Atam
bu dünyada
o dünyanın
cəhənnəm əzabını
çəkib,
Qırx
bir-qırx beşdə
faşistlərlə döyüşüb
Kerçdə -
atəş kəsiləndə,
ya da siqaret fasiləsində
Gülablıda odun doğrayıb,
axura ot töküb...
Üzünü xatırlamıram deyə,
hərdən elə bilirəm,
məni öləndən
sonra əkib...
Bir tikə çörəyin
dərdindən
gecə yatmayıb,
gündüz yatmayıb,
tabutdan başqa heç yerdə
ayaqlarını oxxaynan uzatmayıb...
Şəkli də qalmayıb
darıxanda köksümə sıxım,
bütün ömrü
dincəlsəm də
doymuram -
atamın yorğunluğu
mənim canımdan
çıxır...
Qulu Ağsəs
Ədəbiyyat qəzeti.- 2022.-
19 noyabr.- S.3.