Mirzə İbrahimov: "Ey mənim
xalqım,
ey mənim ümidim və
pənahım"
Azərbaycan dili uğrunda
mücadiləsi üzərinə
"Ey
mənim xalqım, ey mənim ümidim və pənahım. Ürəyimin
istiliyi səndəndir. Fikrim işığını səndən
alır. Həyatımın hər yolunun
sürüşkən döngələrində qolumdan tutan, məni
yıxılmağa qoymayan sən olmusan. Gözəl
binalar üçün mənə daş yonduran sənin
eşqindir. Yolların kənarında
ağac əkdirən, səhralara su gətirdən, yerin
altını eşib sərvət tapdıran, çöllərdə
məhsul yetirmək həvəsini alovlandıran, qolumdan tutub
"Yaz!" deyən sənsən". Bu
sətirlər M.İbrahimovun "Böyük dayaq"
romanının qəhrəmanı Rüstəm kişinin
dilindən səslənir. Ən çətin
günlərində onun yeganə dayağı xalq olur, xalqa
söykənir. Ancaq kim deyə bilər
ki, yazıçı burada həmin günlərdə (roman
1957-ci ildə yazılıb!) dil uğrunda mücadiləsinə
görə Moskva və həmvətənləri tərəfindən
çarmıxa çəkilərkən hər kəsin ondan
üz döndərdiyi bir zamanda məhz özünü və
taleyini nəzərdə tutmamışdır!? Burada
M.İbrahimovun həyatının ən təlatümlü və
həyatı üçün qorxulu anlarının, milli
mücadiləsində gəldiyi son qənaətinin izlərini
görürük. Bu, görkəmli
yazıçı və ictimai xadimin dil uğrunda uzunmüddətli
mübarizəsinin bədii obrazın dilindən səslənmiş
təzahürüdür. O, mənsub olduğu xalqı,
onun dilini çox sevmiş və həyatı boyu müdafiəsində
durmuşdu.
Mirzə
İbrahimovun Azərbaycan dili uğrunda mücadiləsini
üç mərhələyə ayırmaq olar:
1. Bir
yazıçı kimi bədii əsərlərində dilin
bütün zənginliklərindən istifadə edir, obrazlar
yaradır, təbiət və cəmiyyət təsvirləri
ilə dilə təbii sevgi, məhəbbət, maraq
yaradır. Bu proses onun bədii
yaradıcılığının əvvəlindən sonuna
qədər davam etmiş və hekayə, roman, publisistika, tərcümələrində
təzahür etmişdir.
2. Azərbaycan
dili ilə bağlı məqalələr yazaraq, onun tarixini,
bugününü və gələcəyini bəlirləyir,
necə deyərlər, gələcək hadisələrə
- milli oyanışa altyapı hazırlayır. Bu proses daha
çox yazıçının 40-50-ci illər Təbriz
dövrünü əhatə edir və təkcə nəzəri
məqalələri ilə kifayətlənmir, həm də Cənubi
Azərbaycanın azadlığı uğrunda mücadilə
aparır.
3. Azərbaycan
dili uğrunda respublikada və Moskvada onun
funksionallığını artırmaq, dövlət statusu
almaq üçün əməli hərəkətə
keçir və sonrakı mərhələdə bir millətin
oyanışına səbəb olan milli mücadiləyə rəvac
verir. Bu proses 50-ci illəri qapsayır və sonrakı dövr
üçün milli hərəkata stimul verir.
Yazıçının ana dilindən maksimum istifadə
etməsi məsələsi, bəlkə də, ən
mühüm, lakin görünməyən, alt qatda olan məsələlərdən
biridir. M.İbrahimov bədii, publisist və elmi
yaradıcılığında dilinin incəliklərindən
maksimum istifadə edirdi. Əlbəttə,
dil elə bir şeydir ki, onun maksimum istifadəsinin sərhədlərini
bəlirləmək çox çətindir. Ancaq M.İbrahimovun bədii nəsrində bunun
aydın mənzərəsini görmək
mümkündür. Onun yaradıcılığında
bədii dilin inkişaf səviyyəsi, yad mühitdən
qorunması, saflaşma və dilə sonsuz sevgi, məhəbbət
var. "Cənub hekayələri" ilə həsrətin və
vətən eşqinin bütün rənglərini məhz bədii
dilin vasitəsilə oxucuya çatdırırdı. "Gələcək gün", "Böyük
dayaq", "Pərvanə" romanları ilə bədii
dilin roman təfəkkürünün inkişafında yeni mərhələsi
olur.
Yazıçı ana dilinin ədəbi normalarına son
dərəcə həssaslıqla yanaşır, bütün
yaradıcılığı boyu bədii dili zənginləşdirir. O, bədii dilin
özünün "loqorifması"na
diqqət yetirir və yazıçının vəzifəsinin
ömrü boyu onu öyrənmək olduğunu yaxşı dərk
edirdi. Bədii dillə bağlı belə bir fikri
aktuallığını indi də qoruyub saxlayır: "...bədii
dil yalnız bədii əsərlərin dili deyildir. Obrazlı, ifadəli bədii dilin
yaradıcısı hər şeydən qabaq, xalqdır.
Obrazlı söz xalq dilinin ümumi qazanında
qaynayıb yetişir və ancaq oradan xalq həyatı, xalq
şüuru ilə birlikdə bədii ədəbiyyata
keçir". Məhz bu dilin vasitəsilə
yazıçının əsərlərində müxtəlif
hadisələrin (tarixi və müasir!), insan
psixologiyasının, düşüncələrinin maksimum
ifadəsi ilə qarşılaşırıq. Onun nəsr dilində bəlirli bir təmkinlilik,
intonasiya və ritm var; bu xüsusiyyətlər
yazıçı nəsrinin xarakterini, səviyyəsini,
intellektuallığını və təsviretmə
imkanlarını artırır. "Yazıçının
silahı dildir" formulu M.İbrahimovun məqalələrində
işlətdiyi və özünün də
yaradıcılığı boyu ən çox söykəndiyi
ən mühüm faktorlardan biridir. Əsərlərinin
dili üzərində dönə-dönə işləməsi
yazıçının dilin estetik funksionallığına və
gözəlliyinə xüsusi əhəmiyyət verdiyinin
sübutudur.
