Əbədi hürriyyət və səma
şairi
Bu gün burada bizi əbədi sözün gücü və
müstəsna şəxsiyyətin nuru birləşdirir. Böyük Mövlana Cəlaləddin
Rumi "Mənəviyyat Məsnəvisi"ndə təsdiqləyirdi:
Biz gəldik
ki, qovuşduraq,
Gəlmədik ki, ayrı salaq.
Mövlana
özü də, Yunus Əmrə də, o
çağların Azərbaycan ozanı Molla Qasım
Şirvani də, onlardan əvvəl Gəncəli Nizami də,
Qaşğarlı Mahmud da, onlardan yüzillər sonra İmadəddin
Nəsimi də, Məhəmməd Füzuli də,
Əbdülhaq Hamid də və bu gün
işığına toplaşdığımız Hüseyn
Cavid də dünyaya elə eyni vəzifə ilə gəldilər
- insanları bir-birinə daha yaxın, daha ürək-ürəyə,
daha əl-ələ etmək
"tapşırığı" ilə.
İndi, yaşı 140-a çatarkən böyük
Cavidi xəyalımızdan keçirəndə gəldiyimiz ən
vacib qənaətlərdən ilki budur ki, hər halda həyatının
bütün keşməkeşləri və
sarsıntılarına baxmayaraq o, son dərəcə məsud
bir insandı.
Bir əsrdən
də bir az əvvəl gənc Cavid
İstanbul Universitetinin tələbəsi idi, hər gün elə
bizim indi etdiyimiz kimi bu göyçək şəhərin
küçələrindən keçirdi, gələcəyə
saysız ümid və arzularla dolu günlər
yaşayırdı.
Bu gün yaşı 140 çatanda yenə
İstanbuldadır, yenə diridir, yenə insanlarla, sevənləriylə
ürək-ürəyə, nəfəs-nəfəsədir.
Və yenə Universitetdədir, tələbələr,
müəllimlər arasında, gəncliklə, gələcəklə
birgədir.
Onu həyatdan
qopardılar, tarixdəki izlərini belə birdəfəlik
yox etməyə çalışdılar, adına,
yazdıqlarına yasaq qoydular. Ancaq içərisində
yaşadığı günlərə çox
hündürdən və çox uzaq gələcəkdən
baxmağa qadir olan Şair inandı ki, işığı
sevməyən yarasalar nə qədər çalışsa
da, günəşi qaranlıqlara qərq etmək onlara qismət
olmaz.
Bir
başqa böyük şairi düşünərək
zamanında Cavidin yazdığı zərbülməsəl
siqlətli sətirlər bu gün özünə çox
yaraşır:
Kəhkəşan
saçların əsrarı nihan,
Açdı ürfan ilə bambaşqa cahan.
Onu duymaz,
duyamaz hər şaşqın,
Bir dəniz
şişəyə sığmışmı, saqın!
Gün dəyişdikcə
o həp gənc olacaq,
Şən
gönüllərdə pərəstiş bulacaq!..
Onun umduğu və inandığı gerçəyə
çevrildi.
Sevənlərinin ürəyində pərəstiş
bulmaq və daim gənc olmaq qismətini tarix onun əbədi
yol yoldaşı etdi.
Cavid böyük ideyalarını yazdığı
üçlü faciələrdə əks etdirib.
"Topal Teymur"u araya-ərsəyə gətirmişdi. 1937-ci ildə Çingizxana
həsr etdiyi dramını bitirdi, həbs olunduğu gecə
evindən aparılmış itkin əsərlərindən
biri məhz bu idi və elə həmin il "Koroğlu"nu
yazmağa başlayırdı.
Bitməz sevgi, dünyanı qovuşdura biləcək
"məhəbbət dini" haqqında "Şeyx Sənan"ı
yazdı, üstün zəkanın insanı hər buxovdan
azad edə bilmək qüdrəti haqqında "Xəyyam"
pyesini doğurdu, haqsızlığa üsyan edən "Səyavuş"
dramını qələmə aldı.
