlarım üçün
yazmıram. Bu yazını həm də
Ağdamı, Azərbaycanı sevənlər
üçün yazıram. Eləcə də psixoloqlar,
kulturoloqlar, yazarlar və daha kimlər-kimlər
üçünsə yazıram... Bakıya
köçmüş rayonlu kimi mən necə
bakılılaşmışam. İlkində
elmlə ilgilənməyən mən necə alimləşmişəm.
Necə dünyanın çətinliyində
bütün mənəvi məğlubiyyətlərimə
baxmayaraq, bəzi əxlaqiliyi saxlaya və ya qazana bilmişəm?
Bir sözlə, bir azəri türkü necə
olub ki, azəriləşib və türkləşib. Azərbaycan necə olub ki, öncəki yüzildə
mənəvi axtarışlar, kültür axtarışlar məkanı
olub?" və s. Göründüyü kimi, Niyazi Mehdi əvvəlcədən
milli baxımdan önəmli sualları
cavablandıracağının anonsunu verirdi. Onlar isə Azərbaycanın intellektual həyatı
üçün kifayət qədər konseptual suallar idi və
təbii ki, bunların çağdaş bir Azərbaycan
filosofunun publisistik əsərində
cavablandırılmasına da ciddi mənəvi ehtiyac var idi.
Yeri gəlmişkən, yuxarıda Frederik Starın
"İtirilmiş maarif" əsərini xatırlatdım. O əsərdən bir
parçanı "Ədəbiyyat qəzeti"ndə Nəriman
Qasımoğlunun təqdimatında dərc etmişdik. Ümumiyyətlə, Nəriman bəyin son illərdə
"Ədəbiyyat qəzeti"ndə dərc olunmuş
publisistik yazıları ictimai fikirdə bəzən hətta
elmi polemikalara yol açdı. Məsələn,
"Ədəbi dilimiz və dilçilərimizin konseptual
yanlışı" məqaləsinə cavab olaraq akademik
Nizami Cəfərov "Anti-konseptual "konseptuallıq" məqaləsini
yazdı və s...
Fazil Rəhmanzadənin kitabları son yeddi ildə də
Azərbaycan publisistikasının əyarını təşkil
edən kitablar oldu. Daha əvvəlki illərdə yazılmış məqalələrini
yeni şərhlərlə yeni kitablarında təqdim edən
Rəhmanzadənin "Bir ismdə bir can" ikicildliyi milli
publisistikamızın örnək abidələrindəndir:
"- Nəhayət
ki, mən kim olduğumu bilməliyəm,
ya yox?
- Məgər
kimliyiniz özünüzə məlum deyil?
- Xeyr. Hələlik
mən yoxam, kim olacağımı da bilmirəm, bunu mənə
haqqımda yazılacaq əsər deyəcəkdir...".
Hər dəfə masa arxasına keçəndə, əlimdə
olan faktları bu və ya digər qeydlərim
üçün sistemləşdirəndə mütəfəkkir
ədib Naycel Dennisin "Şəxsi vəsiqə" pyesindəki
həmin dialoqu xatırlayıram. Fikirləşirəm ki, kimliyindən,
təhsilindən, vəzifəsindən,
dünyagörüşündən asılı olmayaraq
haqqında yazacağım adam da beləcə
düşünür. Ona görə də
sözlə elə bir ayna yaratmaq lazımdır ki, qəhrəman
burada özünü görsün, təkcə görmək
deyil, həm də özünü dərk etsin. Bu kitabın qəhrəmanı Azərbaycanımızdır.
Görəsən, XX əsrdəki ömür
yaşantısını bu aynada görə bilibmi, həm də
özünü dərk edə bilibmi?".
Fazil Rəhmanzadə özünün publisist kredosunu bu
sözlərlə dəqiq ifadə edib və məncə, əlavə
şərhə ehtiyac yoxdur, yaxud əlavə şərhi yenə
də onun bu günlərdə nəşr olunmuş
"Qarabağ Azərbaycandır" kitabı verir.
Bir məsələyə də toxunmaq istəyirəm. Müstəqillik
dövründə kifayət qədər ciddi publisistik
içərikli əsərlər bəzən diqqətdən
kənarda qaldı, müzakirə predmetinə çevrilmədi.
Bu baxımdan, 2004-cü ildə ilk dəfə mənim
ön sözümlə, təkrar yenə də 2004-cü ildə
professor Aydın Abi Aydının redaktorluğu ilə
çap olunsa da, indiyə qədər haqqında bir kəlmə
də yazılmayan, təbii ki, laqeydliyimiz hesabına elmi
dövriyyədə adı hallanmayan bir əsəri
xatırlatmaq istəyirəm. Bu, 1937-ci il
repessiyasının qurbanlarından Əsəd Verdiyevin
oğlu, dünya miqyasında tanınan fizik Yılmaz Əsədoğlunun
"Ləhcə fərqimiz farkımızdadır" əsəridir.
