Öldürən qəbirlər
Hekayə
Babam rəhmətə
gedəndən bir neçə ay sonra anamın yuxusuna girdi.
Anam da yuxusunu birinci axar suya, sonra atama danışdı.
Gördü ki, ürəyi soyumadı un halvası bişirib
yeddi qonşuya payladı. Sonda bir daha atamla məsləhətləşdi.
- A
kişi, nə deyirsən, qəbir üstünə gedək,
ya yox?
Əslində,
özü hər şeyi bilirdi. Amma niyəsə hər dəfə
atamdan soruşurdu. Biz tərəfdə bütün analar belə
edirdilər. Onlar dəqiq bildikləri şeyləri də
kişilərdən soruşmamış etmirdilər. Son sözü yenə atam dedi.
-
Hazılaş, gedək.
Adət-ənənəyə
əsasən yuxusuna rəhmətə gedən əzizi girən
hər kəs mütləq onu ziyarət etməli idi. Yoxsa qəbiristanlığa
diri yox, ölü gedərdi.
Atam
qapının ağzında siqaretini tüstülədə-tüstülədə
"ağız, uşağı qonşuya qoy, özün də
bir az tez elə, şər qovuşmamış gedək" -
dedi. Anam da "uşağı
niyə qapılarda qoyaq e, getsin də bizlə, nə olacaq
ki?" - soruşdu. Yəqin ki, "qapılar"
sözü atamı tutdu. Siqaretindən bir qullab da alıb
"yaxşı, di bir az tez ol" - dedi. Anam tələm-tələsik
hazırlaşmağa başladı. Onsuz da yazıq
ömür boyu harasa tələsirdi. Atamın deyinməyini nəzərə
alsaq, həmişə də gecikirdi.
Günortadan
sonra qəbiristanlığa getdik. Anam içəri girər-girməz
dil deyib ağlamağa başladı. Mən isə yersiz
uşaq qısqanclığı ilə iki daşın
arasında fikirləşdim ki, görəsən, mən də
ölsəm anam belə ürəkdən ağlayarmı?
Yazıq
elə nalə qopardı ki, pis oldum. Oradan uzaqlaşmaq istədim.
Atam isə anama təsəlli vermək yerinə, mənə
özümü ağıllı aparmağı, qəbirlərin
üstünə çıxmamağı tapşırdı.
Anam ayağa qalxıb babamın məzarını təmizlədi.
Elə incə davranırdı ki, heç babamın
sağlığında onun üzünü belə
yumamışdı. Bu vaxt başında qəribə
papağı, üzündə eybəcər saqqalı olan bir
kişi bizə tərəf gəldi. "Allah rəhmət eləsin"
- dedi.
Mənə
elə gəldi ki, o, bu cümləni sual formasında işlətdi.
Çünki atam başını yelləyəndən sonra
bilmədiyim dildə bəzən gur, bəzən asta səslə
tələm-tələsik nəsə oxudu. Bitirən kimi də
atam cibinə on manat basdı. Çox pulgir olduğumdan, ya da
atamdan nə vaxt pul istəsəm vermədiyindən, onluğu
görən kimi anamdan əminin oxuduğu kitabı bizə
neçənci sinifdə keçəcəklərini
soruşdum. O da ağzımdan vurub, "kiri, Allaha ağır
gedər" - dedi. Allah babaya oxumaq istədiyim kitab, yoxsa
qazanmaq istədiyim pul ağır gedər bilmədim, amma
kiridim. Anam babamın başdaşını öpə-öpə
bir az da ağladı.
Onun
ağlamağı ürəyimi sıxırdı.
Başımı qatmaq üçün ətrafa göz gəzdirdim.
Bizdən xeyli aralıda gözümə bir qəbir
sataşdı. O dəqiqə bildim ki, bütün ölülərdən
varlıdı. Həm rəngi, həm
hündürlüyü, həm də üstündəki
gülləri ilə digərlərindən seçilirdi.
Acgözlüyümdənmi, yoxsa
uşaqlığımdanmı bilmədim, amma dərhal
düşündüm ki, görəsən, mən də
ölsəm, elə qəbrim olar? Sonra əlimi uzadaraq
"ana, o qəbir kimindir?" - dedim.
Deməz
olaydım.
Ağzımdan
söz çıxan kimi aləm dəydi bir-birinə. Atam hədsiz
dərəcədə əsəbiləşib, "sənə
dedim axı uşağı qəbiristanlığa gətirmə"
- dedi. Yazıq anam kor-peşman mənə tərəf
döndü. Mən də nə olub bitdiyindən xəbərsiz,
sual dolu baxışlarla ona baxdım. Anam əsə-əsə
bir əli ilə qolumdan tutub, o biri əlinin şəhadət
barmağı ilə tənbeh etdi ki, bir də heç vaxt qəbirlərə
əl uzatmayım.
