"Vaqif Poeziya Günləri"
Böyük
Qayıdışımızın ədəbi manifestidir
“Şuşa ili” ilə
bağlı söhbət
"1905.az" saytında Şuşa ili bağlı on yeddinci söhbət baş tutub. Söhbətdə ədəbiyyatşünas-tənqidçi, filologiya elmləri doktoru Elnarə Akimova və şair-publisist Əli Mahmud, 1905.az portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev və 1905.az saytının redaktoru Təmkin Məmmədli iştirak ediblər.
Fuad Babayev: Bugünkü söhbətimiz Vaqif Poeziya Günlərinə həsr olunub. Əli müəllim, Siz sovet dövründə keçirilmiş Vaqif Poeziya Günlərinin bilavasitə iştirakçısı olmusunuz.
Əli Mahmud: Həmin dövrdə mən rayonda çıxan "Şuşa" qəzetinin redaktor müavini və "Vaqif çeşməsi" ədəbi birliyinin rəhbəri idim. Şuşada Vaqifin məqbərəsinin açılışına hazırlıq görüldüyü bir vaxtda Mamayı məscidində "Poeziya evi" yaratmağı da mənə tapşırmışdılar. Biz şuşalıların köməyi ilə heç bir xərc çəkmədən məscidi bərpa etdik. Şuşa rayon Partiya Komitəsi də bizdən köməyini əsirgəmədi.
1982-ci il yanvarın 14-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı oldu. Qarlı, çovğunlu bir gün idi. Ulu öndər Heydər Əliyevin əyləşdiyi maşın "Bazar başı" meydanına qalxan yolda qarın çoxluğundan hərəkət edə bilmədi. Lakin şuşalılar onun əyləşdiyi maşını bir anın içində qarlı yoldan çıxararaq Mədəniyyət evinin qarşısına gətirdilər. Eyni vəziyyət Cıdır düzünə qalxan yolda da təkrar olundu. Cıdır düzündə Vaqif məqbərəsinin açılışı oldu. Tanınmış yazıçılarımız, ağsaqqallar orada idi.
F.B. - Süleyman Rüstəm də, Mirzə İbrahimov da orada idilər.
Əli Mahmud: Azərbaycanın bütün sanballı və cavan yazıçıları, o cümlədən İsmayıl Şıxlı və Anarın özü da orada idi. Tədbir zamanı Şuşadan iki nəfər çıxış etdi. Şuşa rayon Partiya Komitəsinin I katibi Niyaz Hacıyev və mən. Mən çıxış edən kimi tədbiri tərk edəsi oldum. Çünki qonaqlar Mamayı məscidində yaradılmış "Poeziya evi"nə gələcəkdi.
Həmin gün yazıçı və şairlərin bir qrupu Heydər Əliyevlə birlikdə "Poeziya evi"nə də gəldilər. Mən 45 dəqiqə ərzində Şuşanın ədəbi mühitindən, mədəniyyətindən, məşhur şair və yazıçıları haqqında bildiklərimi danışdım.
F.B. - Vaqif Poeziya Günləri neçə dəfə keçirildi? Şuşanın işğalı faktiki olaraq Sovet İttifaqının süqutu ilə üst-üstə düşür.
Əli Mahmud: Şuşanın işğalına qədər Vaqif Poeziya Günləri hər il keçirilib.
F.B. - Şuşa 30 ilə yaxın işğal altında olub. Ali Baş Komandanın və Ordumuzun səyi və cəsarəti ilə Şuşa azad oldu. Şuşa işğal altında olduğu dövrdə Vaqif Poeziya Günləri başqa bölgələrdə keçirilib?
Əli Mahmud: Xeyr, keçirilməyib. Şuşanın işğalından sonra nə şuşalılar, nə də öz yurdundan didərgın düşmüş soydaşlarımız Vaqif Poeziya Günləri keçirəcək halda deyildilər. Mənim bu məsələlərə münasibətimi "Vətən oğulsuz imiş" şeirimdə bildirmişəm. İnsanlar xilas olmağın, Şuşanı azad etməyin yollarını fikirləşirdilər.
F.B. - Elnarə xanım, Vaqif Poeziya Günlərinin Şuşada bərpası ədəbi ictimaiyyət tərəfindən necə qarşılandı?
Elnarə Akimova: 2020-ci ilin noyabrın 8-də ölkə başçısı Şuşanın azad olunması xəbərini verdi. Heydər Əliyevin 39 il əvvəl dayandığı məkanda 2021-ci ilin yanvar ayının 14-də İlham Əliyev də dayanaraq dedi ki, Şuşanın bərpası bu gündən başlayır. İşğaldan azad etdiyimiz digər rayonlarda infrastruktur layihələrin həyata keçirilməsinə başladıq. Füzulidə hava limanı tikildi, Zəngilanda "Ağıllı kənd" layihəsi gerçəkləşdirildi. Amma çox maraqlıdır ki, Şuşanın bərpası mənəvi məkanların dirçəldilməsindən başladı.
