Taleyin yazısı...
Hərdən təsadüflərə inanıram, hərdən
yox. Amma tale yazısına çox inanıram. Uşaqlığımdan ədəbiyyata, şeirə,
sənətə vurğun olmuşam. İbtidai
sinfi bitirəndə, bu gün də unutmuram, sinif müəllimim
bizə böyüyəndə hansı sənəti seçəcəyimizlə
bağlı bir inşa yazdırmışdı. O zaman
yazmışdım ki, mən şair olacağam. Sinif müəllimim Əsmayə müəllimə
gülərək demişdi, "bir şairimiz
çatmır". Onda içimdə bir az
qırılmışdım, uşaq qəlbim ondan bir az
incimişdi də. Amma illər keçdi, yuxarı siniflərdə
oxuyanda məktəb divar qəzetinin redaktoru seçildim, hər
həftə məktəb divar qəzetini yeniləyirdim, məktəbin
şagirdlərinin bir-birini itələyərək orda
yazılmış yazıları oxuduqlarını görəndə
elə sevinirdim ki...
İllər
keçdi, orta məktəbi bitirdim, Azərbaycan Dövlət
Universitetinin (BDU) Filologiya fakültəsinə daxil oldum, Bəxtiyar
Vahabzadə, Abbas Zamanov, Fərhad Zeynalov, Xalid Əlimirzəyev,
Şamil Qurbanov... kimi böyük ədəbiyyat
adamlarından dərs aldım. Tələbəlik
illərindən böyük sənətkarların
qayğısını gördüm... universitetdə Bəxtiyar
müəllim bizə Azərbaycan ədəbiyyatını tədris
edirdi. Biz məktəb illərində
böyük sənətkarlarımızla yanaşı, Bəxtiyar
Vahabzadənin əsərlərini əli çıraqlı gəzirdik,
tapırdıq, oxuyurduq. Bəxtiyar müəllim bizə
Səməd Vurğun, Mikayıl Müşfiq, Hüseyn Cavid,
Süleyman Rüstəm, Rəsul Rza
yaradıcılığının böyüklüyündən,
onların sənətkarlıq imkanlarının zənginliyindən
mühazirələr oxuyurdu.
Tale elə gətirdi ki, mən arzuladığım
dünyanın insanlarının arasına düşdüm. Azərbaycan
Yazıçılar Birliyinin "Natəvan" klubunda
çalışarkən bugünkü gəncliyin ancaq
kitablarını oxuduğu o böyük sənət
dühalarıyla tez-tez rastlaşırdım. Onların kitablarının müzakirələrində
iştirak edirdim. Onların çoxu ilə
demək olar ki, hər gün görüşürdüm.
"Natəvan" klubu onların demək olar
ki, hər gün yığışıb söhbət etdiyi,
yeni yazılarını bir-birinə oxuduğu doğma məkan
idi. Kommunist senzurasının
buxovladığı arzu və istəklərini ifadə edən
əsərlərinin necə müdafiəyə
qalxdıqlarının da şahidi olmuşam.
Azərbaycan
Yazıçılar Birliyində keçirilən tədbirlərdə,
iclaslarda dövlətin ali qurumunda
çalışan Mirzə İbrahimovu, Süleyman Rüstəmi.
Rəsul Rzanı... şəxsən
görmüşəm. AYB-də
çalışdığım illərdə AYB-nin sədri
Xalq yazıçısı İmran Qasımov idi. Yadımda bir epizod da qalıb ki, "Natəvan"
klubunda Xalq yazıçısı Elçinin AYB-nin katibi vəzifəsinə
seçilməsi ilə əlaqədar bir təqdimat da oldu.
O zaman İsak İbrahimov, Hüseyn Abbaszadə, Nəriman Həsənzadə
məsul vəzifələrdə
çalışırdılar. İsmayıl
Şıxlı "Azərbaycan" jurnalının baş
redaktoru, Xalq şairi Qabil baş redaktor müavini idi.
Natəvan klubunda gedən qızğın müzakirələr,
gərgin anlar, yaşanan sarsıntılar yaddaşıma həkk
olunub. Amma yaddaşımda gözəl bir xatirə də
qalıb.
O zamanlar
tələbə idim. Həm oxuyurdum, həm də
işləyirdim. Xalq şairimiz N.Həsənzadə Ədəbiyyat
fondunun (o zamanlar "Litfond" deyirdilər) direktoru idi. Hər
gün gələn qəzet və jurnallar "Natəvan"
klubuna gətirilirdi və gündəlik mətbu orqanlarla
yazıçılarımız klubda tanış
olurdular. Elə olurdu ki, onları oxumaq
üçün gəlib götürürdülər.
