Əhməd Cavadın "Mühacirət şeirləri" və

ədəbi tənqidin metodoloji aspektləri

 

Əhməd Cavad mühacirətdə olmayıb, olmadığına görə də mühacirətdə şeirlər yazmayıb. Bəs nədən onun Türkiyədə çıxan şeirləri mühacirət şeirləri kimi qəbul edilərək sovet ədəbi tənqidinin etirazına səbəb olub. Təkcə etirazına səbəb olmamış, həm də onun ədəbi həyatına və şəxsi taleyinə təsir göstərib. Məsələyə çağdaş ədəbiyyatşünaslıq baxımından nəzər salmaq, onu metodoloji cəhətdən araşdırmaq lazım gəlir. Vaxtilə, Ə.Cavadın, Umgülsümün və başqalarının vətəndə yazılmış, lakin mühacirət mətbuatında dərc edilmiş şeirlərini təhlil edərək belə bir qənaətə gəlmişdim: "Azərbaycanda yazılaraq məcmuədə yer alan ("İstiqlal uğrunda" məcmuəsi nəzərdə tutulur - B.Ə.) şeirləri mühacirət ədəbiyyatı saymaq mümkündürmü? Tutaq ki, Ə.Cavadın 1918-19-cu illərdə yazdığı milli, vətənpərvərlik şeirlərini mühacirət poeziyası adlandırmaq nə dərəcədə doğrudur?! Yaxud 1924-cü ildə yazılan və vətəndə dərc edilən "Göygöl" şeirinin kitaba daxil edilməsi onu mühacirət ədəbiyyatına daxil edirmi?!" (Əhmədli, "525-ci qəzet", 30 noyabr 2015, s. 14). Əlbəttə, biz bu şeirlərin mühacirət ədəbiyyatı kimi qələmə verilməsi iddiasından uzağıq, lakin bu şeirlərin həm mühaciət mətbuatında dərc edilməsi, həm siyasi mühacirətə yeni bir yön verməsi, həm də vətəndə onun müəllifinin məhz mühacirətdə şeirlərinin çap olunmasına görə kəskin tənqid olunması və həyatının təhlükəyə atılması, bu poetik parçaların fərqli prizmadan təhlilini şərtləndirir. Bu tendensiyadan və yanaşmadan ən çox əziyyət çəkən cümhuriyyət və istiqlal şairi Əhməd Cavad olmuşdur.

Cümhuriyyətin süqutundan sonra ədəbiyyatda, poeziyada milli ruh iki istiqamətdə təzahür etməyə başladı; birincisi, Azərbaycanda milli ruhlu şeirlər yazılırdısa, mətbuata yol tapa bilmədiyindən, bəzən poeziyada rəmzi şəkildə ifadə olunurdu. İkincisi, milli ruhlu şeirlər mühacirətə yol axtarır və tapırdı. Azərbaycan şairlərinin şeirləri  mühacirətə müxtəlif yollarla gedirdi.

1920-ci ilin aprel işğalından sonra Cümhuriyyət dönəmində özünün ən yüksək zirvəsinə qalxan milli ruh geri çəkilir. Ən azından mətbuatda bunu görmək olmur. Senzuralı və "Bütün ölkələrin proletarları, birləşin!" devizi altında çıxan mətbuat bu cür şeirləri çap etmədiyindən milli ruhlu şeirlər ya sandıq ədəbiyyatına çevrilərək itib batır, ya da gizlin şəkildə mühacirətə yol tapırdı. Sovet rejiminin təqiblərindən sonra ilk milli ruhlu şeirlər mühacirətdəki mətbuatda özünə yer tapır.

Ə.Cavadın Azərbaycandakı Osmanlı şəhidlərinə həsr etdiyi "Qalx" şeiri ikinci dəfə "Yeni Kafkasiya" dərgisinin 1-ci sayında dərc edilir. Dərginin 1-ci sayında Ə.Cavadın bu şeirinin dərc edilməsi bir neçə məqsəd daşıyırdı; birincisi, mühacirlərin milli ruhunu qaldırmaq, ikincisi, dərginin nəşr edildiyi topluma müraciət etmək və üçüncüsü, siyasi təbliğatda poetik düşüncədən maksimum istifadə etmək. Ə.Cavad yazırdı:

 

Qalk, qalk sarmaşıklı mezar altından,

Gelmiş ziyarete kızlar, gelinler.

Ey karvan keçidi yıllar üstünde

Her gelen yolçuya yol soran esker.

 

...Çarıklı kardeşler sadedil köylü,

Yalnız mezarında bir örük ördü.

Toplanıb baş-başa hər üçü, dördü

Her gün köylü kızlar derdini dinler.

 

         (Cevat, 1923, ¹1, s.7)

 

Şeirdəki Azərbaycanın istiqlalı uğrunda canından keçən türk qardaşların xatirəsinin əziz tutulması və xalq tərəfindən ziyarət edilməsinin ifadəsi türk toplumuna yeni mesajlar verirdi.

Dərginin 2-ci sayında yenidən Ə.Cavadın yaradıcılığına müraciət edilərək "Milli bayrağımıza" şeiri verilir. Şeirlə bağlı altyazıdakı izahda şeirin yazılması səbəbinə toxunulur: "Azerilerin milli şairi A.Cevat Beyin Azerbaycan bayrağına hitap eylediyi bu şiirin "İstiklal" mecmuasından iktibas ediyoruz. Azerbaycan bayrağı mavi, kırmızı ve yeşil olarak üç boyalıdır. Kırmızı üzerinde hilal ve sitare var" (A.Cevat, 1923, ¹3, s. 6).