F.B. - Bunların içərisində Vaqifin türbəsi ən önəmli yerlərdən birini tutur.
Elnarə Akimova: Bu ondan irəli gəlir ki, Şuşa bizim üçün hər zaman mədəniyyətin yükünü daşıyan bir simvol olub. 2021-ci il yanvar ayının 5-də Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən dedi ki, bizim qarşımızda duran əsas məsələlərdən biri Vaqif Poeziya Günlərini bərpa etməkdir.
F.B. - Şuşanın işğaldan azad olunmasından heç 2 ay keçməmiş...
Elnarə Akimova: Bəli. Prezident qeyd etdi ki, Heydər Əliyev 39 il əvvəl Vaqif məqbərəsini yaradıb. Orada hər yay Poeziya Günləri keçirilib. Biz bunu mütləq bərpa etməliyik. Biz eyni zamanda "Xarıbülbül" festivalını da bərpa etməliyik. 2021-ci ilin may ayının 7-də Şuşa mədəniyyət paytaxtı elan olundu. 2021-ci ilin may ayında "Xarıbülbül" festivalı, 29-31 avqust tarixlərində isə Şuşa işğaldan azad ediləndən sonra birinci Vaqif Poeziya Günləri keçirildi.
F.B. - Siz orada iştirak etmisiniz?
Elnarə
Akimova: Mən də, Əli müəllim də 2021-ci ildə
keçirilən Vaqif Poeziya Günlərində iştirak
etmişik. Bu bizim ömrümüzə, tərcümeyi-halımıza
qürurla yazılacaq önəmli bir hadisə idi. İnanın ki, zəfər yolunu gedərkən əsgərlərimizin
dişi ilə, dırnağı ilə fəth etdiyi
qayaları göz yaşı ilə seyr edirdik. Bütün bu məqamlar ömrümüzə-günümüzə
yazılası önəmli tarixlər idi. Şuşa işğal altında olduğu dövrdə
Vaqif Poeziya Günlərinin keçirilməməsini müxtəlif
amillərlə əsaslandırmaq olar. Təbii
ki, biz mənəvi cəhətdən ruh
düşkünlüyünə məruz qalmışdıq.
Hətta Şuşa işğalda olarkən
bizim bir neçə ziyalımız hansısa layihə
çərçivəsində Şuşaya qonaq kimi getməkdən
imtina etmişdilər.
F.B. - Amma gedənlər olmuşdu.
Elnarə
Akimova: Təbii ki, olmuşdu. Yəni, o
yükü daşımaq bir qədər çətin idi.
Vaqif Poeziya Günləri yaddaşın bir sipəri
kimi yaranmışdı. Heydər
Əliyev Vaqif Poeziya Günlərini bir neçə mərama
xidmət etmək üçün yaratmışdı.
Həsən Həsənov "Gələcək haqqında
xatirələr" məqaləsində yazır ki, bir dəfə
Heydər Əliyev gözlənilmədən məndən
soruşdu: "Sən şair Vaqifi
tanıyırsanmı?" Mən cavab verdim: "Əlbəttə,
tanıyıram". O, mənə diqqətlə baxdı və
dedi: "Yox, sən hələ hamısını bilmirsən".
Mən istəyirəm ki, Şuşada Vaqifin məqbərəsini
tikəm və orada hər il Vaqif Poeziya
bayramı keçirilsin. İndiki halda Vaqif bizim
üçün sadəcə şair, məqbərə sadəcə
qəbirüstü abidə, bayram sadəcə şeirlər
oxumaq deyil, Vaqif bizim üçün Azərbaycanın
dövlət xadiminin rəmzidir və belə də olacaq.
Şuşadakı məqbərə bizim
üçün Qarabağ xanlığının
timsalında Azərbaycan dövlətçiliyinin rəmzi,
poeziya bayramı bu torpaqda Azərbaycan dilinin əbədi təntənəsinin
rəmzidir". Həmin illər Azərbaycan
dilini qorumaq, Azərbaycan dövlətçiliyinin rəmzi
olaraq Qarabağ xanlığının
varlığını bir mənəvi məkan olaraq təsdiq
etmək üçün çox çətin bir dövr
idi. Məkrli erməni siyasəti buna mane
olurdu.
F.B. - Moskvanın nəzarəti var idi.
Elnarə
Akimova: Bəli. Ötən əsrin 80-ci illərində
Şuşaya, Qarabağa tamah salan erməni siyasətini Heydər
Əliyev çox gözəl şəkildə dərk edirdi.