M.İbrahimovun bədii dilin mətndə yeri, estetik təsir
gücü ilə bağlı düşüncələri
sadəcə yazıçı fəhminə əsaslanmırdı;
onun dərin elmi-nəzəri, praktik, qrammatik əsasları
vardı. Bir çox məqalə və
çıxışlarında nitq və onun gözəlliyinin,
insanın mənəvi aləminin, təfəkkürünün
yalnız səlis dil ilə mümkün olduğunu ifadə
edirdi. 1930-1950-ci illərdə orfoqrafiya, əlifba,
terminologiya kimi məsələlərin müzakirəsində
nüfuzlu söz sahibi olaraq yazıçı mövqeyini dəfələrlə
təsdiqləmişdir. Yazıçı
fikirlərində dil, onun tarixi və bugünü ilə
bağlı aktual problemlərə yüksək vətəndaşlıq
mövqeyindən yanaşırdı. Azərbaycan
dili məsələsi yazıçını o dərəcədə
məşğul etmişdir ki, yalnız bir yazıçı
kimi deyil, bir ziyalı, alim kimi də münasibətini
bildirmişdir. "Dilimizin inkişaf
yolları haqqında" (1944) məqaləsində dilin nəzəri
və tarixi problemləri yüksək professionallıqla təhlil
olunur. Yazıçı burada dilin tarixinə
ekskurs edir və bir xalqın inkişafındakı rolunu
yüksək dəyərləndirirdi. Yazıçı
üçün "Xalq tərəqqi etdikcə, ictimai həyat
təkmilləşdikcə dil də tərəqqi edir və təkmilləşir.
Dil tam mənasilə canlı bir orqanizmdir...",
- arqumenti sonrakı yaradıcılığında öz təsdiqini
tapır. Dilin tarixi mənsub olduğu xalqın,
millətin tarixini əks etdirir; bu dil xalqın sərhədlərini
daim genişlədə bilir, qəbilə və tayfalar
inkişaf edərək ümumi bir dilə ehtiyac duyur. Tarix göstərir ki, hər bir xalq öz sərhədləri
uğrunda mübarizə ilə yanaşı,
özünün mənəvi sınırları uğrunda da
mücadilə aparır; bunun içərisində onun dili və
ədəbiyyatı öndə gəlir. İmperiyaların
hər hansı bir ərazini işğal edərkən əvvəlcə
onun dilini qadağan etməsi fikri yazıçının
yaşadığı ən böyük imperiyanın da mahiyyətini
reallıqla əks etdirirdi. Yazıçı
burada Roma, ərəb, İran imperiyalarının
adını çəksə də, məntiqi nəticə
yaşadığı imperiyanı da onun içinə
qatırdı. Belə bir mesajını da
mütləq şəkildə çatdırırdı ki,
bunlara baxmayaraq, Azərbaycan xalqı işğallara sinə gərərək
öz varlığını və dilini qoruyub
saxlamışdır. Yazıçı
işğalçıların bu mərhələlərdə
mənəviyyatımıza vurduğu yaralara da toxunur; tarix
boyu böyük sənət və "dil abidələrimizin
məhv edilməsi və talan olunması"
ağrılarını xatırladır. Azərbaycan
dilinin yaxın tarixi ilə yanaşı, iki minillik
dövründən bəhs edir: "Müstəbidlər
dilimizi və tariximizi məhv etmək üçün onun ən
gözəl abidələrini oğurlamış, ya da
yandırıb dağıtmışlar. Buna görədir
ki, biz indi, məsələn, iki min il qabaqkı dilimizlə
müasir dilimiz arasındakı münasibəti və tarixi əlaqə
tellərini meydana çıxarmaqda bu qədər
böyük çətinliklərə rast gəlirik".
Bu sətirlər yazıçının
çağdaş müstəbidlərə və
işğalçılara tarix üzərindən
etirazıdır. Dilimizdə, ədəbiyyatımızda
və tariximizdə kök salmış qədim izlərin
araşdırılması yönündə yeni istiqamətlər
müəyyən edən M.İbrahimov bütün bunların
elm adamlarını qorxutmadığını və bu istiqamətdə
yeni araşdırmalar aparıldığını cəəsarətlə
dilə gətirir. Qədim zamanın
dumanı altında itmiş həqiqətləri üzə
çıxararkən Midiya, Novruz bayramının
atributları, Dədə Qorqud, eləcə də XI-XIII əsrlərdəki
yazılı ədəbiyyatımızda gizlənib qalan dil
faktorundan çıxış edir. Yazıçı Azərbaycan
dili və tarixinin inkişaf yolu haqqında sistemli bir konsepsiya
ortaya qoyur; Nəsimi, Xətai, Füzuli, Qurbani, Vaqif,
M.F.Axundzadə, H.Zərdabi, C.Məmmədquluzadə, Ə.Nəzmi
dilinin ərəb, fars təsirinə qarşı gizli və
açıq mübarizədə qalib ayrılmasını
şərtləndirən faktorları qiymətləndirir.
Yazıçının dilimizin keçmişini iki min illik
tarixə aparıb çıxarması isə yalnız
sonralar dil tarixi ilə bağlı araşdırmalarda üzə
çıxacaq...
Mirzə İbrarhimov müasiri olan yazıçı və
şairlərin dil probleminə, tərcümə məsələlərinə
də toxunur və bədii ədəbiyyatın, dilin
inkişafındakı etkisi üzərində dayanır. "Ədəbiyyat
dilin cəbbəxanası" kimi daim onun inkişafını
şərtləndirir. Ədəbiyyat dili
saflaşdırır, yad sözlərdən təmizləyir,
ona lətafət, incəlik gətirir. O,
yazıçı dili ilə döyüşçü
silahını yanaşı tutur. Bədii əsərdə
sadəcə dilin normativ qanunlarına əməl etmək
azdır; məhz dil vasitəsilə təfəkkür ifadə
olunur, təşbehlər, ifadə vasitələri ilə onu
canlandırır. Bununla yanaşı, dilin
inkişafında tərcümələrin də böyük
rolu olduğunu və milli dili gəlişdirmək
üçün bir çox xalqların tərcümələrə
böyük önəm verdiyini yazır. Lakin hər
cür tərcümə də dilin inkişafını şərtləndirmir;
bu cəhətdən yalnız keyfiyyətli tərcümələr
hesabına dil daha da zənginləşə bilər:
"Bizim dediyimiz odur ki, hər hansı bir xalqın
şüurunu, dilini başqa təfəkkürün, başqa
dilin meyarı ilə ölçmək yanlış bir yoldur.