Azərbaycanlı bir fizik, özü də
güllələnmiş pantürkistin oğlu ictimai həyatımızın
ən aktual problemlərindən olan Türkiyə türkcəsi
ilə Azərbaycan türkcəsinin qarşılıqlı əlaqələrinə
ayrıca bir əsər həsr etmişdi. Adından da göründüyü kimi, bu kitab Azərbaycan
humanitar düşüncəsinin ən çox müzakirə
olunan probleminə - iki qardaş millətin ortaq dil probleminə
bütün rakurslarda aydınlıq gətirirdi. Halbuki Türkiyə türkcəsində qələmə
alınmış o kitab istər Azərbaycanda, istərsə
də Türkiyədə mövcud problemlə bağlı
diskussiyalara müsbət planda təkan verə biləcək
bir gücdə idi.
Yuxarıda qeyd etdim ki, son on ildə sosial şəbəkələrin
yayğınlaşması, cəmiyyət həyatında publisistik
ifadə imkanlarının genişlənməsi sosial şəbəkə
publisistikasının da gəlişməsinə səbəb
oldu və Azərbaycan üçün bu yeni olan janrın
estetikasını Rəşad Məcidin "Qələmsiz
yazılanlar" kitabı şəkilləndirdi. Bir az da
dəqiq desək, sosial şəbəkədə
yazdığı statuslarını Rəşad Məcid
"Qələmsiz yazılanlar" kitabında sistemləşdirdi
və professor Asif Hacılının qeyd etdiyi kimi, bu kitab
"sosial şəbəkə ədəbiyyatımızın
ilk nümunəsi" oldu.
Sosial şəbəkədən söz
düşmüşkən. Bu yaxınlarda
"Ədəbiyyat qəzeti"ndə Xeyrəddin Qocanın
"Dostlar"ımın istedadı..." adlı bir
yazısını dərc etmişdik. Yazı
sosial şəbəkənin bizdəki halına qısa,
korrekt cizgilərlə münasibət bildirirdi. O
yazını çapa hazırlayarkən
düşündüm, görəsən, Azərbaycanda belə
yazılar niyə az yazılır, yaxud
heç yazılmır? Yazı gündəlik həyatımıza
getdikcə daha çox sirayət edən sosial şəbəkənin
ümumiləşdirilmiş obrazını ustalıqla təqdim
edirdi.
Bu gün ədəbi publisistikanın ön
sıralarında qərar tutan müəlliflərdən biri,
bəlkə də birincisi İradə Tuncaydır. İradə
xanımın "Ədalət" qəzetində dərc
olunan yazıları son illərin ictimai-psixoloji mənzərəsini
ən incə detallarına qədər təqdim etməkdə
bənzərsizdir. Həm düşüncə,
intellekt, həm də dil baxımından bənzərsizdir.
İradə Tuncayın son illərdə qələmə
aldığı bütün məqalələri aydınlaşdırıcı
özəlliyi ilə fərqlənir və İradə
xanımın publisistikası, müəllifin
yaradıcılıq xüsusiyyətləri özünə
qarşı həssas münasibət tələb edir.
İlqar Fəhmi publisistik yazılarında tarix və
modern düşüncə arasında sintez yaradır, milli
konsepsiyanın modern düşüncə üzərində bərqərar
olmasının yollarını təklif edir. "Ədəbiyyat qəzeti"ndə
onun 2019-cu ilin aprel saylarında dərc olunmuş
"Qızılbaş metafizikası, Səfəvi
mistikası", yaxud 2020-ci ilin aprel-may saylarında dərc
olunmuş "Qapalı dairə və bitməyən XX"
publisistik qeydlərində kataklik proseslərin fonunda gerçəkliklə
metafizikanın hüdudları çərçivəsində
tarixin və cəmiyyətin yenidən dəyərləndirilməsi
aktuallaşdırılıb. İlqar Fəhmiyə görə,
koronavirus pandemiyasına qədər XX əsr bitməmişdi
və pandemiyanın başlanması ilə birgə tarixin yeni
dövrü, yaxud XXI əsr başladı: "Qəfildən
dünyanın başının üstünü almış
bu pandemiya yeni minilliyin qapısını bizimçün
açmış oldu. Bəli, biz həqiqətən
də tarixi bir dönəmi - yeni minilliyin doğuluşu
prosesini müşahidə edirik. Yeni əsrin
- minilliyin yeni insanı doğulur - bu saat ən böyük dəyişikliklər
məhz təfəkkürlərdə gedir. Dünənə
qədər ağlımıza gəlməyən, yalnız
fantastik əsərlərdə
rastlaşdığımız, Hollivud filmlərindən
müşahidə etdiyimiz hadisələri öz real həyatımızda
yaşayırıq... Müxtəlif konspiroloji nəzəriyyələr
peyda olur, qeyri-adi fikirlər irəli sürülür.
