Vaqif Bəhmənli - özü və
sözü barədə
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi planına əsasən qələmə alınmış məqalə Vaqif Bəhmənlinin 15 cilddən ibarət "Əsərlər"inin 2-ci cildində ön söz olaraq yer almışdır.
Müasir Azərbaycan ədəbiyyatının
seçkin nümayəndəsi Vaqif Bəhmənlinin yarım
əsrlik dövrdə öz daxili dinamikası ilə
inkişaf edən yaradıcılığı mövzu,
problematika və janr əhatəsinə görə yetərincə
geniş və dolğundur. Bu yaradıcılıq azhecalı,
yığcam poetik mətnlərdən - ikilik, dördlük,
bayatı və rübailərdən tutmuş, epik əsərlərə,
ədəbi-publisistik araşdırmalara qədər zəngin
bədii dünyanın mərhələ-mərhələ
yaradılması ilə ərsəyə gəlmişdir.
Bədii yaradıcılığa çox erkən
başlayan Vaqifin ilk qələm təcrübələri
kövrək ehtiyatlılığı ilə yanaşı, həm
də qüsursuzluğa canatımı ilə diqqəti cəlb
edir. Eyni zamanda bu axtarışların sırf poetika
baxımından ciddi sənətkarlıq keyfiyyətlərinə
tədriclə yiyələnmək bacarığı da üzə
çıxır. Ancaq elə ilk
addımlardan görünür ki, o, bədii
yaradıcılığının tarixi-estetik təməlində
Azərbaycan mədəniyyəti və ədəbiyyatının,
xüsusilə onların qaynağını təşkil edən
folklorun böyük və tükənməz arsenalını
hiss edir. Dərk edir ki, bu arsenal şairi
epiqonçu da, yaradıcı da edə bilər.
Vaqif Bəhmənlinin milli ədəbi irsimizə
yaradıcı münasibəti onun bədii
dünyagörüşünün, davamlı poetik
axtarışlarının ən üstün keyfiyyətlərindəndir. Belə bir
münasibət onun dünya ədəbiyyatı ənənələrini
mənimsəməsində, klassikadan faydalanmasında da
özünü göstərir. Beləliklə,
milli və dünya ədəbiyyatının vəhdət
qaynağında təşəkkül tapan Vaqif Bəhmənli
yaradıcılığı hər iki xəzinəni zənginləşdirmək
məramı daşıyan bir sənət örnəyidir.
Vaqif Bəhmənli poeziyasının 1980, 1990 və
2000-ci illərin əvvəllərini əhatə edən
inkişaf dönəmləri onun poetik baxımdan daha da
cilalanaraq, sosial-mənəvi siqlətini, siyasi hadisələrə
refleksiya gücünü yetərincə
artırdığı, vətənsevərliyin vətəndaşlıq
amallarına yüksəldiyi mərhələlərin
bir-birini tamamlamasıdır. Xüsusilə Azərbaycanın
öz dövlət müstəqilliyini əldə etməsi ilə
yanaşı, bu böyük tarixi-siyasi hadisənin həm də
Qarabağın işğalı faktı ilə
çulğaşması Vaqif Bəhmənli poeziyasında
"üsyankar ruhun" doğuluşu ilə yeni poetik səciyyə
qazanır.
Şairin doxsanıncı illərin ictimai-siyasi gərginliyini
əks etdirən şeirləri minilliklərin görk və
yaşantılarını sinirlərinə çəkmiş
milli tariximizin gözündən həmin konkret hadisələrə
salınan poetik-əxlaqi nəzərdir. Bu
dövrün xaotik olaylarında milli-azadlıq hərəkatının
yüksək amallarını hədəfindən
yayındıran məkrli niyyətləri şair
qrotesk-obrazlarla əks etdirir. Xalq hərəkatına
soxulmuş, meydanı yağmalamış kəslər
vardı ki, onlar kütləni ayağa qaldırmaq, dövlət
və millət mənafeyinə xidmət etmək
şüarları altında yalnız öz cılız məqsədlərini
güdərək yuxarı başa dırmanırlar:
Dünən
ara vurub, nahaq qan edib,
Hiylə paltarını geyinib indi.
