Millət atası haqqında yeni kitab, yaxud
Vüqar
Əhmədin "Xeyirxahlıq mücəssəməsi"
əsəri haqqında
AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat
tarixi və publisistika şöbəsinin müdiri, filologiya
elmləri doktoru, professor Vüqar Əhmədin yenicə
işıq üzü görmüş "Xeyirxahlıq
mücəssəməsi" kitabı
sağlığında "millət atası",
"müsəlmançılığın fəxri"
kimi şərəfli ad və təyinlərini qazanmış
məşhur Bakı milyonçusu, böyük azərbaycanlı
Hacı Zeynalabdin Tağıyevin əziz xatirəsinə ithaf
edilmişdir. Vüqar Əhmədin
adıçəkilən əsəri xalqın sevimlisi, bu
unudulmaz şəxsə olan ehtiram və qədirşünaslığın
daha bir gerçək ifadəsidir.
Hamımız
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin Bakıda Hacı Zeynalabdin Tağıyevin abidəsinin
ucaldılması haqqında 11 mart 2020-ci il tarixli müvafiq Sərəncamını,
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi,
Bakı Şəhər İcra Hakimiyyəti və Heydər
Əliyev Fondunun bununla bağlı açıq heykəltəraşlıq
müsabiqəsi elan etməsini, 18 yanvar 2022-ci il tarixində
ölkə başçısının iştirakı ilə
Xalq rəssamı Xanlar Əhmədovun layihəsi əsasında
hazırlanmış heykəlin təntənəli
açılş mərasiminin sevincini yaşadıq. H.Z.Tağıyevin (1823-1924) anadan olmasının 200
illiyinin YUNESKO-nun 2022-2023-cü illər üzrə
keçiriləcək yubileylər proqramına
salınması sevincimizə sevinc qatdı. Bu ərəfədə görkəmli alim və
söz ustası Vüqar Əhmədin də bu dahi şəxsiyyət
haqqında yeni monoqrafiyasının çap olunması isə
qəlbimizi daha da fərəhləndirdi.
Bəs hacının vəfatından yüz ilə
yaxın bir müddət ötsə də, onun şəxsiyyətinə
bu cür hörmətin, xatirəsinə bu qədər diqqətin,
fəaliyyətinə bu səviyyədə marağın səbəbi
nədir?
Ölkə Prezidenti İlham Əliyevin
"Türküstan. İNFO"ya müsahibəsinin giriş hissəsindən
götürdüyümüz bu parça yuxarıdakı
suallarımıza aydınlıq gətirir: "Zeynalabdin
Tağıyev ömrü boyu Bakının inkişafına,
abadlaşmasına, ümumiyyətlə Azərbaycanın
inkişafına böyük töhfələr vermişdi.
Çox zəngin adam idi. Əgər
onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin
ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı.
Onun təşəbbüskarlığı ilə Azərbaycanda
bir çox layihələr həyata keçirilmişdir...".
Bəli,
"Xeyirxahlıq mücəssəməsi" əsəri həmin
xidmətlərin yüz il sonra uğurlu
analitik təhlilidir. Əsər monoqrafik
araşdırmanın yekunu olduğu üçün elmi əsərin
tələblərinə müvafiq olaraq giriş, üç
fəsil, nəticə və ədəbiyyat siyahısından
ibarətdir. Qeyd edək ki, fəsillər
ayrı-ayrılıqda müxtəlif paraqraflara bölünsələr
də, fikri-məntiqi baxımdan bir-birini izləyir və tam
halda oxucuya çatdırılır. Birinci fəsil ədəbi
qəhrəmanın dövrü və mühiti, tərcümeyi-halı,
sənayemizin inkişafında fəaliyyəti, ikinci fəsil
maarifçiliyi, mətbuat sahəsində xidmətləri,
ictimai işlərdə fədakarlığı,
üçüncü fəsil xeyriyyəçiliyi, milli
düşüncənin və yeni nəsil ədəbiyyatının
inkişafına dəstəyi, Türk dünyası və
Şərq aləmində şöhrətlənməsi, həmçinin
Hacı Zeynalabdin Tağıyevin Azərbaycan xalqının bədii
ədəbiyyatında yer alan obrazını özündə
ehtiva etdirir.
Kitabın
elmi redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli,
ön söz müəllifi, Azərbaycan jurnalistlər
Birliyinin üzvü Ülkər Hüseynova, rəyçilər
Bakı Dövlət Universitetinin professoru, tarix elmləri
doktoru Nəriman Yaqublu, Bakı Dövlət Universitetinin
kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru,
dosent, Əməkdar jurnalist Vüqar Qaradağlı və
filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənlidir.