Bu təbiidir, XX əsrin insanı belə öyrəşib -
rasional məntiqlə dərk etmədiyini öz-özünə
izah etməkçün təxəyyülü işə
salır... XIX əsrin doğuluşu Napoleon
müharibələriylə, XX əsrin doğuluşu isə
Birinci Dünya müharibəsiylə başladı. Bəşəriyyət
milyonlarla itki verdi... Bu gün də müharibə
şəraitidir... Və yeni doğuluşun
ağrılarını yaşayırıq. Dözməliyik...
Çünki hər şeydən öncə beynimizdəki
köhnə təfəkkür sistemləri dağılır,
sınır-tökülür, psixikamız dəyişir...
Çətindi, amma qaçılmazdı... Hər halda,
müəyyən müddətdən sonra yeni doğulan
minilliyin əsl simasını görəcəyik...".
Bu yazılar pandemiya günlərində, yaxud II
Qarabağ savaşı, yaxud Rusiya-Ukrayna müharibəsi ərəfəsində
yazıldığı üçün indi xüsusən,
düşündürücüdür. Tarixin axarı, doğrudan
da, dəyişilirdi, dəyişilirmiş...
Ramilə
Qurbanlı publisistik yazılardan ibarət "Müharibə
miniatürləri" kitabında I Qarabağ savaşından
sonra ədəbiyyatda
deyil, həyatda "itirilmiş nəsil" amilini
qabardır. Bu nəslin nümayəndələrinin
obrazını yaradır və etiraf edim ki, mən Ramilə
Qurbanlının "Müharibə miniatürü"
kitabını ciddi bir ədəbi mətn olaraq diqqətlə
oxudum. Və bu yazıların gələcəkdə
cəmiyyətşünaslıqla bağlı tədqiqatların
predmeti olacağına da inandım.
Sadıq Elcanlının "Əbədiyyət
karvanı" kitabına yazıçının əsasən
son illərdə yazdığı publisistik əsərləri
daxil edilib.
Belə kitabların oxucusu olmaq azdır, yeni ədəbi nəslin
bu ustad qələmdən öyrənəcəyi çox
şeylər var. Mən Elcanlının "Əbədiyyət
karvanı" kitabını oxuyanda inandım ki, o, son
dövrün klaviatura ilə deyil, qələmlə yazılan
kitablarındandır. Belə yazılarda
intellekt qələmin romantik tül örtüyünə
bürünür. Və bizim
publisistikamızdan son illərdə perik düşmüş
estetik düzəni qoruyur. Məsələn, "Beş
min ilin yalanı" yazısında olduğu kimi: "Qara bir
vahimə kimi çırpınan Xəzər sübh günəşinin
sevdalı öpüşləriylə qol-boyun olub, bir
damcı gülgün göz yaşı kimi durulub. O ilahi
duruluğa mat-mat baxa-baxa qəfildən düşünürəm
ki, söz, bəlkə də, beş min il əvvəlin ilkin
bəşər mətnlərində yasaqlanan o Tanrı gizlinlərinin
qapılarını döyməkdən başlayıb;
söz, azı, beş min ildir ki, həqiqətin
qapılarını döyür və azı, beş min ildir
ki, o bağlı qapıları açan yoxdur. Nə
Şumer, Elam, Babil yazıları, nə Orxon-Yenisey bəngüdaşları,
nə Gəmiqaya, Qobustan təsvirləri, nə Dədə
Qorqud kitabı, Homer dastanları, nə söz adına fəth
olunan saysız-hesabsız zəfər zirvələri... İnsanla bağlı əzəli gizlinin,
Tanrısal sirrin əbədi qapanmış
qapılarını aça bilməyib. Acı,
ağrılı bir təbəssüm göz yaşı
içində çırpınır ki, ədəbiyyat haqqa
doğru gedir, özü də haqqın
bağladığı qapını açmağa tələsir.
Və bu sirri-xuda tilsimin, qaranəfəs tələskənliyin
ən azı beş min illik tarixçəsi
var..."