Dərginin 3-cü sayında Gültəkinin "K.T. imzası ilə "Kork" şeiri dərc edilir. 4-cü sayında isə Ə.Cavadın "Sən ağlama" şeiri yer alır. Redaksiya şeirin "Maarif və ədəbiyyat"dan (səhv getmişdir - B.Ə.) götürüldüyünü qeyd edir. Nəzərə alsaq ki, bu zaman "Maarif və mədəniyyət" jurnalı yenicə nəşr edilirdi, o zaman Ə.Cavadın şeirinin buradan götürldüyünü aydın etmək olar. Şeirdə Ə.Cavad rəmzlərə yer verərək keçmişinə ağlayan gözələ "sən ağlama, mən ağlayım, gözəlim", - deyə xitab edirdi:

 

Ben bakarken sen urdugun yaraya,

Şimdi zalim felek girdi araya...

Bak hasta kalbimle geldim haraya

Sen ağlama, ben ağlayım, güzelim.

 

             (A.Cevat, 1923, ¹4, s.7)

 

"Yeni Kafkasiya" dərgisinin 5-ci sayında H.Cavidin "Necm-I Gisudar", Ə.Cavadın "Bir gül ektim", 8-ci sayında "Neden yarandın", 10-cu sayında isə "Al bayrağa"  şeirləri verilmişdir. Sonuncu şeir "Elif Cevat" imzası ilə verilib. Bundan sonra nəinki Ə.Cavadın, eləcə də Azərbaycanda yaşayan digər şairlərin şeirlərini dərgidə görmürük. Buna səbəb Ə.Cavadın həbs olunması idi. Şairin 1923-cü ildə həbs olunması bir neçə vaxtdan sonra Türkiyəyə çatdıqda "Yeni Kafkasiya" bu məsələyə öz münasibətini "Ahmet Cevat (Ahmet Cevat) mahpus!..." məqaləsi ilə bildirib. Məqalə "Yeni Kafkasiya" imzası ilə dərc olunub. Azərbaycandan aldıqları xəbər redaksiya üzvlərini dərindən təəccübləndirməlidir ki, məqalə bu sözlərlə başlayırdı: "Mevcudiyyetimizi derin bir teessüf içerisine gark eden bu meşum haber, mehpusiyyetin sebebini öyrenince, bizi daha ziyade bir teessür içinde buraktı.

Azeri türk halkının en aziz duyğularına ve en rakik hisslerine samimi tercüman olan bu hessas şairin sade haberi tevkifi ile üzülmekte iken bir sebeple manevi bir mesuliyet hissi altında dahi ezildik..." ("Yeni Kafkasiya", 1924, ¹1, s. 19).

"Yeni Kafkasiya" ailəsi bu xəbərdən olduqca məyus olmuş və üzülmüşdü; ona görə ki: "Şairin mahbusiyetine "Yeni Kafkasiya"da derc olunan şiirleri sebep olmuş imiş?..". Sovetlərin hər üzü "Yeni Kafkasiya"çılara bələd idi, lakin ilk dəfə olaraq belə bir hadisə ilə qarşılaşırdı: "Bolşeviklerin pek hunhar ve geddar bir zalim olduklarını bilmekle beraber, itiraf edelim ki, vahşetin bu derekcesine inceliklerine katiyen akıl erdirememiştik" ("Yeni Kafkasiya", 1924, ¹1, s. 19).

Məqalədə Ə.Cavadın "Yeni Kafkasiya" ilə bağlılığından dolayı həbs olunmasına "əlimizi vicdanımızın üzerine koyarak bütün cihan müvacehesinde söylüyoruz ki, onun bizimle hiç bir münasibeti yoktur!", - deyə etiraz edilirdi. Yox, əgər bu şeirlərdə bolşevizm əleyhinə nələr isə görürlərsə, bunun da yanlış olduğunu bildirir və bu şeirlərin tək birindən başqa, bolşevizmdən əvvəlki tarixlərdə yazıldığını və ayrı-ayrı yerlərdə dərc olunduğunu tarixi və mənbəyi ilə əsaslandırırdı. Müəllif çarizm dövründə belə bu kimi hadisələrdə şairin həbs edilmədiyi ilə bağlı nümunələr gətirir. Eynilə rus ədəbiyyatına müraciət edərək çarizm dövründə Andrey Belıy, Pentkovski, Kofman və b. şairlərin o zaman dərc edilən, sonradan rus mühacir mətbuatında çap edildiyinə görə şairlərin həbs edilmədiyini yazır. Şairin həbs edilməsini heç cür başa düşməyən müəllif yazır: "Yoksa şairin günahı milliyetini sevmek, halkının semimi hissiyatına tercüman olmakmıdır? Bu bir günah telekki edilse biile Azervbaycan Sovyet hükumetinin teşekkülünden evvel vuku bulmuş bir "günah"tır. Eski katolik Romanın meşhur enkvizasiyon mahkemeleri bile kendi teşekkellerinden evvel "irtikabi-cürüm" eden mütefekkirleri tacziye etmiş degildirler!..

Fakat biz galiba yene yanılıyoruz: bolşevik mezaliminde mantık arıyoruz. Şaire karşı işledigimiz kusurda mantığaç fazla riayet etdigimizden ileri gelmiş olsa gerek..." ("Yeni Kafkasiya", 1924, ¹1, s. 20).

Gizli müəllif şair Ə.Cavada da müraciət edir və onu çətin vəziyyətə saldıqlarının fərqinə varır və ondan bağışlanmalarını diləyir: "Zavallı Ahmet Cevat! Ey mazlum milletinin zülm-dide şairi! Biz senin eserlerini iktibas etmekle milli hazinemizdeki manevi mudahharatımızı göstermek ve onunla iftihar etmek istemiştik. Matbu eserlerinize müraciet ederken bundan dolayı, mesul düşeceyinizi katiyen hatır ve heyale getirmemiştik; bolşeviklerin pek gaddar ve amansız olduklarını bildigimiz halde, vahşette bu dereceye çıkacaklarını tesevvür edememiştik. Megerse yanılmışız. Aff et bizi ey şair, aff et ki, seni hatırlamışız!.." ("Yeni Kafkasiya", 1924, ¹1, s. 20).

