AYB-də publisistika
ilə
bağlı məruzə
dinlənildi
Mayın
18-də AYB-nin Natəvan klubunda ədəbiyyatşünas
alim, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər
Turanın publisistika mövzusunda qurultayqabağı məruzəsi
dinlənildi.
Tədbiri
Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq
Elçin Hüseynbəyli açdı. Bildirdi ki, son yeddi
ilin publisitika təsnifatı ilə bağlı məruzə
Azərbaycan yazıçılarının növbəti
qurultayı qarşısında ayrı-ayrı ədəbi
janrlar üzrə edilən məruzələrin onuncusu və
sonuncusudur. "Deyim ki, edilən məruzələr
ümumilikdə ötən illərin ədəbi-bədii mənzərəsini
yetərli şəkildə əhatə edib, faydalı
müzakirələrə səbəb olub. Hesab edirəm Azər
Turanın publisistika ilə bağlı məruzəsi də
maraqla qarşılanacaq, bu janrda yazılmış əsərlərin
obyektiv təsnifatı veriləcək".
Sonra ədəbiyyatşünas
alim Azər Turanın əhatəli məruzəsi dinlənildi.
Məruzə
ətrafında ilk sözü də Elçin Hüseynbəyli
dedi: "Olduqca məntiqli, səriştəli bir məruzədir.
Lüzumsuz sadalanmalara yol verilməyib. Publisistika sahəsində
diqqət çəkən hər bir əsərə
fundamental şəkildə nəzər yetirilib. Azər
Turanın bu sahəyə yaxından, peşəkarcaçına
bələdliyi məruzənin uğurunu təmin edib. Bu
mövzu barədə maraqlı bir söz var ki, publisistika
faktlı ədəbiyyat, ədəbiyyat faktsız
publisistikadır. Həmin aforizm bu məruzədə də
öz təsdiqini tapdı".
AYB sədrinin
müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad
Məcid də E.Hüseynbəyli ilə həmrəy
olduğunu bildirdi: Məruzəçi haqlı olaraq ədəbi-bədii
düşüncəyə və milli məfkurəyə
istiqamət verə bilən bədii publisistika nümunələri
üzərində dayanıb. Bu, onun əsl sənətə,
sözə olan münasibətindən, obyektiv dəyərləndirmə
mövqeyindən irəli gəlir… Deyə bilərik ki,
unudulan ad ümumiyyətlə olmadı. İradə Tuncay,
Niyazi Mehdi, Ramilə Qurbanlı kimi adların da çəkilməsini
təqdirəlayiq hesab edirəm. Məruzə ilə
bağlı iki iradım var: birincisi, Azər Turanın
özünə yer verməməsinin düzgün olduğunu
düşünmürəm. Çünki Azər Turan
adları çəkilənlərdən heç də geri
qalmır və publisistikada gördüyü işlər də
hər kəsə məlumdur. Əlbəttə, bu da onun təvazökarlığından
irəli gələn bir haldır. İkincisi, fikrimcə,
publisistika nümunələri adı altında yazılan bir
çox uğursuz yazını tənqid etmək olardı. Hər
bir halda çox uğurlu məruzədir, Azər Turana təşəkkür
edirəm".
Görkəmli
yazıçı Xeyrəddin Qoca bildirdi ki, ədəbi həyatımızda
yolu gözlənilən, istedadla qələmə
alınmış əsərlər az olduğu kimi, Azər
Turanın etdiyi məruzə kimi dəyərli
araşdırmalara da az halda rast gəlirik: "Namuslu, əsl ədəbiyyatşünas
araşdırmasıdır… Çox vaxt deyirlər kitab
oxunmur. Deyirəm ki, yaxşı yazın, oxunsun. Bu mənada
Azər müəllimin məruzəsi o yaxşıların
sırasındadı".
AYB-nin
katibi, yazıçı-publisist İlqar Fəhmi bildirdi ki, məruzəçinin
milli düşüncəyə, vətəndaş mövqeyinə
stimul verən əsərlər üzərində dayanması
daha çox cəlbedicidir: "Bu əhatəli məruzəyə
görə mən də Azər Turana təşəkkür
edirəm. Məruzədə milli düşüncə, milli təfəkkür
aparıcı xətt idi və bu, onu daha çox dəyərli
etmiş oldu. İndi istənilən mövzuda
yazılmış yazını esse kimi qələmə vermək
olar. Amma bu məruzədə toxunulan publisistika nümayəndələrinin
və nümunələrin hamısı vahid xətt üzrə
qruplaşdırıla bilir. Söhbət milli təfəkkür
xəttindən gedi…"
Professor Qəzənfər
Paşayev qeyd etdi ki, məruzədə bütün nəsillər
təmsil olunub: "Məruzə olduqca məntiqli, bitkin və
yanaşma tərzinə görə obyektivdir. AYB rəhbərliyinin
publisistikamıza bu yöndən yer verməsi çox əlamətdardır.
