"Bizim ədəbi mühit daha çox ziyalılardan

ibarətdir, nəinki intellektuallardan..."

 

 "Fikir bucağı" layihəsinin qonağı şair, yazıçı Aqşin Yeniseydir

 

- Xoş gördük, Aqşin bəy. Uzun müddət Türkiyədə yaşadınız. Orda köşə yazılarınız yayımlandı. Türkiyədə ədəbi mühit necə idi? Yeni nələr var və nələr yoxdu?

- Xoş gördük. Türkiyədə ədəbi mühit mənim gördüyüm qədəriylə bizdən fərqli olaraq müəlliflərin, şəxslərin deyil, dərgilərin, estetik meyarların ətrafında formalaşıb. Sözsüz ki, qütbləşmələr, qruplaşmalar Türkiyə ədəbi mühitinə də xas haldır. Məsələn, solçuların da, dinçilərin də öz dərgiləri, öz saytları var. Amma bu qütblərə, qruplara yalnız əsərlə daxil olmaq mümkündür. Bu əsər hətta tərcümə əsəri olsa belə. Türkiyədə ali təhsilin səviyyəsi yüksəkdir. Bu da istər yazarların, istərsə oxucuların səviyyəsində özünü göstərir. Türk yazıçısı, şairi, ən azı, bir xarici dil bilməlidir ki, dünyaya çıxışı olsun. Bizdə çox az yazıçı var ki, mətnləri ilkin mənbədən oxuya bilir. Atom əsrində dili fəlsəfənin mövzusuna çevirən alman filosofu Vitgenşteyn yazırdı ki, düşüncənin sərhədlərini dilin sərhədləri təyin edir. Yəni bir insanın, bir millətin mənəvi-intellektual imkanları dilinin imkanları qədərdir. Türkiyə yazıçısının bu imkanları daha genişdir. Bizdə dominat xarici dil hələ ki rus dilidir. Rus dilinin yaratdığı reallıq isə göz qabağındadır.      

- Siz müasir Azərbaycan poeziyasının ən parlaq imzası hesab olunursunuz. Müasir Azərbaycan poeziyası dünya ədəbiyyatı ilə necə dialoqa girə bilər?

- Poeziyamız məzmun baxımından kifayət qədər dünya şeiri ilə ayaqlaşa bilir, amma bu sözü forma baxımından demək bir az doğru olmazdı. Bizdə şair öz intonasiyası, ahəngi ilə tanınır, halbuki dünya ölçülərinə görə, şair öz şeirinin forması ilə tanınmalıdır. Forma baxımından şeirimizin dili gödəkdir. Bu dili gödəklik nəsrimizə də aiddir. Nəsrimizdə də tropizm, yəni eyniistiqamətlilik yayğın haldır. Qərbdə daha çox roman, Şərqdə daha çox şeir oxunur. Bunun səbəbi bu cəmiyyətlərin estetik baxımdan dərk olunan və bilinən gözəlliyə münasibətində gizlənir. Şərq daha çox dərk olunan (duyulan) gözəlliklərə, Qərb daha çox intellektaul (bilinən) gözlliklərə meyillidir. Ona görə də biz məzmuna üstünlük veririk. Forma bizi maraqlandırmır. Çünki biz bilmək yox, dərk etmək istəyirik. Məsələn, Kafkanın romanını anlamaq və zövq almaq üçün güc və insan münasibətlərindən bəhs edən bütün mədəniyyət tarixini bilməlisən. Yaxud Umberto Ekonun "Qızılgülün adı" romanını anlamaq üçün orta əsrlərin xristian təriqətləri arasındakı münasibətlərdən xəbərdar olmalısan. Füzulinin qəzəlini başa düşmək üçün isə özündən "fələklərin od tutub yandığı" utopik bir mədəniyyət uydurmalısan ki, estetik zövq ala biləsən. Yaxud irfan fəlsəfəsini dərk etməsən Nəsimini oxumağın bir mənası olmaz. 

- Coğrafiya fakültəsini bitirmisiniz. Ədəbiyyatın coğrafiyasını necə təsvir edə bilərsiniz?

