Hədəfdə yenə də
tanınmış ziyalılardır
Nəhayət, Azərbaycan
yazıçılarının XIII qurultayı keçirildi.
Qələm
əhlinin səbirsizliklə, həsrət və maraqla
gözlədiyi qurultay!
Hesab edirəm
ki, qurultay uğurla keçdi və bütün
iştirakçıların ümidlərini tam doğrultdu!
Həm ədəbiyyatsevərlərin,
həm Anarsevərlərin, həm belə məclislərdə
sensasiya axtaranların, həm araqarışdırma həvəskarlarının,
həm də kimdənsə, yaxud nədənsə "qisas
almaq" həsrətini çəkənlərin!
Kim
qurultaya hansı niyyətlə getmişdisə, istədiyinə
nail oldu...
Qurultayın baş tutması bütövlükdə Azərbaycanın
qələm əhlinin arzusunun reallaşması
baxımından böyük uğurdur.
Amma qurultayda baş verənlər (əslində,
bütün olanlar gözlənilən idi) müəyyən
düşüncələrə də əsas verir.
Bəzi fikirlərimizi oxucularla bölüşmək istəyirik.
Heç
zaman ideal tədbir keçirmək mümkün deyil!
Bunun üçün iştirakçılardan tutmuş
digər məsələlərə qədər hər
şey ideal olmalıdır.
Bu isə
mümkünsüzdür!
Qurultay
nümayəndələrinin hamısının istəyini təmin
etmək də müşkül məsələdir!
Ən
azı ona görə ki, bu istəklərin heç də
hamısı üst-üstə düşmür: birini qane edən
digərinin ciddi narazılığına səbəb olur.
Hamıya
söz verib, bütün natiqləri də dinləmək
olmur: belə halda gərək qurultay bir neçə gün
çəkə!
Müəyyən
ortaq məxrəcə gələndə, kompromis tapanda belə
"əbədi narazılar" razılaşmır, məclisdə
şuluq salmağa çalışaraq sonrakı günlərdə
bol-bol "rəylər" söyləyib, müzakirələr
aparırlar.
İndi isə müzakirələr üçün
platformalar, sözünü ictimailəşdirmək
üçün imkanlar həddindən çoxdur.
Üstəlik,
nə qədər adam varsa, bir o qədər
də fikir var, - demişlər.
Qoy bir
fikir, bir mövqe də bizimki olsun!
***
Mənim
də qəti qənaətim budur ki, hazırda Anardan başqa
Azərbaycan Yazıçılar Birliyinin sədrliyinə ən
layiqli namizəd, bu kresloda oturmağa daha çox mənəvi
haqqı olan yoxdur!
Anar
müəllim bu haqqı öz yaradıcılığı,
ziyalılığı, əsərlərinin sayı və
müxtəlif dillərə tərcümə edilərək
bir çox ölkəyə yayılması, Azərbaycanı
ləyaqətlə təmsil etməyi bacarması, ən nəhayət,
işlədiyi dövrdə bu mürəkkəb təşkilatı
bacarıqla, müdrikliklə idarə etməsi ilə
qazanıb!
Bunu
qurultaydan qabaq da hamı bilirdi, qurultayda da Anarın qalib gəlməsini
hər kəs gözləyirdi!
Və belə
də oldu!
Eləsə sonradan su bulandırmağın mənası
nədir?
Sonradan bütün iştirakçılarının
ziyalılar olduğu bu qurultay barədə dedi-qodulara, gərəksiz
söz-söhbətə rəvac verməyin nə xeyri?!
Axı
bundan sonra heç nə dəyişməyəcəkdir!
Axı getmiş qatarın dalınca bu cür tər
tökə-tökə qaçmağın, yana-yana deyinməyin
nə mənası?
Niyə bəziləri insanların qəlbinə dəyməyə,
qanqaralığına, kimisə əsəbiləşdirməyə
bu qədər həvəs göstərirlər?
Hədəflərinizin
demək olar ki, hamısı yaşlı insanlardır, ay
"cavanlar"!
Onlar stres keçirib dərman içəndə, yaxud xəstələnib
yatağa düşəndə nə qazanacaqsınız?
Yoxsa bundan mənəvi rahatlıq tapacaqsınız?!
***
Çingiz Abdullayevlə yaxın dostluğumuz olmasa da,
şəxsi tanışlığımız var.
Əsl Azərbaycan ziyalısı, görkəmli
yazıçı hesab edirəm.
Dünyanın
on məşhur detektiv yazıçıları
sırasında yer alıb!
Dünyada ən çox çap və tərcümə
olunan yazıçılardandır.
Deməli,
həm də dünyanın ən çox sevilən
yazıçılarındandır!