1967-ci ildə Heydər Əliyev Şuşada
olarkən gördü ki, Vaqifin qəbri çox bərbad vəziyyətdədir.
Ona görə 1972-ci ildə Heydər Əliyev Vaqif məqbərəsinin
tikilməsi ilə bağlı sərəncam verdi.
Vaqifin məqbərəsi memarlar
Əbdülvahab Salamzadə və Eldar Kanukovun layihəsi əsasında
inşa edilib. Məqbərənin tikintisi 9 il çəkdi. Artıq 1981-ci
ildə məqbərə hazır idi. Siz təsəvvür
edin ki, necə çətin bir dövrdə Vaqif məqbərəsi
inşa edilib. Təbii ki, məqbərənin
açılışında Heydər Əliyev iştirak
edib. Məqbərənin lentini də Heydər
Əliyev, Mirzə İbrahimov və Süleyman Rüstəm
birlikdə kəsib. Bu tədbirdə eyni
zamanda erməni yazıçıları da iştirak edib.
Vaqifin şeirlərini erməni dilinə tərcümə
edən Samvel Qriqoryan orada uzun bir çıxış edərək
deyib ki, mən indiyə kimi Nizaminin, Füzulinin və Sabirin
şeirlərini erməni dilinə tərcümə
etmişdim. Sonuncu belə bir zövqü
Vaqifin şeirlərini erməni dilinə tərcümə edəndə
yaşadım. Nə qədər
axıcı, nə qədər gözəl bir dildir. Təbii
ki, ermənilər çıxışlarında
qardaşlıqdan, dostluqdan bəhs etsələr də,
irticaya, zülmə qarşı olduqlarından
danışsalar da 6 il keçmədən
Şuşa hiyləgər erməni siyasətinin badına
getdi. Bu acı faktlardan biridir. Heydər Əliyev uzaqgörən bir siyasətçi
kimi o situasiyaların içində idi və vaxtında
bunların qarşısını almaq üçün o məqbərəni
Qarabağın milli kimlik statusu kimi Şuşanın
bağrına basmışdı. Biz
Şuşanı geri alandan sonra çox asanlıqla o məqbərəni
bərpa etdik. Vaqif məqbərəsində
nümayiş olunan 80 eksponat yoxa çıxıb. Sovet
ideologiyasının ən qatı, ən sərt bir dönəmində
Azərbaycan dilinin mənəvi varlığının
keşikçisi kimi çıxış edən Heydər
Əliyev qeyd edirdi ki, Şuşa məclislərini, Vaqif
Poeziya bayramını hər il keçirmək
lazımdır. Qoy dilimiz yaşasın, yeni gələn
nəsillər, şairlər bir-birini tanısın, bir-birilə
təmasda olsunlar. Daha sonra ulu öndər
qeyd edir ki, burada yeni binaların inşası
yaxşıdır, amma köhnə tikililəri də saxlamaq
lazımdır. Bunlar bizim keçmişimizdir.
Azərbaycanın varlığının
sübutudur. Yəni Şuşanın Azərbaycana
məxsusluğunu incə məqamlara qədər
düşünüb.
Təmkin
Məmmədli: Əli müəllim, 1982-ci ildə Vaqif məqbərəsinin
açılışında erməni şairi Ovanes Tumanyana həsr
olunmuş poeziya bayramının keçirilməsi təklif
olunub. Bu barədə xatirələrinizi bizimlə
bölüşməyinizi istərdik.
Əli
Mahmud: Dəvətsiz gəlib tədbirdə iştirak edən
daşnak xislətli erməni şairi Qurqen Qabrielyan çətinliklə
özünü toparlayıb: "Yoldaş Əliyev, Xankəndində
də Ovanes Tumanyanın poeziya bayramını keçirsək,
yaxşı olar", - dedi. Heydər Əliyev əlini yelləyərək,
qətiyyətlə və sərt şəkildə cavab verdi: "Söhbət "Vaqif poeziya günləri"ndən
gedir", - dedi. Qurqen Qabrielyan peysərinə qədər
qızardı və bir daha danışmadı. Şuşa Azərbaycanın tarixidir. Bizim keçmişimiz, gələcəyimiz və bu
günümüzdür.
F.B. - Siz Şuşa işğaldan azad edildikdən sonra
orada keçirilən hər iki Vaqif Poeziya Günlərində
olmusunuz?
Elnarə
Akimova: Mən 2021-ci ildə keçirilən Vaqif Poeziya
Günlərində olmuşam.
Əli
Mahmud: Mən hər ikisində iştirak etmişəm. Orada məni
görən prezidentimiz soruşdu ki, sən birinci
açılışda da (1982-ci il nəzərdə
tutulur - red.) olmusan? Dedim ki, bəli olmuşam.
