Ramil Əhmədin itirdiyi şəhər
Hər bir imza məni bir məqamda çəkər,
anidən və baş verdimi, niyə çəkdiyini də
unudaram. Əsas məsələ başqadır. Ramil
Əhmədin şeirlərini oxuduğum yol burulduğu anda
bir şey gördüm: digər şairlərdən fərqli
olaraq Ramilin metaforası, yəni onun mətnini şeir eləyən
nəsnə... özünə sıxılmış, bərkimiş,
oxucuya yalnız çərçivə daxilində informasiya
verən (həm də yanıb dərhal sönən...)
kateqoriya, bədii vasitə deyil, başqa bir şeydir. Elə bir şey ki, sənə duyurduğu
yaşantını yaddaşı itmiş kimi unudar və mətnin
hansısa "sükut məqamında" bunu yada salıb həmin
yaşantının ömrünü uzatmaq istər. Beləcə, gənc ədəbi nəslin, onun
içində Ramil Əhmədin şeiri artıq özünə
məxsusdur, hər bir nöqtə, vergülüylə,
danışması və susmasıyla.
Onun
metaforası səslənən, oxunan kimi sən bir təmas
hiss edərsən, nəsə nəyəsə toxunar, sonra bu
ani hiss unudular, oxunun davamında misraların
açdığı üfüq genişlənər. Onun bütün şeirlərini oxusam da, diqqətimi
"Humay" üzərində cəmlədim. Bu
şeir ayrıca bir "qitə" olmaqdan yana,
həm də Səməd Vurğun və Yusif Səmədoğlunun
obrazlarını yaratdığı üçün də dəyərlidir,
məncə. Həm də belə: şair bu iki görkəmli
şəxsin, ata-oğulun, həm də artıq ədəbi
obrazın nəfəslərini mətnə diktə etməklə
digər tərəfdən ondan ayrılıb-arınmaq istəyir,
bu iki hiss arasındakı zolaq bədii mətnin bizə ilk
baxışdan aşılanan xassədən fərqli
nüanslar bəxş edir. Bu şeiri ard-arda bir neçə
dəfə oxuyursan, Səməd Vurğunun mətnləri həm
də bir başqa biçimdə görünür, eyni zamanda
belə: həyatı olmadığı kimi təsvir edib
olduğu halının təsəvvürünü yaratmaq... Bu təkcə
"Komsomol" poemasından məşhur bir parçanın
mətnə epiqraf seçilməsiylə və bu
parçanın Ramilin şeiri ilə təmasının nəticəsi
deyil, Səməd Vurğun taleyinin öz sirridir.
Şeir, bədii mətn canlı varlıq, nəfəs alan, nəfəslə yaranan nəsnə
olduğu üçün bəzi məqamlarda bizə
tanış hadisələrin məhz onun, yəni atayla
oğulun dilindən səslənməsini hiss edirik. Sual oluna bilər ki, adi bir şeir mətni
üçün bu fantaziya "fantastik" sayılmazmı?
Bədii mətn daxilində poetik məntiq
gözlənilərsə, həm də oxucunun gözləntisinin
əksinə qurularsa olmaz, təbii ki.
Bu şeirlərdə hər şey - bütün əşyalar
dirilik suyunun içindən keçər, həm də
canlıyla cansız olanı ayıran incə bir
şırım bu mətnlərdə poetik sistemin
özülünü bəlləyən işarələrdən
hörülür. Hansıdır o işarələr?
Diqqət edin:
Bərq
vurur ulduzlar nəhrdə,
Göy
üzü təbəssümtək qonur Kürün
üzünə
Gülür göy qübbə də.
Çayın
gözləri önündə
qısılmaq olar sevgiliyə.
