Şairin ömrünü elin
yaddaşı uzadır...
Azərbaycanda Səməd Vurğun haqqında az yazılmayıb və yəqin ki, bundan sonra da yazılacaq: Səməd Vurğun zamana təslim olmayan şəxsiyyətlərdəndir. Hər dövr öz səviyyəsinə və mənəvi tələblərinə, öz tutumuna görə Səməd Vurğunu yenidən oxuyacaq, onun sənət dünyası ilə təmas quracaq, onu öyən də olacaq, ondan hesab soruşan da. Zaman daim Səməd Vurğunla dialoqdadır və bu dialoq Azərbaycan xalqının yaddaşı boyunca davam edəcək.
Səməd Vurğun haqqında Türkiyədə tədqiqatın aparılması, mükəmməl bir kitabın işıq üzü görməsi isə fərqli və üzərində düşünülməli, təhlil edilməli olan ibrətli hadisədir.
Kitabın müəllifi, Türkiyənin Ərzincan Binəli Yıldırım Universitetinin professoru Ali Kafkasyalı Azərbaycana bağlı insandır. Türkiyənin Şərqində - Qarsda doğulub böyüyən Ali bəyin atası Hacı Kafkasyalı vaxtilə Azərbaycanda Sovet bolşevik hakimiyyətinə qarşı üsyanda, qaçaq hərəkatında iştirak etmiş, 1930-cu illərin əvvəllərində təqiblərdən qorunmaq üçün Türkiyəyə mühacirət etmək məcburiyyətində qalmışdır.
Ali bəy gəncliyindən Türkiyədə sağ təmayüllü milliyyətçi siyasətin sırasında olmuşdur. 1987-ci ildə Azərbaycana ilk dəfə gələndə isə artıq mənəvi dayaqları çökmüş Sovet sisteminin fiziki cəhətdən də dağılması, tarixə qarışması ərəfəsi idi.
Bununla belə, o vaxt Türkiyədə sağçı görüşlü insanlarla solçular arasında münasibətlər hələ ciddiyyətini saxlamaqda idi. Ali bəyin Səməd Vurğunun yaradıcılığı, Səməd Vurğuna böyük el sevgisi ilə ilk yaxından tanışlığı da elə o zaman oldu...
Bunları xatırlamağım səbəbsiz deyil. Ali bəyin Səməd Vurğun haqqında kitabının mənim üçün ən maraqlı cəhətlərindən biri Sovet ideologiyasının içində yetişmiş şairin yaradıcılığına və şəxsiyyətinə Türkiyə milliyyətçiliyin gözlərindən baxılmasıdır.
Ali bəy Səməd Vurğunun yaradıcılığını təhlil edərkən, ilk növbədə, şairin milli dəyərlər, milli kimlik, dil, vətən, vətənin və insanın azadlığı uğrunda mücadiləsini önə çəkib. Səməd Vurğunu türk oxucusuna milli şair kimi təqdim edən kitab belə də adlanır: "Səməd Vurğun. Bir milli şairə dair". Yaxından tanış olduqca kitabın adının gəlişigözəl bir ifadə olmadığı qənaəti yaranır, oxucunun gözündə milli şairin dolğun ədəbi portreti canlanır.
Səməd Vurğunun ömür yolunun yığcam xülasəsi ilə başlayan kitabın növbəti bölməsində şairin yaradıcılığında milli dəyərlər məsələsi araşdırılmışdır. "Səməd Vurğun hələ yolun başlanğıcında olarkən dəyərli olanın milləti olduğuna və dəyərlərinin də millətinin dəyərləri olduğuna qərar vermiş və bu qərara uyğun yaşamışdır. Onun həyatı el üçündür. Elin şüurunda və elin şüuru ilə yazdıqları və elədikləri ilə elə vurğun olmuşdur".
"El bilir ki, sən mənimsən..." misrası ilə səsləşən bu mülahizələrdə "el" sözünün müxtəlif məna kontekstlərində təkrarı təsadüfi səciyyə daşımır. Kitaba qısa təqdimat mətni yazmış, ixtisasca hüquqşünas olan professor Savaş Kafkasyalının (Ali Kafkasyalının oğludur) "Ata yasa" - "Ata kodeksi" haqqında fikirlərində el anlayışının milli dəyərlərdəki yeri araşdırılmışdır.
Keçən ay Ərzincan Binəli Yıldırım Universitetində keçirilmiş Uluslararası Türk Dünyası Simpoziumunda konfrans verən Savaş bəyin mülahizələrindən aldığım təəssürat bu oldu ki, hər bir xalqın, toplumun qəbul etdiyi Anayasası - mənsub olduğu dövlətin əsas qanunu olduğu kimi, Atayasası - yaddaşdan gələn, yaddaşla, atalar sözləri ilə yaşayan etik-əxlaqi dəyərlər sistemi də olur ki, el həmin sistemi qanuna çevirib yaşadır, inancını, adət və ənənələrini qanun kimi yaddaşında qoruyub nəsildən-nəslə ötürür.