Deyim ki, publisistika Azər Turanın gündəlik fəaliyyətinin
önəmli bir sahəsidir. Bu prosesin içindədir. Məruzəçinin
peşəkarlığı diqqətə
çatdırdığı bütün arqumentlərdə
özünü aydın şəkildə büruzə verir.
Publisistika oxucular tərəfindən ən çox sevilən
janrdır. Mənəvi məzmunlu gözəl bir məruzə
dinlədik. Məruzədə bütün nəsillər təmsil
edilib. İlk dəfə görürəm ki, publisistika ilə
bağlı məruzədə gənclərə də yer
verilir. Bu məruzənin Azər Turana həvalə edilməsi
də çox yerində verilmiş qərardır.
Çünki o, hər gün bu işlə məşğuldur
və işinin peşəkarı olan biridir".
Tanınmış
yazıçı, AYB-nin nəsr sektorunun rəhbəri Səyyad
Aran bildirdi ki, adətən mükəmməl, əhəmiyyətli
və bitkin iş barəsində yekdil rəy, münasibət
olur. "Azər Turanın məruzəsinə də
münasibət belədir və bu, haqlı münasibətdir.
O, məruzəyə mükəmməl bir girişlə
başlayıb və bu mükəmməllik bütün məruzə
boyu davam etdirilib. Elmi-intellektual təhlil, real dəyərləndirmələr
göz qabağındadır və dərin razılıq
doğurur…"
Professor
Tofiq Məlikli dedi: "Maraqla dinlədim.
Publisistikamızın inkişaf mərhələləri
gözlərim önünə gəldi. Belə bir məruzə
ilə çıxış etmək sözügedən sahəyə
yaxından bələdliyin və ciddi hazırlığın
nəticəsidir. Ona görə ki, məruzəçi
bütün hallarda faktlara əsaslanıb. Olduqca obyektiv
baxışdı…"
Yazıçı-publisist
Fazil Güney bildirdi ki, məruzəçi son illər
publisistikamızın ümumi mənzərəsini dolğun
şəkildə ifadə edə bilib. Ancaq yaxşı
olardı ki, bu sahədə diqqətə çarpan, arzuolunmaz
məsələlərdən də konkret misallar fonunda bəhs
olunaydı.
Ədəbiyyatşünas
alim, filologiya elmləri doktoru Elnarə Akimova
çıxışında məşhur bir fikri
xatırlatdı ki, "doğrudan da üslub insandır".
Azər Turan fəaliyyətində hansı üslubla
çıxış edirsə, bu məruzədəki
çıxışda da biz onu görürük. Mən
düşünürəm ki, məruzə çox
yaxşı sistemləşdirilib. Məruzədə son illərin
publisistikası dərin notlarla öz əksini tapıb. Azər
Turanın məruzəsi onun sənətə
baxışını, mövqeyini və özünəməxsus
üslubunu bütünlüklə ehtiva edir. Məruzədə
zamana tarixi-tipoloji vahid kimi deyil, daha çox milli məzmun ifadə
edən düşüncə müstəvisindən nəzər
salınıb. Bu da Azər Turanın özünün ədəbiyyatşünas
səriştəsindən irəli gəlir. Məruzə
yaxşı bir sistemləşdirmə nümunəsidir. Son
yeddi ilin publisistik mənzərəsi yığcam şəkildə
ümumiləşdirilib”.
Tənqidçi
Bəsti Əlibəyli məruzənin əhatəli,
konseptual, orijinal cəhətlərini dəyərləndirdi.
Yazıçı-publisist
Zemfira Məhərrəmli bildirdi ki, publisistika həmişə
inkişafda olub, düşüncə həyatımızın
müəyyən sahəsini əhatə edib. A.Turan bu
reallıqları yetərincə dəyərləndirib.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2022.- 21
may.- S.28.