“Arif” kitabının təqdimatı
olub
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan”
klubunda AYB-nin Xəzər bölməsinin sədri, şair-qəzəlxan
Hacı Arif Buzovnalının 50 illik yubileyinə həsr
olunmuş “Arif” kitabının təqdimatı keçirilib. Kitab bir qrup gənc
yazıçılar tərəfindən ustadları Arif
Buzovnalının yubileyinə hədiyyə olaraq
hazırlanıb.
AYB-nın katibi, yazıçı-dramaturq İlqar
Fəhmi şairin yaradıcılığına nəzər
salaraq, müasir dövrdə klassik janrda yazan şairlər
sırasında onun xüsusi xidmətlərinin olduğunu
bildirib: “Şair həyatını bütünlüklə
klassik ədəbiyyatın təbliğinə, klassik söz sənətinin
öyrənilməsinə, Azərbaycan ədəbiyyatında
tətbiqinə həsr edib. Yaradıcılığı ilə
ədəbiyyatımızda özünəməxsus iz qoyan
Arif Buzovnalının klassik poeziyanı yaşatmaqda və bu
istiqamətdə gənclərin yetişdirilməsində xidmətləri
çox olub”.
Daha sonra çıxış edən
AYB katibi Səlim Babullaoğlu əruz şeirində
A.Buzovnalının rolundan danışıb. Qeyd edib ki, müasir əruz
şeirini A.Buzovnalısız təsəvvür etmək olmaz.
Şairin təkcə yaradıcılığı
ilə deyil insani keyfiyyətlərinə
görə də çoxlarına örnək olduğunu deyən
Hacı Soltan Əlizadə A.Buzovnalı ilə olan
dostluğundan, yol yoldaşlığından söz
açıb.
Xalq rəssamı, heykəltaraş
Xanlar Əhmədov, filoloq Firudin Qurbansoy,
alim-tədqiqatçı Mustafa Mailoğlu, ilahiyyatçı
Hacı İlham Səlimov, şairlər Damət
Salmanoğlu, Yusif Nəğməkar, Kamal Hüseynzadə və
digərləri şair haqqında fikirlərini
və arzularını dilə gətiriblər.
Sonda Hacı
Arif Buzovnalı tədbirin
təşkilatçılarına və
iştirakçılarına təşəkkürünü
bildirib. Bu
kitabın onun üçün çox dəyərli, tarix
üçün isə maraqlı mənbə
olacağını söyləyib: “Bu kitab mənimlə bahəm
klassik şeirə verilən dəyərdir”.
Ədəbiyyat qəzeti.- 2022.- 6 noyabr.- S.25.