"Həqiqəti yazmaq asan məsələ
deyil..."
"Fikir bucağı" layihəsinin
qonağı şair Oktay Şamildir
- Xoş gördük, Oktay müəllim.
İstərdim
yaradıcılığa başladığınız ilk
vaxtlara qayıdaq. Bizə ilk
yaradıcılıq illərinizlə bağlı məlumat
verin, zəhmət olmasa.
-
Çox sağ olun. Bir qədər əvvələ
qayıtmalı olsaq, deməliyəm ki, ilk
yaradıcılıq illərimdə Əli Kərimi
görmüşəm, o, "Azərbaycan" jurnalında
işləyirdi, həmin vaxt Bakı Ticarət Məktəbi
var idi, mən orda oxuyurdum. Şeirlər yazırdım,
düzü, şeir yazmağım heç ağlıma gəlməzdi,
yəni bu barədə düşünmürdüm də...
Dövr ağır idi, dolanışıq çətin idi, nəsə
bir işlə məşğul olub, iş sahibi olmağa
çalışırdıq. Təhsilimi
bitirib, Şamaxıya getdim, altı ay müəllim işlədim.
Orda Məmməd Rahim oxucularla görüşə
gəlmişdi, qəfil sözü mənə verdilər.
Tribunada öz şeirlərimi oxudum, rayonun rəhbər
şəxsləri də orda idi. Çıxışım
çox yaxşı qarşılandı, hətta Məmməd
Rahim gül dəstəsini götürüb, mənə təqdim
elədi. Bax beləliklə mən ədəbi
fəaliyyətə ilk addımlarımı atmağa
başladım. İlk
yaradıcılıq illərimi belə xatırlayıram.
- "Eşqimiz elə bu qədərmiş"
şeirinin tarixçəsini danışa bilərsinizmi?
- Məni Bakıya gətirən səbəb var idi. O səbəb bir eşq macərası
ilə əlaqədar idi (gülür). Hardasa,
13-14 yaşım olardı, bir eşq havası ilə
Ağsudan çıxıb, icazəsiz, heç kimə demədən
Bakıya gəldim. Bir dərnəkdə
iştirak elədim, Nardaranda təşkil olunan dərnəkdə
ilk şeirlərimi yazdım. Həmin o
eşq havası ilə də öyrəndim ki, o qız Azərbaycan
Dövlət Universitetində (indiki BDU) təhsil alır və
mən qərara gəldim ki, mütləq həmin universitetə
daxil olmalıyam. Sənədlərimi iki
ay qabaqdan təqdim elədim, bu o dövr üçün ağır
bir məsələ idi. Çox
böyük çətinliklə qəbul oldum, axır ki, qəbul
oldum və o qız axşam şöbəsində oxuyurdu, mən
gündüz. Ancaq ikimiz də eyni ildə
bitirdik universiteti. Sonra mən hiss elədim ki, o mənim
içimdə böyütdüyüm sevgi deyilmiş... Beləliklə,
məşhur mahnının sözləri yarandı:
"Sevgimiz elə bu qədər imiş". Bu
mahnının sözlərini sonra yazdım. Ancaq ilk yaranma tarixçəsi belə olub.
- Ədəbi fəaliyyətinizdə
sizə istiqamət verən hansı hadisələr olub?
- Bir dəfə
Süleyman Rüstəmlə görüşdüm, onda
radioda ştatdankənar müsahibələr
götürürdüm, qonorar almaq üçün, tələbə
idim. Mirzə İbrahimovla da müsahibəm
olub. Süleyman Rüstəm məndə
yaradıcı məqamları görmüşdü. Yaradıcılığımla bağlı
"uğurlu yol" yazmaq istədiyini bildirdi. Ancaq mənim şeirdə kumirim Rəsul Rza idi.
İstəyirdim o, şeirlərim haqqında
yazsın. Rəsul Rza o vaxt radioda mənim
şeirlərim haqqında danışdı. "Şamaxı" şeirimi bəyənmişdi.
Bu şeir cavan yaradıcı adamlar arasında
çox məşhur idi. Fikrət Qoca o
şeiri çox bəyənirdi. O vaxt cavan idim,
qıvrım saçlarım var idi, Fikrət Qoca
saçımı sığallayıb deyirdi: "Mənim
Puşkinim" (gülür).
