Quyudan Allaha
çağırış
Bir dəvə belinə bənzər gözlərim,
canında su saxlar ağlamaq üçün.
Ürəyim Tur dağı, Hira dağıdı
- səninlə əlaqə saxlamaq üçün.
Bu quyu ömürdən hey qışqırıram,
"səsimi duyursan, ey?!"
- qışqırıram...
Başını quyuya əy, qışqırıram,
varmısan? yoxmusan? yoxlamaq üçün.
Göydən adam endir, düzünü göstər,
haqq bizdən gizlənib, izini göstər,
nurun göz tuturmuş...
üzünü göstər,
bir gün gözlərimi bağlamaq üçün...
Eybi yoxdu
Qaldır yuxarıya başını dik tut,
əyilmə, səsini çıxart!
yaxşımı?
Qışqır, sinəmi döy, yorul, düş əldən,
hirsini içindən
at,
eybi yoxdu.
Devir qaşlarının düyün
yerini,
şirin gülüşünü
oyat,
yaxşımı?
Bu gün tərs üzünü göstər,
dözərəm,
sabah əllərimi
tut,
eybi yoxdu.
Əsən əllərində sığal
var, sığal,
küskün gözlərində
barış görsənir,
uzat əllərini, uzat,
yaxşımı?
Boş qalmış qucağım
meydanın olsun,
sevgi tələb elə, susdurum səni,
bir ömür cəza çək, yat,
eybi yoxdu.
Güzgünün buxarı
Tez qaçdım hamama... xeyli ağladım,
ürəyim boşaldı,
dincəldi bir az.
Qazın
xorultusu kiridi bir az,
suyun qalınlığı
incəldi bir az.
Susdum bir anlığa, təşvişə düşdüm,
görəsən, səsimi
eşitmədilər?
Əşşi, cəhənnəmə, onlar mənimtək
bu isti hamamda üşütmədilər.
Dünya
dağılmayıb, keçəcək
bu da,
bundan da ağırı başına
gəldi.
Qalxdım ki, güzgüdə
özümə baxım,
məni bu halımla məndən gizlədən
güzgünün buxarı
xoşuma gəldi.
İnsan olmuşam
uşaqlıq çağımda
Mən dəli olmuşam uşaqlıq çağımda,
heç kimin duymadığı musiqilərə
oynayanda,
saçlarını yolanda anamın,
danışanda oyuncağımla.
Mən ahıl olmuşam uşaqlıq çağımda,
yıxıla-yıxıla gəzəndə,
divardan yapışıb
ayağa qalxanda,
altıma batıranda,
inciyəndə,
küsəndə.
Mən qatil olmuşam uşaqlıq çağımda
oyuncaqlarımın qollarını
qıranda,
mən manyak olmuşam uşaqlıq çağımda,
"Barbi" gəlinciyini soyunduranda,
Mən oğru olmuşam uşaqlıq çağımda,
anamın qəpik
yığdığı dovşan
kassanı sındıranda,
atam at olurdu hərdən,
gəzirdim belində,
atam it olurdu hərdən,
qışqıranda anamın
üstünə,
ağlamışam,
qaçıb anamı
bərk-bərk qucaqlamışam,
mən insan olmuşam uşaqlıq çağımda,
insan...
Məni yarsan görərsən
ki...
Məni
yarsan, görərsən
ki,
içimdə milyon ölü var - hamısı mənəm.
Birində sinəm göyərib,
birində qolum keyiyib,
birində çənəm.
Məni
yarsan, görərsən
ki,
içimdə milyon ilim var - əlimdən
çıxan.
Birində xoşbəxt olmadım,
birində azad olmadım,
birində yoxam.
Məni
yarsan, görərsən
ki,
içimdə milyon dilim var - anlaşılmayan...
birində sözü
kəsilən,
birində deyə
bilməyən,
birində susan.
Məni
yarsan, görərsən
ki,
içimdə milyon əlim var - hamısı bağlı,
birinə doğmam
zəncir vurub,
birinə dostum qıfıl vurub,
birinə ağlım.
Məni
yarsan, görərsən
ki,
içimdə milyon ölüm var,
sağam hələ
ki...
Biri ürəyimi yeyir,
biri ümidlərimi,
biri Günəşi.
Sevdim səni, öpdüm
səni, qucaqladım
Biz Qəribik bu ölkədə, cinlərindi
bu ölkə
mən unutdum bu ölkədə bir daxmalıq yuvamı.
sərhədlərin, əngəllərin,
dinlərindi bu ölkə,
qollarımda güc qalmadı, yarım qoydum duamı -
sevdim səni,
öpdüm səni,
qucaqladım...
Günəşinə pərdə tutan günüqara ölkənin,
bütlərini sındırmamış
adamların içində,
üstümüzə hücum
çəkən baxışlardan
uzaqda,
gözdən itən
döngələrin beşində,
ya üçündə
-
sevdim səni,
öpdüm səni,
qucaqladım...
Gördüm, qaranlıq şığıyır
ömrümün ağ vaxtına,
bezdim, dedim öz-özümə:
- sən axmaqsan,
incimə!
Dönüb baxdım laap geriyə, getdim uşaq vaxtıma,
Günəş çəkdim boz
ömrümün
yuxarı sağ küncünə -
sevdim səni,
öpdüm səni,
qucaqladım...
Şəhid mənzərələri
Doğum
günündə,
bayraqla bəzənmiş
qırmızı tabutda
qızına hədiyyə
gəldi şəhidim,
zavallı qız,
sanmışdı ki, atası gözlərini yumub
gizlənqaç oynayır.
"Ata, gözlərini aç,
oynamaq istəmirəm...".
Dostum,
heç darıxma
qaziliyindən,
şəhid dostlarının
şəkillərinə baxıb
köks ötürmə,
dostum, üzülmə,
hanı qolların?
dostlarınla birgə
şəhid oldular.
İkiyə bölünən şəhid
bədənlərinin arasından
axır Araz çayı,
qovuşur Qarabağa
Azərbaycan.
Üç min
O adamın qürurunda qəlpə var,
o adamın sevincindən qan damır.
ovucları diz çırpmaqdan yaradı,
falçı baxır,
baxır, baxır...
Sayı
üç min deyil, üç min görünür,
biri dərddən üç min yerə bölünür,
ha başını dik tutsa da, bilinir,
öz içinə yağır, yağır...
Abırından, həyasından dil
udmuş,
ümidini külək
udmuş, yel udmuş,
bir el boyda oğul vermiş, el udmuş,
əzab... zülm... çətin... ağır...
Bomboş
qalan cibdən qaçır bu adam,
qoyun olub, divdən qaçır bu adam,
Vətənindən - evdən qaçır bu adam,
axır... axır... axır... axır...
Allah baba
Həyat
taleyimizi qəfil keçirtdi çarmıxdan,
sonra atamızın şəklini,
gödəkçəsini, papağını
asdı
əllərimizdəki, ayaqlarımızdakı
o mıxdan
sonrası,
qəfildən uşaq
kimi yox,
kişi kimi oyandığın sabah olur...
Atasız
uşaqları incitməyin,
Allahın xətrinə dəyir,
günah olur!
Əslində,
İsanın yox,
bütün atasız
uşaqların atası
- Allah imiş,
biz xoşbəxt olanda
Allah baba olur...
EMİNQUEY
Ədəbiyyat qəzeti.- 2022.-
28 may.- S.5