Bu yoldan birdəfəlik əl çəkmək
lazımdır. Çünki bir dili başqa bir dilin
qanunları ilə ölçmək, yaxud o qanunlara tabe etmək
düzgün yol deyildir. Hər dilin ancaq öz
qanunları və öz ifadə formaları müqəddəs
və gözəldir". Aydındır
ki, yazıçı burada başqa dil dedikdə rus dilini nəzərdə
tuturdu və kiril əlifbasının tətbiqi zamanı bəzi
rus dili qrammatik normalarının milli dilə tətbiqinə
etiraz edirdi. Yazıçı həm də
dilimizdə olan əcnəbi sözlərin yersiz işlənməsinə
qarşı çıxırdı və bu fikrini vaxtilə
Rusiyada bəzi adamların rus dilində və təfəkküründə
yaxşı bir şey tapmayaraq Qərbə meyilli
olmalarını, dili əcnəbi sözlərlə
doldurmalarını təsadüfən müqayisə etmirdi.
Bununla da dilimizə daxil olan çoxlu əcnəbi sözlərin yanlışlığına elə
rus dilinin keçdiyi tarixi təcrübə örnəyi ilə
nail olurdu. Dilimizdə rus və beynəlxalq dillərdən
alınan istilahların isə ancaq Azərbaycan dilinin qrammatika
və tələffüz qaydalarına
uyğunlaşdırılmasının tərəfdarı
kimi çıxış edirdi.
Mirzə
İbrahimov "Dil və ədəbiyyat dərslərini
nümunəvi təşkil edək" (1944) məqaləsində yenidən
ana dili probleminə qayıdır və bu işin məktəblərdə
Azərbaycan dili və ədəbiyyatının tədrisindən
başlanmasını zəruri hesab edirdi. Yazıçı
dilin gözəlliyinin qorunması ilə bağlı yenə
də tarixə müraciətlə onu xalqın tükənməz
xəzinəsi hesab edirdi. Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələri Nəsimi, Füzuli,
Vaqif, Zakir, M.F.Axundzadə, S.Ə.Şirvani, Sabir kimi şair və
yazıçıların böyük sənət əsərlərini
bu dilin vasitəsilə yaratdıqlarını bildirir. Dil və ədəbiyyatın tədrisinə
kiçik bir məsələ kimi deyil, xalqın mənəviyyatı
və bir dövlət məsələsi olaraq yanaşması
yazıçının bu məsələyə nə qədər
önəm verdiyinin sübutudur. Onun fikrincə,
ədəbiyyat və dil müəllimlərinin uşaqlarda
yaxşı yazmaq və danışmaq qabiliyyətini
inkişaf etdirməsi vacib amillərdən biridir. Görünür ki, M.İbrahimov Azərbaycan dilini
inkişaf etdirməyin yolları üzərində çox
düşünmüş və bunun bir yolunu da tədris
prosesində görmüşdür.
Mirzə İbrahimov 1945-ci ilin noyabrında "Azərbaycan
dili" məqaləsini yazır. Bu ona görə
önəmlidir ki, məqalə Təbrizdə yazılır.
Bu zaman Təbrizdə cərəyan edən hadisələr
kontekstində Azərbaycan dili probleminin
qaldırılmasının önəmi çoxdur. Belə ki, M.İbrahimov Cənubi Azərbaycanda
azadlıq hərəkatının və milli mücadilənin
başında duranlardan biri idi. Hətta
onun burada "Əjdəroğlu" adı ilə əfsanəvi
şəxsiyyət olaraq tanınması ilə bağlı
xatirələr vardır. Yazıçı Qılman
İlkin M.İbrahimovun Təbrizdəki fəaliyyətindən
bəhs edərkən burada daşnakların faşistlərlə
birləşərək Cənubi Azərbaycanı Ermənistanın
tərkibinə qatmaq istəklərinin üzərindən xətt
çəkməsini xatırlayır: "Onlar
(daşnaklar-B.Ə.) Cənubi Azərbaycana daxil olmuş
ordunun tərkibindəki azərbaycanlı
döyüşçülərə qarşı gizli təbliğat
aparırlar. Hətta əhali içərisində
şayiə yayırlar ki, Cənubi Azərbaycan tezliklə Ermənistana
qatılacaqdır. Bununla əlaqədar
Mirzə (İbrahimov-B.Ə.) məni çağıraraq bu
mövzuda qəzetdə ("Vətən yolu" qəzeti nəzərdə
tutulur-B.Ə.) çıxış etməyi
tapşırdı. Mən yayılan xəbərləri
daha dərindən araşdırıb öyrəndikdən
sonra qəzetin növbəti sayında "Daşnaklar
faşist agentləridir" adlı məqalə ilə
çıxış etdim".
Cənubi Azərbaycanın milli azadlıq mücadiləsinin
bədii salnaməsi isə yazıçının "Gələcək
gün" romanında realist şəkildə təsvir
edilib. Buna görədir ki, yazıçının burada
yazdığı "Azərbaycan dili" məqaləsi təsadüfi
xarakter daşımırdı. Yazıçı məqalənin
əvvəlində "Dil bir xalqın mənəvi cəhətdən
birləşməsində, öz həyat və mübarizəsini
təşkil etməsində qüdrətli bir vasitə və
silahdır", - qənaətinə gəlir və müstəmləkəçilik
və işğalçılıq meyillərini pisləyirdi.
Bir qədər də açıq şəkildə
İranın müstəbid və zalım hakimlərinin Azərbaycan
xalqının başına gətirdiyi fəlakətləri
indiki zamanda Hitler Almaniyasının başqa xalqlara və millətlərə
qarşı vəhşi münasibəti ilə müqayisə
edirdi. Bu vəhşət bir çox
xalqların milli mədəniyyət və ana dilini aradan
qaldırmaq üçün törədilirdi. Yazıçı məqalədə keçmişə
ekskurs edərək dilin xalqın özü qədər qədim
olduğunu və tarixi bir inkişaf yolu keçdiyini faktlarla
izah edir. Bu tarixi inkişaf yolunda Azərbaycan
xalqı həmişə öz dilini qorumuş və
böyük sənət əsərləri
yaratmışdır. M.İbrahimovun gəldiyi nəticə
bundan ibarətdir: "Azərbaycan dili Azərbaycan
xalqının mənəvi dövləti və milli
iftixarıdır. Azərbaycan dili
dünyanın mədəni və müasir dillərindəndir.
Bu dildə bizim ata-babalarımız əsrlər
boyunca bəşəriyyətin mədəniyyət xəzinəsini
ölməz elm və mədəniyyət inciləri ilə
zinətləndirmişlər. Bu dildə
Azərbaycanın qəhrəman oğul və qızları
böyük sənət, elm və ədəbiyyat nümunələri
yaratmışlar".
