Ruhun vətənə
qayıdışı
44 günlük Vətən
müharibəsində şəhid olmuş igid
oğullarımızın ruhuna ehtiramla
Şuşanı
qar gördüm, qar gördüm,
Elimi var
gördüm, var gördüm,
Səslədim
ötən günləri,
Daşları kar
gördüm, kar gördüm.
Səyavuş Məmmədzadə
...Şüşəbənddən həyətə
süzülən işıq Məhərrəmin gözlərinə
ala-bula göründü. Fikri
qarışdı. Atasının otaqda necə
büzüşüb oturduğunu, siqaret tüstülətdiyini
təsəvvürünə gətirdi. Boğazı
qıcıqlandı, hulqumunun üstündə bir ağrı
düyünləndi, dişlərini bir-birinə sıxdı.
Ürəyindəki təlatümün
qarşısını almaqda çətinlik çəkirdi.
İstədi anasını sinəsinə
sıxıb hönkürsün. Köhnə
taxta yeşiyin üstündə oturdu, siqaret
çıxarıb yandırdı, acı tüstünü
ciyərlərinə doldurdu, göyümtül tüstüdə
acışan gözlərini eyvanın dirəyindəki
elektrik lampasına zillədi. Üzündə
bu həyətdən uzaq bir aləmin qarmaqarışıq
xatirə kölgələri yurd salmışdı. Hiss
olunurdu ki, xəyalı bu zamandan ayrılıb başqa bir aləmə
pərvazlanıb. Bəlkə zamanın
yaxasından yapışıb keçmişini
qaytarmağı tələb edirdi?!
Üz-gözünü quru sazağın qovurduğundan
xəbərsiz idi. Kənd elə bil Yer kürəsindən
qopub boşluğa düşmüşdü. Bir az təəccübləndi; bu bəd fikirlər
ürəyinə, ağlına hardan dolurdu? Niyə
özünü qara-qura fikirlərin ixtiyarına vermişdi?
Axı o, heç vaxt, ən çətin
anlarda belə ümidsiz olmamışdı.
Zaman valideynlərinin üz-gözündə
naxışlar toxumuşdu, o, atasının, anasının
qocaldığını gördükcə içinə
izaholunmaz bir qüssə dolurdu. Atası nasazlamışdı,
amma büruzə vermək istəmirdi. Həmişə
belədir, xəstələnəndə heç kəsi
narahat etmək istəmirdi, yorğan-döşəyə
düşəndə də deyirdi ki, yaxşıyam, nigaran
qalmayın. Ata da, ana da onun gəlişinə
sevindilər, anası çayı dəmə qoydu, yemək tədarükünə
başladı. Məhərrəm evdə rahat ola bilmirdi. Geniş otağın
divarları sanki birləşib onu sıxır, suyunu
çıxarırdı. Televizor işləməsəydi, sükut adamı
üzərdi. Atası dərin fikrə
dalmışdı, Səfurə ana isə qazan
asmışdı, göy-göyərti təmizləyir,
süfrəni hazırlayırdı.
- Sən
heç nəyin fikirini çəkmə, oğul, dərslərinə
fikir ver. Qardaşların tez-tez gəlib bizə baş çəkirlər.
Dolanışığımız da
qaydasındadır. Bizdən ötrü
nigaran qalma. - Atası xırıltılı səslə
dilləndi.
Anası Məhərrəmin qarşısına bir stəkan
çay qoyub mətbəxə keçdi. Atasının
qırıq kəlmələri daş olub ürəyindən
asılmışdı. Arada-bərədə
eşidirdi ki, ermənilər dinc durmur, yerli camaatı hər
fürsətdə təxribata çəkməyə cəhd
edirlər. Atasını sorğu-suala tutdu:
- Bu
yaramaz qonşular, deyəsən, yenə aranı qatmağa
çalışırlar. Məqsədləri nədir,
görəsən? Eşitdim stadionda futbol
gedəndə bizimkilərlə dalaşıblar.
- Hə,
bizimkilər də onların yaxşıca dərsini verib. -
Ata dilləndi. - Çox naxələf qonşudurlar. Yaxşılıq bilməzlər, gözünün
yağını yedirt onlara, xeyri yoxdur. Fürsət
düşən kimi arxadan bıçağı kürəyinə
saplayacaqlar. Belə namərddirlər
bunlar.
