Hekayəçi
Bu adı yazıya seçəndə heç də təəssüflənmədim. Artıq iki
hekayələr kitabı çapdan çıxan Təranə
Vahid nəsrin bu "kiçik" janrında öz yaradıcılıq
potensialını üzə çıxarmaqdadır. Təranə Vahid esse də yazır, publisistik
yazıları da var, amma hekayə janrında uğur qazana
bilir. "Cənnətdən
yuxarı" və "Qarışqa təqvimi"
kitablarında toplanan hekayələr sübut edir ki, müasir
nəsrimizdə yeni bir səs ucalmaqdadır.
Təranə Vahidin bir çox hekayələrində məhz
"ifadə vasitələrində zəriflik, maksimum
yığcamlıq və detalların dəqiqliyi" diqqəti
cəlb edir və deyim ki, bütün bunlar və ən
başlıcası, həyatı təsvir üsulundakı
özünəməxsusluq onun hekayələrinə bir özəllik
gətirir.
"Mən
toz dənəsiyəm" və "Durna adam" hekayələri
insanın dəyişilmə, bir aləmdən başqa bir aləmə
"köçürülmə" prosesini əks etdirir və
bu hekayələrdə Təranənin uğuru həmin
prosesin mahiyyətini psixoloji baxımdan açıqlaya bilməsidir.
İnsan niyə arzulayır ki, toza dönsün
və niyə arzulayır ki, "Allahın altında
dönüb durna olaydım". Bəni-insan
bütün ömrü boyu bu xəyallara düşə bilər
və təbii ki, canlı həyatda insanın toza və ya
durnaya çevrilməsi mümkün deyil. Amma ədəbiyyat buna qadirdir və Təranə də
toza və durnaya dönən iki insanın taleyini iki hekayədə
əks etdirir. Toza dönən insan
"bütün qadağalardan, sədlərdən, sərhədlərdən
azad olub, havada ürəyi istədiyi qədər
uçur". "Mən toz olandan sonra
yaşamağın nə olduğunu bilmişəm, öz
aramızda qalsın, insan olanda bir dəfə də
özümü insan kimi hiss etməmişəm". Həyat
insanı dəyirmanda buğda kimi əzəndə, ona məxsus
olanı zorla əlindən alanda, ədalətsizlik,
haqsızlıq boğazına dirənəndə, günlərin
birində "əl çəkin yaxamdan, mən məğlub
oldum, mən heç kiməm, heç kim,
mən toz dənəsiyəm" deməyi bacarmalıdır.
Bəs toza çevriləndən sonra insanın
azadlığa qovuşması, real həyatdakı
haqsızlıqlardan xilas olması "azadlıq
çatışmazlığı" sindromunu aradan
qaldıra bilirmi? Hər halda,
"tozların cəmiyyətində hər şey ədalətlidirmi?"
nigaranlığı belə deməyə haqq verir ki,
yaşadığımız həyat, dünya, cəmiyyət,
insan mühiti həmişə fantastik arzular doğurur.
Ramiz Rövşən bir şeirində bu fikri neçə il əvvəl belə ifadə etmişdi:
"Mən bir tozam, azadam göy üzündə, Nə olsun
ki, azad deyil bir adam yer üzündə". Bəlkə
elə Təranə bu şeirdən təsirlənib? Ola bilər.
Bəs Əliş kişini Durna olmağa nə vadar
edir? "Allahın altında dönüb durna olaydım.
Qoşulaydım bu qatara, gedəydim
dünyanın axırına" - adi bir arzudur və müəllif
onu çox asanlıqla həyata keçirir. Əlif
kişinin "bircə yaddaşı özündə
qaldı" və
"göylərin genişliyi, azadlığı
ağlını başından almışdı. Qocalıqdan canı qurtarmış, ayaqları,
qolları quş kimi yüngülləşmişdi. Uzun qanadları enib-qalxınca, ürəyində
"İlahi, kərəminə şükür, bəxtimdə
durna olmaq da varmış" - deyib Yaradandan dualarını əsirgəmirdi".
İnsan yaddaşı onu keçmişə, durna
yaddaşı gələcəyə səsləyir və
"Mən toz dənəsiyəm" hekayəsindəki
insandan fərqli olaraq Əliş kişi
"çox-çox uzaqlardan sümüyü sürmə
olmuş anasının həzin laylasını eşidir,
göz açdığı kənd, gəzdiyi torpaq,
yaşadığı vaxt onun yolunu gözləyirdi". Və
Əliş kişi bir vaxtlar sahibi
olduğu həyətdə durna kimi yaşamağa razı
olur, həsrətlə adam olacağı günü gözləyir.
Fikrimcə,
"Durna adam" hekayəsi birinci hekayəyə
nisbətən daha maraqlıdır, "fəlsəfəçilikdən"
uzaqdır, obrazın mənəvi təkamül prosesini əks
etdirmək baxımından da uğurludur.
