Sözə çevrilmiş səs
İki səs, bir söz
ustadının xatirəsinə
Deyirlər,
əlyazmaları yanmır... Səslər də itmirmiş...
Səs də tarixin bağrında illərlə, bəzən
də əsrlərlə uyuya bilirmiş... Səs
sözdən bir addım irəlidədir. Söz
həmişə səslə ehya bulub. Səs də
güllər kimi ətirli, təravətli olurmuş... Buta
kimi, naxış kimi təkcə qulağa xoş gəlmir, həm
də göz oxşayırmış... Səs ahəngə
çevriləndə gül butasının açması
kimi sirli və gözəl olur...
Səsin
də taleyi olurmuş... Elə insanlar var ki, səs
onların taleyinə çevrilir, boğazlarında bu səsi
son ümid yeri kimi qoruyurlar, o səsə
sığınıb fəna memarının tişəsindən
qorunmağa çalışırlar. Fələyin gərdişində
mefistofel hiyləgərliyi var; əvvəlcə
dövrü-zaman rəyincə dövr edər, sabitü-səyyarələr
başın üstə bərq vurar, gecən də
gündüz kimi çıraqban olar, sən də tuti kimi
şirin nəğmələr ötərsən,
bülbüllər səsinə valeh olub bihuş düşəndə,
özlərini əlindəki qavala çırpanda heç
ağlına gəlməz ki, ağ günün bir qara
üzü də var. Fələyin üzü dönsün! O
qədər güllər soldurub ki... Sayı-hesabı yox...
Güllər Şamaxı torpağında, Cavad
mahalında dünyaya göz açmışdı. Heç kəs
bilmirdi ki, bu körpənin alnına söz əvəzinə
səs yazılıb. Özü də
qız kimi doğulub oğlan kimi yaşamaq varmış qismətində.
O, hələ doğulanda bələyi dərd-qəmdən
bükülüb. Özünə yol açmaq
üçün incəlib iynə gözündən
keçib Mirzə Güllər. Bu tale
sınıqlığı ömrünün sonunacan bitişməyib
ki, bitişməyib...
Muğam tariximizin yorulmaz tədqiqatçılarından
olan dəyərli alim Gülhüseyn Kazımlı ilə
mütəmadi görüşlərimizdən birində məndən
soruşdu ki, Mirzə Gülləri tanıyırsan? Yaddaşımı
köməyə çağırdım, bu ad mənə nəsə
deyirdi. Hansısa kitabda onun adına
rast gəlmişdim. Biləndə ki, Mirzə
Güllər XIX əsrdə yaşamış ilk qadın xanəndəmiz
olub, hafizəmdə Mirzə Məhəmmədhəsənin
siması canlandı. Səsi yox, məhz
siması. Çünki onun səsi
yüzilliklərin o tayında qeybə çəkilib. Ondan qalan yazdığı kədər, şikayət
dolu qəzəllər, bir də başında buxara papaq, əlində
qaval - bircə şəkildir. Görünüşcə
ortaçağ abidlərini, bir az da sufi şeyxlərini
xatırladan Mirzə Məhəmmədhəsənin acı
taleyi ilə tanış olandan sonra, ömrünün zülmət
fəslində yazdığı hüsranlı, nisgilli
misraları oxuduqdan sonra sanki səsi də bir əsim meh kimi,
narın bir nida kimi qulaqlarımda səsləndi. O səs
yüz əlli ilin uzaqlığındakı tarix
qapısını üzümə açdı. O səsin
gördüyü iş isə torpağın, suyun, günəşin
gördüyü işə bənzəyir. Torpaq
kimi ruhumuzu dirildir, su kimi içimizə sərinlik gətirir,
günəş kimi qəlbimizi isidir.
Gülhüseyn
müəllim mənə bir kitab verdi və
dedi ki, bunu mütləq oxu. Bu kitab Xalq
yazıçısı, tarixi romanlar müəllifi Əzizə
Cəfərzadənin idi. "Bir səsin
faciəsi" romanı Mirzə Güllərin nakam taleyindən
bəhs edir. O Mirzə Güllərin ki, məhz
Mirzə Məhəmmədhəsənin şagirdi olmuşdu.
Səsini eşidənlərin dediyinə görə,
o, oxuyanda sanki Mirzə Məhəmmədhəsən
oxuyurmuş. Onun muğamda vurduğu xallar
Mirzə Güllərin səsində çiçəkləyirmiş.
El-oba o səsin başına
toplaşırmış. Bu səs
enerjisini hardan alırdı? Yöndəmsiz
taledənmi? Oğlan cildinə girmiş
bir qızın daxili üsyanındanmı? Əlacsız eşq mərəzindənmi? İlahidənmi? Kim bilir...
Əzizə Cəfərzadə tarixi roman
ustasıdır. Onun qələmindən çıxan əsərlər
oxucunu bugündən qoparıb qədim əyyamlara aparır.