Firuz kişi bunu deyib köksünü
ötürdü.
Yeməyini yeyəndən sonra yol yorğunu olduğundan
mürgüləməyə başladı. Səksənib oyananda elə
bildi bir aləm yatıb, əslində on dəqiqədə bir
aləm yuxu görmüşdü... Görmüşdü
ki, yamyaşıl bir yamacdır, dərin dərənin hər
iki yaxası zümrüd rəngində elə təmizdi, elə
gözəldi ki, dörd göz istəyir tamaşa eləyəsən.
Bu zümrüd yaşıllıq qalxıb məxmər
pərdə kimi üfüqün də üzünü tutur.
Dümağ bir dəvə, qapqara bir hacıleylək,
iki də çal xoruz bu yaşıllığın
içində gəzişirlər. Leylək dəvənin
başında yuva qurur, çal xoruzun biri çəmənliyi
eşələyir, o biri qanadlarını çalıb car
çəkir ki, qoymayın, mənim yoldaşım çəmənliyi
caynaqları ilə eşib kor qoydu...
Məhərrəm yuxusuna əvvəlcə güldü. Yorğunluğun,
gərginliyin bəhrəsi hesab elədi. Nəsə birdən
sümüyünə qorxu düşdü: "Adam
ağlını itirə bilər...". Bu çaşbaş vaqeəni danışmaq istəmədi.
Amma dözməyib yuxusunu anasına söylədi.
Anası bu qəribə yuxunu belə yozdu:
- Ağ dəvə
dünyamızın özüdür ki, başına oyun
açırlar. Leylək də ağlagəlməz
qara qüvvədir, zahirdə isə müqəddəs
quşdur. Xoruzun biri şərdir, altdan-altdan eşələyir,
biri də xeyirdir, haray salır ki, bilin və ayıq olun... Yaxşı yuxudur.
- Nə
deyim. Onu bilirəm ki, son vaxtlar yuxumu yaman
qarışdırmışam. Belə-belə
çaşbaş şeylər görürəm. Özümün özümə gülməyim də
tutur, acığım da.
- Bəlkə
bir müddət qalıb dincələsən? Buraların
havası can dərmanıdır, - anası
canıyananlıqla dilləndi.
- Görək
hələ başımıza nə qəziyyələr gəlir,
- Məhərrəm fikirli halda cavab verdi.
Ermənilərin
altdan-altdan iş görmələri içində bir səksəkə
yaratmışdı. Onların xislətinə
yaxşı bələd idi, buna görə də içində
bir nigaranlıq vardı. Ürəyində qövr edən
səksəkəni heç kimə
açıb-ağartmırdı... Amma sövq-təbii hiss
edirdi ki, gedişat heç də yaxşılığa
doğru deyil...
Eyvana çıxdı, gözlərini uzaqlara,
çiyin-çiyinə dayanmış dağlara zillədi. Çinarların
yarpaqlarının titrəyişinə tamaşa eləməyi
xoşlayırdı. Bu çinarlar ona həmişə
doğru yol göstərən xeyirxahlar kimi
görünmüşdü. Eyvana
çıxanda xatirələri çözələnirdi.
Yadına uşaqlıq çağları
düşdü. Fikri-xəyalı Kirs yaylağına
qalxdı, atları kişnəşən, qoyun-quzusu mələşən,
buğaları böyrüşən, göyləri də yerləri
kimi çəmən-çəmən yaylaqlara getdi. Atası hələ uşaq ikən onları
dağlarda çox gəzdirmişdi. Deyirdi
ki, gərək uşaqların soyuqlamasından ehtiyat etməyəsən.
Dağlarda gərək sübhün şehində
doyunca islanasan. Qoy uşaqların
üzünə dağ havası vursun, bulaq suyu
boğazlarını bərkitsin, dağ günəşi
canlarını möhkəmlətsin.
Kirs yaylağına Şuşadan yuxarı atlarla yol
getdilər, yəhər üstündə dolayları asta-asta
qalxdılar.
