Azərbaycan Yazıçılar Birliyinin
regional bölmələrinin
və internet
resurslarının fəaliyyəti haqqında məruzə
Azərbaycan
Yazıçılar Birliyinin bir əsrlik fəaliyyət
dönəmində əsas prioritetlərdən biri də məhz
bölgələrdəki ədəbi həyatı aktivləşdirmək,
Azərbaycanın müxtəlif bölgələrində gənc
istedadları kəşf etmək, aktiv ədəbi fəaliyyətə
cəlb etmək, eyni zamanda daimi olaraq bölgələrdə
yaşayan qələm sahiblərinin ictimai-maarifçi fəaliyyətini
istiqamətləndirmək olub...
Bölgələrdə
ədəbi fəaliyyət əsasən yerli mətbu
orqanların ətrafında və ədəbi dərnəklərdə
cəmləşib. Daha sonralar isə Azərbaycan
Yazıçılar Birliyinin bölgələrdə regional
şöbələri yaradılandan sonra bu iş daha da aktiv
fazaya qədəm qoymuşdur.
Əgər
Müstəqillik dönəminə qədər bölgələrdə
cəmisi üç regional filial fəaliyyət göstərirdisə,
bu gün artıq Yazıçılar Birliyinin bölgələrdə
15-dən çox bölməsi fəaliyyət göstərir.
Bölmə üzvləri öz bölgələrinin ictimai həyatında
aktiv iştirak etməklə bərabər, həm də
bölgədəki ədəbi qüvvələrlə Azərbaycan
Yazıçılar Birliynin əsas aktivi arasında
körpü rolunu oynayır.
Son
Qurultaydan sonra regional bölmələrin fəaliyyəti daha
da aktivləşmişdir ki, buna da səbəb internet məkanının
genişlənməsi, sosial şəbəkələrin aktiv
yayılmasıdır. Bu gün artıq istənilən bir qələm
sahibi ən uzaq bölgədə belə yaşasa da, ölkənin
ədəbi mədəni həyatında aktiv iştirak edə
bilir. Beləliklə, əvvəllər mövcud olan bir
çox kommunikativ çətinliklər, maneələr təbii
şəkildə aradan qalxmış olur...
Hal-hazırda
bölgələrdə yaşayan yazarlar internet şəbəkəsi
vasitəsilə əlaqələr yaradaraq müxtəlif
saytlarda, ədəbi dərgilərdə mütəmadi
çap olunur, öz əsərlərini geniş oxucu kütləsinə
təqdim edirlər.
Bundan əlavə,
bölgədə yaşayan yazarlarımız Azərbaycan
Yazıçılar Birliyinin mərkəzi ədəbi
orqanlarında - "Ədəbiyyat qəzeti"ndə,
"Azərbaycan", "Ulduz", "Qobustan"
jurnallarında və AYB-nin saytlarında mütəmadi olaraq,
toplu şəklində və fərdi qaydada çap olunurlar.
Bölgə
yazarlarının əsərləri həmişə ədəbi
tənqidin nəzərində olmuşdur. Müxtəlif tənqidçilərimiz,
əbədiyyatşünaslarımız bölgələrdə
yaşayan yazarlarımızın əsərləri
haqqında məqalələr, hətta elmi monoqrafiyalar
yazmışlar. Bu istiqamətdə xüsusən filologiya elmləri
doktoru Vaqif Yusiflinin əməyini diqqətə çəkmək
istərdim.
Vaqif
müəllim ədəbi mətbuatda mütəmadi olaraq
bölgə yazarlarımız haqqında məqalələr
çap etdirməklə bərabər, həm də bu
mövzuda bir neçə geniş məzmunlu və əhatəli
kitabın müəllifidir. Əminliklə deyə bilərəm
ki, Vaqif müəllimin bu kitablarında son onilliklərdə
Azərbaycanın bölgələrində yayaşan diqqətəlayiq
qələm sahiblərinin hamısının
yaradıcılığı
işıqlandırılmış və dəyərləndirilmişdir.
AYB
üçün ayrılan büdcədə müəlliflər
üçün kitab çapı nəzərdə tutulmasa
da, bir neçə il əvvəl Dövlət
başçısının xüsusi qaydada
ayırdığı vəsait hesabına demək olar ki, bütün
regional bölmələrdə müasir yazarların əsərlərindən
ibarət geniş almanaxlar çap olunub oxucuların
ixtiyarına verildi... Bu almanaxlarda həm müxtəlif
şeirlər, həm nəsr nümunələri, həm də
publisistik əsərlər yer almışdır.
