Fövqəladə və səlahiyyətli
ədəbi missiya
Ədəbi-bədii söz sənətinə
sanballı töhfələr vermiş, dəyərli əsərlər
bəxş etmiş ədəbiyyat adamlarından bir qisminin
xarici dövlətlərdə öz ölkəsinin
böyük elçisinə, siyasi nümayəndəsinə,
əsas sözçüsünə çevrilməsi, diplomatiya
sahəsində uğurlar qazanması, yüksək məqamlara
yetişməsi tarixdən çoxlarına yaxşı məlumdur. Onlardan Əbdülhəq
Hamid, Yəhya Kamal Bəyatlı, Əhməd Hikmət
Müftioğlu, Memduh Şevket Esendal, Yaqub Qədri
Qaraosmanoğlu, Aleksandr Qriboyedov, Pablo Neruda, Qabriela Mistral,
Oktavio Paz, Çingiz Aytmatov, Yusif Vəzir Çəmənzəminli,
Əbdürrəhim bəy Haqverdiyev (bu siyahını
böyütmək də olar) və digərləri dostluq, əməkdaşlıq
sülh, əmin-amanlıq prinsiplərinə sadiq qalaraq
uluslararası siyasi arenanın münasibətlər müstəvisində
səmimiyyətə, mədəniyyətə, ədalətə,
dürüstlüyə güvənli diplomatiya ənənələri
yaratmışlar. Çağdaş zəmanəmizdə bu ənənələri
böyük entuziazm ilə davam etdirənlərdən biri də
ədəbiyyatşünaslıq elmimizin görkəmli
nümayəndəsi, filologiya elmləri doktoru, professor
Vilayət Quliyevdir. O, birmənalı olaraq amal və əməl
adamı, ədəbiyyatımızın fövqəladə və
səlahiyyətli elçisi, ölkəmizi dünyaya
tanıdan və sevdirən, milli maraqlarımızın mətin
müdafiəçisidir.
Bu gün
istedadlı tənqidçi, peşəkar ədəbiyyat
tarixçisi, fədakar elm xadimi, ədəbi-mədəni əlaqələr
və tərcümə sahəsində yorulmaz mübariz, cəfakeş
türkoloq, Cümhuriyyət dövrü tarixinin və istiqlal
məfkurəsinin fəal araşdırıcısı,
müstəqilliyimizin bərpasından sonra ilk Dövlət
Mükafatı laureatları adına layiq görülənlərdən
biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
ölkəmizin Bosniya və Herseqovinadakı fövqəladə
və səlahiyyətli səfiri Vilayət Muxtar oğlu
Quliyevin anadan olmasının 70 ili tamam olur.
V.M.Quliyevlə
ilk qiyabi tanışlığım otuz beş
il bundan əvvəl onun "Azərbaycan" jurnalında nəşr
etdirdiyi "Yaşıdlarıma sözüm var" adlı
məqaləsindən başlanır. Müəllif
ədəbi cameyə öz sözü, ürəyinin
közü, hərarəti, gerçəkliyə güvənli,
faktlara və həyat həqiqətlərinə sədaqətli
mövqeyi ilə təşrif gətirmişdi. Zəhmətdən və istedaddan şirə çəkən
tədqiqatları ünlü mütəxəssislər tərəfindən
bəyənilir və yüksək dəyərləndirilirdi.
Vilayət
Quliyevin ilk kitabı - "Mirzə Kazım bəy"
monoqrafiyası da otuz beş il öncə,
ötən əsrin 87-ci ilində işıq üzü
görmüş, faktların yeniliyi, dil-üslub cazibədarlığı,
dolğunluq və mükəmməllik etibarilə seçilir
və təqdir edilirdi. Müəllif mövzunu
araşdırarkən Sankt-Peterburq, Kazan, Moskva, Tbilisi, Həştərxan,
Bakı və b. şəhərlərin arxivlərindən, rəsmi
sənədlərə, əlyazmalara, məxəzlərə
istinad edərək, onlardan bəhrələnərək
dünya şöhrətli şərqşünas alim Mirzə
Məhəmməd Əli Kazım bəy Hacı Kazım
oğlunun həyatı, nəsli, soykökü,
yaradıcılığı, elmi-pedaqoji fəaliyyəti,
ictimai mühiti ilə bağlı çoxsaylı ziddiyyətli,
kölgəli məsələlərə, yanlış məqamlara
faktların işığında aydınlıq gətirmiş,
onu dilçi, islamşünas, mətnşünas alim, elm təşkilatçısı
kimi yüksək qiymətləndirmişdir.