Yazın yarıdan çoxu ötüb-keçmiş olsa da,
Kirsin ağ çarğatı hələ
açılmamışdı. Hələ sinələrin
quzey yerlərində qar qalmışdı. Yaylaq günəşinin dağlov kimi dağladığı
vaxtlar da olurdu. Kirs yaylağının
çəmənliyi xalıdan, xalçadan da əlvan,
yumşaq olardı. Rayihəsi, təravəti,
qartalları qıy vuran qayaları, çayları
çağlayan dayaz-dərin dərələri vardı.
Hər gözü bir cür qaynayan, bir cür
qımışa-qımışa axan bumbuz bulaqları,
baldırğanlı quzeyləri,
çoxcığırlı güneyləri vardı. Qarabağın bu yerləri özgə aləm idi.
Hələ
İsa bulağı... İsa bulağı
Şuşanın qərb aşacağında, bakir gözəlliyə
malik meşənin qoynunda idi. Nə
çiçəyinin rəngini, rayihəsini, nə göylərə
boy çəkən ağaclarının sayını,
növünü sayıb başa çıxan vardı.
Dörd fəslin dördündə də öz
təkrarsız gözəlliyi ilə göz
qamaşdırırdı. Qarabağın
hansı elinə-obasına hörmətli qonaq gələrdisə,
onun əylənməyi, şənlənib səfa sürməyi
üçün İsa bulağı yada düşərdi.
Məclislər qurulardı, hər məclisin
özünə yaraşan xanəndə,
çalğıçı dəvət olunardı. İsa bulağı meşəsində səs
özü də, səsin məlahəti də pərdə-pərdə
güclənib artıb ruhlara meydan verərdi. İsa bulağını bir dəfə görən
min dəfə xatırlayardı. Bu
bulağın, bu meşənin səsi-sorağı
Şuşanın özü ilə bərabər
dünyanın çox-çox adlı-sanlı, səfalı
ölkələrində deyilirdi. Şuşadan
öz ölkəsinə qayıdan hər kəsdən İsa
bulağını, Cıdır düzünü xəbər
alardılar.
İsa bulağı səmtində, bu tutaş meşədə
göyün üzü görünmürdü. Lakin
buranın özünün tünd, mavi, firuzə rəngində
səması vardı. Burada sanki günəş
görünmürdü, sanki əlahiddə İsa
bulağı günəşi vardı ki, aləmi
qızılı nura qərq edirdi. Buradan
Ay da çətin seçilirdi, amma bu aləm
gümüşlənmiş aydınlıqla dolu olardı.
Bu möcüzəni görmək az idi,
duymaq lazım idi ki, mətləblər, mənalar sənə
aydın olsun. Bulağın qoşulduğu
kiçicik dərə çayı açıq səma rəngində,
Ay şəfəqi rəngində axırdı. Xanəndələr
susanda elə bil zümzümələri dərə
çayında, İsa bulağının axarında
qalırdı...
Soltanbud
meşəsi... Keçmiş əyyamlarda hər
hansı bir karvan Soltanbudun qalın-qara kölgələri,
yalnız göyləri ala-tala görünən nəhəng
qovaqları arasından sərvaxt keçməyə cəhd
eləyərdi. Qovaqları göy
üzündə baş-başa çatılan,
gündüzü də gecəsi kimi vahiməli-qaranlıq
olan bu böyük meşə qədimdən yolkəsənlərin
yuvası idi. Bura elə bil əjdahanın
boğazı idi. Bir köçü bir uduma uda bilən
bu "əjdaha"nın gövdəsi
Kür sahillərinə uzanıb Tuğay meşələri
ilə budaq-budağa verirdi. Bir polk da yerisə,
basılmış köçün, karvanın izini-tozunu
müəyyən edə bilməzdi.
Məhərrəm atasıyla bu yerlərdən, səfalı,
cənnət guşələrdən çox keçib
getmişdi. Yaddaşı təbiətin bu möcüzəli mənzərələri
ilə zəngin idi.
Kəndli balaları dağlara, məxməri çəmənlikdə
oynaşmağa, güneylərdə qaçışmağa
öyrəşmişdilər. Sübh şehi
qırovdan soyuq olan çəmənlikdə ayaqyalın, dizlərinə
qədər şehə bata-bata qaçırdılar. Soyuğu-istini veclərinə almırdılar.
