Yusif Səmədoğlunun
romanlarında arxetipik
motivlər
Ədəbiyyatda mifik-arxetipik süjetlərdən
istifadə antik dövrdən başlanır. Antik yunan
şairləri və dramaturqlarının əsərlərinin
əsasını bu cür süjetlər təşkil edir. Homerin "İliada" və "Odisseya", Hesiodun "Teoqoniya", Esxilin "Zəncirlənmiş Prometey",
"Oresteya", Sofoklun
"Çar Edip",
"Edip Kolonda",
"Antiqona", Evripidin
"Alkesta", "İfigeniya
Avliddə", "Andromaxa"
əsərləri buna
ən gözəl nümunədir. Daha sonralar
renessans dövründə
yenidən arxetipik süjetlərə maraq yaranır.
Azərbaycan ədəbiyyatında arxetipik
süjetlərdən istifadənin
tarixinə nəzər
saldıqda aydın olur ki, bu
ənənə qədim
dövrlərdən mövcud
olmuşdur. Belə ki, Nizami Gəncəvi "Xəmsə"sində
müxtəlif mif, nağıl və rəvayətlərin motivlərindən
istifadə etmişdir.
"Yeddi gözəl"
poemasında gözəllərin
danışdıqları nağıllar,
eləcə də poemanın personajları,
"İskəndərnamə" poemasında Makedoniyalı
İskəndər və
Xızır haqqında
rəvayətlərdən istifadə
edilməsi buna misal ola
bilər. Şah İsmayıl Xətainin
"Dəhnamə" poemasında,
Füzulinin "Leyli və Məcnun" əsərində də arxetipik süjetlərdən
və obrazlardan istifadə edilmişdir.
Sufizm və hürufizm fəlsəfəsinə əsaslanan
klassik Azərbaycan şairləri öz əsərlərində "Qurani-Kərim"də
olan dini arxetiplərdən faydalanırdılar.
XX əsr Azərbaycan
ədəbiyyatında H.Cavidin
"İblis", M.Süleymanlının
"Köç", "Yel Əhmədin bəyliyi", "Şeytan",
Y.Səmədoğlunun "Qətl günü",
XXI əsrdə isə
K.Abdullanın "Sehrbazlar
dərəsi", "Yarımçıq
əlyazma", A.Talıbzadənin
"Kəpənək modeli-102", İ.Fəhminin "Qarğa
yuvası", Ü.Heydərovanın
"Noutbuk", G.Anarqızının
"Altıncı", Z.Quluzadənin
"Kəpənəkdoğan" və b. əsərlərdə
bu ənənə davam etdirilmişdir.
Əlyazma (kitab) arxetipi. Yusif Səmədoğlunun
"Qətl günü"
əsəri Azərbaycan
ədəbiyyatında öz
üslubu, məzmunu, mifik-fəlsəfi siqləti
ilə seçilən
əsərlərdəndir. Əsər haqqında ilk resenziyanın
müəllifi Anarın
yazdığı kimi
"Qətl günü"
müasir ədəbiyyatımızın
həqiqət günüdür".
"Qətl günü"
əsərini başdan-başa
simvolik, metaforik və mifik anlayışlardan
hörülmüş bir
çələngə bənzətsək
yəqin ki, səhv etmərik. Əsərdə mifik anlayışlar,
elementlər, süjetlər,
obrazlar məharətlə
bir-birilə əlaqələndirilir.
Y.Səmədoğlunun "Qətl günü"
əsərində əsas
arxetip itmiş "əlyazma"dır. Qeyd etmək
lazımdır ki, bu arxetip XX əsr
ədəbiyyatında özünəməxsus
şəkildə təzahür
etmişdir. Rus ədəbiyyatında M.Bulqakovun
yaratdığı və
müəyyən məqamlarda
Hötenin "Faust"u
ilə səsləşən
"Master və Marqarita"
romanında da əsas obrazlardan biri "əlyazma"dır.