Vilayət
Quliyev Qarabağ hadisələrinin və milli istiqlal hərəkatının
ilk mərhələsində sovet rejiminin 70 il müddətində
yasaq etdiyi, tarixi faciələrimizin,
ağrılarımızın gerçək mahiyyətini təhrif
etdiyi, tərsinə yozduğu, milli düşüncənin
oyanışına təkan verən mövzuları gündəmə
gətirdi. Cümhuriyyət dönəminin hadisələrini
və tarixi şəxsiyyətlərini önə çəkdi,
araşdırma obyektinə çevirdi. Onun ciddi və
genişmiqyaslı tədqiqatları, məxfi arxivlərə
birbaşa istinadları nəticəsində yazdığı
"Şərqdə ilk Cümhuriyyət", "İlk Azərbaycan
parlamenti (1918-1920)", "Avropaya pəncərə
açanlar" və digər çoxsaylı elmi-publisistik məqalələri
böyük qürur, məmnunluq və yanğı hissi ilə
qarşılanırdı. Hələ 1990-cı ilin may
ayında Cümhuriyyət bayramı ərəfəsində
Milli Elmlər Akademiyasının dairəvi zalında "Azərbaycan
Demokratik Respublikası" adlı elmi-nəzəri konfrans
keçirildi və bu mühüm tədbirin fəal təşkilatçılarından
biri, Azərnəşrdə işıq üzü görən
eyniadlı kitabın tərtibçisi və ön
sözünün müəllifi V.M.Quliyev idi. Elm
məbədinin divarları arasında keçirilən,
tariximizin cümhuriyyət dövrü haqqında
genişmiqyaslı araşdırmaların xitabət
kürsüsünə çevrilən bu konfrans əsl həqiqətləri
ilk dəfə geniş ictimai auditoriyaya təqdim etdiyi
üçün özündə mərdlik,
dürüstlük, cəsarət elementlərini
daşımaqla bərabər müstəsna əhəmiyyətə
malik idi.
Dövlət müstəqilliyimizin bərpasından sonra
Vilayət Quliyevin elmi yaradıcılığında tamamilə
yeni bir səhifə açılır, coşqun və
dolğun bir mərhələ başlayır. "Ağaoğlular"
(1997), "Azərbaycanda erməni zülmü" (1999),
"İsa Sultan Şahtaxtinskinin qəribə həyatı"
(1999) və b. kitabları zamanla səsləşən,
xüsusi aktuallıq kəsb edən mövzuları
özündə ehtiva etdirirdi. Uzun illər sovet təbliğatında
"pantürkist", "burjua ideoloqu"
adlandırılan, düşmən kimi təqdim edilən,
Şuşada dünyaya göz açmış Əhməd bəy
Ağaoğlunu müəllif oxucularına hürriyyət və
demokratiya uğrunda mübariz, mütəfəkkir,
maarifçi, publisist, çağdaş türk ədəbiyyatında
modernist cərəyanın böyük nümayəndəsi
kimi təqdim etmişdir. Vilayət Quliyev professor
Ə.B.Ağaoğlunun yaradıcılığını,
ictimai-siyasi fəaliyyət yönümlərini tədqiq və
təhlil etmiş, jurnalistlik xidmətlərini yüksək dəyərləndirərək
yazırdı: "Əhməd bəyin redaktəsi ilə
çıxan və milli mətbuatımızın tarixində
"ümmətdən millətə çevrilməyimiz
yolunda mühüm izlər qoyan "Həyat",
"İrşad", "Tərəqqi" qəzetləri
də məhz bu məqsədə xidmət edirdi... Əhməd bəy Ağaoğlunun
səyi və nüfuzu sayəsində dövrün M.Ə.Sabir,
N.B.Vəzirov, A.Səhhət, M.Ə.Rəsulzadə, A.Sur,
F.B.Köçərli və digər qələm sahibləri,
vətən və millət təəssübkeşləri
"İrşad"ın ətrafına
toplaşmışdılar" (V.Quliyev).