Əhməd Cavadın 1923-cü ilin sonlarında həbs olunduğunu tarixi sənədlər də təsdiq edir. Şair bir neçə ay Bakının "Starıy politseyski" prospektində yerləşən həbsxanasında saxlanılmışdır. Bu barədə "Azərbaycan istiqlal mücadiləsi tarixi" kitabının müəllifi mühacir Hüseyn Baykara şairin həbsxanada yazılan "Ay ellər" və "Neylim" şeirlərinin hər birindən bir bənd nümunə gətirərək yazır: "Şeirlərini oxuduğum və sevdiyim bu şairin (Ə.Cavad nəzərdə tutulur - B.Ə.) ÇK tərəfindən 1923-cü ilin axırlarında həbs olunduğum zaman Bakının "Starıy politseyski" prospektindəki həbsxanada tanıdım. O da həbs olunanlar arasında idi. Onunla bir neçə ay eyni kamerada qaldıq. Kamerada bizə kitab, dəftər, qələm vermirdilər. Necə oldusa mənim əlimə bir qələm keçmişdi. Bu qələmlə Əhməd Cavadın ÇK şeirlərini divara yazır və əzbərləyirdim. Bir gün gözətçi Nikolay mənim divara nəsə yazdığımı gördü və divara yazılan yazıları taxta parçası ilə sildi. Cavadın dörd-beş şeiri beləliklə unuduldu, yox oldu. Bu hadisədən sonra yazdığı iki şeirini əzbərlədim" (Baykara, 1975, s. 78). Bu şeirlərdən biri belədir:

 

Hanı yaz mövsümü, gülüm, çiçəyim,

Tez düşdü yurduma, xəzan, ay ellər.

Mən yaza bilmədim, əllərim bağlı,

Yoxmu bir dərdimiz yazan, ay ellər.

 

            (Baykara, 1975, s.78)

 

Mühacirətdə dərc edilən şeirlərinə görə Ə.Cavada ikinci hücum 1929-cu ildə olmuşdur. Doğrudur, bu hücum həbslə nəticələnməsə də, şairin taleyinə və yaradıcılığına ciddi təsir göstərmişdir. Bu dəfə şairin şeirləri "İstiqlal uğrunda" məcmuəsində çap olunmuşdur. 1923-cü ildə "Yeni Kafkasiya"nın "səhvi"ni bu dəfə "İstiqlal uğrunda" məcmuəsini nəşr edənlər təkrarlayır. Ola bilsin, həmin hadisədən xəbərləri olmamışdır, ya da altı il vaxt keçdiyindən 1923-cü ildə baş verən hadisə unudulmuşdur. Yoxsa sələflərinin "səhvi"ni təkar edib, şairin başını dərdə salmazdılar. Kitabın "Milli Azərbaycan nəşriyyatı" tərəfindən verilən bir neçə cümləlik qeydində yazılır: "Həm bir çox azərilər tərəfindən vüqubulan mütəəddid (çoxlu) müraciətlərlə də təyid olunan (təkid olunan) ruhi pək böyük bir ehtiyac tətmin eləmək, həm də istiqlal uğrunda dönməz əzmlə qüdsi bir cidal səhnəsinə atılan bir türk elinin ruhundakı hürriyyət və istiqlal eşqini qardaş bir mühitə tanıtmaq məqsədilə mətbu və qeyri-mətbu, müxtəlif zamanlarda yazılan və müxtəlif səhifələrdə mündəric bulunan milli nəşidələrin bir arada təb və nəşrini ötədən bəri düşünüyorduq" ("İstiklal uğrunda", 1928, s. 4).

Sonrakı qeydlərdən də görünür ki, nəşriyyat bu kitabın tərtibini Kamal bəyə həvalə etmişdir. Məcmuəyə Kamal bəy tərəfindən yazılan "Bir müqəddimə"də şeirlərin haradan əldə olunduğuna dair bəzi işarələr də vardır. Müəllifə görə, "Azərbaycan istiqlalının eşqi və həsrətilə yanan qəlblərin həmləsini və acısını duyan həssas qələmlərdən çıxmış bu nəşidələr"in əldə edildiyi mənbəyi də göstərilir: "Əvət, əldə mövcud parçalar diyoruz, çünki orada, o zülm, vəhşət və əsarət diyarında yaşayan və ən qutlu nəşidələrini gizli məhfillərdə (yığıncaq) oxuyan canfəza şairlərin əksəriyyətlə əzbərdən oxunaraq dildən-dilə dolaşan istiqlal şeirlərindən bu məcmuəyə keçən qismi azdır. Fəqət burada, bu mühacirət həyatında yazılan və əksəriyyətlə istiqlal mücadiləsinin ən şanlı təzahüratını qeyd edən möhtərəm "Yeni Kafkasiya" və "Azəri türk" səhifələrində yer bulan şeirlər dəxi bizə Azərbaycan türklüyünün nə kimi hisslərlə istiqlal uğrunda mücadiləyə girişmiş olduğunu göstərir" ("İstiklal uğrunda", 1928, s. 5).

Göründüyü kimi, müqəddimə müəllifi Kamal bəy bu şeirlərin əksəriyyətinin mühacirət mətbuatından götürüldüyünü, çox az bir qisminin isə ağızlarda dolaşan şeirlərin daxil edildiyini açıq şəkildə göstərir. Bu həqiqətən də belədir, çünki məcmuədə Sovet Azərbaycanında yaşayan Ə.Cavadın, Umgülsümün Türkiyəyə şeir göndərmək imkanı olmamışdır. Bu şeirlər mühacirətə göndərilmişdisə, deməli, həyatlarını riskə qoymuşdular. Bəlkə də bunu nəzərə alan müqəddimə müəllifi bu parçaların yazıldığı yerdə "zülm, vəhşət və əsarət diyarında" şeir müəlliflərini gözləyən təhlükəni önləmək üçün "çox az bir qism parçaların" dillərdən alındığına dair işarələr verir. Ancaq bu qeydlərin Azərbaycanda keçərliliyi olmur, ona görə ki, bolşevik rejimi istiqlal uğrunda mübarizə aparanlara qarşı rəhm və aman tanımırdı.