M.İbrahimovun
bir-birinin ardınca yazdığı Azərbaycan dili məqalələri
təsirsiz qalmır; 40-cı illərin sonu 50-ci illərin əvvəllərində
məhz elə Mirzə İbrahimovun sədrliyi ilə
keçən Azərbaycan dili və ədəbiyyatı
müəllimlərinin müşavirəsində
respublikanın bütün idarə və müəssisələrinin
Azərbaycan dilinə keçməsini təmin etmək
üçün 15 nəfərdən ibarət komissiya
yaradılması barədə qərar qəbul edilir.
50-ci illərdə Azərbaycan Ali Sovetinin sədri
işləyən M.İbrahimov dil ətrafında cərəyan
edən hadisələrin baş rejissoru idi. 1956-cı ilin
iyulunda Moskvaya gedərək bu məsələni SSRİ Ali
Sovetinin sədri K.Y.Voroşilovla razılaşdırmaq onun
üzərinə düşür. Moskvadan qayıdan
M.İbrahimov Azərbaycan KP MK-ya göndərdiyi
məktubunda yenə də
xalqın tarixinə müracət edərək
işğalçıların uzun müddət xalqı
"zülm və təzyiq" altında saxlasalar da, Azərbaycanın
milli istiqlalını, dövlət və mədəniyyətini
məhv etməyə çalışdıqlarını,
lakin buna nail ola bilmədiklərini yazır və indiki
dövlətin milli siyasətinin də buna yol vermədiyini qətiyyətlə
bildirirdi: "Sovet dövründə əldə etdiyimiz
böyük qələbələrdən biri Azərbaycan
dilinin dövlət səviyyəsinə qalxmasıdır. İstər kənd, rayon, şəhər partiya və
sovet təşkilatlarında, istərsə respublika təşkilatlarında
Azərbaycan dili dövlət dili kimi işlənir. Söz yox ki, getdikcə bu vəziyyət genişlənəcək
və möhkəmlənəcəkdir. Bu
vəziyyət respublikanın Konstitusiyasında əks
olunmalıdır". M.İbrahimov məktubunda
Konstitusiyaya ediləcək əlavəni Ali Sovetin həmin il avqustun 15-də keçiriləcək
sessiyasında müzakirə etməyi məsləhət
görürdü. Sessiyada Konstitusiyaya əlavə
qəbul edildi və bununla da Azərbaycan dili rəsmi dövlət
dili statusu aldı.
Bu illəri Mirzə İbrahimovun həyatının və
fəaliyyətinin ən məhsuldar və qızıl
dövrü kimi səciyyələndirmək olar. 1957-ci ildə
Nazim Hikmətin Bakıya gəlişi zamanı respublika cameəsi
ilə görüşlərinin əksəriyyətində
onu M.İbrahimov müşayiət edirdi.
Yazıçı Nahid Hacızadə yazır: "O zaman Mirzə
İbrahimov sözün əsl mənasında xalqın
sevimlisinə, ümid yerinə çevrilmişdi. Böyük ədib Azərbaycan SSR Ali Sovetinin sədri
kimi çox böyük işlər apardığına
görə ümumxalq sevgisi qazanmışdı. Həmin illər yaddaşlarda özünəqayıdış
və milli oyanış illəri kimi qaldı.
Mirzə İbrahimov idarə və müəssisələrdə
Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi
haqqında fərman imzalamışdı. Sovetlər
Birliyinin dünyaya meydan oxuduğu, rus şovinizminin
tüğyan etdiyi bir vaxtda bunun necə böyük risk,
hünər və qəhrəmanlıq tələb etdiyini
hamı yaxşı başa düşürdü".
N.Hacızadənin yazdığına görə, Nazim
Hikmət universitetdəki tələbələrlə
görüşünə də Mirzə İbrahimovla gəlir. Məhz bu
görüşün Azərbaycan ədəbi mühitinə
təsiri ilə bağlı çoxlu fikirlər vardır.
Universitetdə divarlara vurulmuş lövhələrin
heç birində rus dilində yazılmış elanlara rast
gəlmək mümkün deyildi. Bununla
onlar Nazim Hikmət və Mirzə İbrahimova "Biz sizin
yolunuzu tutmuşuq", - mesajını verirdilər.
Görüş ərəfəsində bir tələbənin
Nazim Hikmətə "Əgər bir azərbaycanlı
özgə dildə oxuyub, özgə dildə
düşünüb, özgə dildə yazarsa, onu azərbaycanlı
adlandırmaq olarmı?", - sualına Nazim Hikmət
"Əgər bir adam Çin dilində
təhsil alırsa, fikri, düşüncəsi çinli kimi
qurulubsa, onu Çin mütəxəssisi hesab etmək olar.
Öz ölkəsinə, xalqına onun o qədər də dəxli
yoxdur", - cavabını verir. Lakin Mirzə İbrahimovun
cavabı çox kəskin olur: "Gözlənilməz halda
Mirzə İbrahimov ayağa qalxıb: "Belələri əclafdır!",
- deyə qışqırdı.
O, məhvərindən
çıxmışdı, necə də qəzəbli idi.
Əllər
göyərçin kimi çırpındı, alqış
səslərindən zal birdən-birə necə kükrədi,
coşdu!". Əslində
isə M.İbrahimovun bu qəzəbi, sadəcə, tələbənin
sualına deyildi, həmin günlərdə onun Azərbaycan
dili uğrunda mücadiləsinə qarşı çıxan
milli və qeyri-milli "opponentlərinə" idi.
M.İbrahimovun bu zaman gənclər arasında çox məşhur
olduğu ilə bağlı plenum
iştirakçılarından birinin
çıxışında deyilirdi: "Onlar bir sıra millətçi
dalğalar qaldırıblar və İbrahimov yoldaş bu məsələnin
təşəbbüskarı olduğu üçün istər-istəməz
onu özlərinin milli qəhrəmanına çeviriblər.
Adamların bir hissəsi, xüsusən gənclər,
tələbələr buna uyublar. Mirzə
İbrahimov hər dəfə çıxış eləyərkən
sürəkli və uzun müddət kəsilməyən
alqışlar da bundan irəli gəlir".
Mirzə İbrahimovun mübarizəsi öz nəticəsini
verir və Azərbaycan dilinin dövlət statusu Konstitusiyada
öz əksini tapır. Lakin M.İbrahimovun işi bununla bitmir, bəlkə
əksinə, bundan sonra başlayır. Çünki
Konstitusiyaya dil ilə bağlı bu əlavəyə ermənilər
və digər millətlərin öyrədilmiş nümayəndələri
qarşı çıxaraq Azərbaycanın "Lenin milli
siyasətini" kobud surətdə pozduğuna dair həm mərkəzə
məktublar yazırlar, həm də ermənicə və rusca
çıxan qəzetlərdə etirazlarını bildirirdilər.