- Maraqlı sualdır. Məni daha çox bu ədəbiyyat çoğrafiyasındakı yerimiz, mövqeyimiz maraqlandırır ki, bu məsələdə pessimistəm. Dövlətçilik tariximizdəki pərakəndəlik, uzun illər tarixdən qopuq halda yaşamağımız, müstəmləkəçilik və s. kimi ciddi səbəblər ədəbiyyatımızı da adını çəkdiyiniz coğrafiyada görünməz edib. Dünyada Azərbaycanın xəritədəki yerini belə bilməyənlər onun ədəbiyyatından necə xəbər tuta bilərlər? Üzərində düşünüləsi sualdır. Nə qədər paradoksal olsa da Latın Amerikası ədəbiyyatının dünyaya çıxmasında bu coğrafiyanın yazıçıları ilə yanaşı, bu coğrafiyanın diktatorlarının da rolu oldu. Siyasi maraqlar Latın Amerikasında toqquşmasaydı, yəqin ki, bu ədəbiyyat, məsələn, milyard yarım əhalisi olan Çin ədəbiyyatı kimi yada düşməyəcəkdi. Demək istəyirəm ki, ədəbiyyatın dünyaya yolunu daha çox siyasi proseslər, siyasi maraqlar açır. Orxan Pamuk Qərbin siyasi maraqlarına uyğun olaraq öz ölkəsini hədəf almasaydı, kim bilir, Qərb Milan Kunderanı qoyub ona Nobel mükafatı verəcəkdimi? Biz otuz ildən artıqdır ki, tarixi qopuqluğumuzu bərpa etmişik. Canlı tarixin içində yaşayırıq. Amma təəssüf ki, hələ bunu ədəbiyyat, həm də dünyaya yolu olan ədəbiyyat hadisəsinə çevirə bilməmişik. Mədəniyyət, ədəbiyyat baxımından hələ ki müstəmləkə dövrünün mirasını xərcləyirik. O mirası ki, bu gün dünyada heç kimə maraqlı deyil.

- Hekayədə zövq kompası nə vaxt dəqiq işləyir? Yəni hekayənin istiqamətini, o anlamda ki, müasir hekayənin kimliyini necə müəyyən etmək olar?

- Hekayə sərrastlıq tələb edən janrdır. Gülləni snayper kimi düz hədəfə vurmalısan. Hekayənin siz deyən kimliyi bu dəqiqliyi, sərrastlığıdır. Çağdaş yazarlarımızdan mərhum Rafiq Tağının, Fəxri Uğurlunun, Ataqamın, Şərif Ağayarın, İlham Əzizin və b. müəlliflərin hekayələrində bu bədii-estetik kimlik aydın görünür. 

- Şeirdən hekayəyə, sonra romana keçid etdiniz. Yaxud nəzm və nəsr arasındakı körpünü qurmaq üçün nə qədər vaxt lazım oldu?

- Yaş artdıqca ilham mənbələri tükənir, yaxud sayı azalır. İlham pəriləri də şairlə birlikdə qocalır. Hisslər yerini ağıla, məntiqə verir. Şairin ilhamsız, süst dövrü başlayır; deməyə söz var, yazmağa güc yoxdur. Nəsr yazmaq ehtiyacı da bu zaman ortaya çıxır. Nəsr dilin qocalığını, müdrikliyini, sevir. Nəsr tənbəl dillə yazılmağı sevir. Hərdən şeirlərimin dili ilə nəsrimin dilini müqayisə edirəm. Mənə elə gəlir ki, şeirlərim dilimizin gənclik illəridir, hekayə, esse və romanlarım qocalıq illəri. Şeirin gənc dili ilə nəsr yazmaq olmaz. Nəsr yazmaq üçün ruhən də, cismən də qocalmalısan. Dilin özünün tənbəllik dövrünə qədəm qoymalıdır.  

- Aqşin Yenisey deyəndə intellektual mətn və ya fəlsəfi yüklənmə göz önünə gəlir. Şair və yazıçı kimi intellekt necə olmalıdı?

