“Vaqon”da
Dağlarca ilə
poeziya və həyat söhbətləri…
Deyirlər, həyat maraqlı macəralardan ibarətdir.
Olsun, amma onu gözəlləşdirən macəralar
olsun.
V.Şklovskiy
Çağdaş Türkiyə poeziyasının
klassiklərindən olan Fazil Hüsnü Dağlarcanın
yaradıcılıq yolu hər zaman özünün təkrarolunmazlığıyla
fərqlənmişdir. Çoxsaylı axın və məktəblərdən
kənarda qalaraq, bütün ömrü boyu inadla və
durmadan poeziyada özünü və özünəxası
olanı axtarmışdır. Fazil Hüsnünün məhz
özünəməxsusluğa can atması, ədəbiyyatda
öz sözünü demək istəyi, milli mədəniyyətdə
sırf özünə aid yeri tapmaq cəhdləri Dağlarca
yaradıcılığını "tənha məktəb",
"türk poeziyasında başlı-başına bir cərəyan"
kimi qiymətləndirməyə əsas vermişdir. Bu təsnifatı inkar etməyərək, əlavə
etmək istərdik ki, hər şeyə rəğmən,
Fazil Hüsnü yaradıcılığı türk ədəbiyyatı
və mədəniyyətilə qırılmaz şəkildə
bağlıdır. Onun yaradıcılığı
ədəbiyyatın inkişafına nəinki zidd deyildi, əksinə,
ümumi axının bir parçasıydı. Onun poeziyası çağdaş türk ədəbiyyatının
bədii simasının təşəkkülünə
sürəkli təsirini göstərmişdir və bu gün
də göstərməkdə davam edir.
Fazil Hüsnü Dağlarca anadan şair
doğulmuşdu, onun istedadı Allah vergisiydi. Orijinal
düşüncə tərzi, dünyaya baxışı,
özünə məxsus üslubu onu fövqəladə dərəcədə
yeni, fərqli bir ədəbi dünya yaratmış unikal
şəxsiyyət və sənətkar kimi
formalaşdırmışdı. "Fazil Hünü
Dağlarcanı heç bir şairlə müqayisə etmək
olmaz, o, heç kimə bənzəmir, hamıdan kənardadır,
özünəməxsusdur, onda hər şey yenidir: mövzu
da, forma da, dil də, müqayisəyə ehtiyac varmı? O, sənətdə
və həyatda tamamilə yeni və bambaşqa bir şey
axtarır" deyən, "müasir türk tənqidinin atası"
sayılan Nurullah Ataç çox haqlı idi..
Mən
Dağlarca ilə 1969-cu ildə A.S.Puşkinin yubiley tədbirlərində
iştirak etmək üçün Moskvaya gəldiyində tanış olmuşdum. O vaxta qədər biz
onunla üç il məktublaşmışdıq.
Onun Moskvaya gəlişindən sonra
tanışlığımız möhkəm dostluğa
çevrilmiş və bu dostluq 2008-ci ilə, ta onun
ölümünə qədər davam etmişdir. Təxminən
bu qırx il ərzində əlaqələrimiz
kəsilməmiş, saysız görüşlərimiz
olmuş, davamlı məktublaşmışdıq.
Bütün bunlar Fazil Hüsnü şəxsiyyətinin vacib
tərəflərini görməyimə, parlaq
istedadının özəlliklərini təsbit etməyə
imkan yaratmış, onun sənətə, həyata
baxışı ilə tanış
olmağa kömək etmişdir. Aşağıdakı
yazıda Dağlarca ilə apardığımız bu söhbətlərin
bəzi maraqlı məqamları ilə tanış
ola bilərsiniz.
Uzun illər İstanbula hər gəlişimdə ilk
işim Fazil Hüsnü Dağlarcaya zəng etmək olurdu. Telefonun dəstəyindən
tanış səsi eşidilirdi.
- Sənsən?
Xoş gəldin. Səni
"Vaqon"da gözləyirəm.
İstanbulun Asiya yaxasına, Kadıköyə gedən
bərəyə minib, Fazil Hüsnünün 70-ci illərdən
bəri yaşadığı Mərmərə sahilində
yerləşən "Vaqona" gəlirdim. O, haylı-küylü, qələbəlik
Avropa yaxasındakı Aksaraydan buraya
köçmüşdü. Burada - havasında
ötən əsrlərin əks-sədası duyulan,
sakitliyini yalnız ləpələrin ahəngdar, kəsilmək
bilməyən səsi pozan Kadıköydə şair rahat nəfəs
alır və işləyirdi.