Mən də
bir az qorxmuş, bir az da küskün halda niyəsini
soruşdum. "Adam əlini qəbirlərə uzatmaz, yoxsa qəbirdəki
onu yanına aparar" - dedi. Dəhşət içində
ağlamağa başladım. Mən artıq əlimi
uzatmışdım.
Pəh,
yazı yaza bilməyən uşaq əli ölüm fərmanı
imzaladı.
Maraqlı
idi. Ölümün nə demək olduğunu bilməsəm
də, ölməkdən qorxdum. Amma bir tərəfdən
sevindim ki, ən yaxşı qəbirin, ən varlı
ölünün yanında olacam. Bəlkə də ondan pul
istəsəm, atam kimi xəsislik etməz, nə qədər
lazım olsa verərdi. Bir tərəfdən də
özümə təsəlli verdim ki, onsuz da cənnətə
düşəcəm.
Qonşumuzun
mən yaşda oğlu öləndə atam demişdi ki, Allah
baba uşaqları cənnətə aparır. Sonra birdən
yenə dəhşətli qorxu içində ağlamağa
başladım. Yadıma düşdü ki, dünən gecə
anamdan gizlin dırnaqlarımı tutub, bu azmış kimi
qayçının ağzını da açıq
saxlamışam. Çünki anam ikisinə də
"olmaz" demişdi. Mən də etsəm nə olacaq deyə,
qəsdən iki günahı birdən işləmişdim. Bu
da axırı...
Allah baba
məni cəhənnəmə aparacaq. Ağlamağa,
ağladıqca da qışqırmağa başladım. O əsnada
kimsə məni görsə, uşaqlarına "bax, adam
babasın belə sevər" deyərdi. Evə gəldik, qəbiristanlıq
yadıma düşdükcə yenə ağladım.
Bir
müddət sonra ağlamağımın səbəbini
axtarmağa başladılar. Heç kim məndən heç
nə soruşmadı. Müxtəlif versiyalar irəli
sürüldü. Anama elə gəldi ki, mənə göz dəyib.
Bu gün qəbir üstünə gedəndə
hanısısa sonsuz arvad mənə yaman baxıbmış.
Atam da öz növbəsində düşündü ki,
bütün baş verənlərin günahkarı anamdır.
Axı uşağın çöldə nə işi var ki,
ona göz də dəyə. Anam həm atamı, həm məni,
həm də özünü sakitləşdirmək
üçün "dərd verən Allah dərmanın da
verər" - deyib, mətbəxə keçdi.
Mən isə
yenə uşaq ağlımla, dərman olanın niyə dərd
verdiyini düşünməyə başladım. Bu arada anam
Allah babanın göndərdiyi dərmanı - yeməyə
tökdüyü duzu başıma hərlədi, sonra onu
ocağa atdı, ocaqda duz çırtladıqca hiss elədim
ki, arvad xeyli rahatlaşdı. Lakin hər zamankı kimi
işini yarımçıq qoymaq istəmədi, son olaraq bir
topa üzərlik yandırdı.
Vəssalam,
bununla da göz yaşım qurumasa da, mənə dəyən
bütün gözlər çıxacaqdı. Beləcə,
borcunu layiqincə yerinə yetirən anam yatmağa getdi. Mən
isə həmən gecə qorxumdan gözümü belə
qırpmadım. Elə bildim ki, yatan kimi öləcəm.
Özümə
söz verdim ki, ölsəm, hər gün anamın yuxusuna girəcəm.
O da halva bişirəcək, qonum-qonşuya paylayacaq, atamla məsləhətləşib,
balaca qardaşımı qonşuda qoyub, məni görməyə
gələcək. Üzümü-gözümü siləcək,
məni nə qədər çox sevdiyini deyəcək.
Babamın qəbri üstündə tökdüyü göz
yaşından mənim də məzarıma axıdacaq, atam isə
anama təsəlli verəcək, səs-küyü eşidən
o qəribə papaqlı kişi də haradansa peyda olub, tələm-tələsik
nəsə mızıldanacaq, sonra atamdan on manat alıb yoxa
çıxacaq. Heç bir saat çəkməmiş
hamı ev-eşiyinə dönəcək və növbəti
yuxuya kimi məni orada tək qoyacaq.
Bir gecənin
içində ölümdən qorxan uşaqdan, öldürməkdən
qorxan qocaya çevrildim.
Səhərə
yaxın idi. Nə qədər müqavimət göstərsəm
də, yuxu məni aparırdı. Son dəfə gözlərimi
açdım, tavana baxa-baxa Allaha vəsiyyət elədim ki, əgər
ölsəm, mənə elə yaraşıqlı məzar
qoymasınlar. Hansısa uşaq bilmədən əlini
uzatmasın, mən də onu öz yanıma gətirməyim.
Səddam
LAÇIN
Ədəbiyyat qəzeti.- 2022.- 21 may.- S.9.