Publisistik
əsərlərini bədii mətn kriteriyaları ilə yazan Firuz Mustafanın qələmə
aldığı yazıları yalnız təhkiyəsinə, rəvan dilinə,
obrazlı təsvirlərinə görə deyil, həm də
fəlsəfi siqlətinə görə fərqlidir. Onun "Bolşevik lideri Trotskinin Türkiyədə
"əbədi lənətlənmiş" evi" məqaləsi
bizdə bu mövzuda yazılmış ilk yazıdır.
Firuz Mustafa təqdim etdiyi mətndə sanki simvolist
yazıçı gəzişmələri edir:
"Dönüb yuxarıdan Trotskinin "evi"nə
sarı boylandım. Qırmızı kərpicdən
tikilmiş uca, möhkəm divarlar yaşıl
ağacların arasından boylanır. Bu
qıpqırmızı divar, nədənsə, mənə
kommunistlərin artıq param-parça olmuş
qırmızı rəngli bayrağını
xatırlatdı".
Səyyad Aranın publisistik
yaradıcılığı barədə deyil,
publisistikanı bədii mətnə tətbiq etdiyi məqamlar
barədə söz deməyə ehtiyac duyuram. "İrəvanın
yolları" romanı II Qarabağ savaşı günlərində
ardıcıl olaraq "Ədəbiyyat qəzeti"ndə
çap olundu. Doğrudur, "İrəvanın
yolları" romandır, amma Xalq yazıçısı
Anarın dediyi kimi, əsərin "İkinci hissəsi...
publisistik ricətdir. Rauf -
"şair" Qarabağ məsələsinin
başlanması, davamı, bu qarşıdurmada hansı xarici
qüvvələrin iştirakı barədə ətraflı
və dürüst məlumat verir". Anar
müəllim bildirir ki, "həmin parça dəyərli
mətn kimi ayrıca bir kitabda yer ala bilərdi. Onda romanın (!) məhz roman kimi janr
bütövlüyü də pozulmazdı. Çünki bu parça roman estetikasıyla yox,
publisist yazı səpkisində qələmə
alınıb".
Publisistika
və ədəbiyyat arasındakı uzlaşmalar, filoloji
fikirdə, tutaq ki, Markesin yazıçılığı ilə
jurnalistliyi arasındakı paralellər, romanlarında
jurnalistikanın, yaxud əksinə, publisistikasında
romanlarının təsiri barədə qənaətləri,
publisistika ilə prozanın qovuşması ilə
bağlı mülahizələri çoxlarına bəllidir. İndi
təsəvvür edək, Səyyad Aranın "İrəvanın
yolları" əsəri Lələtəpə
döyüşləri barədədir. Və
əsər "Ədəbiyyat qəzeti"ndə çap
olunanda II Qarabağ savaşı yenicə
başlamışdı. Və Səyyad
Aran yeni yazdığı bu əsər barədə
danışanda mən onu oxumaq, oxucularımıza təqdim
etmək üçün israrla istədim. Romanda təsvir olunan yerlər barədə, təbii
ki, təsəvvürüm belə yox idi və həmin
epizodları da sadəcə, oxucu marağı ilə
mütaliə edirdim. Amma sonra hamı kimi,
mənim də yolum Lələtəpə səmtindən
keçəndə Səyyad Aranın yazıçı fəhminə
heyrətlənməyə bilmədim. Əsərdə həqiqətən, publisistik
ton var idi, hətta politik məqamlar da yox deyildi (Şuşa ilə
bağlı informasiyanı deyirəm), müəllifin
diplomatik təcrübəsini də bura əlavə edirəm,
amma bu, hər şeydən əvvəl, vətəndaş-yazıçının
bütün həssasiyyəti ilə Vətənin
ağrılarına hopması idi...
Südabə
Ağabalayevanın "Karvan yolu, tənha yolçu",
"Vaxtın nə günahı", "Zamanla üz-üzə"
kitabları və "Azərbaycan" jurnalında dərc
olunmuş yazıları öz əlvan düşüncə
improvizələri ilə təkcə publisistikamıza deyil,
çağdaş Azərbaycan ədəbiyyatşünaslığına
da fərqli və həzin üslub mədəniyyəti gətirməkdədir.
Son illərin
publisistika kitabları arasında Fəridə Səfiyevanın
Heydər Hüseynov haqqında yazdığı "Bir
ömrün iziylə" kitabında Heydər Hüseynovun həyatının
faciəli sonluğu, bu tragik sonluğa yol açan səbəblər,
özəlliklə, nadir arxiv materiallarının təqdimatı
ilə ilk dəfə açıqlanır. Fəridə
Səfiyevanın kitabı mürəkkəb,
qarışıq və iztirab dolu dövrün ən kədərli
məqamlarından birini işıqlandırır. Eyni zamanda qaranlıqları
işıqlandırır. Mircəfər
Bağırovun fikir həyatmızın, konkret isə Heydər
Hüseynovun başına gətirdiyi müsibətlər,
dediyim kimi, kitabda indiyə qədər cəmiyyətə məlum
olmayan arxiv materiallarının, sənədlərin dili ilə
təqdim edilir.