Müəllif Əhməd bəy Ağaoğlunun
emosional xarakterini açmaq, işgüzar imicini göz
önündə canlandırmaq, oxuculara daha yaxından
tanıtmaq üçün onun yaxın dostu, məsləkdaşı,
böyük mütəfəkkir Əli bəy Hüseynzadə
ilə üz-üzə gəldiyi ibrətamiz bir epizodu da təqdim
etməkdən çəkinməmişdir: "Əli bəy
Hüseynzadə xatırlayırdı ki, "Qafqazda Əhməd
bəylə birlikdə qəzet çıxarırdıq. Bir gün mənim öhdəmə düşən
hissəni vaxtında yazmamışdım. Əhməd bəy gəldi, nə üçün
yazmadığımı soruşdu. Bəlkə də
bir az əsəbi idim. Ona
görə də sərt cavab verdim. O da sərtləşdi.
Münaqişə ağır hal aldı. Necə oldu, bilmirəm, birdən ayağa qalxdım,
kətili götürərək Əhməd bəyin
üstünə yürüdüm. Bunu edərkən
onun da eyni işi görəcəyini
düşünürdüm. Lakin o, irəli gələrək
önümdə dayandı, boynunu bükdü:
- Vur! -
dedi. - Amma yazını ver" (V.Quliyev).
Əli bəy Hüseynzadənin sonralar qələmə
aldığı bu xatirəsi onun əziz dostunun müdriklik
portretinin qabarıq cizgilərini özündə mükəmməl
əks etdirir desək, yəqin ki, yanılmarıq.
"Ağaoğlular"
kitabında Əhməd bəyin qızı, Şuşada
anadan olmuş, ali hüquq təhsili alan ilk türk
qadını Sürəyya Ağaoğlu və Strasburq
Universitetinin aspiranturasını bitirmiş, Türkiyədə
millət vəkili, əmək və sənaye naziri, baş
nazirin müavini vəzifələrini tutan Səməd
Ağaoğlu haqqında maraqlı məlumatlar verilmiş,
onların əsərlərindən nümunələr təqdim
edilmişdir.
"Azərbaycanda erməni zülmü" (1999)
kitabı adından da bəlli olduğu kimi ölkəmizdə
mənfur qonşularımız tərəfindən XX
yüzillikdə Azərbaycan türklərinə qarşı
törədilən qətli-amlardan, soyqırımlarından
arxiv materialları əsasında bəhs edilir.
"İsa
Sultan Şahtaxtinskinin qəribə həyatı" (1999)
haqqında kitabı Vilayət Quliyev 1992-1993-cü illərdə
Türkiyənin Atatürk Universitetində professor vəzifəsində
işlədiyi dövrdə Qars şəhərinin arxivinə
getmiş, 1877-ci ildən ömrünün sonuna kimi Qars vilayət
hərbi qubernatorunun dəftərxanasında məmur işləyən,
"Kars" qəzetinin redaktoru olmuş İsa Sultan
Şahtaxtinskinin ömür yolu və fəaliyyəti
haqqında toplanmış yeni materiallar əsasında
yazmış maraqlı əsərdir.
Vilayət
Quliyevin bu gün nadirəyə çevrilən "Tarixdə
iz qoyan şəxsiyyətlər" (2000), "Açıq
sözün hikməti" (2001), "Böyük
Əkinçi" (2001), "Tariximiz - taleyimiz" (2002),
"Ədəbiyyatda Nobel mükafatı laureatları"
(2009), "Son illərin yazıları" (2009) adlı irihəcmli
kitabları böyük zəhmət və yuxusuz gecələr
hesabına qələmə alınan, vaxtilə mətbuat səhifələrində
işıq üzü görən, oxucuların maraqla
qarşıladığı məqalələr toplusudur.
Kitablarda M.C.Topçubaşov, M.F.Axundzadə, H.B.Zərdabi,
A.A.Bakıxanov, Ə.Nəbati, Ü.Hacıbəyli, N.B.Vəzirov,
N.Nərimanov, E.Sultanov, Y.V.Çəmənzəminli, Ə.Cəfəroğlu
və digər böyük klassiklər, müqtədir söz
ustadları haqqında yeni və mötəbər sənədlər,
arxiv materialları əsasında yaddaqalan portret-oçerklər
yer almışdır.