Romanın qəhrəmanı
Master dövrün təzyiqləri
və şəxsi problemləri fonunda yazdığı romanın
"əlyazma"sını yandırır. Lakin Voland (İblis) yandırdığını sandığı
"əlyazma"nı ona
qaytararaq deyir: "Sən bilmirsənmi ki, "əlyazma"lar yanmır?". Romanın bu hissəsi müəyyən qədər
avtobioqrafik xarakter daşıyır. Belə
ki, Bulqakov da "Master və Marqarita" romanının
ilkin "əlyazma"
nüsxəsini Sovet hakimiyyətinin mənfi münasibəti səbəbilə
yandırmışdı.Y.Səmədoğlunun
"Qətl günü"
əsərində təsvir
olunan 3 zaman kəsiyindən biri məhz əlyazmadakı hadisələri əks etdirir. Öz əsərində Şah Qacar dövrünü, Vaqiflə
bağlı hadisələri
əks etdirən əsər müəllifi
Sədi Əfəndi
30-cu illərin repressiyasına
məruz qalır.
Repressiya qurbanı olacağını öncədən
hiss edən müəllif
əsəri qonşularından
birinə verir. Lakin özündən və həmin qonşudan başqa heç kəs əlyazmanın taleyindən xəbərdar
olmur. Beləliklə, varlığı haqqında ehtimallar və əfsanələr dolaşan əsər itir. İllər sonra Sədi Əfəndinin ruhi xəstə olan qızı Səlimə xanım "əlyazma"nı axtarıb tapır və dairə qapanır:
"Bu dəfə xəstə öz səsini eşitdi:
- Adı nədi?
- Kimin?
- Əsərin... - Telefondan gələn
uğultulu küləyin həmlələri otağın pəncərələrini
dolu kimi döyəcləyirdi. - Əsərin adı nədi?
- Qətl günü...
Arxadakı qapı da, qabaqdakı
qapı da kip bağlı idi və yalnız telefon dəstəyindən
gələn boğanaqlı küləyin səsindən nə
qulaq qulağı eşidirdi, nə də göz gözü
görürdü. Sonra, Baba Kahanın oyumundan qopmuş qəfil külək,
topa-topa qara buludları, topa-topa ağ buludları
boğanaqlı axarına qatıb, adı küləklər
şəhəri olan bir şəhərin göy üzünə
yığdı, Ayı və ulduzları görünməz
elədi, son gücünü toplayıb, bütün kilidli
qapıları taybatay açdı: at kişnərtisi, sərbaz
hayqırtısı, dəmir və qan iyi beynin dərin
şırımlarına doldu. Və bir də, haçansa
gözləri açıq qalmış bir şairin, hardasa
gün işığına çıxmış əlyazmasından
yarımçıq bir misrasın, qara buludlar üzərində
parıldaşan ulduzların gümüşü
işığına qovuşdurdu: əcəldən möhlət
istədim, möhlətin əsirgədi...".
Qadın arxetipinin transformasiyası
- hal anası. Yusif Səmədoğlunun
"Deyilənlər gəldi
başa" romanında
isə digər bir arxetipik obraz
- qadın arxetipinin transformasiyası olan hal anası əks olunmuşdur. Azərbaycan mifologiyasında su ilə bağlı varlıqlardan biri olan hal anası
başqa türk xalqlarında Albası, Almastı, Jalbastı və b. variantlarda tanınır. Tədqiqatçıların fikrincə, Azərbaycanda
onun ilk izləri hələ Elam dövründən
(b. e. ə. IV - III minilliklər) bəllidir. Sonralar İber - Qafqaz
və Hind - Avropa dilli bir sıra
qonşu xalqların da mifologiyasına keçmişdir. Məlumdur
ki, xalq inanclarında halın kişi xeylağından
qorxduğu bildirilir. Məhz buna görə də çox zaman zahı qadının başına kişi
papağı qoyurlar.
