Gündəliyimdən bir şeir Alikin şeiri

                                                                                                                                       

Mən kənddən ayrılanda qatar səsini maşınların uğultusu əvəzlədi. Təkərlər məni xəritənin qərbindən şərqinə aparırdı. Atam sağ, əmim sağ, bibilərim sağ. Arxamca baxan bir cüt gözlərin hamısında ümid var idi. Gedirdimsə, qayıdacaqdım. Ata olmağa, əmi olmağa, yenə qardaş olmağa, yenə oğul olmağa. Gedirdimsə, qayıdacaqdım. Kəndimizin işıqları sönməyəli uzun vaxt idi. İndi bizim işıqlarımızı ancaq quşbaşı yağan qar, bir hiddətli küləklər söndürə bilərdi. Beton, dəmir, bərk ağac gövdələrinə qalib gələ bilsəydilər. Çoxdan idi, küçəmizin uşaqları işığın yanmasına yox, havayı internet tapdıqlarına görə sevinirdilər. Təzə serialların təzə bölümlərində olanlar anamı həyəcanlandırırdı. Bir mənim lap uzaqdan gələn zənglərim. Anam çoxdan idi ki, elə bilirdi, həyat bir-birinə pislik edən, yalan danışan adamlarla doludur. Oğlu da ona çox yalan danışmışdı, ona görə. Çoxdan idi, bizim kəndin ağsaqqalları keçmişin qəhrəmanlıqlarından yox, gələcəyin oğraşlıqlarından danışırdı. Kəndin arvadları filankəsin evlənməsindən yox, bəhmənkəsin boşanmasından qeybət edirdi. Çoxdan idi, bizim kəndin mollaları "Quran" yox, siyasi xəbər oxuyub, Allahdan kömək istəyirdi. bilirdilər ki, gec-tez Allah hamını tək qoyub çəkiləcək başqa dünyalara. Başqa adamların dualarına qulaq asacaq, başqa adamların arzularını eşidəcək. Vaxt var idi, Allah ulu babamı komsomolçulardan qoruya bilirdi, indi dinçilərdən qoruyammırdı. Babam təsbehini o vaxt itirmişdi, dünyasını dəyişdi, nəvələri nimdaş pencəyinin cibindən tapdı o təsbehi. Təsbehi tapdığımız gün nənəm yox idi bu dünyada, onun nağılları çoxdan bizi aldada bilmirdi. Çoxdan idi, Məlikməmməd quyuya enmirdi, canavar qarını yemirdi, uşaqlar işıq gələn tərəfə getmirdi. Məni xəritənin bu başından o başına aparan maşın dünyanın ən qəddar hakimi idi. Məni bilmədiyim keçmişə görə mühakimə edib əbədi təkliyə məhkum edirdi. O maşını təyyarə əvəz elədi. mən təzədən şərqdən qərbə gedirdim.

Qəriblikdəki beşinci günümdə Alikin şeirini oxudum. Şeir mənə hələ qədər kədərin yolumun üstündə dayanacaq qurduğunu xatırlatdı. Hələ qədər kədərin mənbəyi xatirələr, mənsəbi gələcək olacaqdı:

 

Qatar səsilə xatırladığım

O kasıb kənddə

Tez-tez sönərdi işıqlar.

ən çox uşaqlar

Sevinərdi işığın yanmasına.

"İşıq gəldi, işıq gəldi,

İşıqları yandırın artıq"

Qışqıraraq küçə boyu qaçışardıq.

Zavod siqnal verərdi

Saatın hər vaxtını,

Nənəm təsbehdən bilərdi

Axşamın şər vaxtını.

 

Göy yerə yaxın idi...

 

Əvvəl böyük əmim,

Sonra atam, sonra o biri əmim öldü.

Sonra da bibimi yola saldım.

O biri bibim ağladı:

"Mən daha tək qaldım...".

 

Bütün qalan adamlar da

Harasa köçüb getdilər.

