Tanrıdan gələn
səsdi:
"Qıymayın
uşaqlara"
Bu il 1 iyun
- Uşaqların Beynəlxalq
Müdafiəsi Günü
ərəfəsində İbrahim
Yusifoğlunun "Qıymayın
uşaqlara" adlı
şeirlər kitabı
nəşr olunmuşdur.
Kitabın redaktoru AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin
müdiri, filologiya elmləri doktoru Elnarə Akimova, rəyçi institutun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor Vüqar Əhməd, ön sözün müəllifi
institutun aparıcı
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Abdurəhmanova,
rəssamı isə Zəhra Əkbərlidir.
Kitaba toplanan şeirlər mövzusuna
aid şəkilləri ilə
uşaqlarda maraqlı
və rəngarəng
təəssüratlar yaradaraq
bədii həqiqətləri
əks etdirir.
İbrahim Yusifoğlunun "Qıymayın
uşaqlara" şeirlər
kitabı son illərin,
müharibənin acı
xatirəsindən və
zəfərindən közərmiş
ürəyin yaşantılarıdır. Bu şeirlərdə
şair uşaqlara tuşlanan silahları lənətləyərək yazır:
Raketləri, topları
Tuşlamayın onlara
Tanrıdan gələn səsdi:
- Qıymayın uşaqlara!
Şair müharibənin sərt üzü ilə baş-başa qalmış
uşaqları təbiətin
ən gözəl rənginə boyayır. Onların
tumurcuq arzularını,
qönçə istəklərini
şən gülüşlərində
yaşatmağa çalışır:
Bu rəngarəng dünyanı
boyamayın siz qana,
ey insan qatilləri,
qıymayın uşaqlara!
Bu il Şuşanın 270 illiyi ilə əlaqədar "Şuşa
İli" elan edilməsi, həmçinin
Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan mədəniyyətinə
və tarixinə verdiyi dəyəri yaşatmaq yazıçı
və şairlərin
əsərlərində xüsusilə vacibdir.
Şair
"Şuşa" şeirində
30 il əsirlikdə
qalan torpağı balanın anasına qovuşmasına bənzədir:
Şuşa! Qeyrət, şərəf,
qürur şəhəri,
Şəfəqə dönəcək
hər bir səhəri,
Dünyaya səs salıb
dönüş zəfəri
Xoş müjdə qəlbləri
gətirib cuşa,
Bu gün anasına qovuşur Şuşa!
İbrahim Yusiflinin Qarabağın qədim diyarı - uca yaradanın bəxş etdiyi gözəllikləri ilə
şəfəqə bələnən,
dünyada məşhur
olan bərəkətli
çörəyinin ətri,
qazandığı şöhrəti
ilə Ağdam şəhərinə həsr
olunmuş şeirini uşaqlar yəqin ki, ürək ağrısı ilə oxuyacaq. Şair bu şeirdə Ağdamın
başına gələn
hadisələrdən müfəssəl
söz açaraq, balaca oxucuları tarixi proseslərlə tanış edir.
Dünya
gördü çaqqallar,
Quduzluqda təkdilər.
Taxıl
zəmilərinə
Minaları əkdilər.
Müzəffər, qalib ordu,
Haraya, dada yetdi.
Yadların caynağından,
Ağdamı xilas etdi.
"Ağdam
şəhəri"
Akademik İsa Həbibbəylinin yazdığı "İbrahim
Yusifoğlunun poetik dünyası və uğurları" məqaləsi
şairin yaradıcılığı
haqqında ümumiləşmiş
fikir yaradır: "Çoxcəhətli yaradıcılıq
fəaliyyətinə malik
olan İbrahim Yusifoğlunun yaradıcılığında
poema janrında yazılmış əsərlərin
özünəməxsus yeri
vardır. Janr baxımından onun
poemaları liro-epik əsərlərdir. Şairin poemalarında
seçilmiş həyat
hadisələrinin təsviri
ilə lirik düşüncələr bir-birini
tamamlayır. Eyni zamanda,
İbrahim Yusifoğlunun
uşaqlar üçün
yazdığı mənzum
pyeslərdə ibrətamiz,
tərbiyəvi xarakterə
malik olan hadisələri, uşaq dünyasının incəliklərini
şairanə şəkildə
təqdim edir. İbrahim Yusifoğlunun bir çox uşaq pyesləri Azərbaycan ədəbiyyatında bu janrda yazılmış ən yaxşı əsərlər sırasındadır.
Onun ən yaxşı uşaq pyesləri böyük səhnə üçün
faydalı ola
bilən əsərlərdir".
El ozanı Dədə
Qorqudun gəzib-dolaşdığı,
qədim və zəngin Oğuz torpağı olan Şərur mahalının
Dağlar kəndində
cərəyan edən
"Pəhləvanın bağında"
mənzum pyesində yurdumuza göz dikən yağı düşmənin məkrli
işlərindən söz
açılır. Şair
bu mənzum pyesdə erməni Qocayanın öz çaqqal tayfasına gələcək qara planlarını uşaqların
nəzərinə çatdırır:
Bu yerlərdə türklərin
Silməliyik izlərin.
Doğulan uşaqlara,
Zurnaya, kaman, tara.
Balabana,
tütəyə,
Hər gülə, hər çiçəyə,
Gördüyümüz hər nəyə
Arıya,
kəpənəyə,
Yeni ad verməliyik,
O adla sevməliyik.
"Bu il "Şuşa
İli"dir" fəslində
şair doğma yurdumuz Azərbaycanın gözəl guşələrini
və bu gözəlliklərin düşmən
tərəfindən işğalını,
amansız istismarını
göz önündə
canlandırır. Şair bu
fəsildə Şuşanın
zəfərini, Ağdamın
dağıntılarını, Xocalı və 20 Yanvar faciəsində yaşananları uşaqlara
təfərrüatları ilə
anladır. "Ana Yurdum Azərbaycan" fəslində şair Azərbaycanın dilbər
guşələrini təsvir
edərək, uşaqlarda
getmədikləri yerlər
haqqında təsəvvürlər
formalaşdırır. "Ayan gedir
məktəbə", "Mənim babam şairdir", "Nəzakət,
hörmət, dostluq"
fəslində isə
şair uşaqların
dünyagörüşünün formalaşmasında ailənin,
mühitin və onları əhatə edən bütün canlı aləmin inikasını səmimi hecalara bölür.
Uşaqlar təbiətin ən saf varlığı kimi yerlə göyün arasında, dünyanın ən təmiz haləsində böyüyür. Onlar böyüdükdə ayaqları yer üzünə möhkəm
bağlanır və böyüdükcə uca
zirvələrə qonub
düşməni göynədən
göz dağı olacaq.
Fidan Nizaməddin qızı
ABDURƏHMANOVA
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
Ədəbiyyat qəzeti.- 2022.-
28 may.- S.31.