Yazıçı orta əsrlərin
etnoqrafiyasını, yaşayış tərzini, leksikonunu o qədər
dərindən bilir ki, bənzərsiz lövhələr
yaradır. Köhnə zamana söykənib
yeni əsər yaratmaq da hər yazıçıya nəsib
olmur. Millətin yaddaşının dərinliklərinə
enmək, ordan qiymətli tarixçələri, mədəniyyətimizin
yaşaması üçün böyük xidmətlər
göstərmiş şəxsiyyətləri tapıb yeni
zamana daşımaq, muncuq kimi sapa düzmək və yenidən
xalqın sərvətinə çevirmək üçün
gərək bir ömür boyu şam kimi yanasan, şəxsi
həyatından, yerüstü dinclikdən, istirahət
haqqından imtina edəsən. Əzizə
xanım məhz bu qəbil insanlardan idi. Onun
əsərləri tarixi roman janrının sərhədlərini
daha da genişləndirdi, tarixi həqiqəti təhrif etmədən
təxəyyülə meydan verən yazıçı təsvir
etdiyi obrazı bütün parametrlərilə mətnin mərkəzinə
gətirməklə oxucunun ona müxtəlif rakurslardan
baxmasını təmin edir. "Aləmdə
səsim var mənim", "Vətənə qayıt",
"Bakı-1501" və digər romanlarında həm də
biz dövrün mənzərəsini bütöv şəkildə
görə bilirik.
Bir vacib məqamı da qeyd etməsəm, olmaz. Əzizə
xanım bütün yaradıcılığı boyu Azərbaycanın
ədəbiyyat, mədəniyyət tarixində iz qoymuş
qadınlarımızın parlaq obrazlarını yaradıb.
Həm bədii əsərlərində, həm
də tədqiqat işlərində tarixdə izi və
sözü qalmış qadınların həyatını,
yaradıcılığını, ictimai fəaliyyətini
geniş işıqlandırıb. "Cəlaliyyə",
"Zərintac-Tahirə", "Rübabə
sultanım" romanları adlarından
göründüyü kimi tarixin müxtəlif əsrlərdə
yaşamış qadın qəhrəmanlarına həsr
olunub. Onun zəngin irsinin qoruyucusu Turan bəy deyir ki,
Əzizə xanımın ev arxivində Azərbaycan
qadınlarının əsərlərinin toplanmasına, tədqiqatına
aid 60-dan çox böyük qovluq saxlanılır. Bu
yazını yazmamışdan bir neçə gün əvvəl
Turan bəy məni Əzizə xanımın arxivi ilə tanış etdi. Çox qəribə
hisslər keçirdim, qalaq-qalaq qovluqlar, cildlər bir
yazıçı, alim ömrünün bəhrəsi idi.
Bu zəngin, ziqiymət arxiv Azərbaycan ədəbiyyatının
sərvətidir. Turan bəy bu arxivi
göz bəbəyi kimi qoruyur. Əzizə
xanımın bütün əsərləri elektron varianta
köçürülüb. Sağlığında
işıq üzü görməyən əsərləri
"Seçilmiş əsərləri"nin
12 cildliyinə daxil edilib. Turan bəy bu sərvəti
yenidən xalqa bəxş edib.
***
"Bir səsin faciəsi" romanı Mirzə Güllərlə
birgə onun tale və sənət ortağı Mirzə Məhəmmədhəsənin
də ömrünə kiçik bir cığır
açır.
O cığırla gedib ustad dərsinə
çıxırsan. Orda Mirzə Məhəmmədhəsən
Güllərin səsini cilalayır. Səs
maqnit kimi sözləri canına hopdurur. Güllər
Seyid Əzimdən oxuyur, elə Mirzə Məhəmmədhəsənin
misralarını öz şirin avazında cilvələndirir.
Ey qan olan
könül, niyə düşdün bu halə sən,
Bais nədir bu dərdü-bəlayə həvaləsən?
Bu, Seyid Əzimin rəvan təbindən
süzülüb gələn eşq təranəsidir.
Pərvanə
kimi yandı könül narə desinlər,
Bülbül
qəmini güldən ötür xarə desinlər...
Bu da Mirzə Məhəmmədhəsən çeşməsindən
süzülüb gələn həzin şikayətnamədəndir.
Mirzə Güllər içindəki atəşin
üzərinə elə öz səsiylə su səpirdi,
yoxsa cismi yanıb külə dönərdi. İlahi
duyğular insanın əzablarını azaldır. Mirzə Güllər də taleyinə belə meydan
oxuyurdu.
Əzizə xanımın təsvir etdiyi Mirzə
Güllər həm də eşq yarası almış nakam
bir gəncdir.
Zəmanə hər fürsətdə onun istəklərinə
qarşıdır. Çərkəzi çuxa geyinib kişi toylarında oxuyan bir qız axı necə
bir ailənin gəlini ola bilərdi?! Dövrün
sərt qadağaları qadınlara incəsənətlə məşğul
olmağa icazə vermirdi. Mirzə Güllərin
həyatı hər an, hər dəqiqə təhlükə
altında idi. Onun şöhrəti
İrana, Gürcüstana da yayılmışdı, bunu da
gözü götürməyən cahillər vardı. Bu səsi susdurmaq üçün fürsət gəzirdilər.