- O dövrdə mətbuatda, dərgilərdə
çap olunmaq necə idi? Hansı meyarlara
üstünlük verilirdi? İndi vəziyyəti
necə təsvir edə bilərsiniz?
- Mən
deyərdim ki, indiki gənclər arasında da istedadlı
yazıçı və şairlər var. O vaxt çap
olunmaq çətin məsələ idi. Hamını
çap eləmirdilər. Müəyyən
qadağalar var idi, senzura və s. Təbii ki, istedadlı mətn
seçilirdi. Ancaq həmişə obyektiv
seçim olmurdu. İndiki Azərbaycanı
ötən əsrin əvvəllərindəki Amerikaya bənzədirəm.
Çünki mən Vulfu oxuyuram, görürəm
ki, eynən Azərbaycandı. Onun bir romanı var:
"Evə dönüş yoxdur". Mən
deyərdim dünyanın sayılıb-seçilən əsərlərindən
biridir. Nə qədər böyük yazıçı
imiş... Bizim yazıçılar ona yaxın gedə bilmirlər...
- Bunun səbəbini nədə
görürsünüz?
-
Çünki bizim yazıçılar həqiqəti yaza
bilmirlər. Həqiqəti yazmaq asan məsələ
deyil. Bizim yazıçılar bir çox
halda öz içlərinə xilaf çıxırlar.
Demirəm heç yoxdu. Yazanlar
var, amma o deyil. Yazıçı təsir
etməlidir. Əgər təsir edə
bilmirsə, o, yazıçı deyil. Vulf
mənə çox böyük təsir edib. Onun təsiri ilə də yazmışam bir müddət.
Demək olar ki, bütün bəyənilən yazılar məhz
Vulfun təsiri ilə yazdıqlarımdı...
- Təsir imkanları nə vaxta qədər
olmalıdı bir yaradıcı şəxs üçün?
-
Bilirsiniz, təsir yaxşıdı, ancaq bir müddətə
qədər. Bir müddətdə o təsir səni
oyatmalı, hərəkətə gətirməli və bununla
da iş bitməlidi. O da bir sevgidi, təsirdən doğan
sevgi. Bu sevgidən yeni nələrsə
yazılır, təqdim olunur.
- Oktay müəllim, son vaxtlar yeni
kitablarınız çap olunmur. Bu, nə ilə
bağlıdır?
-
Bilirsiniz, müəyyən vaxtdan sonra qayğılar adamın
başını qatır. Mən də ailə
sahibiyəm. Ailə sahibi olan adamın
yaradıcı gücü bir vaxtdan sonra tükənir.
Bununla bağlı Stalin deyib ki, "əsl inqilabçı
evlənməməlidir...". Bu fikri yazıçılara da aid etmək olar.
Yazılarında inqilab yaratmaq üçün
o, bütün varlığı ilə yazıya
fokuslamalıdır. Yoxsa alınmır.
- Nəsrlə bağlı nə
düşünürsünüz?
- Bir dəfə
Xalq yazıçımız Anar məni
"yazıçı" kimi təqdim eləmişdi. Görünür, nəsrlə bağlı
yazılarımı oxuduqdan sonra bu qənaətə gəlib.
Digər qələm dostlarım da mənim nəsr
yazılarımı bəyənib. Ancaq mən
özümü daha çox şair kimi qəbul edirəm.
- Ətrafınızda sizə
dəstək olan insanlar olubmu? Həm həyatla,
həm də yaradıcılığınızla
bağlı...
- Bayaq
adını çəkdiyim Vulf cavan yaşında elə bir ətrafa
düşüb ki, onun yanında yaxşı adamlar olub. Mənim də ətrafımda yaxşı adamlar
olub. Həm həyatımda, həm də
yaradıcılığımda yaxşı adamların rolu
var. Elçinin, Anarın köməkliyi ilə mənə ev verilib. Kürdəmirin məhkəmə
sədri vardı, Mahmud Həsənov, mənə çox dəstək
olub. Mən bunları heç vaxt unuda bilmərəm.