əcmuədə Ə.Cavadın 10 şeiri dərc edilib. "İstiqlal uğrunda" kitabının nəşrinə Azərbaycan bolşevikləri, onların yeni yaratdıqları ədəbi tənqid əvvəlcə o qədər əhəmiyyət verməmişdir. Lakin 20-ci illərin sonlarında rus yazıçıları Yevgeni Zamyatin və Boris Pilnyakın əsərləri xarici ölkələrdə işıq üzü gördü. Hər iki yazarın çağdaş rus ədəbiyyatının görkəmli nümayəndələri və birinin özünün jurnal redaktoru olmasına baxmayaraq, əsərlərinin xaricdə çap olunması ədəbi cameədə böyük rezonans doğurdu. Hər şeydən əvvəl, onların yazdıqları yeni mövcud sistemin kriteriyaları ilə uyğun gəlmirdi. Bu hadisə Moskvada böyük müzakirələrə səbəb oldu   Kommunist Partiyasının göstərişi ilə onların xaricdə çap olunmuş əsərlərinə qarşı ideoloji kampaniya başladı. Elə bu zaman gənc tənqidçi Əli Nazim "İnqilab və mədəniyyət", "Dan yıldızı", "Türk yurdu" jurnallarında nəşr etdirdiyi məqalələr əsasında "Azərbaycan ədəbiyyatı" adlı bir məqalə yazaraq Moskvadakı "Peçat i revolyusiya" jurnalının 1929-cu il iyul sayında dərc etdirdi (Nazim, 1929).  Tənqidçi məqalədə "İstiqlal uğrunda" kitabının nəşri ilə bağlı da məlumat verirdi. Bu məlumat yerli antipilnyakçılar üçün bir bəhanə oldu. Mərkəzdə Y.Zamyatin və B.Pilnyakin əleyhinə başlamış kampaniyanın təsiri altında Azərbaycandakı zamyatinlər və pilnyaklar axtarılmağa başlandı. Azərbaycanda pilnyakçılığa ən gözəl nümunə Ə.Cavad gəlirdi. Nədən ki, cümhuriyyətə və onun atributlarına şeirlər yazmış və tərənnüm etmişdi. Cümhuriyyətin süqutundan sonra isə yazmaması və ya yeni dövrü tərənnüm etməməsi ədəbi mühitdə onun ünvanına "ağır uyğu" və "şübhəli sükut" kimi dəyərləndirilirdi. Cəmi bir neçə il əvvəl "Yeni Kafkasiya"da dərc edilən şeirlərinə görə həbs olunmuşdu. İndi isə onun bir neçə şeiri, necə deyərlər, "düşmən ölkədə", mühacirətdə nəşr edilmişdi. Bu barədə məlumat Azərbaycanın siyasi və ədəbi cameəsində bilinəndən dərhal sonra Ə.Cavad "Şiddətli protesto edirəm" adlı kiçik bir yazı ilə "Kommunist" qəzetində çıxış etdi. Şair bu hadisədən Əli Nazimin Moskvada çıxan "Peçat i revolyusiya" məqaləsindən xəbər tutduğunu və "İstiqlal uğrunda" məcmuəsində onun da bir para şeirlərinin dərc olunduğunu bildirərək yazırdı: "Aprel inqilabından sonra əlaqədar olmadığım bir təşkilat tərəfindən nəşr edilən bu kitabdan xəbərim olmadığı kimi, hansı parçalarının da oraya düşdüyündən xəbərim yoxdur. Lakin nə olursa-olsun, Azərbaycan Şura quruluşu əleyhinə olan bir kitabda yazılarımın fitnəkarlıqla nəşr edilməsinə, şeirlərimin qollanmasına qarşı şiddətli etiraz edirəm.

Azərbaycan işçi sinfinin sosializm quruluşunda əlimdən gəldiyi qədər iştiraka hazır olduğumu bəyanla yazılarımın Şura hüdudu xaricində nəşri üçün heç bir kəsə və heç bir təşkilata vəkalət vermədiyimi bununla bəyan edirəm. Əhməd Cavad. 31 oktyabr, 1929-cu il" (Cavad, "Kommunist", 1929, 31 oktyabr).

Zahirən burada məsələ bitməlidir; şair şeirlərinin Türkiyədə dərc edilməsindən xəbəri olmadığını rəsmi şəkildə bildirir. Lakin hər şey də elə buradan başlanır; "çekist ruhlu sovet tənqidçiləri" (M.Ə.Rəsulzadə) "Protesto"nun dərcindən bir gün sonra sıraya düzülür və qarışıq səslərlə haray-həşir qoparırlar. Bu fürsəti bolşevik tənqidçilər boşa vermək istəməyərək var gücü ilə şairin şəxsiyyəti və yaradıcılığı üzərindən hücuma keçirlər. İlk olaraq rəsmi funksioner və marksist tənqidçi Mustafa Quliyev bolşeviklərin baş ideoloji tribunası "Kommunist" qəzetində onu "Pilnyakçılığı dəf edəcəyiz" məqaləsində şairi "pilnyakçı" adlandıraraq yazırdı: "...Böylə bir sükut qolçomaqlara, nepmanlara, burjuaziyaya hüsn-təvəccöh göstərmirmi? Ədəbi həyatdakı son hadisələr göstərir ki, pilnyakovçuluq türk ədəbiyyatında da vardır. Şair Əhməd Cavad "yazamaz" oldu, ilham onu tərk etdi. Lakin millətçilik ruhlu şeirləri müsavat mətbuatında çıxmağa başladı" (Quliyev, "Kommunist", 1929, 4 noyabr).