F.B. - İlham Əliyev də 1982-ci ildə
keçirilmiş Vaqif Poeziya Günlərində iştirak edib.
Əli
Mahmud: Bəli. Qışda Şuşada qar
yağmasında qeyri-adi bir şey yoxdur. Amma həmin
gün elə qar yağırdı ki, köynəklə də
adam açıq havada
üşümürdü. Şuşanın
havasında belə bir möcüzə var idi. Mən
Şuşada hündürdən danışan adam,
dilənçi, dəli görməmişəm. Şuşada 2-3 yerdə növbə olardı.
Kitab mağazasında, qəzet
köşkündə və teatr evində. Şuşa çox böyük ziyalılar
yetişdirib. Mən ömrüm boyu
Şuşada hava haqqında məlumata qulaq asmamışam.
Bizim ev şəhərin yuxarı tərəfində
idi. Səhər tezdən pəncərədən
Bağrıqan dağına baxırdım. Bağrıqan dağının üstü bir azca
buludlu olan kimi bilirdim ki, saat 10-11-də yağış
yağacaq. Yağış yağan kimi
çiçəklərin, güllərin ətri
Şuşanı bürüyürdü. Şuşanın
təbiəti də o cür idi. Mən
Şuşaya həsr etdiyim "Şuşada nəyim
qaldı" şeirini oxumaq istəyirəm.
Qəbrimə
nişanə seçdiyim
Mamırlı bir daş.
Gözümə
tökmək üçün qoruduğum
Bir ovuc torpaq.
Ürəyimdə
bişib,
Dodaqlarımı
göynədən
Bircə damla yaş.
Təsəlli
üçün qardaş məzarına
Qoyacağım Xarı bülbül gülü.
Hər səhər
şehinə bələndiyim,
Üzümü
sürtdüyüm,
Gözümə
dürtdüyüm
Maralotu sünbülü.
Sehrli
nağılların
Dərin
quyularına enən
Qırxpilləkan yolu.
Qoxlanmamış
bənövşələrə
Keşik
çəkən
Qaratikan kolu.
Yandırılmış
kəndimin
Qırxqızın,
Kirsin yamaclarına
Səpələnmiş külü.
Göyərməyən,
qurumayan
Qan gölü.
Şəhid
anamın
Mirzəhəsən
qəbiristanlığındakı
Məni
intiqama çağıran
Çat-çat olmuş qəbri.
Şuşasız,
Göyçəsiz,
Laçınsız,
Kəlbəcərsiz millətimin
Tükənib daşmayan səbri.
Xan
qızı Natəvanın,
Vaqifin, Nəvvabın,
Bülbülün,
Üzeyirin,
Zakirin,
Cabbarın
Gülləbaran məzarları, heykəlləri.
Yanıb
kösövə dönmüş
Neçə
kamanın, tarın
Mizraba həsrət qalmış telləri.
Mərmər
döşənmiş ağ küçələr,
Ulduzları yerə tökülmüş gecələr.
Min illərin
sehri, sirri
Yığılmış mücrülər.
Sıldırımlı
Yolların
üstündə,
Ənvər
Paşanın, Soltan bəyin
Qolları
üstündə
Qalmış şəhidlərim.
Gözümün
yaşını qurutmuş
Qəmim, qəhərim.
Təbrizin
qənşərində,
Baknın
beş addımlığında
Əsir düşən şəhərim.
İllərdən
bəri
Yağı
tapdağında qalan,
Daş armudun
baltalanan,
Qalaları
sökülən,
İmarətləri
talanan,
Ürəyi
oğul həsrətiylə
Bişən şəhərim.
Yağı
əlinə düşməmək üçün
Özünü
qayadan atan,
Qız şəlalələrim.
Qan
çilənmiş Cıdır düzündə
Qan rəngli lalələrim.
Dan yeri
qanla
Sökülən şəhərim.
Kişnərtisi
Qızıl qayada
Boğulub
itən,
Tövləsi,
axuru sökülmüş,
Nalları
tökülmüş,
Yüyəni,
yəhəri yandırılmış,
İnadı
sındırılmış
Kəhərim.
Ərimgəldi
dikdirində
Gecikən,
ləngiyən,
Nəfəsi
təngiyən kişilərin
Yolunu gözləyən yarları.
"Vağzalı"
havası,
Yarımçıq
qalan,
Əlləri
qanla xınalanan,
Gözəllərin ruhları.
Yan
ağaclarından
Rəngli
yumaqları
Asılı qalmış hanalar.
İlmələri
həvələnməmiş,
Çeşni
göyərçinləri
Havalanmamış
Xalçalar, xalılar.
Bağrıqan
dağının üstündə
Bir əlçim yağışsız buludum.
"Segah"ı
yarımçıq kəsilmiş,
Tankların
tırtılı altında
Nalə
çəkə-çəkə əzilmiş
Kamanım, udum.