Bizim
çiynimizi nərdivan edib
Bizim belimizə o minib indi.
...Sığmaz
qoşa-qoşa dillər ağzına,
Cinə kələk gələr, şeytanı satar.
Verər
igidləri yellər ağzına
Göz açıb yumunca meydanı satar.
Məlumdur ki, müasir epoxanın bədii mədəniyyəti,
əsasən, modernist cərəyanlar yönündə, daha
çox formalizmə meyillilik səmtində
formalaşmışdır. Ekzistensialistlər yalqız
insanın absurd aləmdəki
çırpıntılarına, sürrealistlər sirli və
dərkolunmaz dünyanın hiperbolik durumuna, abstraktsionistlər
şəxsiyyətin bayağı və ilğımlı
gerçəklikdən qaçmasına, pop-artçılar
"kütləvi tələbat" cəmiyyətinin
ideologiyasızlaşmış fərdiyyətçiliyinə,
neorealistlər altşüurun və stixiyanın təlqini ilə
hərəkət edən məxluqların vurnuxmalarına,
daha çox dəbdə olan postmodernistlər isə
dünyanın bütün elementləri ilə dekonstruksiya
edilməsinə, həyat hadisələrinin müxtəlifliyində
onları birləşdirən cəhətlərin deyil,
ayıran cəhətlərin qabardılmasına,
"sınıq güzgü" prinsipi ilə
fraqmentallaşdırılmasına önəm verirlər. Bizim çağdaş ədəbiyyat və incəsənətimizdə
də bu tendensiyalar müəyyən görsənişlərində
təzahür edir. Lakin milli mədəniyyətimizin
özünəməxsus estetikası, dəyərlər
sistemi yalnız formalizm qəlibinə sığan
axtarışlardan daha dərin sənət prinsiplərini
üstün tutmağı zərurətə çevirir.
Öz sütunları üzərində təşəkkül
tapan ədəbiyyatın yaradıcı qüdrəti
heç zaman tükənmir, o, formalist cərəyanlarda
olduğu kimi böhrana yuvarlanmır, dünya ədəbiyyatı
ilə təmasın ən yeni və dəyərli
yollarını sala bilir. Çağdaş
Azərbaycan ədəbiyyatının təcrübəsi
göstərir ki, məsələn, qoşma, bayatı, gəraylı
təkcə ədəbi forma deyil, onlar həm də müasir
insanın mənəviyyatını, bütövlükdə
varlıq münasibətlərini bütün dolğunluğu
ilə əks etdirmək potensialına malikdir. Bu gün
Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Vaqif
Bayatlı Odər, Məmməd İsmayıl, Çingiz
Əlioğlu, Vaqif Bəhmənli, Rüstəm Behrudi kimi
şairlərimiz milli ədəbiyyatımızın
özünəyetər estetik cövhərini yaşadaraq
inkişaf etdirməyin şərəfli missiyasını
daşıyırlar. Vaqif Bəhmənlinin "Qoşma"
şeiri bu nəzəri paradiqmanın poetik inikasıdır:
...Biçilib
Tanrının pak libasından,
Şahlara
şərbətdi qızıl tasında...
Abbasdan,
Veysəldən, Xəstə Qasımdan,
Aşıq Ələsgərdən xəbərdi
qoşma.
...Vaqif,
ana sözə söykə üzünü,
Dəstələ
kəlmənin tər-təmizini...
Almağa
gedəndə Cıdır düzünü
Qoşun
sırasında nəfərdi qoşma...
2012-ci ildə Qarabağın fəthi öncəduyumu ilə
yazılmış bu şeir qoşmanı milli ruhumuzun
arxetipik obrazı kimi canlandıraraq, mədəniyyətin iki
başlanğıcını (Ordu və Poeziya) vəhdətdə
götürür. Doğrudan da, qoşma ruhunu
varlığında yaşadanlar Qarabağın fatehi oldular.
Zərif lirika ərənliyin qəlbinə
çevriləndə, Ordu və Poeziya bir-birini gücləndirəndə,
dövlət də, mədəniyyət də yenilməz olur.