Yazdığı
publisistik əsərlərlə ölkəmizin ictimai-siyasi həyatının
olduqca mühüm məqamlarını ədəbiyyatın
predmetinə çevirən Elmira Axundovanın Azərbaycan ədəbiyyatının
inkişafındakı böyük xidmətlərinə
görə Azərbaycanın Xalq yazıçısı fəxri
adına layiq görülməsi bədii
publisistikanın ədəbiyyatın digər janrları ilə
eyni status qazanmasına rəsmi vəsilə oldu.
Müstəqillik dövrünün publisistikası cəmiyyətdə
yaddaş kultunun bərqərar olmasına böyük töhfələr
verib. Ədəbiyyat nəzəriyyəsi kontekstində də
bu, vacib nüansdır. Bu istiqamətdə
Rafael Hüseynovun, Vilayət Quliyevin, Qəzənfər
Paşayevin yazıları ayrıca bir mərhələ kimi dəyərləndirilməlidir.
Yuxarıda Anarın "Yaşamaq haqqı"
kitabı barədə fikirlərimi
bölüşmüşdüm. Əslində, Azərbaycan
miqyasında yaddaş kultunu ən qapsamlı şəkildə
bu kitab ehtiva edir. Orda millətimizə, milli tariximizə
dəxli olan, eləcə də bütöv Azərbaycanın
tarixi və taleyi ilə bağlı hər şey var və
bütün bunlar, "Yaşamaq haqqı"nı Azərbaycanın
yaddaş kultuna çevirir.
"Yaşamaq haqqı"ndan sonra Anar "Söz
dünyası" üçcildliyinin ikinci cildini təqdim
etdi. Kitab "Ədəbiyyat qəzeti"nin
"Müzakirə saatı"nda görkəmli ədəbiyyatşünasların
iştirakı ilə geniş təhlil olundu. Filologiya
elmləri doktoru Elnarə Akimova həmin müzakirədə
belə bir fikir səsləndirdi: "Özündə
xalqın keçib gəldiyi yolun bütün istiqamətlərini,
milli özünüdərk proseslərini, millət kimi
formalaşmasına xidmət göstərən amilləri, cərəyanları,
fikir adamlarının talelərini, məfkurə mücadilələrinin
kodlarını daşıyan belə kitablar zaman keçdikcə
daha qiymətli, daha gərəkli statusa malik olur".
Yeri gəlmişkən, "Ədəbiyyat qəzeti"ndə
keçirilən müzakirə saatlarında təkcə ədəbiyyatımızın
deyil, ümumən, fikir həyatımızın müxtəlif
problemləri hər zaman diqqət mərkəzində olub. Ədəbiyyatın
ən müxtəlif məsələlərini müzakirə
etmişik. Amma biz bəzən bilərəkdən ədəbiyyat
sferasından kənara adlamışıq, məsələn,
"Onlar az sayları ilə cəmiyyəti irəli apara
bildilər..." başlığı ilə təqdim
etdiyimiz müzakirədə milli məfkurəmizin
yaranmasına səbəb olan cərəyanlar, "Azərbaycan
Cümhuriyyəti: tarixi, siyasi və ədəbi-fəlsəfi
aspektləri ilə" sərlövhəsi altında təqdim
olunan müzakirədə cümhuriyyət ideyalarının
qaynaqları, "Repressiya: Gizlin və gerçəkləri
ilə..." mövzusunda keçirdiyimiz müzakirədə
Azərbaycanda 1937-ci il repressiyaları mütəxəssislərin
iştirakı ilə təhlil olunub. "Kərkük və
Azərbaycan ədəbiyyatı soylu, köklü bir ədəbiyyatdır"
müzakirəsini kərküklü qonaqlarla, mühacirət ədəbiyyatımızın
problemlərini türkiyəli alimlərlə bir yerdə
gerçəkləşdirmişik, Cənubi Azərbaycan amili
hər zaman qəzetin prioritet mövzularından olub və bu
mövzuda müzakirəmizi də "Cənubi Azərbaycan ədəbiyyatı:
tarixdən bu günə..." kontekstində təhlil
etmişik.