- Mənə görə, intellekt müəllif beynində analizi aparılmış və nəticələr çıxarılmış bilgidir və bu, savaddan fərqlənir. Savad mütaliə zamanı əldə olunan bilgidir, hələ onun yaradıcı enerjisi yoxdur. İntellektuallığa gəlincə, biz əvvəlcə intellektualla ziyalının fərqini bilməliyik ki, bu fərqi göstərmək üçün mən mərhum yazıçımız Rafiq Tağıya həsr etdiyim "Ziyalı və intellektual: Habil və Qabil məsələsi" adlı bir esse yazmışam. Həmin essedən kiçik bir sitata baxaq: "... İntellektual ənənələrə, cəmiyyətin əxlaqi və mənəvi dəyərlərinə əhəmiyyət verməyən, heç bir siyasi, iqtisadi tərəfi tutmayan, özünün fəlsəfi, siyasi, əxlaqi "dünya"sı olan və bu "dünya"nı insanların yaşadığı real dünyanın qarşılığı olaraq onlara təqdim edən insandır. Ziyalılar isə mövcud sistemlərin kahinləridir. Ziyalının funksiyası təmsil etdiyi sistemə görə dəyişir, dəyişməlidir. Məsələn, çar Rusiyasının ziyalıları liberal-dindar düşüncəni dəstəkləyirdilər. Kommunist Rusiyası onları ateist-proletar düşüncəni əldə bayraq edən ziyalılarla əvəzlədi. İntellektualın belə bir ideoloji, morfoloji adaptasiya bacarığı və istəyi yoxdur, olsa, o da dönüb ziyalı olar". Bizim ədəbi mühit daha çox ziyalılardan ibarətdir, nəinki intellektuallardan. 

- "Tarix və tale" romanı ədəbi tənqid tərəfindən sanki layiq olduğu qiyməti almadı...

- Kanadalı ədəbiyyatşünas Hortrop Fray "Tənqidin anatomiyası" kitabında ədəbi tənqidi ədəbiyyat haqqında ədəbiyyat, daha geniş düşünsək, sənət haqqında sənət adlandırır. Mövzu bədii mətnin, sadəcə, giriş qapısıdır, müəllif bu qapıdan bədii mətnin dünyasına daxil olur və bu dünyanın kəşfinə başlayır; özünə məlum olmayanların kəşfinə. (Bu o deməkdir ki, mətn sonsuz, zamansız və məkansız bir mövcudluqdur, müəllifin varlığından və iradəsindən asılı deyil).  Bu axtarış zamanı bədii mətnin məqsədi müəllifin məqsədindən ayrılır. Estetik olan etik olandan azad olaraq özü-özünü yaradır. Bədii mətn özü-özünü yazan müstəqil bir şüur formasına çevrilir. Müəllif onu deyil, o, müəllifi arxasınca aparır. Toxuya-toxuya öz toruna daxil olub, ondan asılı vəziyətə düşən hörümçəyi xatırlayaq. Tənqid üçün bu qapı əsərdir. Tənqid bu qapıdan içəri girib özü-özünün məlum olmayanlarını kəşf etmədikcə, özü-özünü yazmadıqca sənət haqqında sənət olma şansını itirir. Umberto Eko da mətnə münasibətdə üç yön tanıyır; müəllifin niyyəti, oxucunun niyyəti və mətnin özünün niyyəti. Bu üç niyyət bir-birindən asılı olmaya bilər, hətta asılı deyildir. Bu gün Azərbaycan ədəbiyyatında ədəbi tənqidin özü tənqid hədəfidir. Tənqidçilərdən Maral Yaqubova, Nərgiz Cabbarova, Mübariz Rəhimov və adını indi xatırlaya bilmədiyim bir çox mətnşünaslar "Tarix və Tale" romanı haqqında yazdılar. Sizə deyim ki, ədəbi tənqidimiz bu gün özü-özünü saldığı bataqlıqda çapalamaqdadır. Ya keçmişindən imtina edib dünya tənqid ölçülərini mənimsəməlidir, ya da oturub gözləməlidir ki, kimsə Balzak, yaxud Dostoyevski kimi köhnəlmiş estetika ilə bir hadisəni əsərə çevirsin ki, yazmağa əlində material olsun. Hadisəçilik, xarakterbazlıq, təsvirçilik çoxdan dünya romanında unudulub. Mən romanı bədii mətnlə elmi və fəlsəfi mətnin iç-içəliyində görürəm. Əgər yanlış yoldayamsa, bir yazıçı kimi unudulmaqdan da qorxmuram. 

- Spinozanın fəlsəfəsində təbiətlə insan qarşılaşdırılır. Bu qarşıdurmanı poeziyada sizin yaradıcılığınızda görürük. İnsan fenomeni ədəbiyyatda hansı anlamı daşıyır?