Guya bu qanunun qəbul edilməsi respublikada millətçiliyin
güclənməsinə səbəb olmuşdur. Görünür, bütün bunlar Mirzə
İbrahimovu yenidən bu məsələyə
qayıtmağa vadar etmiş və 1956-cı ildə "Azərbaycan
dili dövlət idarələrində" məqaləsi ilə
çıxış etmişdir. Bu məqalə
yazıçının əvvəlki məqalələrindən
kiçik olsa da, siyasi tutumu və ictimai rezonansı
baxımından olduqca əhəmiyyətlidir. Məqalənin hər bir cümləsi və fikri
milli hədəfə yönəlmişdi. Bunun üçün yazıçı mövcud
sistemin ideoloji bazasından da istifadə edərək Lenin milli
siyasətinin nəzəri prinsipləri (böyük və
kiçik millətlərin hüquq bərabərliyi, zülm
və təzyiq və s.) ilə fikirlərini əsaslandırır.
Yazıçı uzaq tarixə getmir, birbaşa
mətləbə keçərək indiki zamanda imperializmin
milli zülmü gücləndirməsi, milli adət-ənənələrə
alçaq nəzərlə baxması, təzyiqi
artırması nəticəsində Asiya və Afrika
xalqlarının bu zülmə qarşı istiqlal mübarizəsinə
istinad edir. Məhz bunun sayəsində
Asiya və Afrikanın əzilən xalqları ayağa qalxaraq
imperializm boyunduruğunu qırıb atmış və
azadlığa çıxmışdı. Yazıçının fikrincə, yalnız
azadlıq və bərabərlik olan yerdə özünün
böyük və yaradıcı, insani mahiyyətini tam olaraq
meydana çıxara bilir. Zor olan yerdə isə məhəbbət
və sədaqətdən danışmaq nahaqdır:
"Müstəbid quruluşların tarixi aydın sübut
edir ki, zor və təzyiq cəmiyyətdə ancaq
ikiüzlülüyü, riyakarlığı, şübhə
və etimadsızlığı artırır. Təzyiq
altında olan millətlə təzyiq göstərən millət
arasında həqiqi dostluq mümkün deyildir. Hətta gəlişigözəl sözlər belə
burada kömək etmir". M.İbrahimov
sovet cəmiyyətinin adını çəkmir, ancaq
bütün dedikləri Azərbaycan dilinə və xalqa
qarşı münasibəti olduğu kimi göstərirdi.
Yazıçı Britaniya birliyini
("Britaniç millətlər birliyi") misal çəkir
və bu birliyin imperialist üstünlük və imtiyazlar
üzərində qurulduğunu deyir. Ona
görə də bu birlikdə mübarizə səngimir və
qurtarmır, əksinə getdikcə qızışır.
Gəldiyi qənaət də Azərbaycan dilinin
bugününü aydın əks etdirirdi: "...bu mübarizə
o zaman qurtara bilər ki, bu xalqlar həqiqi
azadlığını əldə etsin, bu zaman həqiqi
dostluq və birlik yarana bilər".
Bu fikirlərdən
dərhal sonra M.İbrahimov çar Rusiyasının qeyri rus
xalqları "ən kobud və vəhşi jandarm
üsulu" ilə əzmə siyasətini kəskin şəkildə tənqid
edir və onun milli mədəniyyətlərə və milli
dillərə qarşı təcavüzkar hərəkətini
pisləyir. Çarizm Rusiyasının hətta
milli qırğınlar törətdiyini, başqa xalqları
məhv etmək və imperiya içərisində "əritmək"
məqsədilə rusları zorla ucqarlara
köçürdüyünü yada salır. Əlbəttə, sovet dövründə
"inqilab"dan əvvəlki dövr rəsmi siyasətdə
bu və ya digər şəkildə tənqid edilirdi, ancaq
M.İbrahimovun məqaləsində qoyduğu imperiya və
milli dil məsələsi bu şəkildə heç zaman tənqid
obyekti olmamışdı. Azərbaycan
xalqının öz dilini xarici
işğalçıların hücumundan qoruyub
saxladığını, ona ana dilini unutdurmağa
çalışanların isə xalqın nifrətindən
başqa bir şey qazanmadığını bildirirdi. M.İbrahimov bundan sonra sovet dövrünə
keçir və bu dövrdə də vəziyyətin dəyişmədiyi
aydın olur. Aydın olur ki, sovet dövrünün ilk
onilliyində dövlət idarələrində Azərbaycan
dilinin işlədilməsinə xüsusi diqqət yetirilirdi:
"Lakin təəssüflə demək lazımdır ki, son
on beş-iyirmi ildə bu cəhətdən kobud təhriflərə
yol verilmişdir. Bəzi idarələrdə və
bəzi adamlarda Azərbaycan dilinə qarşı biganə və
laqeyd münasibət yaranmışdır. Hələ onu demirik ki, vətəndaşların azərbaycanca
olan ərizələrinə, yaxud bu və ya digər azərbaycanca
olan yazılara ana dilində cavab verməyən, ya da
bunları tamamilə cavabsız buraxan bürokratlar da
tapılır". M.İbrahimov indiki zamanda Azərbaycanda
"bir xalqın yüksəlməsi"nin
"o birinin əzilməsi" hesabına ola bilməsini
mümkünsüz hesab edərək qəti şəkildə
hökm verirdi: "Respublikanın dövlət idarələrində
və ictimai təşkilatlarında işlərin azərbaycanca
aparılması isə qanuni bir haldır. Çünki bir
xalqın öz idarələrini ana dilində idarə etmək
arzusundan təbii bir şey ola bilməz. Sovet quruluşunda bu, hər bir xalqın pozulmaz
hüququdur. Bu hüquqa hörmət etmək
hamının vətəndaşlıq borcudur".
M.İbrahimov bu fikirlərində mənsub olduğu
xalqın böyük həqiqətlərini ifadə edirdi. "Kommunist"
qəzetinin ilk səhifəsində "Azərbaycan dili
dövlət idarələrində" məqaləsini dərc
etdirməsi onun bu yolda dönməz olduğundan xəbər
verirdi. Bu, həm də həyatını
riskə atması demək idi. Məqalənin
Azərbaycan KP MK-nın ikinci katibi Yakovlev tərəfindən
tərcümə etdirilərək Moskvaya göndərilməsi
və ondan sonra mərkəzdən gələn təlimatlarla
yazıçıya və respublika rəhbərliyinə
qarşı hücumlar məsələnin nə qədər
vacib və əhəmiyyətli olduğundan xəbər
verirdi.