Səməd
Vurğunun məlum mətnindən başda epiqraf yerinə
verilən sitatın içi o qədər tutumlu və doludur
ki, burada sən həm o şeirin, o misraların
yaratdığı görüntüləri izləyirsən,
həm də sanki o məlum mətn yoxmuş kimi, heç
dünyaya gəlməmiş kimi bu gənc şairin
yaratdığı obrazlar kimi qarşına
çıxır. Səməd Vurğun şeirindəki bədahətənlik
əzbərləmə stixiyası ilə bağlı deyildir
və ola da bilməz, şairin təxəyyülündə
yaranmış tarixçənin mahiyyətini ifadə edən
kadrla ilk növbədə "üzə
çıxır", bu isə şairin dedikləri ilə həmin
tarixçənin mifik, metafizik qatı arasında gizli və
sirli bağ yaradır; "Humay" mətnində isə epiqraf
məhz həmin stixiyanın əleyhinə gediləcəyi
anlamını daşıyır, ilk baxışdan bu dediyimiz
bilinmir, ancaq dərindən dinlədikdə mətni yaradan səs
spektrləri bu gizlini faş edir. Belə ki, Ramil, mənim mətndən
hiss etdiyim qədərində tam başqa bir mətn yaratmaq istərkən
əslində məşhur poemanın motivləri əsasında
Yusif Səmədoğlunun yaratdığı obraz və
görüntülərin üstüylə gedib tam orijinal bir
dünya yaradır. Burada "üstüylə getmək" məhz təkrardan
qaçmaq üçündür. Filmdə Cəlalla
Humayın bir qaya döşündə, çay kənarında
oturduqları səhnə var, yuxarıdakı sitat həm o səhnənin
davamıdır, yaxud özüdür; göy
üzünün təbəssümtək Kürün
üzünə qonması, sürət hissini vermək
üçün "atların ayaqları yolların əzbərini
qanatdı..." kimi ifadələr həmin
görüntünün üzərinə pərdə kimi salınır,
ancaq söz məhz şeirdən, poeziyadan getdiyi
üçün bu qalın pərdə də şəffafdan
şəffaf bir tülə dönür, hər şey duru su
damcısından baxdığın kimi görünər.
Ramilin Şuşayla bağlı bir essesi də var.
"Səni anamın xatirələri, atamın fotoşəkilləri
və videolentlərin yaddaşında qaldığın qədəriylə
tanıdım.
Sənli görüntülərdən bir şəhər
saldım zehnimin xəyali xəritəsində. Hər şey yerli yerindədir. Ağacların
həmişəyaşıl, məscidinin səmaya uzanan minarələri
əzəmətini qoruyur, yollarından keçən
maşınlar dəyişmir, atamın gülüşü,
anamın önündə şəkil çəkdirdiyi bina,
hər şey eynidir, bircə təqvimlər dəyişir...
Lentlərdə düşməyən, şəkillərdə
olmayan, xatirələrdə danışılmayan yerlərindən
yıxılıram, Şuşa!".
Bu
yıxılma, bu itkinin izləri, özü də
ağrılı izləri (yuxarıda qeyd edildiyi kimi, onun
metaforası dərhal təmas hissini oyadır və belə
olduğu üçün ağrı sözü dərhal
qeyb olur, onun verdiyi hiss hər şeyi əvəz edir...)
"Humay" parçasında da var. Bu şeirdə hər
şey artefaktdır, müəllif onlardan gah keçmişin
lövhəsində adları yazılır, özləri qeyb
olmuş nəsnələr kimi bəhs edir, gah da canlı, diri
varlıqlar kimi. Bu şeirdə misraların içindəki həssaslıq
səsləndiyi an bütün mətnə sirayət edir, hər
tərəfə yayılar, eyni zamanda həm poemadakı, filmdəki
səhnələri, həm də müəllifin "başqa
fikirlə yazdığı", yəni poema mətninə
paralel "uydurduğu" mətndən süzülüb gələr.
Diqqət
edin:
Tozlu
yollar uzanıb gedər,
Qan
Çanağı tərəfdən bir qaraltı keçər,
Divarda
kölgələr böyüyər, kiçilər,
bayrağı ilk asanlar güllələnər...
Bu hiss mənə
elə gəlir hər bir insanda ola bilər
və təkcə məlum filmlə əlaqəli deyildir.
Bayrağı ilk asan adam bayrağa
çevrilmiş, bayrağa gömülmüş adamdır.
Bir də:
...Gəzdikcə
ozanın əli sarı simi
Bir də
düyünləndi,
çözülmədi keşişin tilsimi.
Barmaqlar,
saz və pərdə
açılır güllə,
bir də,
bir də
aşiqin
bədəninə,
sevdaya
qurşun işləməz bəy!
Açılır
güllə,
ilk
ayaqlar təslim olur ölümə
və
sonuncu düymə,
gəl
bax Cəlaldan keçən mərminin külünə.
Açılır
güllə,
özü də bilmədən
komsomolun
ürəyindəki
qızını öldürür əslində.
Atan səni güllələdi ey "tək ayaqlı qərinə!"