Hər dəfə
Rusiyada, yaxud Avropada səfərdə olarkən satılan
kitabların arasında Çingiz Abdullayevin kitablarını
görəndə bu Azərbaycan yazıçısı, xalqımın
ziyalı övladı ilə fəxr etmişəm, qürur
duymuşam!
Hər dəfə
Çingiz müəllimi həyatda, yaxud mavi ekranda görəndə
nədənsə onun əsərlərini deyil, ilk növbədə
Rusiyanın 1 nömrəli kanalında 44 günlük
müharibə dövründə ermənipərəstlərin
suallarını necə məharətlə, məntiqlə,
konkret faktlarla cavablandırdığını, Azərbaycanı
qərəzlə və feyk informasiya ilə borclu
çıxarmağa can atanların ağzından necə
vurduğunu xatırlamışam.
Onun təmkini, ağıllı vətənpərvərliyi,
polemika bacarığı ilə qürur duymuşam.
Xalqımızın
maraqlarını bacarıqla müdafiə edən,
yaxşı alim, mütəxəssis, sənətkar,
musiqiçi, diplomat və digər sahələrdə
çalışan azərbaycanlılarla həmişə
qürur duymuşam, şəxsən tanısam da, tanımasam
da, ehtiram bəsləmişəm, qəlbimdə sevmişəm!
Elə hesab etmişəm ki, hər bir azərbaycanlı
da mənim kimi düşünür və davranır.
Hərdən
xalqımızın tanınmış, məşhur
övladlarına qeyri-obyektiv, qərəzli yanaşma,
haqsız hücumlar, gözdənsalma cəhdini görəndə
isə qeyzlənmişəm, təəssüflənmişəm...
Şəxsi hisslərdən qaynaqlanan istənilən
münasibətləri nadanlıq hesab etmişəm.
Sonuncu hadisədə qeyri-peşəkar sual verən
jurnalist, onun qaşınmayan yerdən qan çıxarmaq cəhdi
nədənsə arxa planda qalıb.
Gəlin məsələnin mahiyyətinə varaq.
Gəlin
məsələyə jurnalist baxımından, qərəzsiz
yanaşaq:
Çingiz Abdullayevə belə bir məqamda, belə bir
saatda, belə bir sual vermək, sonra təkidlə, əl
çəkmədən ondan cavab tələb etmək
doğrudurmu?
Əvvəla, Çingiz Abdullayev Yazıçılar
Birliyində nə təsərrüfat müdiridir, nə də
baş mühasib vəzifəsində çalışır.
Sual
ünvanına verilər!
İkincisi, yazıçıların bu qurultayı 44
günlük Vətən müharibəsinin ikinci
ildönümü ərəfəsində
çağırılıb.
Bu
qurultaydan öncə mədəniyyət paytaxtı Şuşa barbar düşmən
işğalından azad edilib!
Bu
qurultaydan öncə Vaqifin Şuşadakı dağıdılmış
məqbərəsi çox qısa bir zamanda bərpa edilərək
möhtəşəm bir açılış mərasimi
keçirib!
Bu
qurultaydan öncə Şuşada Vaqif Poeziya Günləri
baş tutub, bu qədim ənənə otuz ildən sonra yenidən
bərpa olunub!
Jurnalist özünü hesablama palatasının
işçisi kimi aparmaqdansa, yaradıcı adama
yaradıcılıqla bağlı sual ünvanlamalı
deyildimi?!
Əslində,
soruşmalıydı ki, bu qurultaya toplaşan şair və
yazıçılar, özlərini böyük istedad sahibi
sayanlar, Azərbaycan Yazıçılar Birliyində yüksək
posta iddia edənlər nə vaxt 44 günlük Vətən
müharibəsi barədə ortaya sanballı bir əsər
qoyacaqlar?!
Bəs haçan yalın əllə Şuşanı
işğaldan azad edən, bununla da dünyanı heyrətə
salan Azərbaycan əsgər və zabitlərinin, xüsusi təyinatlılarının
misilsiz qəhrəmanlığını tərənnüm
edən əsərlər görəcəyik?!
Soruşa bilərdimi ki, Qarabağı azad edənlərlə
bahəm, Qarabağı yerləyeksan edən erməni
vandallarının vəhşiliklərini bədii boyalarla,
real faktlar və mənzərələrlə təsvir və
ifşa edən, bu murdar milləti dünyaya tanıdan povest və
romanlar haçan işıq üzü görəcək?!
Maraqlana bilərdi ki, real həyatdakı qəhrəmanları
- əsgər, zabit, şəhid və onların
ata-anaları, dul qalmış xanımları, yetim
qalmış övladları barədə ürəkyandıran
əsərləri nə zaman oxuyacaq, dram əsərlərini
teatrlarımızın səhnəsində haçan görəcəyik?!
