"Prometey əfsanəsi"
–
milli mücadiləmizin romanı
Adəmin (Nizami Hüseynov) adı son illər
çağdaş ədəbi prosesdə postmodernist təmayüllü
yazar kimi gündəmə gəlib. Öz absurd və
ironiya yüklü hekayələri, çevik dili, məzmunlu
mətnləri ilə hekayə janrının son illərdə
daha aktiv fazada görünməsinə ciddi təkan verib.
Nizaminin dünya ədəbiyyatı və milli
nəsrin təcrübəsindən bəhrələnməklə
öz üslubunu yaratma cəhdi onun gənc bir
yazıçı olaraq daha böyük uğurlara imza
atacağını müjdələyir.
"Prometey əfsanəsi" Nizami Hüseynovun ilk
romanıdır. Amma romanın özünü də bir
çox mövzuların işlənməsi, mətnə gətirilməsi
mənasında ilk adlandırmaq olar. Bir əsr öncənin
mənzərəsi, respublika quruculuğu, cümhuriyyət
sevdalılarının fədakar ömrü, eyni amal yolunda
aparılan mücadilələr, yarıda qırılan arzu və
ümidlər, pərən-pərən düşüb cəlayi-vətən
olmuş milli aydınlar, Sibirin buzlu cəhənnəmində
olmazın işgəncələr görmüş millət fədailəri,
mart soyqırımının qorxunc ağrılarını
canına çəkmiş vətən, yurd aşiqləri.
Xalqa dadızdırdıqları istiqlal eşqinə görə
müxtəlif əzablar yaşamaqla cəzalandırılan bu
insanlar XX əsrin prometey əfsanəsinin qəhrəmanları
sayıla bilərlər: "Hər kəsin "kaş
ki"ləri olur. Kimində az, kimində
bütün həyatı boyu. "Prometey əfsanəsi"
bir "kaş" romanıdır - arzuların çin
olmadığı, bir millətin alovunun necə
söndürüldüyünü ifadə edən roman".
Nizami Hüseynov tariximizin mürəkkəb ziddiyyətli
proseslərlə zəngin bir dövrünün üzərinə
fokuslanmaqla ciddi bir boşluğa addım atıb. Nə yazıq ki, milli ədəbiyyatımızda
bu dövrün geniş siyasi-ideoloji, mənəvi-ruhsal bədii
təhlilini verən çox az əsər var. Gerçəkləri
daha çox xatirələr, memuar ədəbiyyatı, təhrif
olunmuş təəssüratlar əsasında öyrənməyə,
bərpa etməyə yönəlmiş yarımçıq
bir tarix qoyulub qarşımıza. Çox az
halda fərdin taleyi xalqın taleyi ilə birləşib vəhdət
yarada bilib. "Prometey əfsanəsi" millətin
taleyini yazan, əsarətə üsyanını, milli
mücadilə əzmini şəkilləndirən romandır.
Əvvəlcə romanın fabulasına yönələk. Əyalətdə,
çox çətinliklə dolanan bir ailədə
yaşayıb böyük arzular, xəyallar quran gəncin
olimpiadada birinci yer tutması ilə bütün həyatı
dəyişir. Çoxdan arzusunda olduğu
şəhər həyatı, Bakı ilə görüş,
xəyallarının ardınca yollanması üçün
vəsilə olur. Burada isə onu 99
yaşlı Azər baba ilə görüş gözləyir.
Beləliklə, monoloji etiraf
tonallığında qurulan təhkiyə getdikcə daha dərin
qatlara açılır. Sibirin cəhənnəmindən
dönən Azər baba qəhrəmana olub keçən hər
şeyi danışır. Sürgündə
baş verənlər, azərbaycanlıların başına
açılan oyunlar, həbs düşərgələri və
s.
Roman istər struktur,
istərsə də məzmun baxımından ənənəvi
deyil, modern nəsrin ölçülərində qələmə
alınıb. Əhvalatlar ikili xətt
üzrə - qəhrəmanın və Azər babanın
dilindən nəql olunur. Əvvəlcə
bizə elə gəlir ki, əsər ənənəvi romanda
olduğu kimi xronoloji ardıcıllıqla davam edəcək.