Azərbaycan
Yazıçılar Birliyinə ayrılan illik fərdi təqaüd
alanların siyahısına hər il bölgələrdən
də maddi ehtiyacı olan qələm sahiblərimiz daxil
edilir. Ümumilikdə bu illər ərzində yüzə
yaxın bölgə yazarımız illik təqaüdə
layiq görülmüşdür.
Bu illərə
ərzində bölgələrdə bir çox müxtəlif
ədəbi tədbirlər, hətta beynəlxalq səviyyəli
layihələr həyata keçirilmişdir ki, Azərbaycan
Yazıçılar Birliyinin bölgə filiallarının
üzvləri bu tədbirlərdə aktiv iştirak etmişlər...
Bütün
bunlarla bərabər, AYB-nin əyalət bölmələrində
çoxsaylı problemlər də olmamış deyil ki,
bunların da bəzilərini diqqətə çatdırmaq
istəyirəm.
Qeyd edim
ki, ən əsas problemlər təbii maddi məsələlərə
bağlıdır. AYB-nin yalnız dörd regional bölməsi
dövlət büdcəsindən maliyyələşir,
qalanlarında fəaliyyət ictimai əsaslarla və yerli icra
orqanlarının dəstəyi hesabına həyata
keçirilir. Bu da, öz növbəsində, kommunal məsələlərə,
təşkilati işlərlə bağlı çoxsaylı
problemlərə gətirib çıxarır.
Düşünürük
ki, qarşıda gələn illərdə bu problem də
öz həllini tapacaq.
***
Azərbaycan
Yazıçılar Birliyinin regional bölmələri
arasında son illərdə ən aktiv fəaliyyətdə
olan Gəncə bölməsidir. Tək Gəncədə yox,
bütün Azərbaycanda öz poeziyası ilə sevilən
gözəl şairəmiz Xəzangül xanım 2014-cü
ildə Gəncə bölməsinin sədri təyin olunandan
sonra bölmədəki fəaliyyət xeyli dərəcədə
canlanmışdır. Bütün bu illər ərzində
bölmənin təşkilatçılığı ilə
onlarca böyük ədəbi layihələr
reallaşdırılmış, çoxsaylı yubiley tədbirləri,
görüşlər keçirilmiş, dərgilər
almanaxlar, müxtəlif kitablar çap olunmuşdur.
Hal-hazırda
AYB-nin Gəncə bölməsində hər həftə
yazarların görüşləri, məclisləri
keçirilir, bütün ətraf bölgələrdən
istedadlı qələm sahibləri toplaşırlar.
Eyni
sözləri AYB Lənkəran bölməsi haqqında da demək
olar. Tanınmış yazıçı Qafar Cəfərli
bölmə rəhbəri seçiləndən sonra Lənkəran
ədəbi mühitində xeyli aktivlik müşahidə
olunmaqdadır. Bölmənin təşkilatçılığı
ilə yazarlar mütəmadi olaraq bölgənin müxtəlif
müəssisələrində, ali təhsil ocaqlarında
görüşlərdə olur, dərgilər, kitablar
çap edir, müxtəlif ədəbi layihələr həyata
keçirirlər.
Sumqayıt
bölməsinin rəhbəri Gülnarə Camaləddinin və
Qazax bölməsinin rəhbəri Barat Vüsalın da fəaliyyətini
xüsusi qeyd etmək lazımdır. Aktiv ədəbi
mühiti olan hər bölmənin fəaliyyəti yüksək
səviyyədə həyata keçirilir ki, bu da
reallaşdırılan layihələrdə, çoxsaylı
tədbirlərdə özünü göstərir.
Müstəqillik
dönəmində və ələlxüsus da son onillikdə
yaradılan regional bölmələrin arasında Mingəçevir
(sədri İsmayıl İmanzadə), Beyləqan (sədri
Fazil Əsəd), Abşeron (sədri Şəhla Ağbulud),
Şabran (sədri Aydın Tağıyev), Xəzər (sədri
Arif Buzovnalı), Oğuz (sədri Vüsal Oğuz) xüsusi
aktivliklə fəaliyyət göstərirlər. Bu bölmələrin
bəzilərinin fəaliyyətində xüsusi spesifik istiqamətlər
özünü göstərir.