Vaqif Bəhmənli poeziyasında İnsan - Dünya
münasibətlərinin ən dərin qatlarına enilir. Ancaq bu elə
də asanlıqla baş vermir. Çünki
o münasibətlər çox yerdən qırılıb,
doğmalıq bağları kəsilib, yollar
dolaşdırılıb, cığırlar itib. Ona görə də İnsan - Dünya münasibətlərindəki
doğmalıq hüceyrələrini oyadanda insan öncə
şaşır, sanki yad dünya ilə
qarşılaşırmış kimi üşənir,
diksinir. Ancaq biləndə ki, mənim həyatımın
nəfəs aldığı ən doğma məskənlər
elə bu itirilmiş, tanınmaz olmuş vadilərdir, onlara
ana kimi, bala kimi sarılır. Bundan sonra
insanın doğmalıq qaynağı olan Təbiətlə
də, onun sayılmaz dürləri ilə də - su ilə,
yarpaqla, daşla, buludla, canlı aləmlə... ünsiyyətinin
milyon yaşlı bağları yenidən ilgəklənir,
yolları, cığırları yenidən
açılır. Müasir dünya ədəbiyyatının
əsas problemlərindən biri olan özgələşmə,
əslində, bu itirgənlik psixologiyasından doğur.
Realist poeziyanın bir missiyası da İnsan -
Dünya münasibətlərindəki dərin çatın
genezisini açmaqdır. Azərbaycan şairi Vaqif Bəhmənli
mənəviyyatımızın lay və
süxurlarında qazıntılar aparan ustad - "arxeoloq"
kimi həmin çat-yarğanları ələk-vələk
etməkdədir.
Yəqin,
buna görə onun şeirlərinin quruluşuna poetik dinamika
xasdır: burada şeirin əvvəlindən sonuna doğru
ideyanın hərəkəti baş verir.
Vaqif Bəhmənli
poeziyasında dünyadərkinin geniş olduğu qədər
də incəlikləri ilə görünən panoramı
yaradılır...
Vaqifin poetik-fəlsəfi yozumunca, ən uca ideallar,
böyük fikirlər, dərin mətləblər elə
bizim çevrəmizdə dolanır, içimizdən
keçir. "Dünyanın mənasızlığı"
təsəvvürü bizim ona məna verə bilməməyimizdən
deyil, onun hər bir zərrəsində kainat
bütünlüyünü görə bilməməyimizdən
doğur. Şairin lirik naturfəlsəfəsi
varlığı bütün toxumaları ilə
canlandırılmış metaforada - onun bütün subyektlərini
nəfəs-nəfəsə, əl-ələ tutmuş
yallıda panoramlaşdırır. Əlbəttə,
bu Vəhdət Xəlitə deyil. Hər Tək
dünyanın bənzərsiz varlığıdır.
Özünü tapa bilən Tək özünü tapa bilməyən
Kütlədən daha üstün, daha dəyərlidir:
"Ekizə də Tanrı tikir damı tək, // Hər
adamın dad alıbdır tamı tək.
// Hamı təkdi bu dünyada, hamı, tək! // Mən də
təkəm, mən də təkəm, hamıtək..." Şairin anlamınca,
dünyanın tapdanılmaz qanunu belədir ("Qanun"
şeiri):
Endir
silahını, qoşul Allaha,
Yağı
Allahındı, qoşun Allahın...
Ovçunun
Allahı gətirir bir yol,
Bir yol da
gətirir quşun Allahı...
Poeziya, adətən, emosional duyğuların cazibə mərkəzi
sayılır.
Ancaq onun cazibəsi - yalandan qopmuş doğruları, torandan
seçilmiş gerçəkləri, ilğımdan
sıyrılmış həqiqətləri çəkib gətirmək,
onları damla-damla toplayaraq sevgi və saflıq, mənəviyyat
və əxlaq dəyərlərinə, "ruhun sərvətlərinə"
çevirmək
gücündədir. Şairin
"İşıqman" şeiri, beləcə,
İşıq-İnsanda mehvərini tapan dünya
qutsallığının mayasını yaradır:
Qapıdan
qovanda girib bacadan
Gün Tanrı böyrümə yan alaydı kaş.