Yanaqları qıpqırmızı olurdu,
qulaqları qaysaq bağlayırdı. Uzaqda
qalmış həmin günlər gəlib Məhərrəmin
xəyal dünyasında dayanmışdı.
Papaq-papaq göbələk dərirdilər, çiyələyin
ətri düzü-dünyanı bürüyürdü. Aydınlıq
gecələrdə dağlar vüqarlı, əzəmətli
görünürdü. Dumanda, çiskində
çobanlar bir-birini haylayırdı. Elə
ki, Ay bədirlənirdi, İsaq-Musaqdan, bir də axarlardan,
çaylardan başqa hamı dinclik tapırdı.
Çay iki arşın hündürlükdən
tökülürdü, adına
şır-şır deyirdilər. Yaylaqlar, ala-qara
sürülər, tala-tala yay qarı, dəstə-dəstə
ilxıların, quzuların hay-harayı... Məhərrəm
yüzlərlə quzunun yüzlərlə həmrəng,
boyu-buxunu bərabər analarını sürüdə tezcənə
tapmasına, anaların yad quzuları irtməyindən
seçib rədd etməsinə məəttəl
qalırdı. Torpaq da çox münbit
idi, bir ovuc səp, bir çuval biç.
Xırmanlara tökülüb qalmış saman
komaları ona kənd həyatının gözəlliyini
xatırladırdı. Təknə irilikdə quyruğu sallanan
qoyun sürüləri örüşə
daraşmışdılar. Onların
otlaması, kövşəməsi bir tamaşa idi.
Biçənəklərdə qurulmuş dağ boyda ot tayaları, payız şumuna
başlamış əkinçilərin holavarı,
yaşıllığın sinəsində
açılmış qapqara şırımlar,
şumların üstündə dəstə-dəstə
uçuşan, qalxan, enən qara qarğa, dolaşa,
sığırçın dəstələri də gözə
dəyirdi.
Dağlar Qarabağın yuxa kimi yayılmış
düzlərində ucalırdılar. Uşaq olanda atası
onu Şuşaya aparmışdı. O günləri
fikrindən keçirəndə xəyal içində
gözlərinə təbəssüm yeridi. Şuşanın
gurrah vaxtı idi. Xüsusən cümə
axşamları gecədən keçənə qədər
at nalları döşəməli yolları dilə gətirərdi.
Cıdır düzü gəlmələrin,
yerlilərin sıx-sıx toplaşdığı təntənə
meydanına çevrilirdi. Ölkənin
çox yerindən dost-aşnanın evinə mövsümi
qonaq düşənləri Cıdır düzünün təntənəsinə,
qiyamətinə intəhasız həvəs göstərənlər
sonsuz bir istək və məhəbbətlə bir yerə
toplaşardılar. Topxana meşəsi tərəfdən,
Kirs, Qırxqız dağları tərəfdən
axışan buludlar Cıdır düzünə, dəstə-dəstə
dayananların, səbirsizliklə gözləyənlərin
üstünə kölgə salıb ötüşərdi.
Şuşada beş-on gün qalanın
yanaqları da bu yerlərin çiçəklərinin rənginə
çalardı.
Şuşanın təbiəti möcüzə idi. Bura
avazımış, ağarmış, bükülmüş gələnlərin
də sir-sifəti, qaməti, baxışları durulurdu.
Buranın suyu möcüzə idi. Beş-altı dəfə əl-üzünü yuyanın
güzgüyə baxanda özündən xoşu gəlirdi.
Buranın havası möcüzə idi,
beş-altı gün nəfəs dərən dirçəlirdi,
yanaqları allanırdı, fikrində aydınlıq əmələ
gəlirdi. Yaşlı da cavanlıq həvəsinə
düşürdü. Buranın
dumanı-çəni möcüzə idi, gəlirdi,
çisələyirdi, ötüb-keçirdi. Gün ki düşürdü, sanki yerdə yüz
rəngin üzünə sığal çəkirdi, torpaq
sıyrılıb buludlardan çıxmış Ayın
özü kimi cilvələnirdi. Buranın
meyvəsi, südü, qaymağı, çiçək
yağı möcüzə idi. Deyirdilər ki, bu sudan içən, bu dağlarda bəslənən,
bu havadan faydalanan, bu günəşdən işıq alan, bu
otdan, bu çiçəklərdən qidalanan hər nə
varsa, hamısının məhsulu dadlı olur, adama ayrı
bir ləzzət verir. Hələ güllər-çiçəklər...