Hal niyə kişi
xeylağından qorxur?
Bunu Hənəfi Zeynallının
halın təsvirinə
əsasən gəldiyi
qənaət izah edir. Məlumdur ki, adətən halı belə təsvir edirlər: saçı sarı, dağınıq, başı
iri, burnu iri, boyu uca,
döşləri böyük
olduğundan çiyninə
atır, paltarı ağ olur,
boynundan iri muncuq asır. H.Zeynallının fikrincə, halın
bu cür təsviri onun amazonkalarla bağlı olduğunu göstərir.
M.Seyidov isə "Azərbaycan xalqının soykökünü
düşünərkən" əsərində Hal (Al) arvadını
türkdilli qitanların
mifologiyasındakı Qırmızı
qadınla müqayisə
edərək onların
eyniköklü obraz olub günəşlə bağlılığı qənaətinə
gəlmişdir. Y.Səmədoğlunun əsərində hal arvadının bütün
spesifik keyfiyyətləri
qabarıq verilmiş,
hətta onun insanları idarə etdiyi, haqq divanına
çəkdiyi göstərilmişdir.
"Hal arvadının cəzası
belədir: kimi ki, dünyadan vaxtsız aparıb qara torpaq altındakı
Sarı hamama gətirir, qiyamət gününə qədər,
göydəki günəşin
son qızmar zərrəsinin
soyuyub buza dönəcəyi ana qədər, bütün kainatın işığı
çözəlib sönənə
qədər o bəndənin
yaddaşını, xatirələrini
yoxa çıxardıb
xırda-xırda gümüş
mücrülərə yığır,
gecə-gündüz torpaq
altından qalxan atəşlərin ətrafında
saxlayır".
Ölüm arxetipik məqam kimi. Yusif Səmədoğlunun romanlarında ölüm arxetipik məqam statusunda çıxış
edir.
"Qətl günü"
əsərində ruhlar
o biri dünyaya gələnləri qurumuş
çay vadisində qarşılayırlar:
"Zülfüqar kişi soruşdu:
- Ayə, bu Kürün
suyu hanı?
Sarıca
oğlu Məhəmməd
güldü:
- Nə su, evin
yıxılmasın, sumu
qalar indiyə?.. Tez ol,
yubanma, mənzilimiz uzaqdır...
Qan çanağında beşatılanı
Sarıca oğlu Məhəmmədin qarnına
boşaltmışdı: indi
həmin yerdə dəyirmi deşik vardı və bu deşiyin içi torpaqla dolu idi. Zülfüqar
kişi köksünü ötürüb
yazıq-yazıq soruşdu:
-
Ağrıdırmı?
- Ayə, indiyə ağrımı qalar?".
Dünya mifologiyasında su, çay ölümün,
axirətin simvolu kimi çıxış edir. Mifologiyada su
o biri dünyaya açılan qapıdır.
Çay,
dəniz "o biri dünyanın", "başqa
aləmin" qapısı,
"hərəkət edən
zamanın" simvolu hesab edilir. Ölünün dəfndən öncə
qüsəllənməsi də
bu mifik-arxetipik inamla bağlıdır.
Yusif Səmədoğlunun yaradıcılığı
kəmiyyətcə az olsa da,
keyfiyyətcə yüksəkdir.
Bu yaradıcılığı
nağıllarımızda tez-tez işlənən
"vəzndə yüngül,
qiymətdə ağır"
kəlamı ilə səciyyələndirmək yerinə
düşərdi. Yusif Səmədoğlu
XX əsr Azərbaycan
ədəbiyyatında özünəməxsus
üsluba malik yazar, orijinal əsərlər və obrazlar yaradıcısıdır.
Elnarə QARAGÖZOVA
Ədəbiyyat qəzeti.- 2022.-
6 noyabr.- S.23.