Göz
açıb-yumunca söküləydi dan
Gecənin uzunu an olaydı kaş.
...Aşiqlər
işığa aşiq olaydı,
işığı içməyə qaşıq
olaydı...
Dünyanın
Allahı işıq olaydı -
qurbanı qoyun yox, mən olaydım kaş!
Nurdu qibləgahım,
sabahdı yönüm,
Deyim mətləbimi,
başına dönüm:
Hamıya
dönəydim işığa dönüb,
hamı
işıqlanıb mən olaydı kaş.
Vaqif Bəhmənli yaradıcılığının
mövzu palitrası olduqca zəngindir. İctimai, siyasi, mədəni,
mənəvi həyatın, tarixi keçmişimizin,
insanlararası münasibətlərin, planetdə ekoloji
nizamın yaradılmasının, elmi araşdırmaların
etik-əxlaqi aspektlərinin ən müxtəlif problemlərinə
toxunan şair, təbii bir zərurətlə, dünyanın
bədii-estetik qavranılması yönündə ədəbiyyatın
daxili həyatına, sənət axtarışlarının,
şairlik missiyasının mahiyyətinə də nəzər
salır.
Vaqif Bəhmənlinin müasir ədəbiyyatımızı
yeni bədii obrazlarla zənginləşdirən poemaları
vardır. Bu poemaların epik-monumental cizgiləri onların həcm
ölçülərində deyil, məzmun
dolğunluğunda, daxili dramatizmində, polemik kəsərində,
hətta tarixi-mifik mövzuların belə
çağdaşlaşdırılmasında,
aktuallaşdırılmasındadır.
Vaqif Bəhmənlinin yaradıcılığı 1980-ci illərdən Azərbaycan ictimaiyyətinin, ədəbiyyatşünaslıq və tənqidin diqqət mərkəzində olmuşdur. Onun poeziyasının orijinal keyfiyyətləri haqqında Azərbaycanın ustad sənətkarları, tanınmış ədibləri (Bəxtiyar Vahabzadə, Məmməd Araz, Məstan Günər, Əkrəm Əylisli, Elçin, Fikrət Qoca, Ramiz Rövşən, Musa Yaqub, Sabir Rüstəmxanlı, Seyran Səxavət, Mustafa Çəmənli, Zakir Fəxri, Mahirə Abdulla, Ağacəfər Həsənli, Rəşad Məcid, Nəriman Əbdülrəhmanlı, Səlim Babullaoğlu, Kamran Nəzirli, Qulu Ağsəs, Əjdər Ol, Aydın Tağıyev, Tofiq Nurəli, Marif Soltan və başqaları), ədəbiyyatçı və tənqidçiləri (Nizami Cəfərov, Tehran Əlişanoğlu, Bədirxan Əhmədli, Nizami Tağısoy, Nizaməddin Şəmsizadə, Vaqif Yusifli, Qulu Məhərrəmli, Nərgiz Cabbarlı, Elnarə Akimova, Esmira Fuad, Məhəmmədəli Mustafa, Tahir Abbaslı, Bəsti Əlibəyli, Oqtay Abbas, Laura Cəbrayıllı və başqaları) dəyərli fikirlər söyləmiş, məqalə və resenziyalar yazmışlar.
Azərbaycan ədəbiyyatının tükənməz poeziya ənənələrini yaşatmaqla onu dünya ədəbiyyatına qovuşduranlar sırasında dayanan Vaqif Bəhmənli bədii-estetik düşüncə mədəniyyətimizin inkişafı üçün bu gün də yorulmadan çalışır. Şairin "Əsərlər"inin on beş cildliyinin nəşrə başlaması isə nəinki bu bənzərsiz şairin yaradıcılığında, eləcə də çağdaş ümumtürk və Azərbaycanın ədəbi həyatında dəyərli hadisələrdən biridir.
Rahid ULUSEL
Ədəbiyyat qəzeti.- 2022.- 21 may.- S.22.