"Xeyirxahlıq mücəssəməsi" monoqrafik
tədqiqat işi olsa da, dilinin sadəliyi və hadisələrin
təqdimi etibarilə tarixi roman təsiri
bağışlayır. Bu da onu daha oxunaqlı və yaddaqalan edir.
Bu isə heç də təsadüfi deyil.
Belə ki, geniş oxucu kütləsi professor Vüqar Əhmədi
həm də gözəl lirik şeirlər, Azərbaycan
Demokratik Respublikasının banisi, görkəmli ictimai xadim Məhəmməd
Əmin Rəsulzadə haqqında yazdığı "Son nəfəsədək
Azərbaycan" adlı tarixi romanın müəllifi kimi də
tanıyır.
Sözügedən möhtəşəm əsərin
adından da duyulur ki, Hacı Zeynalabdin Tağıyevin keşməkeşli
həyatı, acı taleyi, ömür yolu ictimai-siyasi fəaliyyəti
ilə vəhdətdə təhlilə cəlb olunur. Haqqında
danışdığımız monoqrafiya müəllifin bir
neçə il bundan qabaq çap etdirdiyi
"Son nəfəsədək Azərbaycan" tarixi
romanı ilə elmi-publisistik üslub, bədii-estetik
düşüncə baxımından çox yaxındır.
Bu məqamda
akademik Ziya Bünyadovun Hacı Zeynalabdin Tağıyev
haqqında dediyi və haqqında
danışdığımız kitaba da salınmış
fikirlərini xatırlatmaq istərdik: "Hacı Zeynalabdin
Tağıyev sözün həqiqi mənasında nəinki
Abşeron torpağında, hətta bütün Azərbaycanda
misli-bərabəri olmayan iki böyük şəxsiyyətdən
biridir. Məhəmməd Əmin Rəsulzadə
əgər siyasi meydanın ən böyük cəngavəri
idisə, H.Z.Tağıyev səxavət dünyasının
heç kimlə müqayisə edilməyəcək dahi bir
şəxsiyyətidir".
"Xeyirxahlıq
mücəssəməsi"ndə müəllif Azərbaycan
xalqının adət-ənənələrinə, ədəbi
dilinə dərindən bələd olmasına rəğmən,
Hacı Zeynalabdin Tağıyevlə bağlı məlumatlarda,
epizodlarda Bakı-Abşeron camaatının özünəməxsus
koloriti, şirin-şəkər tərzi ilə oxucusunu öz
yazıçı fantaziyası sehrinə sala bilir. Yəqin, elə o səbəbdəndir ki, əsəri
nəfəs dərmədən oxuyub başa vurmaq istəyirsən.
Bəri başdan deməliyəm ki, bir oxucu, həm də
filoloq olaraq ilk aldığım təəssürat məhz budur. Çünki
yazılan hər hansı bir əsər ünvanına
çatmaqla, maraq doğurması ilə dəyərlənir və
özünə əbədiyyət vəsiqəsi qazanır.
Ölməz Füzuli yadigarımız Əliağa Vahidin
sözlərilə desək:
Əsər
ki, qaldı cahanda ölməmək kimidir...
"Xeyirxahlıq
mücəssəməsi"ni dönə-dönə
vərəqləyirəm. Əsər hacıya
ümumxalq sevgisini ifadə etməklə yanaşı, bir
çox gizli mətləblərə aydınlıq gətirilməklə
bahəm, bu nurlu, səxavət dolu ürək sahibinə
qarşı iblis xislətli, məkrli adamların böhtan və
uydurmalarına yüksək ədəbi taktla verilən bir
cavabdır.
Əsla artırıb şişirtmədən mövcud
kitabı millətimiz üçün çox dəyərli,
vacib bir töhfə adlandırmaq olar. Burada nəinki hacının, həm
də onun cəfakeş qızı Sara xanımın, vaxtilə
atasının xidmətlərini, millət yolunda elədiklərini
üzə çıxarmaq, bəraət qazandırmaqdan
ötrü min bir əziyyətlə ölkədə və
ölkədən kənar arxivlərdə, müxtəlif mənbələrdə,
xalqdan gizlədilən (eyni zamanda qorunub saxlanılan) sənədləri,
məlumatları özünün kiçicik məvacibi ilə
almasını da qeyd etmək istərdim. Bu
baxımdan görülən nəcib işlər Sara
xanımın da incik ruhuna, məhv olmuş acı taleyinə,
bəlkə də bir əvəz sayıla bilər.
