Anasına layla
çalan oğul
Yer üzünün əşrəfi insandir. Belə deyirlər, belə
də var. İnsanlığın şah əsəri də
anadır! Ana! Anaya "müqəddəs
varlıq" təsadüfi olaraq deyilmir. Odur ki, insan
üçün mühüm əhəmiyyətli bir çox
anlayışların qarşısında "ana"
sözü yazılır: ana Vətən, ana dili, ana təbiət,
ana yurd, ana torpaq.
Ana mövzusu həmişəyaşar, əbədi, əzəli
və həm də yeni bir mövzudur. Ana obrazı həmişə
məhəbbətlə tərənnüm olunub. Hər bir qadının şərəfi,
böyüklüyü, ülviliyi onun
analığındadır. Həyatdakı
bütün uğurlarımız üçün anaya
borcluyuq və nə qədər çalışsaq da, onun
borcunu qaytara bilmərik. Ana körpəlikdən
ta həyatı sönənə kimi bizim qulluğumuzda durur,
qayğımıza qalır, bizdən ötrü narahat,
nigaran olur, gecələr sübhədək beşiyimiz
başında oyaq qalır, xoşbəxtliyimiz naminə
ömrünü şam kimi yandırır.
Yaradıcı simalar ona görə də qadın
gözəlliyini ana obrazında ümumiləşdirmiş və
əbədi obraza, qəhrəmana çevirmişlər.
Rembrant misli görünməmiş sənətkarlıqla
çəkdiyi ana rəsmini "Madonna"
adlandırmışdır. Bu əsər dünya
incəsənətinin son dərəcə qiymətli sərvətlərindən
biridir.
"Madonna" italyan dilində "Allahın
anası", "ilahi qadın" deməkdir. Rəssam rənglərin
sehrli dili ilə ananı müqəddəsləşdirmiş
və onu ən ülvi məqamda - ana qəlbinin hərarətini
körpəsi ilə bölüşəndə
canlandırmışdır. Sonralar bir çox madonna rəsmləri meydana gəlmişdir. Həmin portretlərin hər birində uşaq
ananın sol qoynunda təsvir edilib. Niyə?
Bu təsadüfdürmü? Yoxsa burada bir qanunauyğunluq var?
Sən demə, körpə ananın bətnində
ananın ürək ritminə öyrənir. Dünyaya gələndən
sonra uşaq sol qoynunda tutulanda ananın ürək
döyüntülərinin sədaları altında
özünü rahat hiss edir, sakitlik, dinclik tapır, ananı incitmədən yuxuya gedir.
Müasir analar da, çox güman ki, bu möcüzədən
xəbərdardırlar, onlar da uşaqları qucaqlarına
alanda övladlarını sol qoyunlarında tuturlar.
Körpəni yatıranda ana ona layla çalır. Həzin
laylanın sədaları altında uşaq tezcə yuxuya
gedir.
Şair
Adil Cəmilin "Anama layla" şeirlər kitabını
(Bakı: Elm və təhsil, 2020) oxuyanda xəyal məni
qanadlarına alıb uzaqlara - analı günlərimə,
anasız illərimə apardı. Valideyni,
xüsusən də ananı itirmək çox böyük dərd,
qüssə, fəlakətdir. Ana itkisi
sarsıdıcıdır. Babalarımız təsadüfən
deməmişdir: "Uşaq atadan deyil, anadan yetim qalır!".
"Anama
layla!". Necə gözəl mənalandırmadır!
Kaş övladlar anaya laylanı onun
sağlığında çalaydılar. Ana yorğun olanda, ana dilxor olanda, ana narahat olanda,
ananın yuxusu gələndə niyə ona layla çalmayaq?!
Kaş
analar dünyalarını dəyişməyəydilər!
Onsuz da analar dünyadan köçmürlər, daim bizimlədirlər!
Laylanı balalarına, övladlarına analar
çalırlar. İnsanların ən zərif, kövrək
hissləri övladla bağlıdır. Fəqət
Adil Cəmil "Anaya layla" deyir. İtirdiyi
anasını yada salaraq kövrəlir, ağlamsınır,
bu gen dünya ona dar gəlir:
Hicran məni
dara çəkir,
Sən yatan məzara çəkir.
Ey dərdimə
yanan, layla,
Anam layla, anam layla.
Adil Cəmilin
kövəkliyindən, böyüklüyündən, zənginliyindən
irəli gələn bir təşəbbüsdür, çox
gözəl, çox uğurlu deyilişidir: "Anama layla!".
Anam deyib
öyündüyüm,
Həsrətində
üyündüyüm
Daş
sükutlu sonam, layla,
Anam layla, anam layla.
Şairi ağrıdan, için-için ağladan bir
ana yoxluğudur, bir də Vətən dərdi. Çörəyi
dizi üstə olan şərəfsiz ermənilər
şairin doğma yurd-yuvasını tutublar. Ananı doğma torpaqda dəfn etmək oğula qismət
olmadı. Ana yurd həsrəti ilə
dünyasını dəyişdi.