Amma sonra romandakı zaman xətliliyi pozulur, səbəb-nəticə
əlaqələri qırılır, təhkiyəçi əsas
fiqura çevrilir və toxunulan bütün ümummilli məsələlərdə,
qarşılaşdığı ictimai-siyasi problemlərdə
qəhrəman öz daxili dünyasını ön plana
çıxaran protaqonist kimi təqdim olunur. Şüur axını, iç monoloq fəndindən
istifadə, kollaj, intertekstuallıq, retrospektiv
sıçrayışlara aludəçilik və s. kimi
xüsusiyyətlər romanı ənənəvi strukturundan
özgələşdirib postmodern roman estetikasına
yaxınlaşdırır. Kitabın redaktoru, istedadlı yazar
Cavid Qədir "Əfsanədən alternativ reallığa:
Prometeyin yükşəlişi" məqaləsində
doğru qeyd edir ki, "Roman təpədən-dırnağa
postmodern üslubda yazılıb. Strukturdan əlavə,
bütün əlamətlər də bundan xəbər verir:
pastiş, ehkamları sorğulama, xaos, xatirələr, fəlsəfə
ilə ədəbiyyatın sintezi...".
Əsərdə diqqət çəkən əsas məqam
müəllifin zamana sərbəst münasibətidir. Hər bir
element mətnə ayrıca işarə strukturu kimi daxil olur,
bu mənada zamanın qarışıq, çeşidli və
xaotik düzümü yaranır, deyə bilərik. Nizami Hüseynov olub bitən keçmişi
bütün gerçəkləri və əzablı həqiqətləri
ilə oxucunun göz önünə sərir və eyni zamanda
ona alternativ olaraq, başqa zamanın xəyali obrazını
yaradır. Bədii təxəyyülün
çərçivələri daxilində
yaşanmamış duyğu və vaqeələrin sahibi kimi
çıxış edir. Əsərdə
keçmiş zamanla mətn arasında əlaqə mətnin
daxilində - onun strukturu, təhkiyə, fabula səviyyəsində,
janr-kompozisiya sistemində zaman göstəricisi şəklində
gerçəkləşir. Romanda
çağımızdan bəhs olunan hekayətlərin nəqli
qəfil dayandırılır və təhkiyə
keçmiş, yaxud gələcək zaman müstəvilərində
davam etdirilir. Zaman içində zaman, mətn
içində mətn, indinin içində keçmiş,
yaxud əksinə, keçmişin içində bu
günün vurğuları kontekstuallıq qazanır. Bu fərqli zaman modellərində
danışılan hekayətləri müəllif bir təhkiyə
strukturunda əridərək çərçivələnmiş
nəql üslubunda təqdim edir. Kiçik bir əyalətdən
başlanan macəra qəfil Sibirin buzlu cəhənnəminə
qədər uzanır, sənədlər, biblioqrafiq məqamlar,
memuar, xatirə qeydləri, məktublar, məqalələr -
dövrün mürəkkəb xarakterinin tam inikasına varmaq
baxımından romana bəlli məzmun yükü aşılayır
və nəticədə, əsərin özünü də
gərəkli tədqiqat faktına çevirmiş olur.
Digər bir önəmli məqam. Əsərdəki
bir çox kodların etiologiyası ədəbiyyatın
müxtəlif mərhələləri və istiqamətləri
ilə bağ yaratmasına səbəb olur. Müəllif
Abdulla Şaiqin "Məktub yetişmədi", Yusif Vəzir
Çəmənzəminlinin "Bir qəpik", Cəlil Məmmədquluzadənin
"Saqqallı uşaq" hekayələrini əsərin
süjet xəttinə elə müncər edir ki, sanki bir əsərin
tərkib hissəsi kimi oxuyuruq. Yəni oxucu qəfil
qarşısına çıxan, interpretasiya təsiri
bağışlayan bu hekayələrə hazır olur.
