Məktub yazma, ağ kağıza gülümsə,
Göndər mənə, biləcəyəm halını
Məktub
yazma, ağ
kağıza gülümsə,
Göndər mənə, biləcəyəm
halını...
Hər gedişin qayıdışı
ölümdü,
Yorulanda gözləyirəm yolunu.
Ağ şərfini saxlayıram
hələ də,
Boynuna doladım
hər xatirənin.
Yorğanı çək, bax,
üşüyür ayağı,
Mənsiz
yatammayan bir xatirənin...
Yuxunu söndür gəl, lap ölümsayaq,
südü bitən
ağrı bəlkə
kiriyə...
İçimdə adını çəkmişdim
bayaq,
Divarda şəkilin döndü
geriyə...
Payız
da bu gecə
yorğun, əsəbi,
Sənli xatirələr gözümdən
axır.
Səsinə inanmır saat əqrəbi,
Sənmi gəldin - deyə qapıya baxır.
***
Bir siqaret tüstüsündən
asıram özümü,
Yıxılıram ovcumdan üzüaşağı...
Öpüb alnıma qoyuram
ayaq izimi,
Mən
- alın yazısını
güllələyən
bir payız uşağı.
32 yaş...
Bütün pəncərələrdə öz
işığını axtarır
kölgəm.
Gülər üzlü yanaqlar
həm Vətənim,
həm ölkəm...
Bir təndir çörəyinin
qoxusunda
dəfn edirəm ilk məhəbbətimin qorxusunu.
Addımlayıb yaşayıram
baxışları axsaq bir ömrün yuxusunu.
Qəbrimə salam göndərirəm
yasəmən qoxusuyla,
Deyirəm, ağ bayrağımı geyinib gələcəm,
Hələ ki təslim olmaq istəmirəm,
Bütün təbəssümümlə döyüşəcəyəm,
tanrıyla...
Hələlik, kamikadzem, hələlik 32 yaş.
Get, öldürmə,
Qəbrimə göndərdiyim
o biri yaşlarımla qucaqlaş...
***
Körpə qoyub getmişdim,
böyüdümü o ürək?
Aç
qapını, gəlmişəm,
qapını döyür
külək.
Gileylənmə ki, gülüm,
bəxtinin dişi
düşüb.
Bir bax mənə: gözümün
gözünə işi düşüb...
Xatirən şam yandırır
hər yuxunun sonunda...
Son duanla görüşdüm,
gəlmişdi ağ donunda...
...Xatirəm də qocalıb,
itiribdi huşunu.
Göz yaşımdan asmışam,
sənin son baxışını.
Payız
doğan günəşəm,
Gülüşüm də üşüdür.
Dodaqlarım çəlikli,
öpüşüm da üşüdür...
Körpə qoyub getmişdim,
böyüdümü o ürək?
Aç
qapını, gəlmişəm,
qapını döyür
külək.
***
...Öpür,
öpür şəhidlərin
dəmir yumruğundan,
öpür azad olunan Vətən torpağı...
Beləcə söykəyir,
söykəyir küləyə
kürəyini
Üçrəngli Bayrağım!
Göz yaşları dərir nəfəsini,
Düşmən tapdağının nəbzi
dayanır.
Bir ovuc qanla
Torpaq sürmə çəkir
gözünə,
Yanağını, dodağını boyayır,
Vətən toy paltarını geyir
əyninə,
Torpaq
and içir öz ruhuna!
Bütün qəbirlərin işığı
yanır...
***
...Yorulur qatar
səsi
ayaq üstə durmaqdan,
yorulur
özü özünü
oyadan saat zəngi...
Əqrəbləri diz çökür
bir fotonun önündə,
və hönkürür
baxışında
lal notların dua rəngi...
Qəfil
bir lampa
nişan alır
özünü uzaqdan;
tapşırır canını
çəlikli göz yaşlarının əynində...
Tural TURAN
Ədəbiyyat qəzeti.- 2022.-
21 may.- S.15.