Sahilə enib avtobusların son dayanacağı olan
meydanı keçən kimi "Vaqon" kafesiylə
qarşılaşırdım.
Kafenin
interyeri adına tam uyğun gəlirdi. Yarımdairəvi tavanlı uzunsov sahə həqiqətən
qatarın vaqonunu xatırladırdı. Yalnız
kupe və ikinci rəflər çatmırdı.
Əslində "Vaqon" bildiyimiz kafelərdən
deyildi, daha çox klub idi, burada gündəlik qəzetləri
gözdən keçirmək, tavla-nərd, bric oynamaq,
televizora baxmaq olardı. Lap mərkəzdə böyük bilyard
stolu vardı, ətrafı həmişə mübahisə edən
adamlarla dolu olurdu. Bunlar, necə deyərlər,
sərbəst peşə sahibləri - yazıçı,
jurnalist, rəssamlardı. Kadıköyə
köçəndən sonra Fazil Hüsnü "Vaqon"un daimi müştərisi olmuşdu. Məhz o vaxtdan kafe yaradıcı ziyalıların
görüş və qızğın diskussiya yerinə
çevrilmişdi.
Burada bir arayış verməliyəm. "Vaqon"
kimi kafelər indiyədək İstanbulun mədəni həyatında
önəmli rol oynayır. Şairlərin, nasirlərin,
rəssamların, musiqiçilərin İstanbulda müntəzəm
toplandıqları, söhbət etdikləri, kitablar
haqqında təəssüratlarını
bölüşdükləri, toplananları yeni əsərləri
ilə tanış etdikləri,
günün maraqlı hadisələri barədə
dartışdıqları sevimli yerləri vardı. Çox vaxt bu kafelərdə yeni ədəbi nəşrlərin
ideyası doğar, ədəbi manifestlər tərtib olunar,
şeir məktəbləri yaranardı. Bəziləri
üçün kafelər iş yeriydi. 40-cı
illərdə "Müsərət" kafesində hələ
o vaxt çox gənc Rifət Ilqaz, Hüsaməttin Bozok, A.Qədir
və Ömər Faruk "Yürüyüş" dərgisinin
saylarını hazırlayırdılar.
Şair və tənqidçi Saleh Birsel
özünün "Kafelər kitabı" və "Bəyoğlu,
Bəyoğlu" əsərlərində qeyd edir ki,
"İstanbul kafelərinin tarixi müasir türk ədəbiyyatının
tarixidir".
Həqiqətən də "Eptalafos" və
"Çiçek pasaji" kafelərində baş verən
olayları bilmədən Səid Faiqin həyat və
yaradıcılığının bəzi faktları sirr
olaraq qalacaqdı, "İkbal" kafesinə baş vurmadan
Orxan Kamalın yaradıcılıq fəaliyyətini anlamaq
çətindir. "Nisuaz" kafesilə isə Orxan Vəlinin
həyat və yaradıcılığının bəzi sirlərini
özündə saxlamaqdadır...
"Vaqon" Fazil Hüsnü Dağlarcanın həyatında
belə bir kafe oldu. Demək olar ki, hər gün nahardan sonra
buraya gəlirdi. Kafedə onu dostları, gənc
şairlər, yazıçılar, pərəstişkarları
gözləyirdi. "Türk dili dərgisi"ni yaratmaq, dərginin redaktorluğunu Əhməd
Miskioğluna tapşırmaq fikri elə burada doğmuş,
seçilmiş əsərlərinin nəşri barədə
"İnkilab" nəşriyyatıyla razılığa
burada gəlmişdilər...
Pəncərənin
yanındakı masada oturub Dağlarca ilə
poeziyadan, incəsənətdən, ölkələrimizdə,
həyatlarımızda baş verən hadisələrdən
danışırıq.
Bu
söhbətlərin tarixi qırx ili əhatə
edir. İlk dəfə belə söhbət 1969-cu
ilin iyununda Fazil Hüsnü Dağlarca Sovet İttifaqına gələndə
başlamışdı. Bu söhbətlər
məktublarımızda, Moskva və İstanbuldakı
saysız görüşlərimizdə davam etmişdir.