Bəs xarıbülbül adlanan təbiət incisi?! Bu çiyni
bükük, bülbülə bənzəyən bənövşə
çiçəyi təkcə Şuşada, yalnız
Cıdır düzündə bitirdi. Rəngi
də, ətri də, görünüşü də hər
cür çiçəkdən seçilirdi. Cıdır düzünə yolu düşənlər
öz bəxtinə əvvəl-əvvəl
xarıbülbül arayıb toplayırdı. Çox dərməzdilər, çox incitməzdilər
bu çiçəyi.
Məhərrəm indi o günlər üçün
darıxırdı, yenə uşaq olub atasıyla birlikdə
o dağlara qalxmaq istəyirdi. O dağlarda sanki başqa bir güc,
qüvvə, başqa bir əsrar vardı ki, insanı
ilkinliyinə qovuşdururdu, o ucalıqda vətənin gözəlliyinə,
yenilməzliyinə, bütövlüyünə vurulurdun,
ayağın altındakı torpaq dil açıb insanla
danışırdı. Bağların meyvəsi bal dadırdı, dumanı şərbət
kimi dolçaya doldurub başına çəkmək istəyirdin.
***
Şuşada idilər. Sübhün
aydınlığı Şuşanın gözəlliyinə
ayna tutmuşdu. "Qarabağ" otelinin
foyesində Adəmlə yazıçı üzbəüz
oturmuşdular. Yazıçı Adəmin
atasının yazdığı dəftərçəni
çantasından çıxarıb masanın üstünə
qoydu.
- Oxudum...
Atanız Şuşa həsrətiylə
yaşayırmış.
Adəmin gözləri doldu. Titrək səslə: - Hə, -
dedi. - Amma onu Kültəpədə vurdular.
Ayağa qalxıb siqaret yandırdı və pəncərədən
görünən Kirs dağlarını seyr etməyə
başladı.
-
Bilirsiniz, mən yazıçı deyiləm. İstəyirəm
ki, bu yazının ardını siz davam etdirəsiniz. Əminəm, atamın ruhu buralarda dolaşır.
Siz onun ruhu ilə bir söhbət edin. Deyəcəklərini isə yazın.
- Çətindir.
Amma çalışacam, - yazıçı tərəddüdlə
cavab verdi.
...Gecənin
bir yarısı otağın qapısı döyüldü. Hövlnak yerindən atıldı.
- Bu
vaxtı kimdir, görəsən?
Ayağa qalxıb əynini geyindi və qapının
üstündəki açarı burdu. Qarşısında
Məhərrəm dayanmışdı.
-
Eşitdim ki, Müzəffər Ordumuz Şuşanı
işğaldan azad edib. O tərəfdə bütün ruhlar
bayram edir. Ali Baş Komandan televiziya ilə xalqa Şuşa
müjdəsini verəndə Bərzəx aləmi lərzəyə
gəldi. Bütün şəhidlərimizin
yaralarına məlhəm oldu bu xəbər.
Yazıçının heyrətdən dili
tutulmuşdu.
Qəfil gələn gecə qonağına nəsə
demək istəyirdi, amma heç nə deyə bilmirdi.
- Ruhum
dinclik tapdı, oğul. Bilirəm, mənim dəftərçəm
səndədir, o vaxt xatirələrim yarımçıq
qalmışdı. Ora təkcə bunu əlavə edərsən:
Əyilib Şuşanın torpağını ovucladım
və gözlərimə sürtdüm. Cıdır
düzündən əsən meh ruhuma sığal çəkdikcə
həsrətim də gilə-gilə əriyib yox oldu.
28
oktyabr-1 noyabr, 2022
Kənan Hacı
Ədəbiyyat qəzeti.- 2022.- 6 noyabr.- S.18-19.