Bu mövqedən yanaşdıqda Ali Kafkasyalının Səməd Vuğrun yaradıcılığında milli dəyərlərə bağlılığı təhlil edərkən el anlayışını önə çəkməsi sadəcə filoloji münasibəti ifadə etmir, ciddi sosial-psixoloji təməllərə söykənir. Ali bəy "el" sözünün türk dilində millət, vətən və dövlət anlayışlarını ehtiva etdiyinə diqqət çəkərək qeyd edir ki, bu anlayışların hamısının mənasını birlikdə daşıyan "el" kəlməsi həm əhatə dairəsinə, həm də mənasına görə fövqəladə əhəmiyyət daşıyır.
1800-cü
illərin başında Azərbaycanın Rusiya tərəfindən işğal olunması xalqın dövlətçilik şüurunda böyük boşluqların yaranması ilə nəticələnmişdir. Rusiya Azərbaycan toplumu
üçün həm siyasi və ictimai baxımdan, həm də
din və mənəvi dəyərlər, inanc baxımından yad dövlət idi və xalqın mənəvi dünyası, elin yaddaşı özü ilə Rusiyanın dövlət nizamı, dövlət yasaları arasında məsafə saxlamağa çalışırdı. Azərbaycanın qonşuluğundakı toplumların - gürcülərin və ermənilərin ruslarla din qohumluğu, xristianlıq amili isə bu məsafəni mümkün olduğu qədər böyüdürdü. Azərbaycan xalqının ata yasası Qafqazda ikili siyasət yürüdən Rusiya dövlətinə qarşı üsyan qaldıran, mübarizə
aparan
qüvvələri əfsanələşdirir, özünün qəhrəmanları kimi qəbul edirdi. Rusiyanın Azərbaycan xalqına qarşı yürütdüyü dövlət siyasətini kəskin tənqid edən Vasili Lvoviç Veliçko hələ XIX əsrdə "Qafqaz. Rus işi və tayfalararası məsələlər" kitabında bu hadisəyə obyektiv qiymət verməyə çalışmışdı. O, dövlətin qoyduğu qanunlara tabe olmayan türk qaçaqları haqqında yazırdı: "Bu insanlar elə-belə quldurlar deyildilər və bəzi hallarda ədaləti bərpa edirdilər. Onlar xalqa zülm edənləri qarət edib öldürür, cəsarət və çeviklik möcüzələri göstərərək öz soydaşlarının həm mənəvi, həm də
bədii ehtiyaclarını ödəyirdilər". (Veliçko V. L. Kavkaz. Russkoe delo i
mejduplemennıe voprosı.- Baku:
"Glm", 1990-224 s. S. 84-85).
Kitabda maraqlı bir məqam da var: müəllif
"qaçaq" sözünü əksər yerlərdə
rus dilinə tərcümə etmədən Azərbaycan dilində
olduğu kimi saxlamışdır.
Azərbaycan xalqının yaddaşından gələn
barışmazlıq psixologiyası XX əsrdə, Sovet
hakimiyyəti illərində də mövcudluğunu davam
etdirməkdə idi. Qaçaq hərəkatı yenidən
canlanmışdı, dövlətdən üz döndərən
xalq yaddaşındakı yasaya daha çox üstünlük
verirdi. Səməd Vurğunun 1930-cu illərdə
mənzum roman kimi yazmağa başladığı
"Komsomol poeması" bolşevik çevrilişinin elin həyatına
gətirdiyi təlatümü əks etdirir. Şairin
özünün "kolxoz quruculuğu" haqqında
yazılmış əsər kimi nəzərdə tutduğu
"Komsomol poeması"nın XXI əsrdə
tamamilə başqa mənada qavranılması üzərində
düşünməyə dəyər. Bu əsəri Azərbaycanın
Xalq şairi Ramiz Rövşən antisovet ədəbiyyatın
nümunəsi kimi qiymətləndirir: "Əslində, o
dövrün ən antisovet əsərini nə Müşfiq,
nə Cavid, nə də Əhməd Cavad, məhz Səməd
Vurğun yazmışdı və bu, məşhur "Komsomol
poeması"ydı" ("Səməd Vurğun 20 il də
yaşasaydı". Ramiz Rövşənlə müsahibə
// "Azərbaycan" jurnalı, 2016, ¹3)...