Mövcud monoqrafik tədqiqat əsərinin ərsəyə
gəlməsi daha bir cəhətdən təqdirəlayiqdir
ki, burada kitabın sonundakı ədəbiyyat
siyahısında Hacı Zeynalabdin Tağıyev haqqında
indiyə qədər yazılmış əsərlər, dəyərli
məlumatlar öz sistemli əksini tapır. Bir daha bəlli
olur ki, uzun illərin qadağalarına baxmayaraq, qədirşünas
insanlarımız bildiklərini, eşitdiklərini millətin
yaddaşına köçürməklə gələcək
nəsillər üçün etibarlı mənbə
yaratmışlar.
Müəllifin əsəri qələmə almazdan qabaq
geniş tədqiqat aparması, özündən əvvəl
yazılmış materialları diqqətlə izləməsi,
təhlil süzgəcindən keçirib, yeri gələndə
polemikalara girişməsinin, faktlara obyektiv münasibət
bildirməklə cəsarətli tədqiqatçı
mövqe ortaya qoymasının şahidi oluruq.
Bəli, xüsusi bir ədəbi takt və
düşüncə, etik, estetik yanaşma hiss olunur müəllif
təhkiyəsində. Hər hansı hadisə və ya dildən-dilə
keçən əhvalata münasibət bildirərkən bir təəssübkeş
vətəndaş mövqeyi ortaya qoyulur. Fikirlərimizi
əyaniləşdirmək üçün bəzi abzaslardan,
ifadələrdən sitatları diqqətə
çatdırmaqla, kitabda adları keçən müəlliflərin
vaxtilə çəkdikləri zəhməti bu gün minnətdarlıqla
yada salmaqla vacib xüsusatlar üzərində dayanmaq istərdik.
Hacı
Zeynalabdinin əməlisalehliyi, Azərbaycan xalqı
üçün elədiyi misilsiz xidmətləri,
maarifçiliyi, missionerliyi onun məktəblər
açması, Nəcib Qızlar Gimnaziyasının banisi,
türkçülük və islamçılıq
ideyalarının daşıyıcısı, XIX əsrin
sonu, XX əsrin əvvəllərində çağdaş
Türkçülüyün,
İslamçılığın təbliğində,
yayılmasında ölçüyəlməz dərəcədə
maddi dəstək göstərməsi, Azərbaycanda müstəqilliyin
yaranmasında, bir sözlə, millət yolunda fəaliyyət
göstərdiyi haqqında xeyli yazılmışdır. Daha bir cəhəti də məlumdur ki, vəzifəsindən
asılı olmayaraq, kimsəyə haqq verməzdi ki, onun
xalqını təhqir etsinlər.
Vətən
fədaisi, xalq təəssübkeşi olan hacının tərcümeyi-halı
müdrik, ziyalı davranış, tolerantlıq, fədakarlıq
örnəkləri ilə müzəyyəndir, elə
bütün bunları yaddaşlardan, xatirələrdən
seçmələyərək xalqa çatdıranlar
sırasında Vüqar Əhmədin də əməyi
öz layiqli yerini əminik ki, tapacaq...
Bir neçə kəlmə də kitabın nəfis
görüntüsü, cildi və içərisindəki
fotoşəkillərlə bağlı demək istərdik. Rəssam
işi, bədii tərtibat mövcud kitabın uğurlu şəkildə
ərsəyə gəlməsində öz töhfəsini
vermişdir.
İnşallah
"Xeyirxahlıq mücəssəməsi"
xalqımızın fəxri olan, imzasını şəhadət
barmağı ilə qoyan Hacı Zeynalabdin Tağıyevin
şərəfinə sözdən yazılan və yapılan
bu "qala" möhtəşəm əsər məşhur
bir el bayatısında deyildiyi kimi:
Bu qala qədim
qala,
Daşları möhkəm qala.
Tikmədim
özüm qalam,
Tikdim ki,
izim qala!..
Həm "millət atasına", həm də öz
müəllifinə ucalıq, hörmət gətirəcək.
Bəli,
"1924-cü ildə 101 yaşında Allah rəhmətinə
qovuşan Hacı Zeynalabdin Tağıyevin fiziki
varlığı bitsə də, nura bürünən ruhu
ölmədi, heç zaman inşa etdiyi ocaqlardan
uzaqlaşmadı, onların üzərində qərar tutub və
bu işığı qiyamətə qədər sönməyəcək
ocaqlar onun pak ismini əbədi olaraq yaşatdı".
Lalə ƏLİZADƏ
filologiya elmləri doktoru, professor
Ədəbiyyat qəzeti.- 2022.- 28 may.- S.28.