"Son illərin yazıları" əsəri Vilayət
müəllimin hər bir azərbaycanlıya qürur hissi
yaşadan kitablarındandır. Elmi-publisistik üslubda işlənmiş
bu "yazılar"la dərindən tanış olduqda bitkin
və mükəmməl struktura, zəngin fakt yeniliyinə,
cazibədar təqdimat manevrlərinə, millətsevərlik və
yurdsevərlik ruhu ilə yoğrulmuş yenilməz ruha, qayəyə,
məfkurəyə malik tutumlu, sanballı əsərlərlə
üz-üzə dayandığına əminliyini ifadə etməyə
bilmirsən. Onun bu topluya daxil etdiyi məqalələr
tarixi vətənindən uzaqlarda mühacir həyatı
yaşamış, Azərbaycanla gen, qan və mənəvi
bağlılığı olan, yaşadıqları ölkələrdə
yüksək mövqeyə və nüfuza sahib çıxan
görkəmli şəxsiyyətlərin, ictimai-siyasi xadimlərin,
mütəfəkkirlərin, elm və ədəbiyyat
adamlarının keşməkeşli ömür yolu, qəribə
taleləri haqqında dəyərli araşdırmalardır.
V.Quliyevin vətəndaş-alim, ictimai-siyasi xadim fədakarlığının
nəticəsində Türkiyədə yaxşı
tanınan Azərbaycan əsilli alimlərin, nazirlərin,
generalların, mədəniyyət nümayəndələrinin
fəaliyyəti barədə üzə çıxarılan
araşdırmalar fərəh doğurur. Türkiyənin demokratik
inkişafında fəal iştirak edən həmyerlilərimizdən
Səməd Ağaoğlu ölkənin Baş nazirinin birinci
müavini, sənaye naziri vəzifələrində
çalışıb, əslən Şəkidən olan
istiqlal medallı Məhəmməd Sarıkərimli (Bərköz)
Türkiyə Jandarmeriyasının baş komandanı,
general-polkovnik, qardaşı Mahmud Sarıkərimli (Bərköz)
III Ordu komandanı, ordu generalı kimi yüksək vəzifə
və rütbəyə layiq görülmüşdür. Əhməd Cəfəroğlu İstanbul
Universitetinin professoru, Türkiyyat İnstitutunun direktoru kimi vəzifələrə
yüksəlmişdi. Xalqımızın
bu görkəmli oğullarının uğurlarını,
nailiyyətlərini ilk dəfə geniş və sistemli şəkildə
Azərbaycan oxucularına məhz Vilayət Quliyev
çatdırmışdır.
"Son
illərin yazıları"nda yer alan, Azərbaycan dövlətçiliyinə
xidmət edən digər xalqların tanınmış
nümayəndələrinin fəaliyyətləri haqqında
məqalələr də ciddi maraq doğurur. "Polşa
tatarları Azərbaycan dövlətçiliyinin xidmətində"
silsiləsindən "General Masey Sulkeviç",
"Kriçinski qardaşları", "Şapşal - azərbaycanşünas,
yaxud qardaşlarımız karaimlər" və b. məqalələr
beynəlxalq əməkdaşlığın üfüqlərini
genişləndirmək baxımından bu gün də
aktualdır.
Vilayət
Quliyevin son illər nəşr etdirdiyi "Baş nazirin
xanımı" (2015), "Füyuzat"in iki yazarı"
(2016), "Atatürk və Əhməd Ağaoğlu"
(2019), "Ramil Səfərovun ekstradisiyası: Bu necə
olmuşdu?" (2022) və b. əsərləri
öncə mətbuat səhifələrində
yayımlandığı üçün məzmun və
mündəricə zənginliyi, aktuallığı, ədəbi
düşüncə müstəvisində yeri və rolu
layiqincə dəyər qazanmışdır.
V.Quliyevin
"Türk dünyasında Azərbaycan" (2021) elmi
araşdırmalar toplusu "Tərcüman"ın Azərbaycan səhifələri" məqaləsi
ilə açılır və bu yazı kitaba daxil edilmiş
əsərlərin vahid ideya istiqamətinə işıq
salmaqla yanaşı, "türkçülüyün
babası", qəzetin sahibi və baş mühərriri
İsmayıl Bəy Qaspıralının həyatının,
fəaliyyətinin ilginc məqamlarına aydınlıq gətirmək,
böyük düşüncə adamının haqq
dünyaya qovuşmasının - anımının yüz
illiyi münasibətilə qələmə
alınmışdır. Müəllif qədirşünaslıqla
İsmayıl bəyin türk dünyasında rolunu, ədəbi-mədəni
məcrada Azərbaycanla sıx əlaqələrini yüksək
dəyərləndirərək onun xalqımıza olan
sevgisinin qaynaqlarını duyğusallıqla incələmişdir.