Dediyim kimi, söhbətlərimiz heç bir
çərçivə ilə məhdudlaşmırdı,
bizi narahat edən və maraqlandıran hər şeydən
danışardıq. Amma hər halda
söhbətlərimizin başlıca bir mövzusu vardı,
bütün yollar Romaya apardığı kimi, bizim Fazil
Hüsnü Dağlarca ilə bütün söhbətlərimiz
də bir məxrəcdə birləşərdi. Bu mövzu Poeziya idi. Bunun da
"günahkarı" özünü poeziyasız,
poeziyanı özü olmadan təsəvvür etməyən
Fazil Hüsnüydü. "Yaxşı,
poeziya nədir?" - deyə şairə
sual verdim.
- Bu,
bütün varlığımla xidmət etdiyim həyatımdır.
Poeziya varlığımın mənası və
məqsədidir. Uşaqlıqda elə
bilirdim ki, insanlar məktəbə yalnız şeir
yazmağı öyrənmək üçün gedirlər.
Bu gün, bu yaşda belə əminəm ki, bu
dünyada poeziyaya görə yaşayıram. Mənə elə gəlir ki, insanlar Allah və
Poeziyanı kəşf etməsəydilər, onları mən
yaradardım. Zaman-zaman səslər
eşidilir ki, müasir insanlar poeziyaya biganədilər, bu, o
deməkdir ki, bir gün onun sonu gələcək. Bu, doğru deyil. Poeziya yer
üzündə sonuncu insanın məhvilə yox olacaq.
Poeziya əbədidir, Allah və Sevgi kimi.
- Belə
olan halda poeziyanın əsasını nə təşkil
edir?
- Səmimiyyət
və obrazlılıq - poeziyanın iki ayağıdır. Bunlarsız poeziya sənəti mümkün deyil.
Şairə
öz düşüncələrini xatırladıram:
"lirizm və obrazlılıq poeziyanı poeziya edir".
- Burada
heç bir ziddiyyət yoxdur, - Fazil Hüsnü etiraz edir. - Səmimiyyət
lirizmi özündə əks edir, səmiyyət
öz-özlüyündə lirikdir. Bu, bizim sərt
və amansız əsrimizdə özünü daha
açıq bir şəkildə göstərir.
Fazil Hüsnü çox eksperimentlər edirdi, daim yeni
şeir formaları, bədii ifadə vasitələri
axtarışındaydı. Daim poetik dilini kamilləşdirir,
almaz cilalayıcısı kimi sözləri cilalayırdı.
Dağlarcanın poetik dil problemlərinə bu
sürəkli diqqəti nəylə bağlıdır?
- Poeziya,
hər şeydən əvvəl, söz sənətidir. Burada nə deyildiyindən daha çox, necə
deyildiyi önəmlidir. Xalq poeziyamızda belə bir beyt
var: "Üzündə göz izi var, sənə kim baxdı, yarım". Üstündən
neçə əsr keçib, amma bu kiçik şedevr hələ
də öz ifadəsiylə adamı heyran edir. Poeziya sənətin heç bir növünə bənzəmir.
Musiqi səslərlə, rəngkarlıq rənglər
vasitəsilə yaradılırsa, poeziyada sözlər sadəcə
vasitə deyil, bu sənətin mahiyyətidir. Sənətkarın ustalığı elə
sözləri uzlaşdıra bilməsindədir.
- Bu, əsərin
formal cəhətdən üstün olmasına gətirib
çıxarmazmı? Və ya məzmunun dəyərinə
təsir göstərməzmi?
Suallarımı
dinləyib, Dağlarca qımışaraq cavab verdi:
- Xeyr, təsir
göstərməz. Çünki məndən
asılı olmadan, hər bir şeir öz formasını,
dilini, ahəngini müəyyən edir. Bu
necə baş verir? Elə bir hiss keçirirəm ki,
sanki daxilimdə duluscu dəzgahına bənzər dairə
var, bu şeirlər orada hazırlanır. Mənə də
özümü dinləmək və hiss etdiklərimi ifadə
etmək qalır. Gizlətmirəm, bəzən
elə olur ki, bu və ya digər şeirin yaranmasına
özüm məəttəl qalıram.
- "İstedad, - Şalom Aleyxem deyir, - pul kimidir: Əgər
varsa, var, yoxdursa, yoxdur". İstedad, Allah vergisi
olmadan nə şair, nə rəssam, nə də musiqiçi
olmaq mümkündür. Lakin olimpi fəth
etmək üçün bir tək istedad yetərlidirmi?
