Ağlayaq getsin
Gəl bu günə də bir ad
Qoyaq, ağlayaq
getsin.
Yumsaq, kirpikdən olluq,
Oyaq ağlayaq
getsin.
O kimdi, yolun azır?
-
Üst-başı yalın azır.
Çox
"qəbrəqoyulmaz"ı,
Qoyaq, ağlayaq
getsin.
Küllük olub toy yeri,
"Qaragöz boy-boy" yeri,
Nəsimilər boy verir, -
Soyaq, ağlayaq
getsin.
Keşik çəkir
Qucaq açdı gülə sinəm,
Bəlkə bir az
gülə sinəm.
Gözlərimin giləsinə
Bir damla yaş keşik çəkir.
Həyadan yana tər sinə,
Üz qızara,
tər isinə.
Yaxşı ki, deyil tərsinə, -
Ayağa baş keşik çəkir.
Üzdü xəyanət canımı,
Yurda əmanət
canımı.
Namərd
kəsdirib yanımı,
Əlində daş keşik çəkir.
Alsa ruhunu dərd ələ,
Budur ən böyük dərd elə,
Olub bir sürü dərd ilə,
Bağrım badaş, keşik çəkir.
Ahım
haradan haraya...
Yetiş,
Yaradan, haraya,
Ölümü qoyub araya,
Göz ilə qaş keşik çəkir.
Ağrıyır
Dərd
əkib, qəm biçməkdən,
Qol yerindən
ağrıyır.
Kasıb
yoxdan, harınsa
Bol yerindən
ağrıyır.
Gözlərim oyum-oyum,
Nə baxdım
ki, nə doyum?!
Canımı hara qoyum? -
Sol yerindən ağrıyır.
İçimə damcılayır
Çölümün qançırları.
Kürəyim qamçıların
Zol yerindən
ağrıyır.
Dünya
məhbəs, qəfəs
dar,
Ya al, ya ver - nəfəs dar.
Cəmi
yaranmış ki var -
"Ol" yerindən
ağrıyır.
Sən yer adamı deyilsən
Özün şəklindən qəşəngsən,
Şəklin də özündən gözəl.
Həyat
səni düşürməsin,
Heç zaman gözündən, gözəl.
Bu necə bir gözəllikdi? -
Eşqə sığışdırmaq olmur.
Üzündən süzülən nuru,
Yığıb-yığışdırmaq olmur.
Baxırsan həyat dolusu,
Qadınsan - adın üstündə.
Yıxılır evi baxanın,
Kül olur odun üstündə.
Yığış, tez get buralardan,
Sən yer adamı deyilsən!
Gəlişinlə yer üzünü
Tutsun qadamı
deyirsən?!
Gör necə əsir etmisən,
Düzü-dünyanı özünə.
Səni
görən zindan sanır,
Düzü, dünyanı özünə.
Apar, Tanrım, bu gözəli,
Mələklərə ortaq eylə.
Hamı
azad olsun deyə,
Öz hücrəndə
dustaq eylə.
Tapdım səni
Gələn yazın həlim-həlim,
Nəfəsində tapdım səni.
Yarpaq-yarpaq, çiçək-çiçək,
Həvəsində tapdım səni.
Adaq-adaq
nalçasında,
Budaq-budaq
alçasında,
Naxış-naxış xalçasında,
Gəbəsində tapdım səni.
Yerdən,
göydən qor umduğu,
Qızmar
yayda qar umduğu,
Gəncliyimin qorunduğu,
Həbəsində tapdım səni.
Mələklərin qanadında,
Ruhlar yanar eşq odunda.
Bu dünyanın eşq adında
Kəbəsində tapdım səni.
Yıxıldılar
Səni
heçə sayanlar
Heçindən yıxıldılar.
Qurd yemiş ağac kimi
İçindən yıxıldılar.
Əyləndi bic gələnlər,
Öyrəndi gec gələnlər.
Hamıya
güc gələnlər,
Gücündən yıxıldılar.
"Bu yiyəsiz sürünün..."
"Arxamızca sürünün..."
Dörd
həyat ünsürünün,
Üçündən yıxıldılar.
Allaha uladılar,
Günaha
uladılar,
Sabaha uladılar, -
Bugündən yıxıldılar.
Adam olun bir anlıq,
Ərş də, Kürs də bir "O"nluq
Çox
gədələr Fironluq
Köçündən yıxıldılar.
Rafiq ODAY
Ədəbiyyat qəzeti.- 2022.-
21 may.- S.17.