Bundan başqa roman bir çox düşüncə yönləri
ilə bir neçə məşhur əsərə göndərmə
edir: Böyük arzular, nəhayətsiz xəyallar ardınca
qoşan yeniyetmə qəhrəmanın şəhərə
sığışmaması, xüsusən yataqxana
otağında yaşadığı hisslər Selincerin "Çovdarlıqda
uçurumdan qoruyan" əsərini yada salır. Yaxud müəllifin əzab, günah və qorxu hissi
ilə bağlı düşüncələri bizə Joze
Saramaqonun "İsanın incili" əsərini
xatırladır.
Azər babanın dilindən XX əsrin əvvəli,
sürdükləri məşəqqətlərlə dolu həyat,
Sibirdə insanların başına açılan oyunlar ekran əsəri
kimi təsirli boyalarla mətnə gətirilir. Milli istiqlal mücahidi Məmməd
Əmin Rəsulzadə, Musavatın əsas
sütünlarından olan, gizli məlumatları ötürmək
üçün hazırlanan xüsusi broşurları yaymaqla
küçə qəzetçiliyi işini icra edən Seyid,
Sibirdə xeyirxahlığı ilə seçilən doktor
Cahangir Ağayev, "bir ölünün yerinə bir dirini
göndərən" - Azəri Səməd adı ilə həbs
düşərgəsindən uzaqlaşdıran, sonradan
"SSRİ-də ölüm düşərgələri"
kitabını yazan "bolşevik düşməni"
Kiselyov-Qromov (Karpov) romanda əsr gerçəklərini, bədii-fəlsəfi
həqiqətləri simvolizə edən əsas obraz kimi yadda
qalırlar.
Cümhuriyyətə
doğru yol alan məmləkətin dramatik
halı, insanlığın tarixi faciələri əsərdə
psixoloji nüans səhihliyi ilə canlandırılır:
"1915-ci ilə yenicə girmişdik. Artıq
mən də səhərlər anamla bir yerdə evdən
çıxır, axşama qədər işləyir,
axşam da yorğun, halsız evə qayıdırdım.
Bəzən iş olmayanda şəhəri gəzməyi
çox sevirdim. Getdiyimiz küçələrdə, evlərdə,
qaldığımız binada yalnız bir şey diqqətimi
çəkirdi: heç kim
gülmürdü. İnsanlar gülməyi
yaddan çıxarmışdılar. Hər
kəs tələsirdi, yorulurdu, hirslənirdi,
qışqırırdı, dalaşırdı, yəni
hır kəs insan kimi reaksiyalar verirdi, bircə gülməkdən
başqa. Bütün şəhərin
üstünə kədər
çökmüşdü".
Biz bu mənzərəni bir əsr öncənin
Bakısını təsvir edən tablolardan, ağ-qara filmlərdən
çox görmüşük. Bəli, məhz ağ-qara! Qara çadra ilə örtülmüş
qadınların, sümükləri çıxmış,
üzlərindən qüssə və əzab yağan
kişilərin harasa yürümələri, mazuta və
çirkə bulanan şəhər həyatı. Bu həyat içində insanların başı
yaşamaq üçün bir qarın çörəyi
qazanmağa qarışmışdı. Daha
doğrusu, milləti elə günə qoymuşdular ki,
başını qaldırıb öz nicatını
aramağa, haqqını sorğulamağa nəinki zamanı,
cəsarəti, haqqı qalmasın. Bu
haqqın sorulacağı tarix isə uzaqda deyilmiş.
"Prometey əfsanəsi" romanında bununla bağlı
bir məqam yer alır: "Bizim qarın dərdi çəkdiyimiz
bu illərdə məmləkətdə başqa proseslər cərəyan
edirdi. O vaxt haqqında ara-sıra yayılan şayiələrdən
xəbər tuturduq ki, dünyada müharibə gedir, yüzdən
çox ölkə eyni müharibədə savaşır,
kimin kimi qırdığı bəlli deyil. Müharibənin
əsas iştirakçılarından biri də bizi əsarətdə
saxlayan çar Rusiyası idi. Çox az adamın isə
xəbəri var idi, Bakıda - hər gün keçib
getdiyimiz məhəllələrin alçaq daxmalarında rəsulzadələr
meydana gəlir, milli Azərbaycan hərəkatına start
verilirdi".