- Min kərə
"yox" deyirəm. Yalnız istedadın
üzərinə çalışqanlıq gələrsə,
uğur qazanmaq olar. Həyatım boyu
çox parlaq, istedadlı insanlar görmüşəm, elə
Kəmaləddin Kamunu götürək, onlar ədəbiyyatda
özlərini ona görə ifadə edə bilmədilər
ki, zəhmət çəkmədilər, istedadlarnı
püxtələşdirmədilər. Bir
neçə yaxşı şeir yazıb, ədəbiyyat
meydanından getdilər.
-
Çalışqanlıq ilk növbədə, - Dağlarca
davam edir, - fikrin, həm də tənqidi fikrin aktiv
çalışmasıdır. İstedadı
inkişaf etdirmək üçün bu işlədiyin sahədə
olanları dərk etməyə yetməz, dərk etdiklərinə
də tənqidi yanaşmalısan. Bir də,
hər bir şair, nasir daim yazmalıdır ki, sözlə
rahat işləyə bilsin, özüylə dil arasındakı
məsafəni minimuma endirə bilsin. Daşa
forma vermək üçün tonlarla lazımsız material
çapıb tökən heykəltaraş kimi şair elə
nəhəng söz ehtiyatından sadəcə 100, 150 və
ya 300 söz seçərək bunların köməyilə
özünün bənzərsiz əsərini
yaratmalıdır. Sənətkarın
ustalığı onunla müəyyən edilir ki, öz
fikrini, düşüncəsini ifadə etmək
üşün adekvat forma tapa bilsin. Bunun
üçün daim çalışmaq, eksperimentlər
aparmaq lazımdır. "Uşaq və
Allah" kitabında bir şeirim var, orada bir feil belə
işlənməyib. Bu şeiri
özümü, imkanlarımı yoxlamaq üçün
yazmışdım. Daim
çalışdığımdan əsər
üçün gərəkli ölçünü,
quruluşu, ahəngi tapmağı tez öyrəndim.
- Məsləhət
üçün gənc şairlər sizə tez-tez müraciət
edirlər. Onlara nə deyirsiniz, hansı məsləhətləri
verirsiniz?
- Öz
orijinal əsərlərini yazmağa başlamadan öncə
hər bir gənc şairimiz keçmiş təcrübəni,
klassik və şifahi ədəbiyyatı kökünə qədər
öyrənməlidir. Məsləhət üçün mənə
müraciət edən gənc şairlərə adətən
deyirəm: "Həvəskar deyil, əsl sənətkar olmaq
istəyirsinizsə, dediklərimə əməl edəcəksiniz:
əlli ədəd ümumi dəftər alacaqsınız,
çünki bizim ənənəvi poeziyamızda əlli
ölçü var -otuz beşi əruzda, on beş
hecada. Sonra bu dəftərin üzərində
göstərilmiş ölçülərə müvafiq
olaraq şeirlərlə doldurun. Dəftərlərin
əllisini də doldurduqdan sonra mənə gətirəcəksiniz.
Şeir ölçülərini düzgün
işlədib-işlətmədiyinizi yoxlayacağam. Hər hansı bir ölçünü mənimsəmədiyinizi
görsəm, o zaman daha bir dəftər
doldurmağınız lazım gələcək. Ta məqsəd
hasil olmayınca, yəni ölçülərin sirlərinə
yiyələnmədikcə, beləcə davam edəcək. Bundan sonra bütün dəftərlərinizi
yandırıb, özünüzün orijinal şeirlərinizi
yaza bilərsiniz. Bu məsləhətləri
dinləyib, gənc şairlər soruşurlar ki, bütün
bunlar nəyə gərəkdir, axı biz sərbəst
şeirlər yazmağı düşünürük?
Məsələ də elə bundadır, deyirəm onlara, sərbəst
şeir yazmaq üçün siz əvvəlki bütün
şeir sistemlərini, bütün ölçü və
formaları bilməlisiniz: bunları öyrəndikdən sonra
zahiri deyil, daxili harmoniyaya malik sərbəst şeir
yazmağın nə qədər çətin olduğunu, sərbəst
şeirin zahirən nə qədər aldadıcı
olduğunu anlayacaqsınız".
Bu məsləhətlərində Dağlarca şəxsi
təcrübəsinə istinad edirdi, hələ hərbi
liseydə oxuyarkən özü də indi gənc şairlərə
məsləhət etdiyi kimi başlamışdı. Uzun illər əruz
və heca vəznlərini tam şəkildə mənimsəmək
məqsədilə şeirlər yazmışdı. Yalnız bundan sonra Fazil Hüsnü sərbəst
şeirə keçmişdi.