Yaradıcılığımla bağlı mənə
uğur diləyən, imkanlar verən böyük
yazıçı və şairləri də qeyd etməliyəm.
Rəsul Rza, Süleyman Rüstəm dövrün böyük
şəxsiyyətləri idi. İstedadlı gənc
yazarlara diqqət göstərirdilər. O vaxt on dörd
redaksiya var idi, Rəsul Rza Göyçaydan hər
mövsüm həmin redaksiyalara bir səbət heyva, bir səbət
nar göndərirdi. Bu məqamı heç vaxt
unuda bilmirəm.
- Oktay müəllim, ədəbi tənqidlə
bağlı nə düşünürsünüz?
- Mənə
elə gəlir ki, yazıçı tənqidçidən
bir addım öndə olmalıdı. Yəni
o, tənqidə o qədər də fikir verməməlidir.
Həqiqəti yazmalıdı. Tənqidçinin nə yazmağından
asılı olmayaraq gərək yazıçı
yazısını yazsın. Tənqidçinin
öz işi var. Yazıçı öz yolu ilə getməlidir.
Yazıçı həm də
gördüyünü yazmalıdı. Yazıçı
nə iqtidar olmalıdı, nə də müxalifət.
Onda oxucular səni sevəcək. İndi deyirlər, yaxşı əsər oxunmur.
Yalandı, yaxşı əsər hər zaman
oxunur. Özü də kitabdan oxunur,
internetdən yox. İnternetin də
yaxşı və pis tərəfləri var. Biz Avropanın
zahiri qiyafəsini götürürük. Amma
daxili aləmləri kəşf edə bilmirik. Bu da bir prosesdi. Görünür, zaman
lazımdı...
- Yazıçının birinci
xüsusiyyəti nə olmalıdı?
-
Ümumiyyətlə, insan birinci növbədə
özünü tanımalıdır. Təəssüf
ki, indi adamların yarıdan çoxu özünü
tanımır. Bu da bir çox fəlakətlərə
gətirib çıxarır. Təhsillə
bağlı çatışmazlıqlara, mədəniyyətlə
bağlı çatışmazlıqlara yol açır.
Yazıçı da özünü
tanıyandan sonra nə yazacağını bilməlidir.
Yoxsa nə qədər yazsa da, onda
alınmayacaq. Özünü tanıma
prosesi vacib məsələdir. Sən bilməlisən
yazdığında həqiqətin payı nə qədərdi.
Həqiqət varmı? Varsa
hardadı? Bu suallara yazıçı mətndə
cavab yazmalıdı. Bu,
yazıçının birinci xüsusiyyətlərindən
biridir. Həqiqəti yazmaq, həm də olduğu kimi
yazmaq... Bu da zamanla bağlıdır...
- Zaman deyəndə nəyi nəzərdə
tutursunuz?
- Mən
zamana fəlsəfi aspektdən baxıram. Zaman
axıb keçən bir nəhrdi. O nəhrə iki dəfə
daxil olmaq olmur, qayıtmayan bir prosesdi. Birtəfəlidi.
Hər zamanın öz yazısı və tələbatı
olur. Hər yazıçının da
öz dövranı olur. Mənim bir pyesim
var, səhnələşdirilib, sadəcə olaraq pandemiya
vaxtına düşdü, qaldı. "İnsan
qiyafəli uzay köpəkləri" adlı pyesdi. "Qobustan" jurnalında çap olunub. Əks-sədalı bir pyes oldu. Məmməd
Orucun çox xoşuna gəlmişdi. Mənə dedi
ki, son otuz ildə bu cür pyes oxumamışam. Pyesdə insan- robot münasibətləri təsvir
olunub. İnsanlar öz başlarına gətirdiklərini
robotların da başına gətirir. Yəni
insana məxsus olan paxıllıq, həsəd, kin robotlara da
qarşı yönəldilir. Bu gün dünyada baş
verən proseslər də insanların
paxıllığı, kini həsədi ilə əlaqəlidi...
- Dünyada baş verən proseslərdə
ədəbiyyatın rolu nədir? Deyək ki, müharibələrdə
ədəbiyyat özünü necə göstərməlidi?