Dünyanı sarsıdan şər haqqında
düşündü. "İblis"i qələmə
aldı. Dünyanı xilas edəcək
şəfqət haqqında düşündü,
"Peyğəmbər" əsərini yazdı.
Ən ali münsif haqqında son əsərini,
"Allah"ı yazmağa başlayanda dustaq idi. Həmin əsəri bitirməyə macal tapmadı.
Cavid necə yazırdı? Onun işləmə
texnologiyası necə idi? Zahirən bunlar
cavabsız suallar kimi görünür. Ancaq
bu sualların da cavabı var. Caviddən yadigar qalmış dəftərlərdən
birində bu sirrin izahını tapırıq. Cavidin əlyazması, çətin oxunan xətti
bizi bu asan olmayan sualın cavabına doğru yönəldir.
O, şeirə çevirəcəyi hər mətləbi əvvəlcə
sətir-sətir nəsrlə yazır, sonra onları
misra-misra şeirləşdirirmiş. Yəni
Cavidin üçün fikir həmişə daha öndə
idi.
Zamanında o, bir neçə dil bilirdi. İlk gəncliyində
İranda oldu. Farscanı orda öyrəndi
və farsca yazdığı şeirlər də var.
Ruscanı bilirdi və Azərbaycan türkü idi, ana dilində
yazırdı. Ancaq Cavid ondan dəfələrlə
çox dillər bilən əksəriyyətin də bilmədiyi
və bilinməsi hər kəsə müyəssər olmayan
bir dilə də vaqif idi. İnsanla insanca
danışmaq dilini bilirdi. Məhz bu səbəbdən
Cavidin dünya boyu yürüşləri hələ
qarşıdadır. Bu gün onun
danışdığı dillərin sayı bir vaxtlar bildiyi
dillərin miqdarından qat-qat çoxdur. Zaman
keçdikcə də bu sıraya yeni-yeni dillər əlavə
olunacaq. Yazdıqları yeni-yeni dillərə
çevrildikcə Cavid dünyanın hər nöqtəsində
hər xalqla onlara ruhən doğma, məhrəm bir insan kimi həmsöhbət
olmağa başlayacaq. Əsərlərinin
çevrildiyi və Cavidin danışdığı dillərin
sayı artdıqca isə o, daha çox qəlbi və zəkanı
fəth edəcək. Olsun ki, hansısa dilə
tərcümə ediləndə Cavid şeirindəki ilkin
misilsiz bədiilik nələrisə itirəcək. Ancaq hər sətirdə nəbz kimi
çırpınan fikir yükü o qədər
ağırdır ki, məhz bunun sayəsində misraların
cəlbedici qüdrəti hətta başqa dil libası geyinəndən
sonra da təsirediciliyini itirməyəcək.
Cavid müasir düşünən və adil bir insan
idi. Yeni nəsillərə üz tutaraq söyləmirdi
ki, mənim kimi olun, ardımca gəlin. Təsdiq
edirdi ki, gəncliyin öz yolu var, inanırdı ki, onlar irəlilədikləri
yolda uğurlara da çatacaqlar. Ancaq anladırdı ki,
mənim və yaş nəslimin də öz xətti, öz
üslubu, öz tərzi var. Bizi də niyə bu yolla getdiyimizə,
həqiqətləri niyə belə görüb, bu cür
ifadə etdiyimizə görə qınamayın, ittiham etməyin.
Cavid əmin
idi ki:
Bəxtiyarsan
əgər çəkdiyin əmək
Cahan sərgisinə versə bir çiçək.
Və yazdıqları, yaratdıqları,
insanlığa zövqlər bağışlamış və
zövq verməkdə davam edən söz inciləri ilə hər
zaman canlı olan Cavid əlbəttə, məsuddur.