Litfondda aylıq maaşımı alıb gələn
günü Nəriman müəllimin stolunun üstündə
də olan xeyli qəzet və jurnalları götürüb
"Natəvan" klubuna gətirdim. Klubda iki böyük stol
vardı. Qəzetləri yerbəyer elədim, səliqəyə
saldım və birdən yadıma düşdü ki, əlimdə
pulum da vardı. Baxdım ki yoxdur.
Bütün qəzetlərin arasına baxdım, axtardım,
bir az da itirmək həyəcanı məni
sıxdı... Pulu tapa bilmədim. Çıxdım qapıdan, ətrafa baxa-baxa
qalxdım yuxarıya, qızların yanına. Litfondda
Sona vardı, yaşca bir az məndən
böyük olardı, ondan soruşdum ki, bəlkə yerə
düşüb... O da maaşımı götürəndən
sonra qəzetləri götürmək üçün Nəriman
müəllimin kabinetinə girdiyimdən keçdi onun
otağına. Nəriman müəllim də məsələni
bildi, pərt oldum ki, gərək gəlməyəydim. O
da Sonaya yanımdaca dedi ki, otaqlardan, redaksiyalardan soruşun, ola bilər düşüb götürən
olar... bilsinlər ki, kimin pulu itib.
Məni xəcalət
təri basmışdı... utandığımdan bilmirdim neyləyim,
tərs kimi "Azərbaycan" jurnalı
redaksiyasının qapısında Qabil müəllim bizi
gördü, "nə axtarırsan, ay Sona" deyəndə
Sonanın yerinə özümü itirdim... Sona məni
sıxıntıdan qurtardı, dedi ki, get kluba, tapan olsa
göndərərlər ora...
Gəldim zala. Pulumu itirməyimdən çox, bu xəbərin
yayılmasından utanırdım. O gün pul
tapılmadı. Litfondda qızlar da hiss edirdim ki, heyifsilənirlər...
Sabahı gün getdim işə. Günortaya qədər
zaldan çıxmadım, rəhmətlik Kübra xanım
vardı, üzü gülməzdi, gəldi zala ki, İmran
Qasımov "Kommunist" qəzetinin bir həftəlik
bütün nömrələrini istəyir. Hiss elədim
ki, məsələdən xəbəri yoxdu. O, zaldan
çıxanda elə bil üstümdən dağ
götürüldü...
Günortadan
bir az keçmişdi. Adı
yadımda dəqiq qalmayıb, qız vardı, Seva deyə
çağırırdılar, həmişə rusca
danışırdı, o gəldi ki, İsmayıl
Şıxlı səni çağırır.
Getdim İsmayıl müəllimin otağına. Qeyd edim ki, İsmayıl
müəllim demək olar ki, hər gün gəlib o qəzetlərə
baxardı... çox ciddi, zəhmli adamıydı...
Otaqda tək idi. Stolunun üstündəki qəzetə
bükülmüş kitabı əlinə götürdü
və mənə dedi:
- Bu
kitabı Rəsul müəllimə aparıb vermək
lazımdır.
Mən Rəsul müəllimin harada, hansı idarədə
işlədiyini bilmirdim. Şəhəri də əməlli-başlı
tanımırdım. Amma İsmayıl
müəllimin də sözünü yerə sala bilməzdim.
Necə də olsa aparacaqdım.
- Rəsul
müəllimin oturduğu yerin ünvanını kuryer bilir,
onunla gedəcəksən. Aşağıda səni
gözləyir. Verəcəyi amanatı da
gətir, - deyib kitabı mənə uzatdı, - İsmayıl
Şıxlı göndərib deyərsən.
Kitabı götürüb çıxdım. Lətif Vəliyev
vardı. O da "Natəvan" klubunun direktoru idi. Ondan öyrəndim ki, Rəsul Rza Azərbaycan Sovet
Ensiklopediyası baş redaksiyasının baş redaktorudur.
Kuryer orta
yaşlı adam idi. Mən də şəhəri
tanımayan bir kənd uşağıydım, onunla birlikdə gəldik
redaksiyaya. O, həyətdə dayandı, mən qalxdım pilləkənlərlə...
Girişdə bir qadın vardı. Gəlişimin
səbəbini bilib "gözlə" deyib, içəri keçdi,
tez də döndü.
