Dünyanın bir ürəyin
işığında görünən rəngləri...
Orxan Paşanın “Əllərini
uzat mənə” kitabı haqqında
Odur ki, kitabı açıb maraqla baxdığım ilk səhifə mündəricatı olur; orada "Əllərini uzat mənə" başlığını axtarıram (necə olsa, bu başlıq məni beynimdəki sualın cavabına daha tez çatdıracaqdı) və axtardığımı 91-ci səhifədə tapıram; kiçikhəcmli lirik bir şeir! Deməli, 272 səhifəlik kitabın açarı 17 misra və ya yarım misralıq bu kiçik mətndə idi...
Əllərini uzat mənə -
vüsalına gedən yolum olsun.
Əllərini uzat mənə -
Biri oğlum, biri qızım olsun.
Əllərini uzat mənə -
uzat ayrılığın başı üstündən,
uzat əllərimə çatanacan.
Bu hansı ayrılıqdır, bu hansı vüsaldır? Çətin yolları dəf etmək üçün "vəfa andı içməli, görüş üçün üfüqdən də o yan keçməli" olan əllər necə və harada qovuşmalıdır?!
"Dünyanın sənli yeri kədərli yağışlar, könülsüz ağaclar, yorğun yollar, otlar", yolunu lirik qəhrəmanın "yaşlı gözlərindən başlayan buludlar"... yəni bədiilik - pafos, emosiya, məcazlar - hər şey öz yerində görünür, lakin açarı heç cürə yerinə oturda bilmirəm.
Bu dəfə səbrim acizlikdən genişlənib düşüncəmin cazibə qüvvəsinə yayılır; geri dönüb kitabı birinci səhifəsindən yavaş-yavaş, sinirə-sinirə oxumağa başlayıram.
Oxucunu titulu ilə çağıran kitab rəngli içərisilə də maraq doğurur. Burada şeirlərin ayrı-ayrı bölmələr ("Sənin alın yazındı bu vətən", "İşığı axtaraq", "Mənə neylədisə ürək eylədi", "Saz başına döndüyüm", "Səmanın, Damlanın Atillası", "Şərqdə şər oyunu" (poema), "Taleyimdən, ürəyimdən keçənlər") altında verilməsi onların məzmun fərqliliyi ilə yanaşı, həm də forma və mövzu müxtəlifliyindən xəbər verir. "Sənin alın yazındı bu vətən" başlıqlı ilk bölmə, adından da göründüyü kimi, vətənpərvərlik mövzusunda yazılan şeirləri birləşdirir. Romantik çalarların realist cizgilərlə naxışlandığı bu şeirlər minlərə, milyonlara xitab edən, geniş meydanlar, yüksək tribunalar üçün yazılan şeirlərdir. Elə ilk sətirlərdən məlum olur ki, bütün varlığıyla keçmişinə, soy-kökünə bağlı olan lirik qəhrəmanın alın yazısı Vətəninin bugünkü miqyasına qətiyyən uyğun deyil və elə bununla da poetik problemin təməli atılır. Bir tərəfdən də Türkçülük məfkurəsi, Turançılıq prinsipi dərdlərin dərmanı, nicat yolu kimi problemlə bərabər, "Xəzər qalxır", "Təbriz meydanında", "Türklüyümüz yenilməz", "Xudafərin körpüsü" və b. şeirlərdə tarixin sözlərlə yaradılan tablolarının canına işlənir. Burada "Bəlkə sən körpü deyilsən, körpü heykəlisən?! ("Xudafərin körpüsü") - maraqlı interpretasiyasıyla qəhrəmanın zamanın gərdişinə, tarixin acizliyinə etdiyi sitəmi bir gün Oğuz bahadırlarının tufanlı Xəzərin qoynundan şığıyacağına ("Xəzər qalxır") olan güclü inamı ilə bəslənir və Türkün qəhrəmanlıq dastanı Təbriz meydanında kükrəyən qoca aşığın köksündəki sazla dillənir ("Təbriz meydanında").
Sökülməyən bənd-bərələr sökülər,
Dəli çaylar yatağından çəkilər.
Dağlar, daşlar əriyib də tökülər
Türklüyümüz yenilməz!
Və bu yenilməzliyin ("Türklüyümüz yenilməzdir") ucalığında ayrılıq həsrətinə dözməyən lirik qəhrəmanın:
Nə durmuşuq, canım-gözüm,
Gedək Təbrizə-Təbrizə,
- deyişi olduqca təbii və səmimi səslənir, anamızın südü kimi haqqı-halalımız olan birləşmək, bütünləşmək istəyi oxucunu həyəcanlandırır.