Onun əbədi diriliyinin bir sübutu və təsdiqi də
elə bugünkü gündür. Sözü bizimlədir, adı
bizimlədir, əbədi hürriyyəti vəsf edən ruhu
bizimlədir və sağlığında olduğu kimi yenə
ən təzə nəsillərlə həmdərd ola bilmək müstəsnalığı
onunladır.
Əsl
xoşbəxtlik başqa necə olar ki!
Cavid tərcümeyi-halı göylərdə nəqş
edilmiş bir insan idi. Bəlkə elə hamımızın alın
yazımız, taleyimiz səmalarda, uca dərgahda, Tanrı qatında
cızılır. Amma indi zaman
ucalığından Cavidin ömür yolunu bir də seyr edirkən
ona şahid olursan ki, sanki İlahi onu addım-addım
yetişdirərək talelər yazan böyük bir şair
olmağa qədəm-qədəm hazırlayıb.
Gənc ikən 23 yaşında bir ucqar əyalət
şəhəri Naxçıvandan qismət onu İstanbula gətirib
çıxardı.
Orda,
öz yurdunda qalsaydı kim olacaqdı? Bir xırda tacirmi, ya elə ailəsinin istədiyi
kimi bir ruhanimi?
Onun bəxtinəsə hamınınkı olmaq,
işığından hər kəsə pay vermək
yazılmışdı.
"Peyğəmbər idim, ümmətim olsa"
deyirdi. Və bu missiya ilə dünyaya gəlmiş
şairi həmin vəzifəni icra etməkçün zaman
özü hazırlamalı, yetişdirməli, ruhən və
fikrən zəngin, dərin etməli idi. İranda
farscanı öyrəndi, fars ədəbiyyatının
əlvan dünyasına daxil oldu. İstanbula gəldi,
Rza Tofiqdən, Tofiq Fikrətdən, Mehməd Akifdən dərs
aldı. Lakin şərqliykən dünya şairi ola bilməkçün gərək Qərbi də
biləydi. Sərhədlərin qapalı
olduğu sovet dönəmində 1926-cı ildə gözlərini
müalicə etdirməkçün ona Almaniyaya getmək icazəsi
verildi. Bu sadəcə bir cüt
gözün müalicəsi deyildi. Bu səfər
onun dünyada baş verən çox mürəkkəb hadisələrə
gözünü açdı. Bu səfər ona üzdən
görünməyən çox mətləblərin dərinlərini
görə bilmək fürsətini verdi. Və ona görə də bir azərbaycanlı olan
Cavid sadəcə bir Azərbaycan şairi olaraq qalmadı.
Dünyanınkılaşdı. Sözünü yalnız Vətəninə, öz
yurddaşlarına deyil, dünyaya deməyə başladı.
...Tanrısı
gözəllik və sevgi olan Cavid həyatda hər bəlaya
hazır olduğunu öncədən açıqca bəyan
etmişdi:
Mən təzad elçisiyəm hər qayğı.
Mənə saçmaqda səadət
işığı.
Bu taleyi, bu qədəri, ömrün bu cür
gedişini irəlicədən görsə də,
könüllü qəbul etdi. Yerinin, əsl məkanının yer
deyil, çox ucalar, səmalar olmasını özü
yazmışdı:
Mən fəqət
hüsni-xuda şairiyəm,
Yerə enməm də səma şairiyəm.
Necə söyləmişdisə elə düşündüyü
təhər də oldu. Həm məcazi və həm də
müstəqim mənada. Bu gün uzaq
göylərdə süzən, hərəkətdə olan
kiçik planetlərdən biri Cavidin adını
daşıyır.
Aydın gecələrdə ulduzlarla dolu göylərə
baxarkən bunu da düşünün ki, uzaqlardan sizə
baxan, sayrışan həmin səyyarələrin arasında
Cavid ulduzu da var.
Və
Cavid ulduzu daim parlayacaq, onun işığı həmişə
bizimlə, insanla olacaq!
Rafael Hüseynov
Ədəbiyyat qəzeti.- 2022.- 6 noyabr.- S.17.