Tofiq Məliklinin
"Suyu axtaran adam" əsəri bədii
publisistikamızda hadisə sayıla biləcək
kitablardandır. Doğrudur, müəllif bu əsərin
janrını avtobioqrafik roman olaraq təyin edir. Haqlıdır. Bu mövzuda
kitablar bizdə nadir hallarda yazılır. Sabir Əhmədlinin
"Yazılmayan yazı", Seyran Səxavətin
"Qaçaqaç" romanlarında müəllifin
obrazı hansı funksional xarakter daşıyırsa, Tofiq Məliklinin
"Suyu axtaran adam" əsərində
də mərkəzi personajın, əsas obrazın özü
kifayət qədər ciddi intibalar doğurur. Elə
buna görə də bu kitab Azərbaycan bədii nəsrində
olduğu kimi, Azərbaycanın bədii publisistikasında da
nadir əsərlərdən hesab olunmalıdır.
Fazil Güneyin "Dilmanc" kitabını da elə bu
şəkildə dəyərləndirməliyik. Əsər
Fazil Güneyin vaxtilə dilmanc kimi
çalışdığı Suriya, İraq, Liviya kimi
ölkələrdə ictimai-mədəni həyatın,
siyasi-hərbi durumun təsvirini verir. Etiraf etməliyik
ki, Fazil Güneyin "Dilmanc" əsəri təkcə
publisistikamızın deyil, bədii nəsrimizin, memuar ədəbiyyatmızın
da dəyərli
nümunələrindəndir.
Professor
Nizaməddin Şəmsizadənin "Mən kiməm:
müxtəsər həyatnamə" kitabı
özünün soykökü, yetişdiyi mühit, həyatı,
taleyi, yaradıcılığı, müasirləri və
yaşadığı zaman haqqında müşahidə və
mülahizələrindən ibarətdir.
Akif Əli bədii publisistikanın aparıcı təmsilçilərindəndir. Amma onun Ömər
Faiq publisistikasını xatırladan mücadil üslubu zaman
ötdükcə esse ruhuna keçid etdi. "Yaradan"
kitabını oxuduqca inanırsan ki, məhz bu məqamda, yəni
bədii publisistika ilə esseistika baxımından janr təyini
şərtidir. Əsas məsələ
yazıçılıqdır.
Qəşəm Nəcəfzadənin "Yerdən
aşağı, göydən yuxarı" kitabında təqdim
olunan yazılar bədii publisistika ilə esseistikanın
qovuşağında yaranmış mətnlər toplusudur.
Vaqif Bəhmənlinin
Qəzənfər Paşayevlə söhbətini əks etdirən
"Həyat düşüncələri", yaxud
Şuşa yaddaşımızın ən maraqlı səhifələrindən
biri olan "Şair-publisist, küllü-Qarabağın
sevimlisi Əli Mahmudun söz xalçasından butalar" -
"Bağlı qapı açaram" kitabları xatirə və zaman
anlayışını Vətən müstəvisində
çevrələyir. Millətimiz
üçün gərəkli yaddaş məxəzinə
çevrilir.
Hüseynbala
Mirələmovun "Şərəfsizlik tarixi", yaxud
Vernadski prospektində" kitabı təkcə müəllifin
deyil, ümumiyyətlə, Azərbaycan bədii publisistikasının
son dövrdə erməni terrorizmi barədə ortaya
qoyduğu maraqlı və zəngin mənbələrdən
biridir. Etiraf edək ki, bu kitab erməni
terrorizminin qanlı mənzərəsini təqdim etmək
baxımından mənəvi miqyasına görə nadir
kitabdır. Erməni terroru ilə
yaralanmış bütün tariximiz bu kitabın səhifələri
arasındadır.
Yunus Oğuzun "Tarix ibrətdir" kitabı fəlsəfi-tarixi-publisist
düşüncələr toplusudur. Əsər
yazıçı-publisist qələmi ilə
yaradılmış esseistika nümunəsi kimi
düşündürücüdür. Yunus
Oğuza görə, Azərbaycan insanı etnopsixoloji sosiumdur
və daşıyıcıdır, özündə
keçmişi gələcəyə daşıyır.
Ona görə də dövlətin əsas sərvəti
olan insanı xurafatlaşmadan, manqurtlaşmadan, cahilləşmədən,
zombiləşmədən qorumaq və xilas etmək hər kəsin
borcudur. Politik təfəkkürlə
yazılmış bu kitab aydınlaşdırır ki, biz
keçmişdən bu günə nə gətirmişik və
etnopsixoloji sosium bu gündən gələcəyə nəyi
daşıyır. Yunus Oğuzun
publisistikasından söz düşmüşkən, bir vacib
məqamı xatırlatmadan keçə bilmirəm. 2021-ci ilin avqustunda
Şuşada ilk publisistik yazını da o, qələmə
almışdı. Söhbət Şuşa
barədə deyil, böyük zəfərdən sonra
Şuşada yazılmış ilk publisistik yazıdan - Yunus
Oğuzun "Mən Şuşada yazıram" məqaləsindən
gedir...