Mən otağa girəndə böyük bir mizin
arxasında oturmuş Rəsul Rzanın zəhmindən
çaşdım. Özümü itirsəm də tez ələ
almağa çalışdım. Kitabı verdim və
"İsmayıl Şıxlı göndərib" dedim. Kitabı götürdü, qəzeti sakitcə
açdı və içində bir kitab vardı. Qəzeti də səliqəylə qatlayıb kənara
qoydu. Mən də gözləyirəm ki, get desin və
qaçım çıxım bu otaqdan. Onun
ağır baxışları, zəhmi indi də gözlərimin
önündən getmir.
Yavaşca başını qaldırıb stolu göstərdi.
- Çək
stolu otur, - dedi.
Oturdum.
-
Çoxdan işləyirsən Yazıçılar Birliyində?
- Beş
aydır.
- Həm
də oxuyursan.
- Bəli.
Sakitcə böyür tərəfdən deyəsən
siyirtməni çəkdi. Ordan
götürdüyü pulu uzatdı mənə sarı.
- Say pulu.
Mən də düşündüm ki, İsmayıl
müəllimin dediyi amanat yəqin, budur. Götürdüm.
Saydım, 75 manat, içim gizildədi, dünən itirdiyim maaş gəldi düşdü yadıma.
- Nə qədərdir?
- 75 manat.
- Sənin
bir aylıq maaşın.
Duruxdum.
Özüm də bilmədən "bəli" dedim.
Mən qəfildən
onun üzündə elə bir qəribə təbəssüm
hiss etdim ki, bütün buzum çilk-çilik oldu. Allahım, elə mehriban bir səslə
danışırdı ki... - İnsan özü öz zəhmətinə
dəyər verməlidir. Pulunu itirmisən, koridorda yerdə
idi... İsmayıla dedim ki, o zəhmətinin qədrini bilməyən
uşağı göndərsin bura görüm kimdir?
Səsindəki
mülayimlik, incə məzəmmət...
- Əlimdə çoxlu qəzet və jurnallar vardı,
arasından düşüb... -deyə bildim.
Rəsul müəllimlə təhsilimlə,
yaradıcılığımla bağlı az-maz söhbət
etdik. Uzun
sözün qısası; Məni Azərbaycan Dövlət
Universitetinə çəkib gətirən arzularıma
müvəffəqiyyətlər arzuladı...
Yanılmışdım...
Rəsul Rzanın yaddaşıma həkk olunan zəhmli
baxışlarını görmüşdüm, amma
böyük sənətkarın görünən zəhmini,
sərtliyini mum kimi əridə bilən gözəl ürəyini
də mən görə bildim.
Sabahı gün işə gəldim, İsmayıl
müəllimi görmədim. İki gün sonra İsmayıl
müəllim adəti üzrə səhər "Natəvan"
klubuna gəldi, ona təşəkkürümü bildirəndə
sakit və təmkinli bir səslə dedi:
- Rəsul
müəllim dedi ki, o uşağa qayğı göstərin,
çünki o, puldan çox qəzet və jurnalları qiymətli
bilir...
İsmayıl müəllim iki dəfə "Azərbaycan
qadını" jurnalında yazılarımın
çapına kömək edib. "Ulduz" jurnalında
yazılarımın çapında Yusif Səmədoğlu,
Mövlud Süleymanlı, Vaqif Bayatlının böyük
rolu olub...
Mənim, bəlkə də, bədii
yaradıcılığımla yanaşı, elmi fəaliyyətimi
də davam etdirməyimdə məhz bu böyük sənətkarların
yaradıcılığının
araşdırılması, tədqiqatı arzusu böyük
rol oynayıb.
İllər keçir. Mən dedim sözümün əvvəlində
ki, təsadüflərə yox, tale yazısına inanıram.
İllərdir Rəsul Rzanın oğlu, Xalq
yazıçısı Anarın rəhbərlik etdiyi Azərbaycan
Yazıçılar Birliyində çalışıram və
bütün yazarlara olduğu kimi, özümə də
hörmətini, qayğısını görürəm.
Azərbaycan
ədəbiyyatının, ədəbiyyatşünaslığının
inkişafında xidmətlərimə görə 2010-cu ildə
"Rəsul Rza", bu il də
"İsmayıl Şıxlı" adına mükafata
layiq görüldüm. Və ürəyimi
qürurla dolduran odur ki, bu mükafatı mənə Xalq
şairi Rəsul Rzanın oğlu Anar və İsmayıl
Şıxlının oğlu Elçin Şıxlı təqdim
etdi. Bundan böyük qürur duyuram.
Bu iki böyük sənətkarlarla
bağlı xatirələrimi sizinlə bölüşərkən
gəncliyə böyük qayğının səbəbkarlarına
olan hörmət və ehtiramımı da ifadə etmiş
oluram.
Gülxani Pənah
Ədəbiyyat qəzeti.- 2022.- 21 may.- S.10.