M.Quliyev məsələnin kökünü araşdırmadan Ə.Cavadı "yalançı", "ikiüzlü" adlandırır və onun "xəyanət" yolu tutduğunu iddia edir. Hətta Ə.Cavadın iki il əvvəl yazdığı "Oktyabr" şeirini belə "bir şeirə dəyməyən, solğun bir şeir" adlandıraraq şairin siyasi keçmişini qabardır və vurğunu da onun müsavatçı keçmişinə yönəldirdi.

M.Quliyev bu məqalə ilə kifayətlənmir, bir məqalə də "Bakinski raboçi" qəzetində çap etdirərək türk ədəbiyyatında pilnyakçılığa nümunə göstərirdi (Kuliev, 1929, 12 oktyabr).

Bundan sonra demək olar,  noyabr ayı boyu "Kommunist", "Gənc işçi", "Yeni yol" və digər mətbuat orqanlarında Əhməd Cavada qarşı qara piar başlayır. Ə.Vəliyev "Keçinin andınamı, xoruzun quyruğunamı?" məqaləsində yazırdı: "...Bu işdən Cavadın xəbəri varmıdır, yoxmudur, "təbinə icazə verirəm" demiş, ya dərkənar yazmışmı, yoxmu-bunun o qədər əhəmiyyəti yoxdur. Nə olursa- olsun, burası müsavat yazıçılarına ağır bir sillədir və doğrudan da, Cavadın xəbər və icazəsi olmadan dərc etmişlərsə, daha ağır bir sillədir. Bununla əlaqədar olaraq, bizi maraqlandıran məsələ, hər şeydən əvvəl budur ki, nə üçün müsavatçılar öz kitabçalarında  öz şair və ədibləri sırasında Həsən, Hüseyn, yaxud Vəlinin deyil, həman-həman Cavadın əsərlərini dərc və nəşr edirlər" (Vəliyev, 1929, 2 noyabr).

Müəllif məqalə boyu Ə.Cavadı tənqid etməklə yanaşı, özünün də müsavatla əlaqəsi olmadığını sübuta yetirməyə çalışırdı. Əslində bir yazıçı kimi Ə.Vəliyev Ə.Cavadı daha yaxından başa düşməli və ehtiyatlı olmalıydı. Lakin gənc yazıçı Ə.Cavadın "Protesto"sunu "məsuliyyətdən yaxa qurtarmaq üçün formal rədiyyə" adlandıran tənqidçi Əli Nazimə dəstək verirdi.

Bu məqalədən bir gün sonra isə S.Rüstəmov "Sübut edə biləriz" məqaləsində Ə.Cavad yaradıcılığına sırf proletar mövqeyindən yanaşır və şairin şeirlərinin İstanbulda dərc edilməsinə əvvəlki həmkarı kimi münasibət bildirmişdi: "Tutalım ki, orada çap edilən şeirləri Cavad özü göndərməmişdir. Madam ki, bu şeirlər bizim sinfimizə yabançı ruhdadır, o zaman özü göndərib göndərməməyinin əhəmiyyəti də çox deyildir.

Madam ki, Cavadın şeirləri müsavatçıların əlində bizə qarşı silah olaraq işlədilir, demək Cavad o şeirləri müəyyən məqsədlə yazmış, Bakıdakı dostlarına vermis. O dostlar da öz müqəddəs vəzifələrini yerinə yetirmişlərdir" (Rüstəmov, 1929, 3 noyabr).

S.Rüstəmov Ə.Cavadın "Göygöl" şeirini də xatırladır və unutmadıqlarını bəyan edir. Onu da qeyd etməyi unutmur ki, "bəzi gənc yazıçılar Cavadı müdafiəyə qalxışırlar, fəqət onlar bunu düşünməyərək yapırlar".

Ən maraqlı cəhət orasındadır ki, Ə.Cavad haqqında yazan müəlliflər İstanbulda nə şairin çap olunan şeirlərinin adlarını çəkir, nə də bu şeirlərdən nümunələr gətirirlər. Gətirə də bilməzdilər, çünki onların əlində bu məcmuə yox idi. Yalnız şeirlərinin mühacirətdə çap olunması barədə informasiya var idi. Bir də şairin şeirlərindən daha çox, onun keçmişini vurur və tənqid edirdilər. S.Rüstəm tənqidinə davam edirdi: "Azərbaycanda Şura hökuməti qurulduqdan sonra Cavad özünü Şura dostu adlandırmağa çalışır. Baxalım bunu yapmışmı? Cavad 1922-1923-cü illərdə həman:

 

Çoxdandır ayrı düşdüm,

Üç boyalı bayraqdan.

Ay dostlar, bən yoruldum

Bu gizli ağlamaqdan

 

- kimi bir bəndi bir tələbənin dəftərinə heca vəzninin yeddiliyinə missal olaraq yazmışdır" (Rüstəmov, 1929). "Cavad sosializm quruluşunda bizə bu sayaqmı kömək edir?", - deyə həyəcan təbili çalan "Ələmdən nəşəyə" şairi "Cavadları və onların şeirləri ilə zəhərlənmiş gəncləri" (A.İldırım və M.Müşfiq nəzərdə tutulur - B.Ə.) Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin qazanında qaynadıb təmizləyə biləriz" qənaətinə gəlirdi.