İstiqlal, hürriyyət, müstəqillik adlı neməti
xalqa dadızdıran, xalqın qəlbində
azadlığın müqəddəs odunu atəşləndirən
cümhuriyyətçilər. Ona aparan yol isə asan
deyildi. Qarşıda soyqırıma məruz
qalmaq faciəsi də varmış. Əsərdə
1918-ci ilin 31 mart soyqırımı, insanların başına
açılan amansız oyunlar tükürpədici faktlarla təqdim
olunur, mənliyi, ruhu, varlığı sarsılmış
insanların obrazı boylanır. Küçə və
səkilərdə yaranmış qan gölü, qalaq-qalaq
olmuş insan meyitləri, ölənlərin və
yaralıların üzərində aparılan təhqir və
işgəncə oyunları, adamlara verilən vəhşi əzablar,
hər yerdən eşidilən çığırtı və
inilti səsləri və bir də bu amansız
qırğını törətmiş erməni cəlladlarının
və rus bolşevizminin bədii portreti. Nizami
Hüseynov mart qırğınını millətin
içindəki nifrət püskürməsinin, milli
oyanış ruhunun dirçəlişi üçün
böyük qığılcım adlandırır. "Allahlarla savaşmaq üçün insana od
lazım idi", - deyir. Bu Prometey əfsanəsinin
yaranış nöqtəsidir. Savaş
olmasa əfsanənin də yaranacağı
mümkünsüz idi, amma bu savaş üçün də
oda ehtiyac vardı. Müəllif mart
qırğınına müstəqilliyə addım-addım
gedən xalqın mənəvi qüdrətinin əsas
qaynağı kimi yanaşır: "Nənə-babalarımız
odu qorumaq üçün onu külün içində basdırıblar.
Ocaqda közün üstünü kül tutanda
həmin köz sönmür, amma alovlana da bilmir. Bir külək, bir nəfəs, bir tərpəniş
közün yenidən alovlanmasına səbəb olur. Mart hadisələri də illərdir, milli ruhun,
müstəqillik alovunun, azadlıq atəşinin
üstündə əsən fırtına olmuşdu. Bu fırtına hər şeyi yıxıb töksə
də, alovu gücləndirmişdi. O alov ki, 1918-ci ilin
mayında Azərbaycana müstəqil olma gücü
vermişdi".
Əsər bəhs olunan hekayətlərin
"Kaş" bölümündə başqa versiyada təqdimi
ilə maraqlı şəkil alır və deyə bilərik
ki, bununla yazıçı postmodernizmin nəzəri-estetik
prinsiplərindən olan - reallığa
çöxölçülü planda yanaşmaq, gerçəkliyin
dəyişkən olması, daha çox ehtimala varmaq fəndindən
bacarıqla istifadə edir. "Kaş"
bölümlərində danışılanlar artıq
reallıq deyil, xəyalın dalğalandığı məkandır.
O əzab çəkən insanlar olmasaydı, tarix tərsinə
yazılsaydı, mücadilələr layiqli nəsibinə
varsaydı və hər şey işğalla deyil, zəfərlə
sonuclansaydı, o zaman yazılanlar da, yaşananlar da fərqli
olacaqdı.
"Prometey əfsanəsi"ndə məni qane eləməyən
cəhət sonluğun tələsik yekunlaşmasıdır. Əlbəttə,
başdan-ayağa postmodern nəsr estetikası ilə nəfəs
alan əsəri bu şəkildə bitirmək
bəlkə müəllifin seçdiyi üsuldur, - deyə bəraətləndirə
də bilərik. 1918-ci ildə müstəqillik gözəlliyini
dadmış məmləkətin gözlənilməz, qəfil
sona varan xoşbəxtliyi kimi... Amma nə edək ki, nəsrin
öz tələbləri və qanunları var...
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2022.- 28 may.- S.10-11.