Ürəyim,
gərəyim,
Duzum, çörəyim.
Gözlərimə
güllə,
Qəlbimə
barıt,
Qurşun
doldurmuşam ki,
Xilas edim yağılardan Vətəni.
Qurtarım
yaxamı töhmətdən,
Övladlarımın,
nəvələrim,
Qınamasınlar məni.
Ömrümün
bu qürub çağında,
Bundan
sonra yurdsuz
Yaşamaq hədər.
Yaşasam
da,
Tapmadım itirdiyim qədər.
Şuşa təkcə Azərbaycanın mədəniyyət
paytaxtı deyil, bütün türk dünyasının mədəniyyət
mərkəzidir. Mənim üzə
çıxartmadığım "Zəfər yolu"
adlı poemam var. Şuşadakı Bağrıqan
dağının adının yaranma tarixini danışmaq istəyirəm.
Ötən əsrin əvvəllərində
erməni-müsəlman davasında o dağda ermənilər
azərbaycanlı əsirləri dabanından boynuna qədər
soyurdular. Onlar dərinin ucunu
aşağı əyilmiş ağacın qüvvətli bir
budağına bənd edib buraxardı. Ağacın
budağı yuxarı qalxanda o yazıq müsəlmanların
dərisi soyulardı və bağırtısı dağa
düşərdi. Bu əhvalatı görənin
də, eşidənin də bağrı qan olardı. Buna görə də həmin dağa
"Bağrıqan dağı" deyərdilər. Ona görə də erməninin naqisliyini, qəddarlığını,
əxlaqsızlığını, bizə qarşı edilən
zülmləri unuda bilmərik. Biz heç
vaxt arxayınlaşmamalıyıq.
F.B. - Vaqif Poeziya Günləri bərpa olunandan sonra
"Ədəbiyyat qəzeti"ndə onun inikası necə
oldu?
Elnarə
Akimova: Mənim də, baş redaktor Azər Turanın da bu barədə
yazıları qəzetdə dərc olunub. Ədəbi
ictimaiyyətdə, ədəbiyyatımızda uzun illərdir
ki, Şuşa nəfəsi
çatmırdı. Şuşa işğaldan
azad ediləndən, Vaqif Poeziya Günləri bərpa olunandan
sonra o nəfəs elə açıldı ki, məqalələrin
ardı-arası kəsilmirdi. Ümumiyyətlə
biz müharibə başlayan gündən Qarabağ
mövzusuna daim həssas olduq. Şuşa
geri alınanda bütün məqalələr Şuşaya həsr
olundu. Prezidentin
çıxışından başlamış, poeziya
nümunələrinə, esse və hekayələrə qədər
qəzetimizdə yer ayırdıq. Vaqif Poeziya Günlərində
"Ədəbiyyat qəzeti"nin əməkdaşları
da iştirak edirdi. Biz "Ədəbiyyat qəzeti"nin bir nömrəsini bütünlüklə
Vaqif Poeziya Günlərinə həsr etdik. Anarın,
Elçinin, Sabir Rüstəmxanlının, Nəriman Həsənzadənin
tədbirdəki çıxışlarını çap
etdik, gənclərin şeirlərinə yer verdik. Şairə Nigar Həsənzadənin təşəbbüsü
ilə həyata keçirilən "İgidlərin
sözü" layihəsinə (44 günlük Vətən
müharibəsində iştirak edən, eləcə də
şeir yazan qazilərin yaradıcılığına həsr
olunmuş layihə - red.) geniş yer ayırdıq. Yeri gəlmişkən qazilərimizin şeirləri
bizim şairlərdən daha təsirli, daha emosional idi. Bu bəlkə də onların müharibənin
odunun alovunun içindən keçməkləri ilə əlaqədar
idi. Bundan başqa Vaqif Poeziya Günləri çərçivəsində
2021-ci il avqustun 31-də Şuşada
"Ədəbi müstəvidə Qarabağın dünəni
və bugünü" adlı ilk elmi simpozium keçirdik. Poeziya Günləri yaranandan belə bir şey
olmamışdı. İlk dəfə bunu
Heydər Əliyev Fondu və Azərbaycan
Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri
üzrə katibi İlqar Fəhmi təşkil etdi. Həmin
simpoziumda millət vəkili Nizami Cəfərov, Elmlər
Akademiyasının müxbir üzvi Tehran
Əlişanoğlu, qəzetin baş redaktoru Azər Turan,
Adil Cəmil, Mustafa Çəmənli, Əsəd Cahangir,
Ələmdar Cabbarlı və mən iştirak edirdim. Biz "Ədəbiyyat qəzeti"ndə simpoziumda
səslənən bütün məruzələri tezis
formasında çap etdik. Daha sonra həmin
o məruzlərin də daxil olduğu materiallar Azərbaycan
Yazıçılar Birliyinin "Bütün yollar
Şuşaya aparır" adlı kitabında çap olundu.