Ə.Cavada qarşı kampaniyaya tezliklə yazıçı Böyükağa Talıblı, Hacıkərim Sanılı və Əbdürrəhim bəy Haqverdiyev də qoşulur. Anticavadçılar arasında mübarizə onu nə dərəcədə ifşa etmək uğrunda yarış gedirdi. Əslində Ə.Haqverdiyev Cümhuriyyət dönəmində Borçalı qəzasında müvəkkil olmuş, sonra isə Dağıstanda işləmişdir. Görünür, buna görə yazıçı bir qədər yumşaq yol tutur və Ə.Cavada "dərin bir fikrə getməyi və xüsusən xülya yollarını boşlayaraq həqiqi yola qayıtmasını" tövsiyə edirdi. Ancaq onun siyasi keçmişinə də işarələr var idi: "Şair Cavadın əsərini İstanbulda dükan açmış müsavat xülyaqlarının məcmuəsində dərc olunması və onun bu xüsusda protestosu Azərbaycan türk ədibləri tərəfindən bir neçə çıxışa səbəb olmuşdur. Cavad gəncdir, onun qarşısında geniş fəaliyyət yolları açıqdır" (Haqverdiyev, 1929). Ə.Haqverdiyevin məqaləsində xeyirxahlıq notları daha çox üstünlük təşkil edir. Yaşlı yazıçılardan S.S.Axundov da "Gənc işçi" qəzetinə yazdığı yazısında Ə.Cavadın protestosu münasibətilə Azərbaycan Proletar və Şura Yazıçılarının çıxardığı qərara şərik olduğunu bildirirdi.

Hacıkərim Sanılı isə özü "cığırdaş" hesab olunmasına baxmayaraq, bir qədər kəskin mövqe tuturdu: "Amma, nədənsə, çap edilən yalnız Cavad Axundovun şeirləri olur. Cavad özü nə mülkədar, nə qolçomaq və nə də möhtəkirdir. Şura hökuməti dövründə həyatı da gözəl keçir, özü də Nərimanov texnikumu kimi bir məktəbdə ədəbiyyat müəllimidir, həm maddi və həm mənəvi cəhətdən Cavad Şurada tam təmin olunmuşdur" (Sanılı, 1929).

"Yeni yol" qəzeti də dəstədən geridə qalmaq istəməyərək "Cavada nifrət" adlı naməlum imza ilə dərc etdirdiyi məqalədə şairin müsavatçı keçmişi qabardılırdı: "Biz onun çürük müsavat mətbuatında quruluşumuz əleyhinə yazdığı böhtan və yalan sözlərinə qarşı şiddətli nifrətimizi bildiririk. Ə.Cavadda biz heç bir inqilabi duyğu görməmişik" (Cavada, 1929). Buradan aydın görünür ki, məqalə müəllifləri söhbətin heç nədən getdiyini bilmirlər. Yəni yazılan şeirlərin heç birini oxumamışlar. Bu tendensiya Ə.Cavada qarşı yazılan bütün məqalələrdə özünü göstərir. Şairin ətrafında cərəyan edən hadisələr bütün cəmiyyəti əhatə edir. Hətta Sarabski həmin günlərdə şairin:

 

Bən bir aşiqəm ki, bu çaldığım saz

Dumanlı dağlara səs salacaqdır.

İnlətdiyim teldə ağlayan avaz

Elin xatirində çox qalacaqdır

 

- misralarını oxuduğuna görə onu tənqid edirlər. 9 noyabrda Sarabskinin bu şeiri oxuduğuna etiraz edilirdi. "Eşidən" imzası ilə çap olunan "Sarabski, cavab ver!" adlı məqalə "Sarabskidən cavab gözləyirik" ultimatum ilə bitirdi (Eşidən, 1929). Bu fakt həm də onu göstərir ki, cəmiyyətdə mənəvi repressiya tüğyan etsə də, şairi müdafiə edənlər, ona dəstək və ruh verənlər olmuşdur.

"Kommunist" qəzetinin başlatdığı bu linc kampaniyasına "Gənc işçi" qəzeti də qoşulur və müxtəlif məqalələr dərc edir. Ə.Süleymanzadə, Q.Cəfərzadə və A.Kazımın birgə yazdıqları "Ə.Cavadın quyruqlarına mübarizə açılmalıdır" adlı məqalədə Ə.Cavadın yolunu davam etdirənlər tənqid olunur. Ə.Cavadın tərəfdarları kimi isə Mikayıl Müşfiq və Məmməd Rahimin adı çəkilir. Müəlliflər Ə.Cavadı qolçomaq, M.Müşfiq və M.Rahimi isə "qolçomaq quyruğu" adlandırırdılar. (Süleymanzadə, 1929). Noyabrın 17-də S.Rüstəmin "şeiri çap olunmuşdur. "Şeirinə ağuş açıb Türkiyə Əhməd Cavadın, // Bicliyi oldu əyan cümləyə Əhməd Cavadın" misralarıyla başlayan şeirdə Ə.Cavadın başına gələn bu hadisəyə nəzm formasında münasibət bildirilir. Şair Ə.Cavadın bu şeirlərin Türkiyəyə göndərilməsindən xəbərsiz olduğu fikrini təkzib edir, buna inanmır, bir qədər də satirik-ironik şəkildə "şairin Şura çörəyi" yeməsini, "qarnını" şişirtməsini, "gündən-günə göbəyini" yağlamasını, "maaş almasını" təsvir edirdi. Şeirdə Ə.Cavadın "Göygöl" şeiri və üçrəngli bayrağına da münasibət bildirirdi:

 

Başını əyməkdədir, üçrəngli "gözəl bayrağı"na,

Qədəm atmaq diləyir Türkiyənin torpağına.

Hərzələr yazmaqdadır baxmayaraq sol-sağına, -

Şeirinə qollar açıb Türkiyə Əhməd Cavadın,

Təbili gur çalınır hürməyə Əhməd Cavadın.

 

Qanını coşduraraq köhnə dostluq həvəsi,

Yadına düşdü bu gün "Göygöl"ünün "xatirəsi".