Yatan yurdda təpər olmaz,
El arası çəpər olmaz,
Bundan ulu səfər olmaz,
Gedək Təbrizə-Təbrizə,
Yetək Təbrizə-Təbrizə!
Qafqazdan Qazaxıstana sürgün olunan bir qərib türk qocasının: - "Əl boyda bir daşı gələ // Vətəndən - // Götürüb // Sinəmə qoyam - // Döyünüb ürək olar, vallah..." ("Vətəndən bir daş gələ...") - arzusu vətən uğrunda canını qurban verən, Milli Qəhrəmanımız Mübariz İbrahimovun simasında gerçəkləşir ("Şəhid köynəyi lalələr"mahnı-elegiya):
Suya, torpağa dönmüşəm,
Çöl-çəmən olmuşam, ana!
Mən Qarabağa dönmüşəm,
Mən vətən olmuşam, ana!
Orxan Paşa başdan-başa millidir, xalqın
şairidir. Bu, şairin eşq-məhəbbət kimi fərdi və
intim mövzuda yazdığı şeirlərində belə
hiss olunur.
Paşanın
dərdi təkcə ulu torpaqlarımızın zamanla
düşmənlərin min bir hiylə-fəsadlarla yeritdiyi mənfur
siyasəti nəticəsində ayrı-ayrı hissələrə
bölünüb parçalanması dərdi deyil, həm də
milləti millət edən atributların ən dəyərli
xəzinə kimi qorunub, nəsildən-nəslə
keçirilməsi dərdidir:
"Azərbaycan türkcəsi bütün poetik və
qrammatik sistemi ilə heca vəzninin, qoşma üslubunun
içərisindədir. Əruz-qəzəl üslubu min ildən
çoxdur ki, türkcəmizə zorluq yaşadır, onu rahat
nəfəs almağa qoymur. Mən ən
gözəl qəzəli də ancaq bəyənə bilirəm.
Poetik təvəkkürüm onları sevmək
imkanı vermir. Qoşma üslubu və heca vəzni mənim
poetik təfəkkürümün ana axarıdır", -
deyən Paşa haqlı olaraq özünü poetik təfəkkür
baxımından Qurbaninin "Bənövşə"
qoşmasındakı ruhun daşıyıcısı"
hesab edir və öz poetik spesifikasını bəyan edir.
Millət və millik, dil və sənət haqqında
özünəməxsus fikirləri olan və
"Aşıq sənəti Ozan aşıq mədəniyyətindən
gələn tarixi köklü ana qaynağımızdır. Bu ana
qaynağın üstündə getməlidir hər bir
şey. Zaman içərisində
istedadlar, böyük mənəvi gücü olan adamlar buraya
nələrsə əlavə eləyirlər, yeniləşdirirlər,
onu daha da irəliyə aparırlar, amma bütün hallarda ana
qaynaq öz yerində qalmalıdır. Biz
ana qaynağımızdan uzaqlaşa bimərik" - deyən
nəzəriyyəçi Məhərrəm
Qasımlının ideyaları onun aşıq sənətinə
heyranlığını əks etdirən şeirlərilə
öz təsdiqini tapmaqda və bu kitabda öz dəyərli
yerini tutmaqdadır. Rəhmətlik Tükəzban nənənin
əziz xatirəsinə "Ay ölməmiş",
Aşıq Əkbər Cəfərovun ölümünə
"Ayrıldı", "Göyçəgülü",
bənzərsiz saz xanəndəsi İsmayıl
Bozalqanlının (Yetim İsmayıl) kövrək və həzin
səsinə "Dizim göynədi" ithaf qoşmaları
hər biri gül dəstəsi kimi rəngarəng və təravətlidir.
Şifahi xalq ədəbiyyatından, xüsusilə də
onun ən vacib qolu olan aşıq ədəbiyyatından
qaynaqlanan Orxan Paşa poeziyası milli mədəni tariximizi, mənəviyyatımızı
aynalamaqla yanaşı, lazımi məqamlarda sorğuya çəkən
və düşündürən poeziyasıdır. "Dünya,
Şeytan dolu dünya...", "Gərək olmur" və
b. əsərləri bu qəbildəndir.
Kitabda
şairin aşiqanə hiss və duyğularının saza
kökləndiyi məqamlar "Saz başına
döndüyüm" bölümündə verilmişdir.
Orxan
Paşa, nə var bunu bilməyə,
Göz
yaranıb könül qəmin silməyə,
Gözəl
günü gözəl-gözəl bölməyə
Çağır gəlsin saz başına döndüyüm.