Məruzəmin
əvvəlində dedim ki, XX yüzilin əvvəllərində
Avropada gəlişən estetikalara
çıxışımız da milli publisistikamızın
hesabına mümkün olmuşdur. İndi həmin
missiyanı ədəbi tənqid yerinə yetirir. Çağdaş ədəbi tənqid isə son
illərdə sələflərin universal
yaradıcılıq təbiətini yenidən ehya etməkdə,
həyata qaytarmaqdadır.
Elnarə Akimovanın "Düşüncə
zamanı - ədəbi tənqid diskurs kimi" kitabında
toplanan yazılar həmin dalğanın XXI yüzilin əvvəllərində
yenidən və təbii ki, yeni məzmunda hərəkətə
gəlməsindən soraq verir.
Mətanət Vahidin yazıları da elədir. Özü
demişkən, "esselərini usandırıcı akademizmin
triviallığını ədəbiyyatımızdan
uzaqlaşdırmaq üçün yazır". Bu baxımdan, onun qələmə aldığı
esselər ədəbi tənqidlə publisistika arasında
şəffaf bir bağ kimi müşahidə olunur. Mətanətin "Ədəbiyyat və reklam",
"Ədəbiyyat və yeddi not", "Ədəbiyyat və
iqtisad", yaxud "Qalib ölkənin vətəndaşı
olmaq" məqalələri essedirmi, publisistikadırmı,
ayırd etmək çətindir, amma həqiqətdir ki, bu
yazılar esseistikamızın da, publisistikamızın da, ədəbi
tənqidimzin də ortaq dəyərli mətnləridir.
"Güzgü günü" kitabında ədəbi
tənqidin çərçivələrindən kənara
çıxan Rüstəm Kamal təxminən yeddi ildir ki,
"Ədəbiyyat qəzeti"ndə Azərbaycan
yazıçılarının əsərlərini
psixoanalizin predmeti kimi təhlil edir.
Cavanşir Yusifli əsasən "Ədəbiyyat qəzeti"ndə
dərc olunan esseləri ilə dünyada gedən nəzəri
prosesləri Azərbaycan ədəbiyyatşünaslığına
tətbiq edir.
Gənc ədəbi nəslin
yazdıqlarını dünya ədəbi-estetik və nəzəri
prinsipləri ilə şərh edir. Bu isə
özümüzü tanımaq, çağdaş dünya ədəbiyyatındakı
yerimizi müəyyənləşdirmək baxımından zəruridir.
Pərvinin
"Vəziyyət ruscadır", Günel Natiqin "Ədəbi
talelər", Ramil Əhmədin "Orxan Pamukun evində",
Ülvi Babasoyun "Doğumun unuduluşu" kitabları esseistika ilə
publisistikanın qovuşuğundan yaranmış yeni
düşüncə dalğasının mətnləridir...
Nargisin "Metakədər" kitabının üslubu
da, obrazlar sistemi də yenidir. Antik və modern miflər
Nargisin qələminə gözlənilmədən
sıçrayır, düşüncələrinə maneəsiz
sirayət edir.
Hədiyyə Şəfaqət yazılarında hadisənin,
həyatın, insanın, mətnin ezoterik, metafizik qatlarına
enir.
Dediyim kimi, bəzən janr təyini barədə
düşünməyə ehtiyac qalmır. Bəlkə
ona görə ki, önəmli olan mətndir. Məsələn,
İlya Erenbuqrun Parisdən yazdığı publisistik qeydlərini,
kim çağdaş anlamda esseistikanın
ən yaxşı nümunələri ilə müqayisə
etməz. Yaxud Andre Moruanın "Ədəbi
portretlər"ini hansı janra aid edə bilərik?
Anar da
"Yaşamaq haqqı"nın
janrını müəyyənləşdirməkdə tərəddüd
edir.
AMEA-nın
müxbir üzvü Tehran Əlişanoğlunun 1990-cı illərin
elmi-ədəbi xarakterini yansıdan "T.Mustafayinin ədəbiyyat
söhbətləri" kitabının ardınca bu
yaxınlarda "Müxbir üzvün qeydləri"
kitabı da işıq üzü gördü. Qarabağ
savaşının zəfərlə bitən atmosferində
yazılmış bu kitab, əslində, Azərbaycan ədəbi
tənqidinin və bədii publisistikanın Zəfərnaməsi
mislində dəyərli və önəmli kitabdır.