Gözlədi, gəlmədilər... göynədi səbrin kasası, -

Gücü çatmadı ətrafı görməyə Əhməd Cavadın

Hiyləsi oldu əyan ölkəyə Əhməd Cavadın.

 

                      (Rüstəm, 1929, 17 noyabr)

 

Tənqidlər gündən-günə çoxaldıqca onun dozası da artır, şairi keçmişinə, müsavatçı olmasına görə tənqid edirdilər. Bitib-tükənməyən bu tənqidlərin qarşısını almaq üçün Ə.Cavad yenidən mətbuatda çıxış etmək qərarına gəlir. Bu dəfə məqaləsinin adını "İzah" qoyur. Ə.Cavad "İzah"ını yaxın günlərdə etdiyi "Protestosu" ilə başlayır və bunu "nə üçün etdiyi" sualına cavab verməyə çalışır. "Protesto"dan fərqli olaraq "İzah" bir qədər geniş yazılmışdı. Şair bir daha burada xatırlatmalı olur: "Mən onun üçün protesto etdim ki, əvvəla mənsubiyyətində ittiham edildiyim müsavat firqəsi ilə felən 1920-ci ilin aprel inqilabından, 1924-cü ildə verdiyim deklarasyondan (bu illərdə ziyalılar öz siyasi mövqelərini bildirmək üçün "Deklarasyon", ya da "İzah" yazaraq öz keçmişindən imtina etdiklərini bildirirdilər - B.Ə.) bəri heç bir əlaqəm olmamışdır" (Cavad, 1929, 19 noyabr).

Əlbəttə, Ə.Cavad başa düşürdü ki, bu sıxma-boğmalar nə üçündür. Ona görə də, son dərəcə quru yazdığı "Protesto"dan fərqli olaraq burada məsələyə bir qədər geniş yanaşır. Şair gəncliyində "milli ehtirasların müvəqqəti də olsa, üstün gəldiyi bir mühitdə" böyüdüyünü, bu yolda "təşviq edildiyini", "irəli çəkildiyini", "bəlli-başlı bir siyasi tərbiyə" görmədiyindən "çoxları kimi uzağı görə" bilməməsini etiraf edir. Şair "boynuna" alır ki, milli ruhlu tərbiyə alması onu milli şair olmağa sövq etmiş və bir çox milli parçalar yazmışdır: "Lakin bu gün tarix, həyat bir çox əski məfhumlara qələm çəkdi ki, milli duyğu da onun içində. Bu gün ümumi bəşər əhəmiyyəti olan bu hərəkatdan saparaq dar bir çərçivəyə girmək bəşəriyyətə xəyanət etmək deməkdir. Ona görə də, ümumiyyətlə, yazmış olduğum milli ruhlu parçalardan imtinalar gənc dimağlar üçün onların zərərli olduğunu təkrar edirəm. Bugünkü həyatın məndən tələb etdiyi bir şeyə boyun əyirəm. Şəxsən mən özüm bir daha milli parça yazmamağa qərar verdim" (Cavad, 1929, 19 noyabr).

Ə.Cavad milliyyət ruhu daşıyan milli faydalardan bəhs edən ədəbiyyatı "zərərli hesab edir", ona görə ki, "böylə ədəbiyyatlar, hər şeydən əvvəl, milli ədavətlər törədir, bir milləti başqa bir millətdən üstün göstərməyə çalışaraq bir çox uyğunsuz hərəkətlərə meydn verir, bunun nəticəsində də milli qırğınlar baş verib, bir çox qanların tökülməsinə, zəhmətkeş xalqın fəlakətə düşməsinə səbəb olur" (Cavad, 1929). Ə.Cavad bu fikrində bolşevik təbliğatının 1918-ci ilin martında azərbaycanlıların soyqırımı hadisəsini müsavatçıların boynuna qoymaq fikrinə işarə edir. Milli ədəbiyyatların bəşəriyyətin xilası üçün olmadığını bildirən şair "mən milli ədəbiyyatdan imtina edirəm" qənaətinə gələndə düşünürdü ki, bundan sonra ondan əl çəkəcəklər.

Ə.Cavad vaxtilə mənsubu olduğu Müsavat firqəsi ilə bağlı münasibətini də bildirir: "Mənim fikrimcə, müsavat firqəsi daha iş başında ikən elan etdiyi demokratik prinsiplərin heç birini həyata tətbiq etmədiyindən yenə qoyunu qurda tapşırmaq üsulu ilə hərəkət edərək Azərbaycan əməkçilərini başqa məzlumlarla bərabər əsarətdən xilas edən böyük inqilaba xain çıxdı. Çox az sürən hakimiyyəti dövründə belə mənəvi nüfuzunu qət etdi. Hal-hazırda böylə çıxılmaz yola düşən firqəyə mənsub olmağın siyasi bir korluq olduğunu mən çoxdan anladım. Ona görə də, şeirlərimi hökumətin əleyhində bir siyasi alət olaraq nəşr edənlərə etiraz etdim ki, bu da bir vicdani qənaətdən başqa bir şey deyildir" (Cavad, 1929, 19 noyabr).

Bu cür mətnlərin necə yazıldığını, hansı prosesdən keçdiyini və redaktorların redaktəsinə necə məruz qaldığını dövrün tədqiqatçıları yaxşı bilir. Təəssüf ki, əlyazma əlimizdə olmadığından "İzah"dakı hansı fikrin Ə.Cavada, hansının redaktorlara aid olmasını sübut etmək çətindir. Burada əsas məqsəd şairi sıxmaq, onu "tərbiyələndirmək" və "doğru yola" gətirməkdən ibarət idi. Bunu şairə 1924-cü ildə həbsdən çıxdıqdan sonra yazdığı "Deklarasyon"da, 1925-ci ildə "Göygöl" şeiri ilə bağlı müzakirələrdə etməyə çalımış, lakin yenə də razı qalmamışdılar. Bolşevik tənqidçiləri onun yeni cəmiyyətə və quruluşa səmimi olmadığını dəfələrlə vurğulamışdı. Bunun üçün şairin yenidən etirafı, səhvlərini boynuna alması lazım idi: "Nəhayət, burasını da qeyd etməliyəm ki, mən də bir insan olmaq etibarilə səhv etməmiş deyiləm. Çox səhvlər etmişəm, bəlkə də o səhvlər yenə də olacaqdır. Lakin heç bir zaman xəyanət etmədim. Bundan sonra da etməyəcəyimə əminəm.