Misalçün,
uzun illər ərzində cəbhə xəttinə ən
yaxın olan Beyləqan bölməsi mərhum
yazıçımız Asif Cəfərlinin sədr olduğu
dönəmlərdə də, son illərdə də daha
çox hərbi-vətənpərvərlik ruhlu tədbirlərin
həyata keçirilməsi, hərbi hissələrdə əsgərlər
qarşısında görüşlərin keçirilməsinə
daha çox əhəmiyyət verib, bu istiqamətdə
çox aktiv fəaliyyətdə olub.
Birliyin
Aran bölməsi (sədri Sərvaz Hüseynoğlu) ötən
illər bölgədə yazıb-yaradan şairlərin əsərlərindən
ibarət bir neçə toplu nəşr etdirib, ədəbi
müzakirələr keçirib.
Eyni
zamanda Xəzər bölməsi daha çox əruz vəznində
yazan şairlərin toplaşdığı və öz
peşəkarlıq səviyyələrini
artırdıqları bir məktəb rolunu oynayır. Arif
Buzovnalının rəhbərliyi altında bu bölmənin
yaradıcı qüvvələri klassik ədəbiyyatda, bədii
tərcümə ilə bağlı respublika miqyaslı
çoxsaylı tədbir və layihələrin
iştirakçısı olmuş, Heydər Əliyev Fondunun
keçirdiyi Nəsimi festivallarında aktiv iştirak
etmiş, mükafatlandırılmışlar.
Xırdalan
şəhərində fəaliyyət göstərən
Abşeron bölməsi də aktiv fəaliyyət göstərən
bölmələrimizdəndir. Şəhla Ağbuludun rəhbərliyi
altında bölmənin fəaliyyətində bir özəllik
də bölgənin təhsil sektoruyla sıx əlaqədə
olması, rayonun müxtəlif təhsil ocaqlarıyla birgə
mütəmadi olaraq tədbir və layihələr həyata
keçirməkdir ki, bu da, öz növbəsində, yeniyetmə
və gənclərin ədəbiyyata marağında
xüsusi rol oynayır.
Tanınmış
şair İsmayıl İmanzadənin rəhbərlik etdiyi
Mingəçevir bölməsi də həm şəhərdə,
həm də ətraf bölgələrdə aktiv və
dinamik fəaliyyətilə seçilir. Mingəçevir
bölgənin iqtisadi mərkəzlərindən olmaqla bərabər,
həm də ədəbiyyat və mədəniyyət mərkəzinə
çevrilmişdir ki, bu işdə də AYB Mingəçevir
bölməsinin xidmətləri böyükdür. Bölmə
üzvləri şəhərin bütün mədəni tədbirlərində
ön sıralarda iştirak edir, bölmənin təşəbbüsüylə
də çoxsaylı tədbir və layihələr həyata
keçirilir.
Ötən
il Şamaxı bölməsinə tanınmış
yazıçı Orxan Fikrətoğlunun sədr seçilməsi
də bu qədim ədəbiyyat bölgəsində AYB
bölməsinin daha aktiv fəaliyyət fazasına keçməsi
üçün zəmin yaradır.
Onu da təkrar
qeyd etməliyəm ki, müstəqillik dönəmində
yaradılan bölmələrin fəaliyyəti ictimai əsaslarla
həyata keçirilir. Bu da həm bölmə rəhbərlərinin,
həm də ora toplaşan qələm sahiblərinin ədəbiyyat
eşqindən, fədakarlığından xəbər verir.
Həyata keçirilən tədbirlərin əksəriyyəti
bölmə rəhbərlərinin və ədiblərin
öz şəxsi təşəbbüsləri və təşkilatçılığı
ilə reallaşır.
***
Yuxarıda
qeyd etdiyim kimi, bölgələrdəki ədəbi qüvvələrin
əsərlərinin bədii keyfiyyətlərilə
bağlı həm bölgə mətbuatında, həm də
mərkəzi mətbu orqanlarında çoxsaylı məqalələr,
kitablar, monoqrafiyalar çap olunmuşdur.
Bundan əlavə,
Azərbaycan Yazıçılar Birliyinin qurultayqabağı
məruzələrində janrlar üzrə təhlillər
aparılarkən, bölgələrdə yaşayan şair və
yazıçılarımızın, tənqidçi və ədəbiyyatşünaslarımızın
yaradıcılığı geniş şərh
olunmuşdur. Buna görə də mən öz məruzəmdə
ayrı-ayrılıqda yazarların əsərlərini təhlil
etmək niyyətim yoxdur. Yalnız onu deyə bilərəm
ki, bölgələrdəki yazarlarımızın əksəriyyətinin
ədəbi əsərləri daha çox milli ruhun, milli mədəniyyətin
daşıyıcısı kimi çıxış edir.