"Komsomol
poeması"nın aradan xeyli zaman
keçəndən sonra Sovet quruluşunun əleyhinə
yazılmış əsər kimi qavranılmasının
özəyində bədii düşüncənin enerjisinin
el yaddaşından gəlməsi gizlənib. Səməd
Vurğun elin yaddaşının şairi idi və bu
yaddaş bəzən şairin "sözünə
baxmırdı". Şairin özü də bunun fərqində
idi: "...bədii yaradıcılıq... öz mürəkkəbliyi
ilə seçilir, o, bəzən "şüur
altında" da hərəkət edir, onu təyin etmək,
müəyyən qəlibdə təqdim etmək imkan xaricindədir".
(S.Vurğun. Seçilmiş əsərləri,
V cild. Bakı: 2013, səh. 9).
Yeri gəlmişkən, qeyd edək ki, Ali
Kafkasyalının romanlarının mövzusu 1930-cu illərdə
Azərbaycanda yenidən canlanmış qaçaq hərəkatından,
qaçaqların Sovet bolşevik zülmünə
qarşı mübarizəsindən bəhs edir. Xalq
ruhundakı zülmlə və zalımla barışlmazlığın
kökünə, mənşəyinə dərindən bələd
olan müəllif Səməd Vurğun
yaradıcılığını tədqiq və təhlil edərkən
şairin azadlıq ideallarına bağlılığına
önəm verməsi buradan qaynaqlanır.
Ali Kafkasyalının Səməd Vurğunun 1935-ci ildə
yazdığı "Aslan qayası" poemasını
şairin azadlıq mücadiləsi mövqeyindən təhlil
etməsi də elmi baxımdan əsaslıdır. İxtiyarı
əlindən alınan xalq daim yaddaşında öz
azadlığının, itirdiklərinin hesabını
aparır, lazım gələndə bunu dilə gətirib,
öz haqqını tələb edir. Bu mənada, Səməd
Vuğun xalq yaddaşının tərcümanı kimi
çıxış edir, tarixdən hesab soruşur:
Yüz il nəfəsini çəkə bilmədi
Şairlər
oylağı böyük bir ölkə,
Yüz il öz qolunu çəkə bilmədi...
Tarix! Səninkidir bu qara ləkə.
Axdı
Rusiyaya neft kəmərləri,
Daşıdı
onları ilk dəmir yolu...
Qeyd edək
ki, Səməd Vurğunun "yüz il öz qolunu çəkə
bilmədi" misrasının mətnlərarası
(intertekstual) qatında XX əsrin daha bir milli şairi Məhəmməd
Hadinin zaman arxasından səslənişi var:
Qoymuş
miləl imzasını övraqi-həyatda,
Yox millətimin
xətti bu imzalar içində...
Ali
Kafkasyalının kitabının maraqlı bölmələrindən
biri də Azərbaycan ədəbiyyatşünaslığında
kifayət qədər diqqət yetirilməyən "Səməd
Vurğun və Güney Azərbaycan həsrəti"dir. Səməd
Vurğunun Güney Azərbaycanla bağlılığı, orada
hələ 1930-cu illərin ortalarından başlayan siyasi və
ictimai fəaliyyəti və Güney Azərbaycan mövzusunda
əsərləri təhlil edilir. Bu təhlillərdə
də Ali bəy Səməd Vurğun
yaradıcılığına el yaddaşı - millət, vətən
və dövlət anlayışlarının ehtiva
olunduğu dəyərlər meyarı ilə yanaşır,
şairin yaradıcılığında Azərbaycanın
bütövlüyü ideyasını önə çəkir.
Onu da deyək ki, Güney Azərbaycan mövzusu Ali
Kafkasyalının elmi yaradıcılığının əsas
istiqamətlərindən birini təşkil edir. O, 1998-ci ildən
başlayaraq dəfələrlə İrana getmiş, azərbaycanlıların
yaşadıqları elləri oba-oba gəzib-dolaşmış,
ədəbi-mədəni dəyərlər ilə
bağlı araşdırmalar aparmış, sənədlər
toplamışdır. Altı cildlik "İran türk ədəbiyyatı
antologiyası" (2002), "İran türklərinin
aşıq mühitləri" (2006) və "İran
türk aşıqları və milli kimlik" (2007)
kitablarını nəşr etdirmişidir.
Ali
Kafkasyalının Türkiyədə türk oxucuları
üçün nəşr etdirdiyi "Səməd
Vurğun" monoqrafiyası və monoqrafiyaya əlavə
etdiyi şairin şeirlərindən və məqalələrindən
seçmələr qardaş ölkədə Azərbaycan ədəbiyyatı
haqqında təsəvvürlərin yenilənməsinə səbəb
olacaq və belə düşünürəm ki, türk
dünyasının özünü müasir tarixin
reallıqlarına uyğun qurmaq yolunu seçdiyi bir dövrdə
bu cür kitabların yaranmasına ciddi ehtiyac var...
Məti OSMANOĞLU
Ədəbiyyat qəzeti.- 2022.- 6 noyabr.- S.28.