Mənə elə gəlir ki, ziyalıların
da, ədəbiyyatın da, bədii sözün də üzərinə
çox böyük bir yük düşür. Vaqif Poeziya Günləri nəsillərin təması
kimi çox böyük qüvvəyə malikdir. Orada yaşlı, orta və gənc olmaqla
üç nəsil iştirak edir. Vaqif
Poeziya Günləri Vaqifin
yaradıcılığınının hər zaman öyrənilməsi
və Azərbaycan dilinin qorunması baxımından
mühüm əhəmiyyətə malik hadisədir. Bu mənada, onun ədəbiyyatımızda, dövlətçilik
tariximizdə oynadığı rol həm də
yaddaşın bərpası olacaq.
F.B. - Bəli.
Yaddaşımızı yenidən təzələyəcəyik.
Elnarə
Akimova: 1992-ci ildə torpaqlarımız işğal olunanda
Yaşar Qarayevin bir yazısı çıxmışdı.
Ordakı bir ifadə hər zaman yadımdadır:
"Köçkündən vətəndaşa qayıtmaq,
manqurtdan ziyalıya qayıtmaqdan qat-qat asandır". 2020-ci ildə torpaqlarımız işğaldan azad
ediləndən sonra məcburi köçkünlük statusu
avtomatik olaraq soydaşlarımızın üzərindən
götürüldü. Amma
ziyalının manqurtluq statusu asanlıqla ləğv olmur.
Əgər ziyalı canında o mənəvi
yükü daşımırsa, bundan xalq da, yaddaş da əzab
çəkir. Ona görə də hər şeyin təkrarlanmaması
üçün o daim özünü bu missiyanın
altında hiss etməlidir. Uzun illərdir ki,
bizim ədəbiyyatda zəfər, zirvə, qələbə
sözü işlənmirdi. Biz bu ifadələri
yadırğamışdıq. Amma indi bu
ifadələri işlədirik. Amma bir məqama
diqqət edilməlidir. Bu mövzuların
pafos, patetika kimi işləndiyi dönəm bir müddət
maraq kəsb edə bilər, ardınca mövzunun
analitikası, dərinlərə varmaq səriştəsi gəlməlidir.
Bizdə son illərdə müharibə ilə
bağlı bəlkə də poeziya və publisistika
Qarabağ mövzusunda yaddaşın oyaq
saxlanılmasının öhdəsindən gəldi, yaxud
Qarabağ mövzusunda hekayə janrında unikal bədii
nümunələr meydana qoyuldu. Nəsrdə
isə müəyyən maraqlı bədii nümunələr
hasilə gəlsə də, bütövlükdə
keçdiyimiz ağrıların siqlətini epik panoram təsvirləri,
insan həqiqətinin dili ilə ifadə etməyi bacaran
nümunələr yarada bilmədik.
F.B. - Hərçənd cəhdlər olub.
Elnarə
Akimova: Cəhdlər olub. Müəyyən
uğurlu nümunələr də var. Mən adlar da çəkə
bilərəm. Misal üçün Sabir Əhmədlinin
Qarabağ mövzusunda yazılan romanları, Aqil Abbasın
"Dolu" romanı, Mövlud Süleymanlının
"Erməni adındakı hərflər", Şərif
Ağayarın "Haramı" və "Arzulardan
sonrakı şəhər" romanları, Əlabbasın
"Qaraqovaq çölləri", Elçin Hüseynbəylinin
bir neçə romanı uğurlu nümunələrdəndir.
Bununla belə, yalnız son otuz ilin kontekstində
deyil, son 200 ilin tarixi təcrübəsindən keçib qələmə
alınan nəsr nümunəsinin yoxluğundan gedir söhbət.
F.B. - İşğaldan azad olunan Şuşada iki Vaqif
Poeziya Günləri keçirilib. Dinamika necədir?
Türk dünyasından gələnlər olurmu?
Elnarə
Akimova: 2021-ci ildə Vaqif Poeziya Günləri keçiriləndə
pandemiya dönəmi idi. Biz belə bir dönəmdə
Vaqif Poeziya Günlərində iştirak etdik. Tədbir müxtəlif vaxtlarda təxirə
salınsa da nəhayət 29-31 avqust tarixində baş tutdu.
Xarici qonaqları mən xatırlamıram.
Bu il keçirilən Vaqif Poeziya günlərində
isə mən iştirak etməmişəm.
F.B. - Bu il keçirilən Vaqif Poeziya Günləri
hansı ayda olub?