İndi ananın ruhu şaddır, oğul da sevinclidir. Doğma torpaqlarımız
düşməndən azad edilib. Ali Baş Komandanın
başçılığı altında müzəffər
silahlı qüvvələrimiz erməni ordusunu
darmadağın etmiş, düşməni
torpaqlarımızdan, o cümlədən 1993-cü il aprelin 2-də erməni faşist
işğalçılarının əlinə
keçmiş Kəlbəcərdən də qovmuşdur!
Adil Cəmil ana nisgili ilə "Anamın xatırəsinə"
şeirini də qələmə alıb. Ana heç
zaman unudulmur, xatirəsi həmişə əzizdir,
sağlığında da, cismən həyatdan köçəndə
də. İfadə tərzinin mükəmməlliyi diqqət
çəkir:
Bir qəmli
dastan idi
Bu sabah bitdi anam.
Şair
yaşadığı ağrını acı-acı, göz
yaşı tökə-tökə,
sızıldaya-sızıldaya, ürəyi
sıxıla-sıxıla dilə gətirir:
Canımdan
can qoparıb,
Son mənzilə
o varıb
Dünyamı
da aparıb
Dünyadan getdi anam.
Şairin qənaətincə, "dünyadan
köçən anası dünyanı da özü ilə
aparıb".
Budur, Adil Cəmilin ustalığı. Söz oynatmır, sözdən çələng
hörür, sözün qüdrətini önə çəkir.
"Anama layla" kitabında ana mövzusundan başqa,
bir çox mövzularda şeirlər də vardır ki, onlar
da maraqla oxunur, onlar düşündürür, tərbiyələndirir,
yaxşı şeir yazmağın yolunu göstərir. "O yanda, bu yanda" bu
kitaba daxil edilmiş birinci şeirdir. Elə bu ilk şeirilə
şair adamı öz təsiri altına salaraq, kitabı vərəqləməyə,
digər şeirlərlə də tanış
olmağa səsləyir:
O yanda yer
qazılır
Kəhrizə çıxmaq üçün.
Bu yanda
çay tələsir
Dənizə çıxmaq üçün.
İblis
qatır aranı
Qan dizə çıxmaq üçün.
Hamı Həccə
tələsir
Təmizə çıxmaq uçun.
Yaşayırıq
- gecədən
Gündüzə çıxmaq üçün.
"O yanda, bu yanda"
Var ol,
şair! Bəli, elə anlar olur ki, insan həyatdan
küsür, bezir, xoşbəxtliyə çata bilmir, bir tikə
çörəyə möhtac olur, şərə
düşür, tora düşür - onda gecəsi-gündüzü
ona haram olur. Yalnız "Yaşayırıq - gecədən,
Gündüzə çıxmaq üçün".
Bəzi harın adamlar da, məsləki - pul, məqsədi
- yarınmaq, yalaqlanmaq, satılmaq, satmaq, mərdimazarlıq və
pislik etmək, tor qurmaq olanların da aqibəti belə olur.
Adil Cəmil əslən Kəlbəcərdəndir. Bu rayon ölkəmizin
dilbər guşəsidir. Havası təmiz,
suyu ondan da tərtəmiz, dağlar qoynunda məskən
salıb, yaşıllığa qərq olub, bulaqları
bumbuz. Təbiəti gözəl! Belə
yerin adamları da saf olur, dostcanlı, mərd, comərd, əli,
dili düz, qonaqsevən olur.
Bu yerlərin sakinləri 30 illik həsrət çəkdilər. Adil kimi.
Ağı dedilər, bayatı oxudular. "Vətən, hey!" səsləndilər.
"Anama layla" ərsəyə gələndə hələ
torpaqlarımız azad olunmamışdı. Doğma yurdu
üçün qəribsəyən, darıxan, özünə
yer tapmayan Adil Cəmil qələmə sarıldı. Ah
çəkməkdən usanmadı. "Qürbətdə
qalan vətənə" baxa-baxa yazdı:
Ah çəkib
uzaqdan Murova baxdım,
Kəlbəcər adında girova baxdım.
Dən
düşən saçımda qırova baxdım...
Yazdan ayrılmamış qış hardan gəldi?
"Hardan gəldi"
Necə də
gözəl ifadə olunub: "Ah çəkib uzaqdan Murova
baxdım, Kəlbəcər adında girova baxdım".
Kəlbəcər kimi gözəl diyarın girov
olması, düşmənin burada at oynatması nəinki
Adilin, eləcə də uzun müddət bizim
hamımızın dərdi idi. Fəqət hamıdan daha çox
Adil yandı-yaxıldı: "Gündoğan tərəfə
baxan kəndimin, Qibləsi dəyişib günbatan oldu" -
deyə haray qopardı, axşamlar kəndini yuxuda
gördü, gündüzlər gözləri önündə
canlandırdı, əzizlədi, oxşadı.