V.Quliyev böyük türkçü, ictimai xadim haqqında
yazır: "Vətəni Krımdan sonra İsmayıl
Qaspıralının ən çox sevildiyi, üz tutduğu,
başa düşüldüyü,
ardıcıllarının, dost və həmfikirlərinin
olduğu yer, heç şübhəsiz, Azərbaycan idi. İsmayıl bəy də öz növbəsində
Azərbaycanı Krım qədər sevirdi, türk
dünyasının fikri inkişafındakı yerini və
rolunu dəyərləndirirdi, Azərbaycan insanının millət
duyğusuna, maarif və mədəniyyət təşnəliyinə
inanırdı. Bu mənada Bakını
böyük Osmanlı imperiyasının paytaxtı
İstanbuldan üstün tuturdu".
Vilayət
müəllim İ.B.Qaspıralının "dost və həmfikirləri"
- deyəndə ilk növbədə milli birliyin
üçlü düsturunun ("dildə, fikirdə, əməldə
birlik") müəllifinin məşhur üçlükdəki
rəsmi - İsmayıl bəy Qaspıralı, Həsən bəy
Zərdabi və Əlimərdan bəy Topçubaşovun
birlikdə 1903-cü ildə Bakı şəhərində
çəkdirdiyi tarixi şəkil göz önündə
canlanır. Onun işıqlı Azərbaycan
ziyalıları ilə hər görüşünün
bayram əhval-ruhiyyəsinin yaratdığı və xoş təəssüratlarının,
yol qeydlərinin "Tərcüman"da təcəlla
tapmasını müəllif tədqiqatçı dəqiqliyi
ilə izləmiş və mükəmməl şərh
etmişdir.
Vilayət
müəllim irihəcmli elmi məqaləsində qeyd edir ki,
İsmayıl Bəyin Azərbaycan mətbuatı ilə
bağlı son yazısı "Molla Nəsrəddin"
jurnalına həsr olunmuş və "Tərcüman"ın
5 yanvar 1914-cü il tarixli sayında dərc
edilmişdir. "Molla Nəsrəddin"
haqqında informasiya Qaspıralının Azərbaycanın ədəbi-mədəni,
ictimai-sosial həyatı ilə sıx bağlı
olduğunu, milli-mənəvi tərəqqisini həssaslıqla
izlədiyini təsdiqləyir.
Elmi
araşdırmalar toplusunda yer alan "Mirzə Fətəli və
Əli Süavi: Bir mübahisənin tarixçəsi"
adlı məqaləsində müəllif M.F.Axundzadənin əlifba
islahatı ilə bağlı maarifçilik fəaliyyətindən,
bu istiqamətdə siyasi əngəllərə, bürokratizmə
qarşı onun intensiv mübarizəsindən, ziddiyyətli
xarakterə, inqilabçi-demokratik düşüncəyə
malik Tənzimat dövrü Osmanlı publisisti, tarixçisi
Əli Süavinin siyasi macəralarından, fərqli
baxışlarından, ərəb əlifbasının yenilənməsinə
müqavimət göstərməsindən bəhs edir.
Ə.Süavinin həyat və
yaradıcılığını, ictimai-siyasi mövqeyini
geniş planda Azərbaycan oxucusuna təqdim edən V.Quliyev məqaləsində
Mirzə Fətəlinin opponenti barədə yazır:
"Əlifba məsələsində radikal və inqilabi
mövqe tutan azərbaycanlı mütəfəkkirdən fərqli
olaraq Əli Süavi yalnız islam mədəniyyətinin
ayrılmaz tərkib hissəsi saydığı ərəb əlifbasında
qalmaq fikrində israr etmirdi, hətta kosmetik səciyyəli mümkün
islahat prosesi zamanı hərflərin şəkillərinin nəzərəçarpacaq
dərəcədə dəyişdirilməsinə
qarşı da çıxırdı. Niyyət
nə qədər nəcib, faydalı olsa da, o, əlifbada
köklü dəyişikliklər aparılmasının,
yaxud ondan tam imtinanın xalqın mədəniyyət və mənəvi
fikir tarixində qırıqlıq, fasiləlik yaratmasına
xüsusi diqqət çəkirdi".