1959-cu ilin fevralında Moskva nümayəndəsinin
iştirakı ilə Azərbaycan KP MK-da keçirilən
plenum, əslində Mirzə İbrahimova qurulmuş məhkəmədən
başqa bir şey deyildi. Buna baxmayaraq,
M.İbrahimov əvvəlki mövqeyindən bir addım da
olsun geri çəkilmir. Plenumdakı
çıxışında Ali Sovetə işə gələndə
hər həftə onlarca adamın şikayətini
aldığı və yerli dilə göstərilən
etinasızlığın dil uğrunda mübarizəyə
başlamağın zəruriliyini bir daha təsdiq edərək
"Biz belə işlərə qarışmalı, ona
qarşı çıxış eləməli idik", -
deyir. M.İbrahimov fikrini yenə də müqayisə ilə əsaslandırır:
"Əgər mən Hindistanı görməsəydim,
İranda, Finlandiyada və başa ölkələrdə
olmasaydım, görməzdim ki, orada nələr baş verir,
kiçik xalqlar necə əzilir, onların dilləri necə
sıxışdırılır". Yarım
saatlıq çıxışında natiq dil uğrunda
mübarizəsində doğru yolda olduğunu bir daha təsdiqləyir.
Onun bu nitqini Xeyrulla Əliyev Xosrov Ruzbehin müdafiə nitqi ilə
müqayisə edərək yazır: "O vaxtlar heç yerdə
işləməyən, öz taleyi ilə yenə də
üz-üzə tək qalmış Mirzə İbrahimovun
plenumda çıxışı lap Xosrov Ruzbehin
"müdafiə nitqi" kimi bağlı salonları yararaq
bütün ölkədə əks-səda
doğurmuşdu".
Müzakirənin
sonunda yenidən söz alan M.İbrahimov
iyirmi ilə qədər mübarizəsini apardığı
Azərbaycan dili siyasətinin arxasında durur və geri
çəkilmir. Onun üçün "dil məsələsi
çox böyük və vacib məsələdir".
Onun fikrincə, bu məsələdə cəsarətli
hərəkət etmək lazımdır. O, Azərbaycan
dilinin dövlət dili kimi Konstitusiyaya əlavə edilməsini
"böyük addım" hesab edir. Ancaq
görünür ki, M.İbrahimovu bu milli ideyanın həyata
keçirilməsində yarı yolda qoyanlar da olmuşdur.
"Ölüm-dirim" məsələsinə çevrilən
bu plenumda özünün tək qaldığını, onu
bu yolda tək qoyanlara açıq şəkildə etiraz
edirdi: "Bu prinsipial məsələlərdə (dövlət
dili nəzərdə tutulur-B.Ə.) mən MK bürosunun,
şəxsən Mustafayevin (birinci katib İmam
Mustafayev-B.Ə.) razılığı olmadan bir addım belə
atmamışam. Lakin o mənim üçün
anlaşılmaz olan ikitərəflilik göstərdi.
Bir neçə nazirlikdə Azərbaycan dilinin tətbiqi ilə
əlaqədar məsələnin Rəyasət Heyətində
müzakirəsi onun razılığı ilə
hazırlanmışdı, Lakin müzakirə günü o gəlmədi...
Rəyasət Heyətinin iclasının
başlanacağını ona bildirəndə o cavab vermişdi
ki, xəstədir. Biz Rəyasət Heyətinin
iclasını onsuz keçirdik. Səhəri gün isə
o sağaldı...". Moskvadan
gələn partiya funksionerləri məsələni
araşdıraraq bu nəticəyə gəldilər ki, məsələyə
yenidən baxılmalıdır. Onların
yazdığı arayışda ən çox tənqid olunan
Mirzə İbrahimov idi. Bəzi milli
ziyalılar da çıxışlarında M.İbrahimovu tənqid
edərək onun məqaləsinin "millətçi
ünsürlərə və demaqoqlara" öz çirkin
niyyətlərini həyata keçirmək üçün bəhanə
verdiyi qənaətinə gəlirdi. Azərbaycan
KP MK-da keçirilən məsələnin yenidən
müzakirəsi zamanı M.İbrahimova qarşı hər
cür ittihamlar səsləndirilir. Bu
çıxışların əsas məğzi
M.İbrahimovun buraxdığı səhvləri boynuna
alması və onu kəskin tənqid üzərində
qurulmuşdu.
Mirzə İbrahimov indi iki mövqeyə qarşı
döyüşürdü; həm qeyri millətlərin
hücumlarına sinə gərir, həm də milli
"ziyalılar"ın ona qarşı hücumlarına kəskin
cavablar verirdi.
Xüsusilə, 1959-cu il plenumunda ona
qarşı hücumlar çoxalmağa başladı. Burada vəzifəlilər, nazirlər, idarə rəhbərləri
fəallıq göstərirdi. Moskvanın
işə qarışması ilə mövqelərini dəyişdirənlər
də var idi. Azərbaycan dilinin idarələrdəki vəziyyəti
ilə bağlı yaranan komissiyada mövqeyini dəyişdirənlər
də az deyildi. Bəziləri
bunun "tələsik" olduğu qənaətinə gəlir,
"ehtiyatlı olmağı" tövsiyə edirdilər.
Kənddən gəlmiş bir partiyaçı isə: "Məgər
bütün məsələ "Ə", "Ö",
"E" hərflərinin yazılışının dəyişdirilməsinin
başındadır? Bu məqalənin çap
olunması, doğrudan da, millətçilik hisslərini
qızışdırmaq məqsədini güdür. Bu isə yaxşı məqsəd deyil", - deyə
yazıçını günahlandırırdı.
Çıxışların birində "Mənə belə
gəlir ki, bundan xırda burjua, millətçilik təmayülünün
üfunətli qoxusu gəlir", - fikri səsləndirilmişdi.
Biri isə bütün bunları mənasız hesab edərək
"Dillə bağlı milli müstəsnalıq, yaxud dilin
sıxışdırılması haqqında söhbətlər
nəyə lazımdır?", - deyirdi. Yaxud: "Sizin
çıxışınız (M.İbrahimov nəzərdə
tutulur-B.Ə.) dəyəri bir qəpik olan hiylənin nəticəsidir",
"Əslində bu, qaş qayıran yerdə göz
çıxarmaqdır", "Onun fikirləri təmiz kəndli
psixologiyası, kəndli nəzəriyyəsidir", "Bu
qoxumuş niyyətlərdir..." kimi fikirlər səsləndirilirdi.