Fazil
Hüsnü Dağlarca türk ordusunda on beş
ildən artıq xidmət etmişdir. Deyirlər,
iş insanın xarakterinə öz möhürünü
vurur, onun təfəkkürünə,
dünyabaxışına təsirini göstərir. Orduda xidmət
Fazil Hüsnüyə nə verdi?
- Ordu, hər
şeydən əvvəl, mənə intizamlı
olmağı, daha doğrusu, özünü nizamlamağı
öyrətdi, öz vaxtına, işinə intizamla
yanaşmağı öyrətdi. Bundan
başqa, orduda xidmət insandan müşahidə qabiliyyətini,
hadisə və faktları dəyərləndirmək
bacarığını inkişaf etdirir. Bilirsənmi,
zabit hər gün tabeliyində olanların zahiri
görünüşlərinin nizamnamə tələblərinə
nə qədər uyub-uymadığını
yoxlamalıdır. Bax beləcə, zamanla
məndə bir baxışla əsgərlərdən kimin
formasının düymələrini axıra qədər
bağladığını, kimin bağlamadığnı
görmək qabiliyyəti yaranmışdı. Yeri gəlmişkən deyim ki, ilk oxunuşda
çox zəhmət çəkmədən yeni
yazılmış əsərin nöqsanlarını görə
bilirəm. Digər tərəfdən,
orduda xidmət, təəssüf ki, aktiv şəkildə Qərb,
dünya mədəniyyətinə qatılmağa imkan vermir.
Bu çatışmazlığı ordudan
istefa etdikdən sonra haqlaya bildim.
- Siz Nazim Hikmətlə tanışdınız?
- Təəssüf
ki, yox. Mən orduda xidmət edirdim. İstanbulda gec-gec olurdum. Onunla
görüşməyi çox istəyirdim, amma mümkün
olmadı. 1937-ci ildə tutuldu...
Həyatın hər bir yönünə böyük
maraqla yanaşan Fazil Hüsnü Dağlarca şair olaraq sevgi
kimi önəmli mövzuya uzun müddət nadir hallarda
müraciət etmişdir. Ancaq 70-ci illərdən
sonra məhəbbət lirikası şairin əsas
janrlarından birinə çevrilmişdi. Onun yaradıcılığının ilk mərhələsində
sevgi şeirlərinə, demək olar ki, yer verilməmişdir.
"Bu, nəylə bağlıdır?"
- deyə Fazil Hüsnüdən
soruşuram.
- Gəncliyimdə,
- deyir şair - həmkar yaşıdlarımın çoxunun
yaradıcılığında sevgi şeirləri əsas yer
tuturdu. 30-cu illərdə ədəbi dərgi və
qəzetlərin səhifələri bu şeirlərlə
dolub-daşırdı, çoxu da zəif, bəsit
yazılardı. Bu hal məndə etiraz
doğururdu, zamanla da sevgi mövzusundan tamamilə
uzaqlaşmağıma səbəb oldu. Özlüyümdə
qərara aldım ki, sevgi şeirləri yazmayacağam.
Həqiqətən də, nadir istisnalar nəzərə
alınmazsa, Fazil Hüsnü Dağlarca uzun illər bu prinsipə
əməl etmişdir. Lakin son illər tez-tez şairin qələmindən
cəsarətlə intim lirikaya aid edilə biləcək
şeirlər çıxmağa başlamışdır.
"İncimiş" kitabı meydana
çıxdı, "Sevmək" kitabı çap olundu.
Bu, sevgi lirikasının tabusunun
qaldırıldığı demək deyilmi?
- Bəli,
son illər az sevgi şeiri
yazmamışam, - Fazil Hüsnü Dağlarca qəfildən
sükutu pozdu. - Nə gizlədim, yetkin yaşımda
ağır bir sevgi dramı yaşadım. O vaxt elə vəziyyətdəydim
ki, hər cür ağılsızlıq, dəlilik edə bilərdim.
O vaxtlar, ən bəsit musiqi canıma üşütmə
salırdı, məni ağlada bilirdi, qəlbim isə əzabdan
üzülürdü. Allah bunu mənə bir
daha yaşatmasın. Bir sözlə,
gözəl bədbəxt sevda macərası yaşadım.
- Bədbəxt
sevgi gözəl ola bilərmi?
- Ola bilər.
Məncə, xoşbəxtliklə bitən sevgini gözəl
adlandırmaq olmaz, çünki belə halda xəyalınızda
yaratdığımız məhəbbət yox olur
.