Yığcam
fikirlərlə müəllif fərqli tərəflərin
açıq mövqelərini, problemə yanaşma
bucaqlarını təqdim etməyi bacarmış, bir
neçə onillikdən sonra bu mübahisədə tarix kimin
haqlı olduğunu bütün türk dünyasına nişan vermişdir.
"Yaşam
boyu sürən dostluq: Əhməd Ağaoğlu və
Əli bəy Hüseynzadə", "Əli bəy
Hüseynzadə Osmanlıya qarşı" adlı məqalələrində
V.Quliyev Azərbaycanın iki görkəmli şəxsiyyətinin,
düşüncə adamının, türkçülük
ideologiyasının nəhəng simalarının həyat
yolunun "Həyat" qəzetindən
başladığını, milli birliyə, tərəqqiyə,
maarifçiliyə, dünyəvi elmə can
atdıqlarını, bu yolda məşəqqətlərə,
əzablara dözdüklərini, ermənilərin böhtan və
iftiralarına qarşı birgə müqavimət gösrətdiklərini
zəngin arxiv materialları, çoxsaylı sənədlər
və xarici mənbələr əsasında
araşdırmalar apararaq ədəbi, elmi cameyə məlum
olmayan yeni faktları üzə
çıxarmışdır.
Kitabda
müəllifin ciddi axtarışlar, böyük zəhmət
hesabına araya-ərsəyə gətirdiyi "1907-ci ildə
Bakıda açılan Darülmüəllimat niyə
bağlandı?", "Yolayrıcındakı illərin
anıları", "Zəki Vəlidi Toğanın
"Xatirələr"ində Azərbaycan", "Ədəbiyyatımızın
dostu, yaxud Türkiyənin Abbas Zamanovu", "Nazim Hikməti
anarkən..." və digər məqalələri elmi
yenilik, geniş oxucu auditoriyasına məlum olmayan sənəd-fakt
arsenalının zənginliyi, dil-üslub
aydınlığı diqqətçəkən xüsusiyyətlərdəndir.
Vilayət Quliyevin yaradıcılığında tərcümə
və tərtib məsələləri mühüm yer tutur. Onu poliqlot adlandıranlar da az deyil. O, ingilis, polyak, rus, türk, fars dillərini mükəmməl bilir və əcnəbi
dillərdən çoxsaylı əsərləri doğma
dilimizə çevirmişdir. V.Quliyevin mütərcimlik
fəaliyyətini, tərcümə yaradıcılığının
sənətkarlıq xüsusiyyətlərini ayrıca
araşdırmağa, bu işə monoqrafiyalar həsr etməyə
dəyər. Onun xüsusilə ingilis, rus
və türk dillərindən çevirdiyi ədəbi-bədii
materiallar səriştəlilik, peşəkarlıq və
aktuallıq baxımından beynəlxalq ədəbi-mədəni
əlaqələr istiqamətində uğurlu
addımlardır. Lev Qumilyovun "Qədim
türklər" (1993), Ə.M.Topçubaşovun "Paris məktubları"
(1998), "Azərbaycan Paris Sülh konfransında" (2008),
V.Baxtin və İ.Panovun "Məhəmməd Peyğəmbərin
həyatı" (2003), "Behbud xan Cavanşirin məhkəmə
prosesi" (2008), Səməd Ağaoğlunun "Hekayələr.
Memuarlar" (2009), Corc Oruellin
"Seçilmiş əsərləri" (2009),
"1984" (2011), "Heyvanıstan" (2012),
"Polşadakı Azərbaycan siyasi mühacirlərinin
irsindən" (XX əsrin 30-cu illəri) və b. kitabları
Vilayət müəllimin yaradıcılıq uğuru,
çağdaş ictimai-mədəni mühitimizdə diqqətçəkən
hadisə sayıla bilər.
Azərbaycan mühacirət ədəbiyyatı
qaynaqlarının ciddi araşdırılmasına,
sanballı monoqrafik işlərin işıq üzü
görməsinə baxmayaraq rus dilində nəşr edilən
"Polşadakı Azərbaycan siyasi mühacirlərinin
irsindən" (XX əsrin 30-cu illəri) adlı toplunun fərqli
və üstün cəhətləri ondan ibarətdir ki,
burada öz əksini tapan ədəbi-tarixi, siyasi-publisistik
materiallar tədqiqatlardan kənarda qalmış, bu mənbələrə
əsasən istinad edilməmişdir. Cümhuriyyət
dövrünün hərbi, ictimai-siyasi mənzərəsini
özündə əks etdirən, tariximizin qaranlıq və
naməlum məqamlarına işıq salan, mötəbər
və zəngin faktları ilə yüksək elmi dəyərə
malik mətnlər, materiallar bu nəşrdə
üstünlük təşkil edir.