Adil Cəmil şeirlərində bugününü,
sabahını fikirləşməyi, ömrü mənalı
yaşamağı, onu bada verməməyi insanlara tövsiyə
edir. Şairin qənaətincə, həyatın mənası
barədə düşünməyən, xoşbəxtliyin
yollarını arayıb tapa bilməyənlər axırda
peşman olur. Şeirdəki şəxs kimi:
Mən
ömrümü "qurban olum" -
Deyə-deyə qurban verdim.
"Qurban verdim"
İnsanlar
başqalarından ötrü fədakarlıq göstərməklə
yanaşı, özlərini də düşünməli,
ömürlərini bihudə yerə qurban verməməlidirlər:
Sən
demə, arzular xam xəyal imiş,
Xəyallar Adili xamladı getdi.
"Karvan köç elədi"
Şairin
"İşğal günü" şeiri də maraqla
oxunur, poçtalyonun yurd yerini tərk etməməsi adamda bir
yandan fərəh, qurur hissi oyadır, digər yandan, onu
gözləyən acı tale təəssüf hissi oyadır:
Kəndimizin
poçtalyonu
Kənddə qaldı işğal günü.
Obaya xəbər
daşıyan
O insandan
Heç çıxmadı xəbər-ətər.
İşğal günü kəndi tərk etməyən
poçtalyonu burada qalmağa vadar edən müəyyən səbəblər
var. Əvvəla, o, yataq xəstəsi idi. Yalvarırdı
ki, onu yerindən tərpətməsinlər. "Qurumuşdu ayaqları, Söz tutmurdu
dodaqları". İkincisi, onu kənddə qalmağa,
burada ölməyə məcbur edən Vətən sevgisi idi:
"Bura mənim obamdır, ömrüm-günüm burada
keçib, qalıb burada ölüm" - deyirdi.
Poçtalyonun taleyi, təbii ki, bəllidir. Qocaya, xəstəyə,
körpə uşağa, qadına rəhm etməyən erməni
faşistləri, söz yox ki, poçtalyonu tapan kimi,
şübhəsiz, qanına qəltan etmişdilər.
Adil Cəmil demişkən:
Zülüm
varmı bundan betər
Ölüm varmı bundan betər.
Kitabda
qandonduran bir fəryad var: oğul dərdi, oğul yoxluğu. Valideyn üçün övladı itirməkdən
böyük dərd-sər təsəvvürə gəlməzdir.
Adil Cəmil
onu için-için ağladan, sızladan bu hissi (dərdinə
şərik oluram, əziz dost) dilə belə gətirir:
Daha
varlığıma bu dünya dardı,
İşıqlı nə varsa aparıb getdin.
Dilimdə
bir "oğul" kəlməsi vardı,
Onu da
dilimdən qoparıb getdin
"Ay
oğul atası, oğulsan tabla" şeirindən. Orxana ithaf.
Adil Cəmilin kitabda toplanmış digər şeirləri
də uğurludur. Diqqət yetirək: "Soruşmayın əhvalımı"
(Dünya fani, ömür hədər, Gedən gəlməz,
gələn gedər), "Göy üzü səs
saxlancıdır" (Mənəm-mənəm deyənlərin,
Mənliyində "Mən" yoxmuş), "Fikir adlı
şum yerində" (Dağlar mənə dağ çəkəndən,
Dağ görmədim dağım kimi), "Ay zalım fələk"
(Gürşad əvəzinə, leysan yerinə,
Gözümün yaşını tökdürdün mənə),
"Dərdim" (Belimdə şələ var vallah öluncə,
Neçə ki, diriyəm diridi dərdim) və s.
Kitabdakı şeirlərin bir qismində qardaş
Qırğızıstan, onun təbiəti, insanları
anılır.
"Böyükçöl", "Qırğız
yaylasında", "Ər Manasın aulunda", "Bir
vadidən gördüklərim", "Çu
çayı" və s. şeirlər bu qəbildəndir.
"Anama layla" kitabını vərəqləyib
sona çatırdım. Öz-özümə: "Adil nə əcəb kitaba
sevgi şeirləri daxil etməyib?" - deyə fikirləşirdim
ki, nəhayət, axtardığımı tapdım:
"Uzanan ayrılıq ömür qısaldır",
"Bizim sevgi", "Görüş yerində",
"Yanmağıma yanmıram", "Səni
düşünərkən", "Bir sevda dəlisiyəm",
"O eşqin sarayı uçmayıb, gülüm",
"Sən", "Sən görmədin",
"Keçib" və s.
Sinəsində
yeridiyin
Yamac oldum - sən görmədin.
Yollarına
kölgə salan
Ağac oldum - sən görmədin.
Bu yerdə
üzümüzü Adil Cəmilə tutaraq deyirik: başqa
sevənlər də sən dərddə olublar, ürəyini
sıxma. Gözəl şeirlər yaz, ürəyini
də sıxma. Sevilən şairsən!
Akif ABBASOV
Ədəbiyyat qəzeti.- 2022.- 6 noyabr.- S.26.