Məni xəyanətdə ittiham edən yoldaşlar həddindən ziyadə şiddətli davranmışlardır. Mən də ümumi iş naminə haqqımda yazılan bu şeylərin həpsini unudaraq əlimdən gəldiyi qədər proletar quruluşu üçün, çalışıb xain deyil, dost olduğumu isbata müvəffəq olacağıma əminəm. Ə.Cavad" (Cavad, 1929, 19 noyabr).

Lakin Ə.Cavadın ikinci "protesto"su, necə deyərlər, "İzah"ı da ədəbi mühiti qane etmir və şairin əleyhinə yazılar yazılmaqda davam edir. Bu yazıların hamısında Ə.Cavadın İstanbulda "İstiqlal uğrunda" məcmuəsində nəşr edilən heç bir şeirinin adı çəkilmir və ondan nümunə verilmir, yalnız Ə.Cavadın siyasi keçmişi ətrafında cərəyan edirdi. Ə.Cavadın "İzah"ı ilə eyni gündə Ə.Vəliyev "Cavadın yolu" adlı məqaləsi iki say dalbadal "Kommunist" qəzetində dərc olunur. Məqalə müəllifin əvvəlki məqaləsindən təkcə həcminə görə deyil, günahlandırma, ittihametmə dərəcəsinə görə də fərqlənirdi. Məqalədə müəllif Ə.Cavadın şeirlərinin İstanbulda nəşrinin siyasət və məfkurə məsələsi olduğunu qeyd edir və onun əsərlərində gürcü milli hərəkatının izlərini görürdü. Müəllif I Dünya savaşı zamanı Ə.Cavadın Acarıstanda olması, "Ərdahan, Qars hadisələri", "May", "Qaçqınlar", "Qafqazlılar", "Müəllim" və s. kimi şeirlər yazdığını və bu zaman gürcü millətçilərinin təsiri altında olduğunu bildirirdi. Məqalədə getdikcə siyasi ittihamın dozası artırdı: "Bu dövrdə (Cümhuriyyət dövrü nəzərdə tutulur - B.Ə.) Cavadın şovinist, pantürkist, panturanist məfkurəsi son dərəcə tərəqqi edir. Bilxassə ki, onun çoxdan bəri bəslədiyi xülya həqiqətə çıxır, həsrətini çəkdiyi Türkiyə ordusu Azərbaycana gəlir. 1918-ci ildə müsavat Gəncə bəy və xanlarını, həmçinin Türkiyə generallarını razı sala bilmədiyi kimi, Cavadı da razı salmamışdır. O, ərazi hesabı ilə qalan müsavatçılardan çox, millətçidir. Cavad açıq, qızğın Turançıdır, onun Turan proqramı almanlara satılmış Türkiyə macəraçı generalları Ənvər, Nuru paşaların və başqalarının istilaçı planlarının həyata keçirilməsindən ibarət idi...

O, məhdud millətçi deyil, hətta Azərbaycan vətənpərvəri belə deyildir. Onun şeirlərində bir dəfə də olsun Azərbaycan kəlməsinə təsadüf edilmir. O, şeirlərində daima türklərdən, Turandan bəhs edib durmaqdadır. Azərbaycanın xilası və Azərbaycanın milli bayrağı onun üçün Turan fəthi və Turan yaradılmasına xidmət etməli idi. Azərbaycan onun üçün Turana doğru bir yoldur" (Vəliyev, 1929, 19 noyabr). Müəllifin bu fikirlərində bəzi qərəzlər olsa da, obyektiv dəyərləndirmələr də yox deyil və Ə.Cavad yaradıcılığının əlli il sonra üzə çıxan mahiyyətini olduğu kimi əks etdirir. Məqalənin sonunda müəllif qəti mövqeyini bəyan edir: "Qoy "çocuq" Cavad bizi çocuq sanmasın. Bizim kommunist mətbuat və tənqidimiz daha qurnaz şeyləri anlamağı bacarmış və bacarmaqdadır. Ona görə də bu gün bir daha deyiriz: Cavadın bəyanatına baxmayaraq, "Göygöl" müsavatçılıq ruhu ilə dolur və keçmiş müsavat Azərbaycanına ithaf edilmiş bir siyasi şeir olaraq qalır. Cavad bizim bu tənqidimizi sarsıda bilməz" (Vəliyev, 1929, 20 noyabr).

Nə qədər ağır və üzücü olsa da, 1929-cu il təhlükəsi sovuşdu. Çünki hələ Ə.Cavad Şura quruluşuna lazım idi... Hələ 1929-cu il idi, 37-ci ilə səkkiz il qalırdı. Daha səkkiz il Ə.Cavad repressiya məngənəsində yaşayacaq, Şura hökuməti onunla barışıq yolları axtarmağa çalışsa da, alınmayacaq. Ə.Cavad heç cürə Şura qululuşunu həzm edə bilməyəcək... və bu səbəbdən də ölümə məhkum olunacaq, çox sevdiyi Vətənindən, ailəsindən əbədilik ayrılacaq...

Əhməd Cavad əbədilik Cümhuriyyət şairi, İstiqlal nəğməkarı olaraq ədəbiyyat tariximizdə qalacaq...

 

Bədirxan ƏHMƏDLİ

 

Ədəbiyyat qəzeti.- 2022.- 28 may.- S.6-8.