Toplu Vilayət Quliyevin "Söz və fikir mübarizləri"
məqaləsi ilə açılır. Tərtibçi-müəllif
Azərbaycan mühacirlərinin mövcud tarixi şəraitin
real imkanlarından maksimum faydalanaraq Avropa ölkələrində
yaratdıqları siyasi fikir mərkəzlərinin, mübarizə
metodlarının geniş şərhini verməklə
yanaşı, onların vətənə, xalqa ləyaqətlə
xidmət etməkdə yeganə silahlarının söz,
fikir olduğunu vurğulamışdır. Polşada fəaliyyət
göstərən mühacirlərimizin isə söz
tribunası funksiyasını Azərbaycan və rus dillərində
çap olunan "Qafqasiya dağlıları" (1929-1934) və
bu dərginin mənəvi varisliyini davamı etdirən
"Şimali Qafqasiya" - "Severnıy Kafkaz"
(1934-1939) jurnalları daşıyırdı.
Məhəmməd
Əmin Rəsulzadənin kitabda yer almış məqalələrində
- "Qafqaz birliyi", "Qafqaz birliyi şüarı altında",
"Qafqazın problemləri", "Bir tarixin mahiyyəti"
(Zaqafqaziya Seyminin 15 illiyinə) və s. sərlövhələrindən
də məlum olduğu kimi, Qafqaz xalqlarının tarixindən,
ictimai-siyasi aqibətindən bəhs edir.
"Polşadakı
Azərbaycan siyasi mühacirlərinin irsindən" toplusunda
Doktor Mir Yaqub Mir Mehtiyevin, Mirzə Bala Məhəmmədzadənin,
Əli Azərtəkinin, İsrafil bəy İsrafilbəyovun,
Cahangir bəy Kazımbəyovun, Nağı Bayramlının
və gizli imza, təxəllüslə yazan müəlliflərin
əsərləri yer almışdır.
Mirzə
Bala Məhəmmədzadə "Azərbaycan necə və nə
üçün sovetləşdirildi", "Milli
respublikalarda sovet terroru", "Azərbaycanda sovet dil siyasəti",
"Qafqaz mayı" və s. əsərlərində
işğala məruz qalmış vətəninin, onun yurdsevər,
istiqlalsevər övladlarının başına gətirilən
müsibətlərdən, məşəqqətlərdən,
müxtəlif bəhanələrlə torpaqların ermənilərə
"peşkəş" verilməsindən, respublikanın sərvətlərinin
talan edilməsindən, "Çeka" əməkdaşlarının
özbaşınalığından, kütləvi həbslərdən
və sürgünlərdən ürək ağrısı
ilə söz açmışdır.
Kitabda
müstəqil Azərbaycan ordusu, onun yaranması və
döyüş yolu haqqında polkovniklər İsrafil bəy
İsrafilbəyovun, Cahangir bəy Kazımbəyovun, eləcə
də Nağı Bayramlı və Afşaranlının məqalələri
çağdaş hərb tariximizin tədqiqatçıları
tərəfindən maraqla qarşılandığı
razılıq hissi doğurur.
Vilayət Quliyevin çoxvektorlu, praqmatik elmi, ictimai-siyasi, ədəbi-bədii fəaliyyəti həm xarici ölkələrdə, həm də respublikamızda yüksək qiymətləndirilmişdir. O, Polşa Respublikası Prezidentinin sərəncamı ilə "Polşa qarşısındakı xidmətlərinə görə" ikinci dərəcəli "Komandor" ordeni, ölkə Prezidentinin müvafiq qərarına əsasən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə ikinci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuş, Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.
Osmanlı İmperiyasının Tənzimat dövrü türk ədəbiyyatının görkəmli nümayəndəsi, dövlət adamı Ziya Paşa əbəs yerə deməyib: "Ayinəsi işdir kişinin, lafə baxılmaz, Şəxsin görünər rütbeyi-əqli əsərindən".
Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor
Ədəbiyyat qəzeti.- 2022.- 6
noyabr.- S.20-21.