Elnarə
Akimova: Builki Vaqif Poeziya Günləri iyul ayının 15-dən
17-nə qədər davam etdi. Bu Poeziya
bayramı "İgidlərin sözü" layihəsi ilə,
mini çərçivədə təşkil olunmuş
"Məclisi-üns" ilə yadda qaldı. Natəvanın,
Vidadinin, Vaqifin prototiplərinin iştirakı ilə Gənc
Tamaşaçılar Teatrının aktyorlarının
ifasında Cıdır düzündə tamaşa təşkil
edildi. Maraqlı məqamlar çox idi. Yəqin ki, ildən-ilə Vaqif Poeziya Günləri
daha da təkmilləşəcək.
F.B. - Bu temp olmalıdır, yəni, adiləşməməlidir.
Elnarə
Akimova: Məncə kəmiyyətə yox, keyfiyyətə,
yaradıcılıq baxımından rəqabətə
üstünlük verilməlidir. Sovet
dövründə keçirilən Vaqif Poeziya günlərində
hətta Vaqiflə Vidadinin simasında deyişmə təşkil
olunub və bu deyişməni Eldar Nəsib və Vaqif Cəbrayılzadə
aparıb. 1982-ci ildə Vaqif Poeziya
Günündə ilk çıxış nitqini
İsmayıl Şıxlı söyləyib. Ondan sonra Cabir Novruz, Nəbi Xəzri və başqaları
öz şeirlərini səsləndiriblər. Sonda simvolik olaraq Səməd Vurğunun
"Vaqif" dramından bir parça göstərilib. Sovet dövründə keçirilən Vaqif Poeziya
Günlərində adlı-sanlı şairlər, müğənnilər
iştirak edib, mən orada təsadüfi bir imza görmədim.
T.M. - Vaqif Poeziya Günləri çərçivəsində
Vaqifin həyat və yaradıcılığına diqqət
artır. Vaqif yaradıcılığının tədqiqi
hansı mərhələlərdən keçib?
Elnarə
Akimova: Molla Pənah Vaqifin ilk tədqiqi Firudin bəy
Köçərlinin, Salman Mümtazın adı ilə
bağlıdır. Sonrakı illərdə Həmid
Araslı, Araz Dadaşzadə, Əziz Mirəhmədov,
Yaşar Qarayev maraqlı tədqiqatlar meydana qoyublar. Hər birinin də dövrə və Vaqif
yaradıcılığına fərqli yanaşması olub.
Həmid Araslı onu realist şair, Araz Dadaşzadə realist ədəbi
metoda yiyələnmiş ilk sənətkar, Əziz Mirəhmədov
təsviri realizm üslubunun nümayəndəsi, Yaşar
Qarayev realizmin hazırlıq mərhələsini yaradan ədib
kimi xarakterizə edib. Bütün bu tədqiqatlar
sovet dövründə gerçəkləşən işlərdir.
Vaqifin müstəqillik illərində ədəbi
prosesə yeriməsi akademik Nizami Cəfərovun adı ilə
bağlıdır. Nizami Cəfərov 1988-ci ilin
sonlarında "Ədəbiyyat və incəsənət"
qəzetində çap etdirdiyi "Azərbaycan intibahı:
problemlər, mülahizələr" məqaləsində,
daha sonra isə 1991-ci ildə işıq üzü görən
"Füzulidən Vaqifə qədər" kitabında
mifoloji yaddaş, folklor potensialı ilə Yeni dövr
kontekstinə daxil olan XVIII əsri və Vaqif
yaradıcılığını milli oyanış, intibah mədəniyyətinin
zəmini kimi təqdim etdi. Bu fikir həmin dövr ədəbiyyatşünaslığında
geniş polemikalara rəvac verdi, müxtəlif
ədəbi instansiyalarda müzakirəsi təşkil olundu. Ölkənin demək olar ki, bütün ciddi alimləri
bu tezislə bağlı fikir və mülahizələrini
bölüşdülər. Bu müzakirələr
sonucunda həm XVIII əsrə və onun yaradıcı şəxsiyyətlərinə,
o cümlədən Vaqif irsinə münasibətdə
çoxsaylı yanaşmalar meydana qoyuldu. Vaqif
irsinə son yanaşma kimi bu yaxınlarda çap olunan İsa
Həbibbəylinin "Molla Pənah olan Vaqif"
monoqrafiyasının adını çəkə bilərik
ki, bu kitabda İsa müəllim Vaqifi erkən realizm ədəbi
cərəyanının banisi kimi təqdim edir. Və nəinki XVIII əsr, ona qədər davam
tapmış bütün ədəbi mərhələlər,
klassik ədəbiyyat "Vaqif ədəbi mərhələsi"nə
nəzərən tədqiq və şərh olunur.