Bu bölmədəki şeirlərin hamısı
eşq-məhəbbət mövzusunda yazılmış,
sazın pərdələrinin ahəngi ilə oynayan melodik
qoşma və gəraylılardır. Aşiq-şair qəlbinin dərinliklərindən
axıb gələn bu sevda təranələrinin hər biri
şair ömrünün ən gözəl anlarını
özündə əks etdirən rəngli poetik lövhələrdir:
Ağ
çiçəklər bələndilər gümüşə,
Axar sular
Ay nurunda bir şüşə,
Bəndə
saldı bəndələri bənövşə
Hər yan oldu naz, başına döndüyüm.
Burada bədiilik dərin hissi mənalılıqla bərabər,
səslərin - birinci bənddə mə-yə, sonrakı bənddə
isə şə hecalarının və b samitinin
yaratdığı qüvvətli alliterasiyaya və assonansa
bağlıdır. Bu şeirdə, hər zaman gənc olan
lirik qəhrəmanın sirri-sehrinin onun qəlbini isidən
saf duyğuları - eşqi olduğunu, hər yaz Bakıdan
Tovuza kilometrlərlə yolu "üzünə-dizinə
tikan batsa da, kol dibindəki bənövşəni əyilib
öpməyə gələn" gözəllik aşiqinin təbiət
vurğunluğunu və "dəliliyini" anlayırsan.
Lakin "Verəm canımı" qoşmasında bu
aşiqin hicran əzablarından, eşq acılarından uzaq
olmadığını da görürük.
De,
hansı loğmana aparım, Allah,
Dərdin hər üzünü görən
canımı.
Sirdaşı
sarsıdan, dostu ağladan,
Odlara sarılmış Kərəm canımı.
"Axdı
da getdi" qoşması isə şairin öz deyimi ilə
geridə qalan cavanlıq illərinə nisgil dolu bir
boylanışıdır:
Şimşəyi
hardadır coşub-daşanın,
Şehlərə bələnib dağlar aşanın?!
Gülləri
xoşlayan Orxan Paşanın
Güllərə
xoş gələn vaxtı da getdi...
Beş bəndli bu qoşmanın semantikası tamamilə
metaforikdir. Mətndə
cavanlıq, gənclik konseptinin ustalıqla buluddan sıyrılan
Ay işığı, yaydan çıxan ox, bahar leysanı,
ovsun yağmuru, sirli dağ nuru konseptlərilə
metaforlaşması və bu zaman bütün qrammatik işarə,
intonasiya və assosiasiyaların bədiilik xatirinə
zorlanmaması axar su kimi öz axarı ilə axıb getməsi
oxucunu valeh edir. Ümumiyyətlə, minimalizm,
dil şirinliyi və səlisliyi, fikir aydınlığı
və kəsərliliyi Paşanın başlıca sənətkarlıq
məziyyətlərindəndir.
"Səmanın,
Damlanın Atillası" başlığı altında isə
övlad-nəvə məhəbbətinin şirinliyindən
pay alan Paşanın qızları - Şahan, Ləmana, nəvələri
Səmaya, Damlaya və Atillaya ithaf etdiyi, kiçikhəcmli, rəngli
süjetli uşaq şeirləri yer almışdır. Bu şeirlərdə də şair öz dəst-xəttinə
sadiq qalaraq əsərlərinin orijinallığını
qorumuşdur.
Kitabın nəzmlə yazılan hissəsi fraqmental
tragik etüdlərdən ibarət "Şərqdə şər
oyunu" adlı miniatür, lirik-epik poema ilə bitir. Orijinal
kompozisiya, sadə süjet xətti və bitkin obrazlara malik
olan poema siyasi motivlidir. Semantikası bizə "Dədə
Qorqud" filmində dilindəki duaları və nəsihətləri
küləklərə sovrulan, ağ
saçları və əlindəki qopuzu ilə şahə
qalxan atların dırnaqlarından qopan toz dumanının
arxasında qalan Dədəmizi xatırladır. Kol dibindən
bir bənövşəni dərməyi qıymayan lirik mənin
burada daha bir "dəliliyinin" - şəxsi
rahatlığının qeydinə qalmaq yerinə, qoca
dünyanın dərdlərini
sarıb-salmaladığının, elmi, ədəbi və
ictimai fəaliyyətləri ilə yorulmadan, fədakarcasına
milli dəyərlərimizin keşiyində durduğunun
şahidi oluruq. Bəlkə, elə buna görədir
ki, sərbəst şeir şəklində yazılan
poemanın sonuncu fraqmentində dərdlərinin
ağırlığından söz qanadının lələkləri
oddan qarsılmış kimi büzüşən lirik qəhrəmanın
avazı dəyişir və ona uyğun olaraq da ifa edilən mətnin
şəkli, ölçüsü dəyişir.