Bir
dördlük-haydidə bunumu demək istəyirdi Dağlarca:
Səni
sevər-sevməz,
Sezərəm
birdən-birə
Səni
sevdiyimi sevmişəm
Səni sevmək yerinə.
Fazil
Hüsnünün sevgi haqqında düşüncələri
Kafkanın sözləriylə səsləşir: Mən, hətta,
səni də deyil, sənin vasitənlə mənə bəxş
edilmış həyatı sevirəm".
- Sevgi
şeirləri yazan şairlər, - Dağlarca fikrini bir az da açıqlayır, - elə zənn edirlər
ki, öz məhrəm duyğularını yazırlar. Bu, yanlış təsəvvürdür. Uzun illər sonra mən konkret bir qadına şeir həsr
edərkən, birdən anladım ki, şeirin bu qadına
çox uzaq aidiyyəti var. Konkret ilham mənbəyi
olmasına baxmayaraq, mənim sevgi lirikam təxəyyülümdə
yaratdığım qadına ünvanlanmışdır.
Bu səbəbdən əminəm ki, bu şeirlər
bütün qadınları gözəlləşdirməyə
qadirdir, çünki eyni vaxtda bütün qadınlara
müraciət edirəm...
Cəsarətli açıqlamadır, deyilmi?
Əlbəttə ki, şair təbiətli bütün
insanlar kimi, Fazil Hüsnü Dağlarca sevib də, sevilib də,
həm də bir dəfə yox. Həyatında önəmli
rol oynayan qadınlar gəlib-keçmişdir. Lakin evlənməyib. Dağlarcadan bu barədə
birbaşa soruşmağa cəsarət etmirəm, ona görə
də ailə həyatı barədə nə
düşündüyünü soruşuram:
- İnsani münasibətlərin ailə həyatı
kimi ənənəvi forması zamanla aradan qalxacaq. Çünki
bu bir insanın digərinin azadlığına təzyiqinin ən
bəsit formasıdır. Bir insan on, iyirmi, otuz, qırx, əlli
il başqa insanla bağlı ola bilməz...
Əslində bu bağlılıq elə indi də
yoxdur, lakin insanlar, cəmiyyət inersiya ilə
özünü doğrultmamış nikah institutunu dəstəkləməkdə
davam edirlər. Bu gün evli olanların
çoxunun həyatları iki paralel axan, bir-birinə
qovuşmayan çaya bənzəyir.
Fazil Hüsnü Dağlarca uzun həyatını tənhalıqda
keçirmişdir. Azadlıq bezdirici deyilmi?
- Mənim
tənhalığım lüğətdə sözün tənhalığına
bənzəyir, - deyə şair cavab verir.
Bu poetik ifadə Fazil Hüsnü Dağlarcanın həyatını
ən gözəl şəkildə açıqlayır. Bu tənhalıq
ona özünü tamamilə poeziyaya həsr etmək
imkanı verir. Son görüşlərimizin birində
elə də dedi:
- Poeziya
naminə mən iki barmaq və bir gözümdən başqa
hər şeyimi qurban verməyə hazıram: barmaqlar qələmi
tutmaq üçün, göz də nə
yazdığımı görmək üçün
lazımdır.
1987-ci ildə
Fazil Hüsnü Dağlarcaya İstanbulda keçirilən
Beynəlxalq kitab yarmarkası mükafatının verilməsilə
bağlı tanınmış türk şairi və tənqidçisi
Əhməd Oktay yazırdı: "Fazil Hüsnü
Dağlarca ilk kitabını əlli il əvvəl nəşr
etdirmişdir. Əlbəttə ki, şairin
böyüklüyü bununla ölçülmür. Biz türk poeziyasının durmadan yenilənməsi
uğrunda onun yarıməsrlik fəaliyyətini
xatırlamalıyıq. Fazil Hüsnü Dağlarca
sağlığında artıq abidəyə çevrilib...".
Əhməd Oktayın sözləri mübaliğə
deyildi. Hələ sağlığında
yaşadığı küçəyə onun adı
verilmiş, elə oradaca abidəsi qoyulmuş, evi muzeyə
çevrilmişdir. Böyük istedad,
sonsuz zəhmətsevərlik, kamil sənətkarlıq,
sözün sehri Fazil Hüsnü Dağlarcanı - tənhalığın
dahisini müasir türk poeziyasının klassiki,
çağın böyük şairi etmışdir.
Tofiq MƏLİKLİ
Ədəbiyyat qəzeti.- 2022.- 21 may.- S.4-5.