- Spinozanın fəlsəfəsində həm də təbiətlə tanrı eyniləşdirilir. Bizdən əsrlər öncə həm Şərqdə, həm Qərbdə insan ədəbiyyatda tanrının yerinə qoyulub. Özümü bu antroposentrik düşüncənin davamçısı hesab edirəm. Məsuliyyətin tanrının üzərinə qoyulması insanın əxlaqını korlayır. Nəsimi hələ Qərb maarifçilərindən, təxminən, yüz əlli il əvvəl deyirdi ki, özündən kənarda tanrı axtarma. Mən də özümü bu düşüncənin davamçısı kimi görürəm. Bir yazı adamı olaraq məqsədim insanı tanrılaşdırmaq, ona özündən kənarda  məsuliyyətini daşıyan birinin olmadığını xatırlatdırmaqdır. 

- Ədəbi görüşlərdən, oxucularla söhbətlərdən sanki uzaqsınız. Bu nə ilə bağlıdır?

- "Hərflərin vahiməsi"ndə yazdığım bir cümlə ilə bu suala cavab verim: Danışmaq öhdəliyi yazmaq ehtiyacını öldürür. Yazıçı bacardıqca yazdıqlarını və yazacaqlarını danışmaq istəyindən uzaq qaçmalıdır. Danışılan söz yazılacaq sözün qənimidir. Oxuculardan uzaq gəzməyimin səbəbi ildə bir dəfə qidalanan timsah sayağı yaradıcı enerjimi qorumaqdır. Kağızla dərdləşmək mənə bəs edir.

- Yeni kitabınız çap olundu, "Hərflərin vahiməsi". Gözləntiləriniz...

- Bu günlərdə bir dostumuz yarızarafat, yarıciddi mənə irad bildirdi ki, sən bu gün hər mənada ölkəmizdə zirvədə olmalıydın, amma sürünürsən. Cavabım kifayət qədər eqoist oldu, dedim ki, məndə günah yoxdur, sənin ölkəndə mənim dırmaşmalı olduğum zirvə yoxdur. Heç bir gözləntim, filan yoxdur. Mən, sadəcə, qatar kimi özüm-özümü məhkum etdiyim yolla gedirəm, hara gedirəm, mənzilim haradır, bu məni qəti maraqlandırmır.

- Azərbaycan ədəbiyyatı ilə bağlı görmək istədiyiniz və görmək istəmədiyiniz məqamlar...

- Yaradıcılığı ilə Avropanın qartımış əxlaqını silkələyib dağıdan, onu tabulardan, qadağalardan, gözəgörünməz qandallardan azad edən Floberi o vaxtkı Fransa hökuməti pul ayırıb Qüdsə göndərir ki, həm müqəddəs torpaqlardan reportaj hazırlasın, həm də tövbə edib dinə-imana gəlsin. Flolber isə dövlətin pulunu Şərqdə ancaq fahişəxanalara xərcləyir. Bir gün ayılır ki, nə pul var, nə reportaj, nə də tövbə. Fikirləşir, cəhənnəm, heç olmasa, gedim Müqəddəs Qəbirdə tövbə edim, ağzıma gələni də evdə yazıb reportaj adı ilə sırıyaram mətbuata. Fransaya qayıdır, hamını inandırır ki, daha tövbə edib, bundan sonra içməyəcək, çəkməyək, arvadbazlıq etməyəcək, namuslu, ismətli "xalq yazıçısı" olacaq. Elə ki yazı masasının arxasına keçir, qaz lələyini mürəkkəbə batırıb Müqəddəs Qəbir kilsəsinə ziyarətini belə təsvir edir (iki yüz il əvvəl): "Müqəddəs məbədin pilləkənlərini qalxanda birini əldən qoydum, dalım yenə də öz volterliyindən qalmadı". Bu sözlər yazılıb XIX əsrin ortalarında. XXI əsrdə bizdə cəmiyyət bir yana, özünə qarşı bu qədər səmimi, azad ola bilən sənət adamları yox səviyyəsindədir. Çünki sovet sistemi bizi elə böyüdüb ki, kim həm yuxarılara, həm aşağılara yaltaqlana bilirsə, ziyalı odur, aydın odur. Ona görə floberlər yetişmir cəmiyyətimizdə, Madam Bovarilərimiz də haqlı olaraq ərəblərə verirlər nömrələrini. Mən ədəbiyyatımızda bax bu Flober səmimiliyini görmək istəyirəm. Görmək istəmədiklərimdən isə danışmasam yaxşıdır. 

 

Söhbətləşdi: Tural CƏFƏRLİ

 

Ədəbiyyat qəzeti.- 2022.- 28 may.- S.30.