Təsvir
edilən (şərti olaraq təsvir edilən-!) proses o qədər
canlıdır ki, məsələn, "gəl bax Cəlaldan
keçən mərminin külünə"
misrasının hardan, hansı qədim mətnlərdən gəlib
bu şeirdə məqamına "oturması" səni təəccübləndirmir,
çünki bayaqdan mətndə məhz bu aura
yaranıb-formalaşmaqdaydı... Yuxarıda
vurğuladığımız təmas bu misrada artıq vizual
şəkil alır, biz eyni anda həm bayrağı ilk asan
adama dəyən güllənin içuşunu, həm də
Şuşaya həsr edilən essedə yuvasız
quşların qubarını görürük. Görmək bu mətndə əyani görməkdən
artıqdır. Ondan daha diri, daha
canlıdır. Bir sözlə, Ramilin şeirlərində,
xüsusən "Humay"da vizuallıq yaratmaq
şövqü ilk plandadır, əşya, hadisə elə
bir diskurs daxilində incələnir ki, nəticədə, mərminin
ürəkdən keçib külə dönməsi hadisənin,
onu yaradan səbəblərin
semiotik xəritəsini təqdim edir. Bu şeirdən
Niyazi Mehdinin "Şuşanın semiotikası" mətninə
də cığırlar keçir, bunu görür, hər
ikisində bizi eyni zamanda yuxu aparır, ancaq gözəl
Şuşanın dağlarından gələn suyun
şırıltısına ayılırıq...
Ölümə
gedərkən
"Atlar
quşlardan iti qanadlı",
Atların ayaqları yolun əzbərini qanatdı.
Dağın
dumanlı yaddaşı oyandı...
Ramil
görüntünü bu qaydada yaradır: ona lazım olan,
daha doğrusu, mətn üçün önəm
daşıyan söz o qədər dolu, hissdən
aşıb-daşar ki, bir sətirdə, bir misrada duruş gətirə
bilməz, növbəti sətrə keçər, anjambman
qurşağında oxucuya yeni ağ-qara, daha sonra rəngi
atmış kadrlar təqdim edər, daha sonra bu söz və
misrayla heç dəxli olmayan sözlər gələr, ilk
misralardakı gizli qat - şüuraltından gələn xatirələr
- ölmüş, itib-batmış əşyaların həniri
onları bir daha ayrılmamaq ümidi ilə birləşdirər.
Bu texnologiya Şuşaya həsr edilən essedə də var.
O mətndə yuvası olmayan, yalnız göydə süzməyə
məhkum edilmiş quş obrazı mahiyyətcə dinamikdir,
mətndə şərti mənada qərar tutmur, dərhal
başqa bir nəsnəyə çevrilir, quşun
uçduğu səma mətnin səmasına, mətnin yer
üzünə çevrilir.
Baxın:
"O Şuşadan bu "Şuşa"ya (qəsəbə
nəzərdə tutulur - C.Y.) gələn adamlardan
soruşuram səni. Danışırlar və
beləcə, çoxaldıram səni içimdə,
içimdə sən olan yerlərdə çiçək
açır elə bil. Bilirəm, təkcə
bizə çətin deyildi, sən də əzab çəkirdin.
Havanı başqası udur, suyunu başqası
içir, üstündə başqaları gəzirdi. Bilirəm, Şuşam, o başqalarının
atdığı hər addım, hər ayaq səsi sənin
şüşə qəlbini incidirdi. Sənin bir
addımlığında olan o adamlar səndən milyon il uzaq idilər! Bizimsə aramızdakı bir
neçə yüz kilometrlik məsafə coğrafi bir
uzaqlıq idi, sən bizdən bircə addım belə uzaq
deyildin! Biz "Əziz Şuşa, sən azadsan!" sözləriylə
açılacaq səhəri 10411 gündür gözləyirdik!
28 il idi "gələn il bu vaxtı
Şuşada olaq" arzusu dilimizin əzbəriydi. Sənə azadlıq arzulayan dualarımız
yuvasız quşlar kimi göy üzündə uçurdu.
Günlər sənin yoxluğuna tərəf
uzansa da zamana boyun əymirdik, sənsiz bir günün belə
təsəvvürü yox idi. O gün gülüşlər,
sevinclər fərdi deyildi. Bir xalq
gülürdü və gülmək bir xalq gülürsə
gülməkdir. Həmin gün sevinc
gözyaşlarıyla min bir ilin doğması kimi
qucaqlaşıb bir olduq, biz olduq! Başqa-başqa şəhərlərdə
doğulsaq da ruhumuz səndə doğulmuşdu!
Hamımız bir adam olmuşduq!
Hamımız yenidən doğulmuşduq! Ürək
də belə döyünərmiş? Elə
bil bu qəfəs bədəni qırıb çıxmaq istəyirdi
sol yanımdan. Əlimlə tutub
saxlamışdım ki, çıxıb yerə düşməsin.
Hələ qalsın yerində. Hələ
Cıdırında qaçan atların ayaq səslərinin bəstələdiyi
marşı eşitmədən, Xarıbülbülün ətrini
içimizə çəkmədən, başı dumanlı
zirvələrini görmədən ölüm yoxdur bizə!
Topçuların gündüz dağıtdığı
qalanı gecə yenidən hörən mübariz şəhərim!".
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.- 28 may.- S.19.