Xəbər
ala bilərdi ki, niyə bu gənclər öz
iddialarını yazdıqları əsərdə yox, sosial
şəbəkələrdəki, saytlardakı status və
çıxışlarında göstərməyə daha
çox meyillidirlər!
Axı
yazıçılar qurultayı maliyyə hesabatına görə
yığışmamışdı...
Növbəti
beş ilin yaradıcılıq
mövzuları və istiqamətləri də bu məclisdə
müəyyənləşir!
***
Əslində,
yazıçılar danışmazlar, yazıçılar
yazarlar!
Onlar
öz əsərləri ilə tanınar, məşhurlaşarlar!
Yaxşı yazıçı olmaq üçün
xüsusi istedada, təfəkkürə malik olmalı, fikrini
bədii, maraqlı və Azərbaycan dilinin imkanlarından
dolğun istifadə etməklə oxucuya
çatdırmağı bacarmalısan.
Əvvəlcə
vəzifə tutub, sonra yazıçı olmaq mümkün
deyil!
Yaxşı
jurnalist olmaq üçün də istedad tələb olunur!
Həyatda
"yazıçılıq məktəbi" olmasa da,
jurnalist hazırlayan ali təhsil
ocaqları çoxdur!
Hər bir jurnalist sahəyə dair minimum bilgilərə
malik olmalıdır.
Başqa
sahədən bura işləməyə gələndə isə
jurnalistikanın "əlifbasını" öyrənməyə
borcludur!
Yaxşı
jurnalist olmaq üçün yaxşı yazmaq da azdır!
Düzgün,
ağıllı suallar verməyi, müsahibini
danışdırmağı, onun etibar və etimadını
qazanaraq ürəyini sənə açmağa sövq etməyi
də bacarmalısan!
Jurnalistikada
təkcə bilgilər kara gəlmir!
Bu peşənin mənəviyyatla, necə deyərlər,
"ibtidai tərbiyə" ilə bağlı məqamları
da çoxdur.
Jurnalist səbirli, təmkinli, etikalı davranmalı, hətta
müsahibi kəmhövsələlik edəndə belə onu
normal danışıq məcrasına yönəltməyi
bacarmalıdır.
Bütün bunlar peşə kodeksi şəklində
formalaşdırılıb və dünyada "jurnalistlərin
etik davranış qaydaları" adlı əli qələmlilərin
əməl etməyə borclu olduqları prinsiplər, qaydalar
toplusu yaradılıb.
Hesab edirəm ki, jurnalistlərin etik davranış
qaydalarına əməl etməyənlərin özlərini
jurnalist saymaları boş və mənasızdır.
Jurnalistin
məqsədi qalmaqal törətmək, hər şeydən
"sensasiya" yaradaraq həqiqəti eybəcərləşdirmək
deyil!
Jurnalist topladığı faktları bədii cəhətdən
işləməli, obyektiv, qərəzsiz, tərəfsiz və
həqiqəti əymədən, təhqir etmədən
ictimailəşdirməlidir.
Əgər belə etmirsə, deməli, vicdanı ilə
alverə gedir, mənəvi deqradasiyaya yol verir.
Qurultaya qədər
ən böyük hədəf Anar idi!
Qurultaydan
dərhal sonra isə yeni hədəf seçildi: Çingiz
Abdullayev!
Doğrudanmı bu gün Azərbaycan mətbuatında
cövlan edənlərin ziyalılardan başqa özgə hədəfləri
yoxdur?
***
Son
dövrdə qələm əhlində qəribə bir mərəz
də yaranıb:
Jurnalistlərin, yazıçıların
iştirakı ilə respublika miqyaslı hansı tədbir, məclis
keçirilirsə, hələ tədbir başa
çatmamış onun gözdən salınması,
qaralanması kampaniyası başlayır.
İçəridəkilər
(iştirakçılar) söz verilmədiyinə, doyunca yeyə
bilmədiklərinə görə, bayırdakılar isə
(dəvət olunmayanlar) "tədbirə layiq olduqları
halda" çağırılmadıqlarına görə...
Əvvəla, tədbirin keçirildiyi məkan
uzaqdadırsa, iştirakçıları ora çatdıran
avtobuslar "ölçüsüz" deyil, hər ikisinin
sayılı tutumu var.
İkincisi, sən özünü orada iştiraka layiq
bilirsənsə və bu halda səni
çağırmayıblarsa, deməli, təşkilatçılar
belə məsləhət görüblər.