Çoxəsrlik Azərbaycan ədəbiyyatının
müasir dövrdə özünəməxsus şəkildə
davamı kimi çıxış edir. Bölgələrdə
yaşayan yazarlarımızın, ələlxüsus şairlərimizin
yaradıcılığında doğma vətənin təbiət
gözəllikləri, təbiətlə daha çox təmasda
olan insanların daxili aləmi, deqradasiyaya uğramış
şəhər mühitindən kənarda yaşanan saf hiss və
duyğular daha çox əksini tapır. Qloballaşmanın
gətirdiyi yad düşüncə elementləri, kənar ədəbi
cərəyanların təsiri bölgə
yazarlarımızın yaradıcılığında daha az
hiss olunur.
***
Azərbaycan
Yazıçılar Birliyinin internet məkanında fəaliyyəti
də son on ildə artan xətt üzrə inkişaf
etmişdir.
İlk
olaraq on il əvvəl AYB-nin əsas baza saytı olaraq AZYB.NET
saytı yaradılmış, bütün arxiv materialları, əldə
olan fotoşəkillər, video və audio materiallar orada yerləşdirilmişdir.
Bu saytda
Yazıçılar Birliyinin yarandığı gündən
müasir dövrümüzə qədər fəaliyyətinin
əsas mərhələləri, fəaliyyət mexanizmləri,
qurultaylar barədə məlumatlar, AYB-nin strukturuyla
bağlı informasiyalar yerləşdirilmişdir.
İnternet
resurslarının daim yenilənmək zərurəti
yarandığına görə 2014-cü ildə AYB Mətbuat
xidmətinin AYB.Az və digər saytları fəaliyyətə
başlamışdır ki, Mətbuat xidmətinin rəhbəri
şair Xəyal Rzanın rəhbərliyi altında bu saytlarda
qurumun fəaliyyətilə bağlı informativ məlumatları
operativ şəkildə ictimaiyyətə çatdırır,
eyni zamanda ədəbi materiallar da yerləşdirlir.
2016-cı
ildə isə AYB-nin orqanlarında çap olunan eksklüziv ədəbi
materialların internet şəbəkəsində də
yayılması üçün AZYB.AZ saytı fəaliyyətə
başlamışdır. Bu saytın yaradılmasında əsas
məqsəd qurumun orqanları olan "Azərbaycan",
"Ulduz", "Qobustan", "Literaturnıy
Azerbaydjan" jurnallarının, "Ədəbiyyat qəzeti",
"Mir literaturı" qəzetlərində çıxan ədəbi
materialları ay ərzində ardıcıl olaraq sayta yerləşdirmək,
çap məhsullarının gedib çatmadığı
yerlərdə də ədəbi materiallarımızı təbliğ
etməkdir.
Bir
neçə il əvvəl AYB-nin əsas mətbu orqanı
olan "Ədəbiyyat qəzeti" öz fərdi internet
saytını da açmışdır. Hal-hazırda redaktoru
Mətanət Vahid olan edebiyyatqazeti.az saytı ölkədə
ciddi ədəbi materiallar üzərində ixtisaslaşan,
ucuz şou ardıyca qaçmayan, gündəmin xırda
problemlərinin səviyyəsinə düşməyən
sanballı ədəbi orqan funksiyasını uğurla həyata
keçirməkdədir.
Qeyd edim
ki, saytlarımızda tək Azərbaycan dilində deyil,
yazarlarımızın rus və ingilis dillərinə tərcümə
olunmuş əsərləri də yer almaqdadır.
Bu
saytların fəaliyyətinin həm bölgələrimizdə,
həm də ölkəmizdən kənarda izlənilməsi
onu göstərir ki, bundan sonra ədəbiyyatımızın
internet təbliğatı sahəsində fəaliyyətini
daha da genişləndirməyə ehtiyac var.
Ümid
edirəm ki, qurultaydan sonra da, həm bölgələrimizin, həm
də internet saytlarımızın fəaliyyəti yüksələn
xətlə inkişaf edəcək.
İlqar FƏHMİ
Ədəbiyyat qəzeti.- 2022.- 21
may.- S.8-9.