Yazıçı-publisist
Mustafa Çəmənlinin musiqi tariximizdə müstəsna
yeri olan sənət xadimləri haqqında, eləcə də
tanınmış jurnalist Vasif Quliyevin Qarabağ tarixi,
xüsusilə Şuşa barədə qələmə
aldığı silsilə yazılar publisistikamızın
uğurlu nümunələri kimi dəyərləndirilməlidir.
Zemfira Məhərrəmlinin bir çox mənalarda ədəbiyyatımızın
Qarabağnaməsi olan "Bədii düşüncədə
Qarabağ" kitabı yazıçı tənqidinin
"Ədəbiyyatlaşan Qarabağ" səhifəsidir. Kitabının mütaliəsi
zamanı diqqətimi həssas bir məqam cəlb etmişdi və
ona yazdığım ön sözdə bunu ayrıca qeyd
etmişdim: Müəllif otuz ildən sonra həm
"Ömür kitabı"nı təhlil
edir, həm də Qarabağdakı qələbəmizi vəsf
edən Sabir Rüstəmxanlının "Qarabağa
dönüş" poeması barədə fikir söyləyir.
Kifayət qədər fərəhli faktdır.
II Qarabağ savaşı günlərində publisistika ədəbiyyatın aparıcı janrına çevrildi. Böyük zəfərimizdən sonra meydana çıxan publisistika içərikli kitablar saysız-hesabsızdır. Mən isə onlardan üçünü xatırlatmaq istəyirəm: Azərbaycan Yazıçılar Birliyinin hazırladığı, ideya müəllifi Xalq yazıçısı Anar, redaktoru və Ön sözün müəllifi Rəşad Məcidin olduğu "Qarabağ dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri" kitabı, Elçin Hüseynbəylinin ön sözü və redaktorluğu ilə nəşr olunmuş "Bütün yollar Şuşaya aparır" kitabı, bir də Mirmehdi Ağaoğlunun azad olunmuş ərazilərdən ilk reportaj toplusu olan "Zəfərin izi ilə" kitabı. İdeya-estetik planda bir-birinin davamı olan və bir-birini tamamlayan bu kitabları niyə fərqləndirirəm. 1. "Qarabağ dastanı" işğaldan azad olunmuş bölgələrimizi təmsil edən yazıçı və şairlərimiz tərəfindən yazılıb və həqiqətən, epos içərikli dəyərli kitabdır. 2. "Bütün yollar Şuşaya aparır" Vaqif məqbərəsinin bərpadan sonra yenidən açılışı və Vaqif Poeziya Günlərinin materialları, yazıçılarımızın 30 ildən sonra Şuşaya ilk səfərinin təəssüratlarını əks etdirən yazılar əsasında hazırlanıb və konseptuallığı ilə fərqlənir. 3. "Zəfərin izi ilə" dediyim kimi, işğaldan azad olunmuş bölgələrdən ilk reportajlar toplusu kimi tarixi məzmun kəsb edir.
Dəyərli dostlar, diqqətinizi bir məqama yönəltmək istəyirəm. Anar müəllim qurultayqabağı hesabat xarakteri daşıyan bu məruzəni hazırlamağı mənə tapşıranda 2020-ci ilin fevralıydı. Sonra bəşəriyyətin başı üzərinə koronavirus dumanı çökdü. Dünyanın bütün işləri, o cümlədən Azərbaycan yazıçılarının qurultayı da, oradakı məruzələr də, təbii ki, arxa plana keçdi. Ardınca II Qarabağ savaşı başlandı... Tarixi zəfərimizlə yekunlaşan bu savaşın xalqımıza, tariximizə nə verdiyi bəllidir. Savaş dönəmində ədəbiyyatımız da ordumuzla bir yerdə Şuşanın fəthində iştirak etdi. Bu zəfərin Azərbaycan yazıçılarına bəxş etdiyi bəxtiyarlıq sözlə ifadə edilməz. Amma Azərbaycan Yazıçılarının XIII qurultayının Şuşada keçirilməsinin özü istər ədəbi, istər estetik, istərsə də mənəvi baxımdan ən böyük ədəbiyyat faktıdır.
Önəmli və fərəhli, həm də
qürurverici olan budur ki, düşüncə həyatımızın
XXI əsri istər ədəbiyyatımız, istərsə də
ictimai fikrimiz üçün
Qarabağın fəthi ilə yeni və fərqli
müstəvidə başladı...
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2022.- 21
may.- S.28-31.