-
Dünyada baş verən proseslər çox
qarışıqdır. Hər kəsin özünəməxsus
haqlı iradları ola bilər. Ədəbiyyatda müharibə mövzusu həmişə
olub. Bu gün də var. Ola bilsin,
yazılanlar hələ öz dəyərini qazanmayıb.
Bu da zamanla bağlıdır. Düşünürəm ki, zamanla yaxşı əsərlər
olacaq. Müharibələrdə ədəbiyyat
daima sülhə tərəf olmalıdı. Ədəbiyyatın bir missiyası da sülhün,
insanlığın təbliğ olunmasıdır, axı.
Dünyada yanaşmalar fərqlidir. Biz torpaqlarımızı qaytardıq, bu elə də
asan məsələ deyildi. Buna nə qədər
hazırlıq getdi. Hazırlıqsız
bu işləri yerinə yetirmək sadəcə olaraq
mümkün olmayacaqdı. Ədəbiyyat
da hazırlıqlı olmalıdı. Otuz il
məğlubiyyətdən əsərlər yazıldı,
indi isə qələbədən əsərlər
yazılacaq. Sonra bu əsərləri dünyaya
təqdim etməliyik. Tərcümələr
olunmalıdı...
- Tərcümələrlə
bağlı nə düşünürsünüz?
- Tərcümələrlə
bağlı vəziyyət olduqca bərbaddır. Azərbaycanda tərcümə ədəbiyyatı
ilə bağlı deyə bilərəm ki, yaxşı tərcümələr
olduqca azdır. Necə ki, yaxşı əsərlər
azdı, yaxşı tərcümələr də azdı.
Necə gəldi tərcümə eləyirlər, pul
qazanmaqdan ötrü... Məni rus dilindən
olan əsərlərdən uzaqlaşdıran həmin o tərcümələr
oldu. O vaxt fars dilindən Şəhriyarın
"Azərbaycan" şeirini Fikrət Sadıq tərcümə
edib. O qədər gözəl bir tərcümədi ki... Fikrət Sadıq mənim ustadım olub. O
vaxtlar Şamaxıda "Gənc Sabirçilər" ədəbi
məclisi var idi. Mən də o dərnəyin
üzvü idim. Dərnəyin ədəbi
prosesə böyük xeyri oldu. Musa Yaqub, Şahməmməd
Şahməmmədov kimi üzvləri var idi. O ədəbi məclisi
Fikrət Sadıq yaratmışdı.
- Oktay müəllim, ədəbi
mükafatlara, müsabiqələrə münasibətiniz necədi?
-
Müsabiqələr olmalıdı, yaradıcı müəllifləri
ruhlandırmaq üçün. Orda da həqiqət
olmalıdı, obyektivlik olmalıdı. Mən 1991-ci ildə
Türkiyənin mükafatını qazanmışdım.
Yaxşı da pul mükafatı vermişdilər. Hardasa iki
min dollar pul mükafatı idi. Ümumiyyətlə, mükafatların
bir marağı, bir məramı olur. Lap elə "Nobel"
mükafatı olsun. Orda da bir maraq var. Hələ Sovet
dövrünün "Lenin", "Stalin"
mükafatlarını müəyyən maraqlara görə təqdim
edirdilər. Rəsul Rza təqdim
olunmuşdu o vaxt "Lenin" mükafatına. Onu burdan öz ətrafımızda olan can-ciyərlərimiz
Moskvaya yazıb eləmişdilər ki, verilməsin. O da
verilmədi...
- Gənc yazarlara nə kimi
tövsiyələriniz var?
- Mənim
tövsiyə etməkdən xoşum gəlmir. Özüm
də hələ müəyyən tövsiyələrə
diqqət edirəm. Bu mənada
düşünürəm, hələ tövsiyə etməyim
düzgün deyil (gülür).
- Çox sağ
olun, Oktay müəllim. Sizə
cansağlığı və xoş günlər arzu edirəm.
- Sağ
olun. "Ədəbiyyat qəzeti" ədəbi
elitanın qəzetidir. Mən də sizə və
"Ədəbiyyat qəzeti"nin
kollektivinə təşəkkür edirəm.
Söhbətləşdi: Tural
CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2022.- 21 may.- S.7.