Zalım
cəllad, bir əl saxla,
Qoy dərdini yazaq Şərqin.
Sel-sel
olub axır qanı
Yaxın Şərqin, uzaq Şərqin.
Qoy
saxlasın quzusunu,
Çörəyini,
ruzusunu,
Yazı
yazan yazısını
Nədən
qara yazıb Şərqin!
Kitabın
nəsrlə yazılan son bölməsinin "Taleyimdən,
ürəyimdən keçənlər"
başlığı, sanki müəllifin oxucuya daha çox
yaxınlaşacağını, mərhəmləşəçəyini
vəd edir və elə buradan şair Orxan Paşanın alim Məhərrəm
Qasımlı adından "Bir neçə söz"ü
bizi ikilinin bütövlüyünə, vəhdətinə
götürür. Biz burada müəllifin hiss və
duyğularının məntiqi ilə hansı məqamda və
necə qovuşduğunun şahidi oluruq. Bu
cür müəllif-oxucu səmimiyyəti isə, əlbəttə,
hər zaman məmunluqla sonlanır.
Bu bölmədə bəşəriyyətin taleyi məsələsi
öndədir.
Müəllifin milli dəyərlərin
qorunması qədər bəşəri problemlərlə də
bağlı narahatlığı - həyəcan və əndişələri
aydın hiss olunur. Buradakı şeirlərdə
real gerçəkliklər fəlsəfi boyutda (bəzən də
sürreal-psixoloji əsaslarla) bədii əksini tapır,
şair Paşanın özünəməxsus bədii-fəlsəfi
düşüncə sistemi açılır.
"Yoxdu"
qoşmasında oğuz ellərində bəzi üzdəniraq
soy-kökünü unudanların milli dəyərlərimizin ən
bariz nişanəsi olan saza biganəliyi şairi
qayğılandırır:
Səni bəyənməyən,
ay mələk sazım,
Qırıqdı zatından-mayası yoxdu.
Əməli
əl verir şərə-şeytana,
Könlündə
bir "Quran" ayəsi yoxdu,
- deyir, hiddəti, həyəcanı pik nöqtəyə
çatır, sazın gələcəyi üçün əndişəsi
artır:
Tanıyır
yağılar bu yavuz eli,
Kimdi Təbriz,
Şirvan, ya Tovuz eli!
Sazına
sahib çıx, ay oğuz eli,
Sazın
səndən başqa yiyəsi yoxdu!
Ümumiyyətlə, Orxan Paşa poetizmində zaman məfhumu
özünəməxsus məzmun və mahiyyət
daşıyır. Bakıdan Tovuza 400 km yolun sonunda kol dibindəki
bənövşəsinə qovuşanda uşaqlaşıb
bugünündən dünəninə keçən şair üçün
zaman aşılıb keçiləndir. Ancaq vüsal
yolları çətindi, yamandı, odur ki, görüş
üçün vəfa andı içməli, üfüqdən
də o yana keçməli olan əllər
ürək istər, sevgi istər. "Gəldim, ay bənövşəm"qoşmasında
olduğu kimi:
Bakıdan Tovuza yordum yolları.
Kimin nə dərdinə, kimə nə, gəldim.
Dağlar
ətəyində tikan kolları
Qoy batsın əlimə, çənəmə, gəldim.
Sevdi Orxan
Paşa əzəl hüsnünü,
Kaş ki, bürüməyə xəzəl
hüsnünü.
Hopdurub
canıma gözəl hüsnünü
Yığışdım köksümə-sinəmə,
gəldim.
Nəhayət,
birnəfəsə oxuduğum kitab sona çatanda, sanki 272 səhifədəki
bütün misralar - dünyanın bir ürəyin
işığında görünən rəngləri
"Əllərini uzat mənə" şeirinin sol tərəfindəki
"Mənə neylədisə ürək eylədi..."
misrasının sonsuzluğuna düşür, sualımın
cavabı çözülür; əsl şeir qanadlı, əsl
şair isə məkansızdır, o sadəcə, davam etmək,
güclənmək istəyir, fərqi yoxdur, harda olur-olsun!
İşığı
axtaraq sonsuz gecədə
Körpə
gözümüzü zülmət boğsa da,
İşığı
axtaraq ümid içində
İşığı
axtaraq, işıq yoxsa da...
Qəndab HAQVERDİ
Ədəbiyyat qəzeti.- 2022.- 6 noyabr.- S.30-31.