Təranə Vahidin bir neçə hekayəsi
("Axşamüstü", "İntihar", "Qorxu
çiçəkləri") ölüm hadisəsi ilə
sona çatır. Ölümü adi fiziki, bioloji hal kimi
deyil, mənəvi-psixoloji fakt kimi təsvir edəndə daha
inandırıcı olur. Bu baxımdan Təranənin
"Qorxu çiçəkləri" onun ən uğurlu
hekayələrindən biridir. Qoca bir bağban qoca bir alma ağacı ilə dərdləşir.
İlin qış vədəsində qorxudan çiçəkləmiş
bu ağacın taleyi onu düşündürür, bu
ağacın vaxtilə bolluca bar verməyini xatırlayır,
göydən qar yağanda əlləri ilə ağacın
gövdəsini sığallayır, nəfəsi ilə
isidir, alma ağacına layla deyirdi. Beləcə, alma ağacına söykəli qalır və
o da, qar altında şaxta vurmuş çiçəklər
də ölümü qarşılayır.
Təranə Vahid Laçın dağlarından
Bakıya gəlib və onun əksər yazılarında o
dağlarda yaşayan kəndçi soydaşlarının həyat
hekayələrini yazılarına köçürür. "Köçürür"
yox, onların taleyi, əsrlər boyu yaşadıqları adət-ənənələri,
başlarına gələn macəraları canlandırır.
İlk növbədə, diqqəti o cəlb
edir ki, Təranənin təsvirlərində kənd
bütün koloriti, kənd adamları isə bir-birindən fərqli
səciyyəvi xüsusiyyətləri ilə diqqəti cəlb
edirlər. Onun "Novruzəli" (ilk
adı "Asan xidmət") hekayəsi hələ də
öz kəndçi stixiyasından çıxa bilməyən,
amma daxilən təmiz və saf qalan, ona yad olan şəhər
mühitinə düşdükdə belə bu
saflığı və təmizliyi itirməyən bir
insanın hekayətidir. İndi sual verə
bilərsiniz ki, axı bu mövzu bizim nəsrimizdə də
işlənib, amma Təranə Vahid təqdim etdiyi obrazın
məxsusi cizgilərini qabarda bilir.
"Novruzəli" hekayəsində müəllif
müasir Novruzəlinin başına gələn əhvalatları
oxucuya təqdim edir. Təranə Vahidin Novruzəlisi, əslində,
bugünkü gerçəkliyimizi anlamaq üçün
klassik obrazı "yeniləşdirmək" yolu ilə
yaradılmış bir görüntü-obrazdır. Mirzə Cəlilin Novruzəlisi bir poçt qutusuna məktub
atmaq üstündə tutulub həbs edildi, amma bizim müasir
Novruzəli şəhərə gəlir, işlərini də
görür, arvadının sifariş etdiyi güzgünü
də alır və şad-xürrəm kəndə
qayıdır. Kəndçi də olsa,
sadə və avam görünsə belə, bu təzə
Novruzəli bugünün adamıdır, kəndlərimizdə
nə qədər desən, belə Novruzəlilər
yaşar. Onların müasir sivilizasiyadan iraq
düşməsi, "avam kəndçi" stixiyasından
ayılmaq istəməməsi düşündürüb
müəllifi. Şəhər isə artıq poçt
qutularını divarlardan kənar edib, Asan xidmətlər hər
şeyə qadirdir...
Amma Təranə Vahidin kənd adamı haqqında
düşüncələri heç də "Novruzəli"
hekayəsi və Novruzəli ilə məhdudlaşmır. O, bir sıra hekayələrində
müasir kəndin mənzərəsini canlandırır, amma
diqqətini daha çox kəndin yaşlı nəslinə -
atalara, babalara, nənələrə ayırır. O, bu
obrazlar vasitəsilə həm yaşadıqları kəndin
adət-ənənələrini canlandırır, həm
ucqarlarda xalqın milli-mənəvi keyfiyyətlərindən
söz açır, həm də Qarabağ müharibəsinin
kəndə - kənd adamlarında necə təsir
doğurduğunu açıqlayır. Amma bütün hallarda
yadda qalan obrazlar yaratmağa can atır. Böyük
şəhərin tələbə yataqxanasına
sığınmış, evi yağmalanmış
adamların taleyini uzun-uzadı təsvir etmədən bir
uşağın - ermənilərin fiziki işgəncəyə
məruz qoyduğu Səlimin faciəsini canlandırır.