Amma onun səsinin vurğunları da çox idi. "Bir səsin faciəsi"
romanında Əzizə xanım yazır: "Deyirdilər ki,
Allah Şirvana ikinci Mirzə Məhəmmədhəsən
yetirib. Lap onun öz cavanlığıdır
ki, durub".
Cavad mahalında onun səsinə də, özünə
də aşiq olan bir gənc şair varmış - Səməd
Sahir. Mirzə Güllər də ona qarşı biganə
deyilmiş. Lakin Səməddən əvvəl
o anlayır ki, bu sevda heç vədə baş tutan deyil.
Səməd eşqini ona bəyan edəndə
Güllər bu izdivacın heç vaxt baş
tutmayacağını bildirir. Səməd
Sahir acı gerçəkliyi mahiyyətinə qədər dərk
edir və bundan sonra Mirzə Gülləri canı kimi
qoruyacağıyla təsəlli tapır. Bir
gecə isə namərd gülləsi Səmədi Güllər
zənn edib köksünü yaralayır. Səməd
öz sevgisi uğrunda canını fəda edir. Əsəri nakam bir eşq hekayəsi kimi də
oxumaq olar. Amma Mirzə Güllər adi adam
deyildi axı. Onun zərif köksündən pərvazlanan
səs həm də boğulan azadlığın naləsi
idi. O, elə bir mühitin yetirməsi idi ki, o mühitdə
qadının xanəndə olması mümkün deyildi. Mirzə Güllərin faciəsi bunda idi. Qadağalar onun ömür ağacının
budaqlarını budadıqca səsi qana boyandı.
İztirabı bir az da artdı, səsiylə
özünə ağ gün qazanmaq istəsə də, qara
gün başını elə qatdı ki, səsini də
götürüb biryolluq qeybə çəkildi Mirzə
Güllər.
"Bir səsin faciəsi" romanı Mirzə Gülləri
xalqın yaddaşına qaytarır. Əzizə xanım
bu romanı ötən əsrin 95-96-cı illərində
yazıb. Aradan uzun müddət keçib.
"Xan" nəşriyyatı ilk dəfə
bu əsəri kitab şəklində çap edib. Bu yaxınlarda isə Gülhüseyn müəllim və
Əzizə xanımın oğlu Turan İbrahimov uzun
axtarışlardan sonra Mirzə Güllərin səsi
yazılmış iki qrammofon valını tapıb üzə
çıxartdılar. Onun səsi
1914-cü ildə Kiyevdə "Monarch-Record"
studiyasında yazılıb. Bu iki qrammofon
valında Mirzə Güllərin ifasında
"Kürdü-Şahnaz" muğamı və "Gəl
görüm, gəl görüm kimin yarısan" xalq
mahnısı səslənir. Bunlar Azərbaycan
muğam sənətinin tədqiqi sahəsində çox
mühüm tapıntılardır. Beləliklə,
xanəndənin 2 valda 4 səs yazısı qorunub
saxlanılır.
Beynəlxalq Muğam Mərkəzində tədqiqatçı
alim Gülhüseyn Kazımlının təşkilatçılığı
və aparıcılığı ilə Mirzə Güllərin
həyat və sənət yoluna həsr edilmiş elmi konfrans
keçirildi.
O tədbirdə mənə də söz verildi. Düşündüm ki, görəsən, Mirzə
Gülləri muğam sənətimizdə nə cür
xarakterizə etmək olar? Qəfil ağlıma bir fikir
gəldi: Muğam dünyamızın boynubükük bənövşəsi.
Mirzə Güllər taleyi etibarilə
boynubükük bənövşə ömrü
yaşayıb.
Nə yaxşı ki, mərhum muğam tədqiqatçısı
Vəli Məmmədov Mirzə Güllərlə bağlı
xatirələri toplayıb. İndi ondan qalan bu iki
qrammofon valı və bir də onu həyatda görmüş
insanların xatirələridir. Bir də dəyərli
yazıçımız Əzizə Cəfərzadənin
yazdığı "Bir səsin faciəsi" romanı.
Çıxışımda
bir də onu dedim ki, Mirzə Güllər müstəsna sənətçi
idi. Bu müstəsnalıq onun zərif cinsin
nümayəndəsi olması idi. Sənəti naminə
qiyafəsini dəyişib kişi kimi
yaşamağa məcbur olmuş, dövrün şərtlərinə,
qadağalarına meydan oxumuş bu muğam fədaisi
ifaçılıq tariximizdə hər zaman anılacaq,
xatırlanacaq.
Səs indi də öz ömrünü söz kimi
yaşayır.
Söz isə doğuluş kimi əbədidi...
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2022.- 21
may.- S.12.