Biri isə uzun müddətdir respublikada olmadığından
və Azərbaycan dilini az bildiyini etiraf edərək
M.İbrahimovun çıxışını
"arqumentsiz" və "əsassız" hesab edirdi:
"Nəyə görə siz bizim respublikanın məsələlərinin
həllinə dal qapıdan girirsiniz? Əsas
qapıdan girin. Görün bizim sənayedə
nələr yaradılıb". Natiq
çıxışında Xruşşov yoldaşın
nitiqini yaxşı başa düşmək üçün
iki dəfə oxuduğunu və ondan estetik zövq
aldığını bildirir və partiya vəzifələrinin
sözsüz yerinə yetiriləcəyinə söz verir.
M.İbrahimova qarşı bu ittihamlar
alqışlarla qarşılanır.
Çıxışlarda bu fikirlər də səslənir:
"Bu yolla ki, Mirzə İbrahimov gedir, həmin yolla
xalqın mənafeyinə xidmət etmək olmaz", "Vətənpərvərliyi
inhisara almağınız düzgün deyil axı...",
"Bu cür yazıçılar əsl həyatı
tanımırlar" və s. Respublika Nazirlər Sovetinin rəhbərlərindən
biri isə deyir: "Mən bir məsələ - dil məsələsi
üzərində dayanmaq istəyirəm. Məsələn,
bildir, yaxud inişil dövlət dili haqqında fərman vermək
nə dərəcədə zəruri idi? Belə
bir zərurət var idimi? Şəxsən
mən belə hesab edirəm ki, heç bir zərurət yox
idi. Bu fərmanla nə demək istəyirdilər?
Guya Azərbaycanın öz sərbəst dili yoxdur?".
Biri isə
sanki bu mübarizənin xalqa heç bir dəxli yoxmuş
kimi: "Bizdə Azərbaycan dilinə qarşı mübarizə
aparan kimdir ki? Yoldaş Mirzə İbrahimov, siz Azərbaycan
dili uğrunda kiminlə ölüm-dirim mübarizəsi
aparmaq istəyirsiniz?", - deyə
yazıçını günahlandırırdı. Ən dəhşətlisi isə o idi ki, onunla bu yola
çıxmış bir çox vəzifəli büro
üzvləri plenumda yazıçını tək
qoymuşdular. Rayonlardan birinin partiya komitə katibinin
çıxışı isə lap 30-cu illəri
xatırladırdı: "Bizdə M.İbrahimov kimi
yazıçılar çoxdur. Təklif eləyirəm
ki, onlar kənddə işləməyə göndərilsinlər.
Qoy onlar kənddə yaşayaraq müəyyən
vəzifə tutsunlar və bundan sonra yazsınlar
(alqışlar)". Həmin
çıxışçı bir alqışı da nitqinin
sonunda alır: "Onun (M.İbrahimovun-B.Ə.) fikirləri təmiz
kəndli psixologiyası, kəndli nəzəriyyəsidir. Mən bəyan eləyə bilərəm ki, Azərbaycan
partiya təşkilatı Bakı partiya təşkilatı həmişə
Lenin partiyasının qabaqcıl dəstəsi olmuş və
əbədi olaraq belə qalacaqdır. Yaşasın beynəlmiləlçilik!
(alqışlar)". Maraqlı
burasındadır ki, milli "ziyalılar"dan fərqli
olaraq Moskvadan plenuma göndərilmiş MK Rəyasət Heyətinin
üzvü N.Mühiddinov M.İbrahimovun bu mübarizəsini təqdir
etməsə də, ona "əziz İbrahimov",
"ağıllı adam", görkəmli
yazıçı", "bədii söz ustası",
"Azərbaycandan kənarda da yaxşı tanınan" və
s. epitetlərlə böyük hörmətini gizlətməmişdi.
Halbuki bu cür epitetlər "milli
ziyalıların" nitqində yox dərəcəsində
idi. M.İbrahimovun bu qeyri-bərabər
mübarizəsində yeganə silahı intellekti, elmi-nəzəri
erudisiyası, yapışdığı yeganə arqument isə,
nə qədər qəribə də olsa, "Lenin milli siyasəti"
idi. Çoxları onun bu arqumentləri
qarşısında aciz qalırdı... M.İbrahimovun
müzakirədəki son çıxışı
böyük bir vətəndaşlıq dərsi və cəsarət
rəmzidir: "Mənim vətəndaşlıq vəzifəm
mənə diktə etdi ki, Azərbaycan dilinin tətbiqi
haqqında çətin məsələni qaldırım. Mən öz fəaliyyətimlə bağlı
adamlarla, ziyalılarla daha çox ünsiyyətdə oluram,
ona görə vicdanım mənə diktə etdi ki,
insanların ürəyində narazılıq yaratmış
bu anormal vəziyyəti aradan qaldırmaq üçün tədbir
görmək lazımdır, məhz bu vəziyyət məni
məcbur etdi ki, öz fikrimi deyim".
M.İbrahimov çıxışında Azərbaycan
dilinin dövlət dili statusu almasından yaranan çətinliklərlə
bağlı da fikirlərini bildirdi. Ən əsas məsələ,
bütün ittihamların ona qarşı yönəlməsinə
baxmayaraq, özünü mərdliklə müdafiə edir, məsələnin
xalqın məsələsi olduğunu və böyük bir ədalətsizliyə
yol verildiyini bütün varlığıyla dərk edirdi.
Bu isə onun məqalələrindəki nəzəri
mövqedən və əməli fəaliyyətindən bir
addım da geri çəkilməməsini göstərirdi.