"Lətif müəllimin 14 yaşlı
oğlu Səlim gecələr yalquzaq kimi uzun-uzadı, nəfəsi
kəsilənəcən ulayırdı. Ulayırdı
deyirəm ey, sizə, ha özündən deyən qurd həsəd
aparardı ona". Qonşular şikayət edirlər,
sahə müvəkkili gəlir, anası izah edir ki, Səlim dəli
deyil, onun böyük qardaşı müharibədə şəhid
olub, heç meyiti də tapılmadı, özü isə
düşmənə əsir düşüb, ona əzab
veriblər, dırnaqlarını, dişlərini çəkiblər,
hər gün "Sən qurd oğlu qurdsan, ula, ulamasan
gözlərini çıxararıq". Yataqxanadan
gedəndən sonra isə Səlimin vəziyyəti daha da pisləşir,
"Məni kəndimizə aparın" deyir, son nəfəsində
Səlimin yaşıl gözlərində alov rəngində
bir qurd ulayırmış. Təsirli hekayədir
və müharibənin maddi və mənəvi zərbələrinin
insan talelərində faciələrlə əks olunduğunu
bir ailənin timsalında ümumiləşdirir.
Təranə Vahidi kədərli hekayələr müəllifi
kimi tanıtmaq istəməzdik. Doğrudan da, onun bir
çox hekayələrində kədərli əhvalatlar nəql
edilir, təqdim etdiyi obrazların taleyi səndə də kədər
doğurur. Amma hər bir kədərli əhvalatın
arxasında bir həqiqət durur - İnsan ölümə
layiq deyil. "Həsrət" hekayəsində
müharibədə evi, eli, torpağı əlindən
alınmış Həsrət müəllimənin dərs
dediyi sinfi, o sinfin uşaqları da ona ağır dərd olur,
indi o yas yerlərində Qarabağa ağlayır, şəhidlərimizə
ağlayır, əsir aparılmış insanların taleyini,
düşmən tapdağında əzilən
torpaqlarımızın dərdinə ağlayır. Amma sonda "adamların gözü
qarşısında Həsrət müəllimə dəli
oldu. Dərdli adamlar ...dərddən dəli
olan qadına ağladılar". "Uçan
buludlar" hekayəsində 60 yaşı tamam olmuş Rəhman
müəllimi pensiyaya göndərirlər, institutu təzəcə
bitirmiş Nazilə müəlliməni onun yerinə təyin
edirlər. Ona qarşı çoxdan
planlaşdırılmış əməliyyat
"uğurla" başa çatır, Rəhman müəllimin
şərəfini uşaqların gözləri
qarşısında yerlə-yeksan edirlər, şagirdlərin
hönkürtüsünə baxmayaraq... "Rəhman
müəllimin ürəyi heç vaxt belə
sıxılmamışdı, heç vaxt belə əlacsız
olmamışdı". Beləliklə, Rəhman
müəllim "şagirdlərin gözündə əfsanədən"
- o romantikadan təkliyin, tənhalığın zoğal
arağı qədər acı olan reallığına
sürüklənir. Dərdini zoğal
arağıyla söndürmək istəyir. Birinci badəni yaşadığı divarların
sağlığına içir. İkinci
badəni yalanların sağlığına içir,
çünki o, yalanları sevmirdi, o, başqaları kimi
müti olmamışdı. Üçüncü
badəni xərçəng xəstəliyindən vəfat edən,
onu bu dörd divar arxasında tənha qoyan mərhum
arvadının sağlığına qaldırır.
Dördüncü badəni isə otağındakı
hörümçəklərin sağlığına
içir, ona elə gəlir ki, divarlarda buludlar var və son
anda... "Divarlar əriyirdi, buludlar pəncərəyə
tərəf axırdı, Rəhman müəllimin əyilmiş
qəddinin kölgəsi pəncərədə titrəyib,
sonuncu buludun azadlığa çıxacağını
gözləyirdi".
Təranə
Vahidin bütün "kədərli" dediyim hekayələrin
içində bapbalaca bir "Ağac adam" hekayəsi də
var. Bir ağac öz əcəli ilə ölür, amma qəbrinin
üstə bapbalaca, bənövşəyi rəngdə bir
zoğ görünür və bu zoğ boy ata-ata yenidən
ağac olur. Amma bir gün əli baltalı adamlar gəlir... Bu dəfə ağac öz əcəli ilə
ölməyəcəkdi. İnsan taleyi ilə qiyas olunan
ağac... Təranə Vahid əslində,
ağacla insan ömrünü sintez edir. Amma
"Ölüm son deyil!". Məhv
olmuş ağacların yerində təzə zoğlar boy
atacaq, insan da bu dünyadan köçəndə qoyub getdiyi nəsli
yaşayacaq...
İddia etmirik ki, Təranə Vahidin iki kitabında
bütün qələmə aldığı hekayələr
bədii keyfiyyət şkalasının tələblərinə
tam uyğundu, təbii ki, yaxşı, bəyənimli hekayələri
ilə müqayisədə bir qədər solğun təsir
bağışlayanları da var. Amma bunların sayı
çox deyil.
Biz yaşlı ədəbiyyat adamlarının sevimli müəllimi
olmuş Mir Cəlal Paşayev bir məqaləsində
yazırdı ki: "Hekayə bitkin süjetlə, aydın və
səlis dillə, maraqlı obrazlarla diqqəti cəlb etməlidir".
Təranə Vahidin əksər hekayələrində biz bunun
şahidi olduq...
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.- 21 may.- S.20.