Elmi sessiya Qulam
Məmmədli- 125
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda
görkəmli salnaməçi
alim Qulam Məmmədlinin 125 illiyinə
həsr olunmuş elmi sessiya keçirilib.
Bu barədə Edebiyyatqazeti.az-a
institutdan bildirilib. Elmi sessiyanı açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun
baş direktoru akademik İsa Həbibbəyli qeyd edib ki, Qulam
Məmmədli salnaməçilik
ənənəsini yaratmış
böyük salnaməçidir.
“Bizim ədəbiyyat
tarixçiliyi üçün
orta əsrlərdə
əsas mənbə təzkirələrdir. Tarix elmi
üçün isə
ən böyük mənbə salnamələrdir.
Qulam Məmmədlinin xidməti
ondan ibarətdir ki, o, əsrlər boyu mövcud olmuş tarixi salnamələrin əvəzinə
ədəbi salnamələr
yaradıb. Azərbaycanda ədəbi salnamə janrının banisidir.
O, ilk dəfə “Molla
Nəsrəddin” salnaməçisi
kimi tanınıb. Sonralar Hüseyn Cavid, Nəriman Nərimanov və başqaları haqqında
sanballı salnamələr
hazırlayıb elmi dövriyyəyə təhvil
verib. Salnamə yaratmaq üçün illərlə tədqiqat apararaq “İran Azərbaycanının müasir
şairləri”, “Səttarxan”
şeirlər toplusu,
“Xiyabani”, “Cənubi Azərbaycan şairləri
antologiyası”, Qılman
İlkinlə birgə
tərtib etdiyi “Qızıl səhifələr”
sənədlər toplusu,
“Atmacalar”, “Əliağa
Vahid. Seçilmiş əsərləri”, “Qapı oğrusu”, “Məmmədəli Manafzadə
Sabit”, “İbrət güzgüsü. Şeirlər, hekayələr və məqalələr” və
başqa nəşrləri
ortaya qoyub. Cəlil Məmmədquluzadənin 140 illik yubileyində
Naxçıvan Dövlət Universitetinin rektoru kimi dövlət
proqramı əsasında Naxçıvanda Mirzə Cəlillə
bağlı üç əsəri çap etdirdik ki, onun
biri də Qulam Məmmədlinin salnaməsi idi. Bu gün
də biz onun xatirəsinə ehtiramla yanaşır, əsərlərini
dövriyyəyə gətirmək istəyirik”, - deyə
akademik əlavə edib.
Ədəbi tənqid şöbəsinin
müdiri filologiya elmləri doktoru Vaqif
Yusifli “Qulam Məmmədlinin həyat və
yaradıcılığı” mövzusunda məruzə edib. O, məruzəsində Qulam
Məmmədlinin (1897-1994) tərtib etdiyi “Molla Nəsrəddin”,
“Hüseyn Ərəblinski”, “Azərbaycan teatrının salnaməsi”
- ikihissəli, “Üzeyir Hacıbəyov”, “Cavid ömrü
boyu”, “Nəriman Nərimanov”, “Abbas Mirzə Şərifzadə”
və digər salnamələrin adlarını çəkib.
Bildirib ki, Qulam Məmmədli universitet bitirməsə də, əsl
həyat universiteti keçmiş, şəxsi mütaliədən,
adi həvəs və maraqdan, ədəbiyyatımızın,
mətbuatımızın, teatr tariximizin nüfuzlu
araşdırıcısına çevrilmiş, bir sözlə,
az qala bütöv bir institutun işlərini
görmüşdü”.
Elmi sessiyada “Qulam Məmmədli mətbuat tarixinin
araşdırmaçısı kimi”, “Qulam Məmmədli
fenomeni”, “Qulam Məmmədli və “Molla Nəsrəddin”
jurnalı” mövzularında məruzələr dinlənilib.
Mətbuat tarixi və publisistika şöbəsinin müdiri
filologiya elmləri doktoru, professor Vüqar Əhməd “Qulam Məmmədlinin
şəxsi arxivi və əlyazmaları haqqında”
mövzusunda məruzəsində vurğulayıb ki, zəngin
və çoxşaxəli yaradıcılıq yolu keçən
Qulam Məmmədlinin şəxsi arxiv materiallarının 38
saxlama vahidindən ibarət bir hissəsi 1975-ci ildən AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun fondunda qorunur. Onun şəxsi arxivi ilə bağlı iki kitab
işıq üzü görüb. Afaq
Əliyeva və Pərvanə Teyyubovanın Qulam Məmmədli
arxivinin təsviri kitabı çap olunub.
Tədbirdə “Salnaməçi” (Qulam Məmmədli) sənədli televiziya filmi
nümayiş olunub.
Ədəbiyyat qəzeti.- 2022.- 21 may.- S.21.