Həm də bizim özümüz haqda nə fikirdə
olmağımızdan asılı olmayaraq,
başqalarının bizim barədə fikirləri əsas
götürülür.
Ən nəhayət,
əgər bir yerə dəvət olunmayıbsansa, kədərlənmə
və özünü o yerə qoyma, hamı da elə bilsin
ki, özün getmək istəməmisən...
Onsuz da
incikliyin, umu-küsünün faydası olmur!
İştirakçıların davası isə harda
oturmaqdan tutmuş ta "tərkibə" seçilməyə
qədər məsələləri əhatə edir.
Əgər hansısa yığıncaqda 100-500 nəfər
iştirak edirsə, məgər onun hamısı
danışmalıdır?
Əvvəla,
buna vaxt çatmaz, gərək onda tədbir bir neçə
gün, yaxud bir neçə həftə davam edə!
İkincisi,
hamı danışacaqsa, yerdəkilər saatlarla dinləməkdən
yorulacaqlarsa və mürgüləyəcəklərsə,
onda danışanları kim dinləyəcək?
Üçüncüsü,
500 nəfərin hərəsi öz
çıxışında azı 1-2 təklif verəcəksə,
bunları kim və necə ümumiləşdirərək
qərar layihəsinə salacaq?
Bütün bu çətinliklər yaşanmasın deyə
"dünya praktikasına" istinadən əvvəlcədən
tədbirin təşkilat komitəsi yaradılır, tədbiri
keçirənlər vaxtı, reqlamenti,
yığıncağın həll edəcəyi məsələləri
nəzərə alaraq
çıxışçıların sayını və təqribi
mövzuları (əhatə etmək üçün) irəlicədən
müəyyənləşdirirlər.
İclasın gedişində hansı yeni bir məsələ
qaldırılarsa, yaxud kimsə yaxasını cırarsa, belələrinin
bir-ikisinə söz verirlər.
Amma
yaxacıranların hamısı söz alsa, tədbir tədbir
yox, ağız dediyini qulaq eşitməyən bazara
çevrilər, beləliklə, hər şeyin dadı
qaçar!
***
Bəli,
bir daha xatırladırıq: yazıçı, şair bədii
əsər yazandır!
Bu qələm
əhli hansısa iddiaya (maddi, mənəvi və ya inzibati)
düşməzdən əvvəl özünü sübut
etməli, ortaya əksəriyyətin bəyəndiyi, hətta
Azərbaycan sərhədlərini aşmağa qadir əsərlər
qoymalıdır!
Jurnalist
isə gündəlik informasiyanı toplayıb yayan, həyatda
gördüyü real hadisə və əhvalatları müxtəlif
janrlı yazılara köçürərək insanlara
çatdırmalıdır!
Hər
şeydən sensasiya düzəltmək və yaxud daim
sensasiya dalınca qaçmaq peşəkarlıq deyil!
Jurnalistikada
dedi-qodu adlı janr yoxdur!
Heç
milli mətbuatımızda da yaradıcılığın bu
forması olmayıb!
Bu, sosial şəbəkələrin "yenilikləridir".
Orada boş-bekar oturan bir qisim insanın qeyri-etik, mənəviyyatsız
şərhlərinin ikrahdoğuran formasıdır.
Elə
bir forma ki vətənpərvər, intellektli, insanlara xoş
ovqat, sevinc bəxş edən, çətinə düşənlərə
dayaq olub yol göstərən "status"ların da üzərinə
bəzən kölgə salır!
Təəssüf
ki, bəziləri söz deyəndə, ələ qələm
alıb yazanda xəncər yarasından betər olan söz
yarasının sağalmadığını unudur!
Gəlin
qəlblərə məlhəm olan, insanların mənəvi
ehtiyaclarını ödəyən, qəhrəmanlarımıza,
şəhidlərimizə layiq əsərlər yaratmağa,
onların xatirəsini əbədiləşdirən
yazılar yazmağa çalışaq!
Vətən
bizdən bunu gözləyir!
Qələm
əhlini sevənlər bizdən bunu gözləyir!
Bəsdir
bir-birimizin qəniminə çevrildik!
Bəsdir
ölkənin hörmətli, nüfuzlu, tanınmış
insanlarını hədəfə çevirdik!
Bəsdir
ziyalılarımıza düşmən münasibəti bəslədik!
Bəsdirin
bir-birimizi diddik!
Bir
baxın, görün nə qədər düşmənimiz
var!
Gəlin
bir-birimizə dayaq olaq, xoş söz söyləyək!
Bu,
"çətin" olsa belə daha faydalıdır!
Bəxtiyar SADIQOV
Ədəbiyyat qəzeti.- 2022.- 6
noyabr.- S.14-15.