Təbii ki, Vaqif elə bir parlaq ədəbi istedada malik
sənətkardır ki, özü ilə bağlı ədəbiyyatşünaslıqda
fərqli və modern sənət prinsipləri kontekstində
araşdırmalara imkan verəcəkdir. Bu sırada,
Vaqifin "Görmədim" müxəmməsi ilə
bağlı Azər Turanın yazdığı məqaləni
xatırlatmaq yerinə düşər. Həmin məqalədə
sovet dövründə müxəmməsin"Ey xoş onlar kim Məhəmməd Mustafanı sevdilər"
misrası ilə başlayan bir bəndinin kəsilib
atılması, hansı ki, burada Vaqifin dinə
bağlılığı ehtiva olunurdu, Azər Turan həmin
məqama diqqət yönəldərək tədqiq etməyə
çalışmışdır.
Vaqif yeni tipli ədəbiyyatın yaradıcısıdır. Vaqif mərhələsinin
özünün əvvəlki və sonrakı ədəbiyyata
böyük təsiri oldu, bir növ körpü rolunu
oynadı. O, özündən əvvəlki ədəbiyyatı
milli zəmində yekunlaşdırdı və sonrakı ədiblərin
bir çox maarifçi məsələlər və istiqamətlər
yönündə fəaliyyət göstərmələrinə
yol açdı. Təsadüfi deyil ki, Vaqifin
açdığı işıqdan yola çıxan XIX əsr
dühalarının - Mirzə Fətəli Axundzadənin,
Mirzə Şəfi Vazehin və Abbasqulu ağa Bakıxanovun
milli ədəbiyyatı və dili inkişaf etdirmək
yönündə çabaları onların öz sahələrində
yeniliklərə imza atmaları ilə nəticələndi. Zənnimcə, biz Vaqifə qədər olan bir
dövrü tədqiq etmişik, indi qarşıda duran problemlərdən
biri Vaqifdən sonrakı mərhələni öyrənmək,
onun təsir etdiyi məqamları üzə çıxartmaq
olmalıdır.
F.B. - Vaqif Poeziya Günləri ilə bağlı nəyi
təklif etmək olar?
Elnarə
Akimova: Vaqif Poeziya Günləri çərçivəsində
geniş miqyaslı beynəlxalq simpoziumun təşkilinə
indidən hazırlaşmaq lazımdır, xarici qonaqlara dəvətnamələr
göndərilməlidir. Şuşaya biz həmişə
öz gözümüzlə baxmışıq və baxmalıyıq.
Amma Şuşaya həm də xarici vətəndaşların,
alimlərin, səyyahların gözü ilə
baxılmalıdır. Şuşanın
insanlarda yaratdığı təəssürata, onun mənəvi
bir məkan olaraq təsirinə diqqət yetirilməlidir.
Şuşanın mədəni-mənəvi mühitinin təbliğatı
sferasına Qarabağ dağlarındakı şamanlardan
tutmuş Qarabağ dağlarındakı sufilərə,
Qarabağda toxunmuş 2500 yaşlı Pazırıq
xalçasındakı oğuz elementlərinə qədər
hər kiçik nüans cəlb edilməlidir. Yaxud Mən çox istərdim ki,
Şuşada nəqşibəndi təriqətinin şeyxi
Seyid Həmzə Nigari (1805-1885-ci illərdə
yaşamış sufi şairi - red.) ilə
bağlı bir tədbir təşkil edilsin. İlk
dəfə Qarabağı şeirlərinə Nigari gətirib,
Qarabağ sevgisini tərənnüm edən ilk nəzm
ustadıdır. Uzun müddət qürbətdə
yaşasa da, daim ürəyində vətən eşqi olub.
Eləcə də Mir Möhsün Nəvvabın
özünü biz daha geniş kontekstdə
tanıtmalıyıq.
F.B. - Mir Möhsün Nəvvab ensiklopedik biliyə malik
alim olub.
Elnarə
Akimova: Bəli. Ensiklopedik zəka sahibi olub.
Onun istər musiqi tədqiqləri -
"Vüzuhül ərqam" mətni, istər
yaratdığı "Məclisi-fəramuşan" ədəbi
məclisi, istəsə də qələmə
aldığı "1905-1906-cı illərdə erməni-müsəlman
davası" əsəri daha geniş şəkildə tədqiq
olunmalıdır. Biz bunları daha geniş müstəviyə
çıxartmalıyıq. Bir məsələni
aktuallaşdıranda ona diqqət daha çox yönəlir,
daha geniş çevrələrə yayılır.
Ümumiyyətlə, Şuşanı Şuşa
edən simvolik adlar var. Bu adlara diqqət və həssaslığı
və ən əsası, peşəkar yanaşmanı
artırmaq lazımdır.
1905.az
29 sentyabr
2022
Ədəbiyyat qəzeti.- 2022.- 6 noyabr.- S.6-8.