Bununla bağlı sonuncu "Azərbaycan dili
dövlət idarələrində" məqaləsi də kəskin
tənqidə məruz qalmasına baxmayaraq, o, yenə də
mövqeyində qalırdı. Azərbaycan
Elmlər Akademiyasında "Azərbaycan dili" məqalələr
toplusundan ibarət kitabının nəşr edilməsi Mirzə
İbrahimovun bu məsələyə nə qədər
böyük önəm verdiyini və öz mövqeyində
qaldığını sübut edirdi. "Azərbaycan
dili" kitabı xalq tərəfindən olduqca rəğbətlə
qarşılansa da, antiazərbaycanlılar tərəfindən
tənqid edildi və bunun müəyyən nəticələri
də oldu. Bütün bunlar Azərbaycan dili məsələsinin
sıradan bir iş olmadığını və əsl qəhrəmanlıq,
böyük vətəndaşlıq və cəsarət tələb
etdiyini göstərirdi. Azərbaycan idarə və
təşkilatlarında məktublaşma və sənədləşmənin
Azərbaycan dilində olması milli ruhun ifadəsi oldu. Lakin imperiya siyasəti buna dözə bilmədi, onu
"xalqlar dostluğuna qəsd etməkdə", "millətçilikdə"
"öz vəzifəsindən sui-istifadə etməkdə"
günahlandırırdılar. 1959-cu ildə
keçirilmiş plenumda isə MK-nın ideoloji işlər
üzrə katibi çıxışında M.İbrahimovun
kütləvi surətdə buraxılmış "Azərbaycan
dili" kitabından MK bürosunun xəbəri
olmadığını iddia edir və "həmin məqalələrin
nəşri zəhmətkeşlərin, gənclərimizin tərbiyəsi
işinə böyük ziyan vurur", - qənaətinə gəlirdi.
Mirzə İbrahimovun Azərbaycan dili uğrunda
mübarizəsi uğurla nəticələndi; Azərbaycan
dili Konstitusiyada dövlət dili statusu aldı. Baxmayaraq ki, bu
işdə müəyyən ləngimələr,
qarşısına çəkilən sədlər də
oldu. Bütövlükdə, Azərbaycan
dili uğrunda mübarizə xalqın milli mücadilə əzmini
bərpa etdi. Bunun
qarşılığında isə Mirzə İbrahimovun
şəxsi həyatında ağır günlər
başladı. Azərbaycan Ali Sovetinin sədri
vəzifəsindən çıxarıldı, "millətçi"
damğası vuruldu, bir müddət işsiz qaldı və gələcək
fəaliyyətində əngəllərlə
qarşılaşdı. Onun Azərbaycan
dili ilə bağlı yazdığı nəzəri məqalələri,
Ali Sovetdə işlədiyi vaxt qaldırdığı dil məsələsi
- Azərbaycan dilini dövlət dili elan etməsi həyatının
ən mənalı anları, fəaliyyətinin vacib mərhələsi
və göstərdiyi vətəndaşlıq zirvəsi idi.
Buna görə ona nə qədər ittihamlar
edilsə də, işdən çıxarılsa da, vəzifə
verilməsə də, onu sındırmaq, əzmək istəyənlər
olsa da, yazıçı heç zaman sınmadı. Yazıçı bütün varlığıyla
xalqına, onun tarixinə, dilinə bağlıydı və hər
zaman da xalqı onu ən çətin vəziyyətdən
belə çıxarırdı. Yazıçı
özü isə həyatının bu günlərini
"Böyük dayaq" romanında belə ifadə edirdi:
"Alçaq əllər, məni uçuruma itələyəndə
dadıma sən çatmısan, amansız qorxu
başımın üstünü alaraq məni ağır
fikirlərə saldığı zaman, xoş günün
dönük dostları, zəif və qorxaq yoldaşlar məndən
üz döndərdiyi zaman yeganə dayanacağım sən
olmusan".
Araşdırmalar təsdiq edir ki, Azərbaycan dili
uğrunda mübarizə M.İbrahimovun şəxsi təşəbbüsü
ilə olmuşdur; bu mübarizənin əsası onun bədii
dilə həssaslığından, milli idealın həyata
keçirilməsi yolundakı məqsədyönlülüyündən
irəli gəlmişdir. Bunun üçün yazıçı
1943-cü ildən başlayaraq müxtəlif məqalələr
yazmış, xüsusilə, Azərbaycan Maarif Komissarı
işləyərkən bu ideyanı təhsil müəssisələrində
həyata keçirməyə
çalışmışdır. 50-ci illərdə Azərbaycan
Ali Sovetinin sədri vəzifəsində işləyərkən
əvvəllər elmi-nəzəri cəhətdən işlədiyi
bu ideyanı praktikada həyata keçirmək
üçün hərəkətə keçmiş və
Nazirlər Kabinetinin sədri Sadıq Rəhimov və Azərbaycan
MK katibi İmam Mustafayevlə razılaşdıraraq məsələnin
həllinə nail olmuşdur. Sonrakı proseslərdə milli
mücadilə yolunda tək qalan yazıçı bunun bədəlini
işdən çıxması və "millətçilik"
damğası ilə töhmətləndirilməklə ödəyir,
lakin həyat da onun mücadiləsinin doğruluğunu
sübut etdi və müstəqillik uğrunda mübarizəyə
təkan verdi.
Mirzə İbrahimovun Azərbaycan dili uğrunda
mücadiləsi bütöv bir xalqın ruhunu yenilədi,
dirçəltdi, onu psixoloji cəhətdən yeni mərhələyə
hazırladı. Ana dili ideyası artıq cəmiyyətə
elə sirayət etmişdi ki, onu xalqın yaddaşından
silmək, təmizləmək mümkün deyildi; necə deyərlər,
artıq təkan öz işini görmüş, milli ruh
beyinlərə, ürəklərə işləmişdi.
Azərbaycanın bir əsrdəki ikinci müstəqilliyi Mirzə
İbrahimovun ömrünün qürub çağına
(lakin bu dövrdə də onun möhtəşəm fəaliyyətini
yada salmaq lazımdır!) düşdü, yeni gələn nəsillərin
80-ci illərin əvvəllərindən yazıçının
yaradıcılığına və şəxsiyyətinə
yersiz, qərəzli və əsaslandırılmamış
hücumları, sistemin bütün qüsurlarını ona
aid etmələrindən irəli gəlirdi... Artıq
ömrünü başa vurmuş sovet sisteminin adamı kimi qələmə
verənlər, ünvanına layiq olmadığı "tənqidlər"
söyləyənlər də oldu. Lakin
bütün bunlar onun xidmətlərinə zərrəcə
adekvat deyildi. Azadlıq havasında olan yeni
nəsil özü də bilmirdi ki, müstəqilliyin əldə
edilməsində, dilinin, varlığının, milli ruhunun
qorunub saxlanılmasında, bədii düşüncədə
yaşadılmasında Mirzə İbrahimovun xalq
yaşadıqca həmişəyaşayacaq misilsiz xidmətləri
olmuşdur.
Bədirxan ƏHMƏDLİ
Ədəbiyyat qəzeti.- 2022.- 6 noyabr.- S.10-12.