 

Göy yerdən uzaqlaşdı.

 

İndi işıq sönmür deyə,

Uşaqlar əylənə bilmir

Qatarlar keçir, amma

Səsləri eşidilmir.

 

Dostlar elə dağıldı,

Doğmalar elə getdi,

Kimin dalınca baxasan,

Hansını səsləyəsən,

Hansını axtarasan.

 

Onda şər vaxtı deyildi,

Təbiət səsli idi.

İt vaxtında hürürdü,

Vaxtında açırdı çiçək.

Nənəm təsbehdən bilirdi

Atam vaxt gələcək.

 

Atamın gəlişi

Mandarin qoxuluydu.

 

İndi mən atayam,

Mandarinlər qoxusuz.

İndi atalar yorğun

Atalar indi yuxusuz,

 

Sizə çəkmə alacam,

Bir hamınıza əlcək.

Uşaqlar, qar yağacaq,

Gözəl günlər gələcək!

 

Alikin şeiri səsdi, sözə çevrilib nəğmə olub. Əvvəlcə qatar səsinə, sonra təsbeh muncuqlarının səsinə, sonra bir ağıya, sonra uşaq qığıltısına çevrilib. Əvvəlcə tüstü, sonra məscid, sonra mandarin, sonra qar qoxusu gəlir şeirdən.

Ümid mavi rəngdə deyil, rəngədi bu şeirdə. Bu şeir nələrinsə yaxşı olması, kimlərinsə geri qayıtması üçün baharı gözləmir, qışa səbirsizlənir. Bu şeirdə günəş isitmir bir məlul kəsi, qar havası üşüdür, qollar isidir.

Bu şeiri təhlil etmək üçün ağ-qara şəkillərin zaman keçdikcə necə rənglərə büründüyünü seyr eləmək, radio xışıltılarının birdən-birə necə aydın səslərə çevrildiyini eşitmək, nərd zərlərinin tıqqıltısının tetris siqnallarına, sonra da kompüter oyunlarının səs-küyünə çevrilməsini hiss eləmək bəs edər.

Onun bütün şeirləri beləcə pıçıltılardı. Ata qayğısına istəkli, oğul dərdinə qayğılı. Alikin şeirləri özü ilə bərabər qocalan şeirlərdi. O, bəzən yaşının, bəzən keçmişinin şeirlərini yazır. mütləq hansısa bir cümlə gələcəyə əl sallayır. Alik bədbindi. Alik həm nikbin olmaq üçün həyatın bütün təşbehlərinə şeirlərində misra axtarır. O, mavini qırmızının, ağı qaranın yanına qoyur.

İndi çox da uzaq olmayan qəribliyin səhəri soyuq, axşamı ilıq olan günlərində bir şeirin yaşatdığı hisslər qədər Bakının sahillərini xatırlayır, neçə nəfər dostumun keflənmək üçün girdiyi kafelərin hərarətini hiss edirəm. Küçələrə tökülən xəzanın xışıltısı ilə arabir yağan noyabr yağışının rəqsi , o yağışın altında ora-bura qaçan adamların üzündəki təlaş da mənə illərimin doğmalığını, yadlığını, Bakını gəncliyimin fidan vaxtlarında necə kəşf etdiyimin nostaljisini yenidən burda - Mərmərənin sahillərində, eyni səmadan yağan yağışların altında xatırladır.

Alikin keçmişə həsrəti ilə gələcəyə ümidi arasında Nəimi kimi dartılıb parçalanan şeirlər özündən sonrakı bütün şeirlərə səmimi nigaranlıq miras qoyur. Günəşi gözləməklə ilk qara sevinmək eyni məhəbbətin, eyni həsrətin rəngləridir. Yanan işığa sevinməkmiş uşaqlıq təsbehi dənələyib oğlunu gözləməkmiş qocalıq. Biz hardayıq, onu bilmirəm. Hansı şeir məni, səni, onu danışır? Bəlkə hamısı. Bəlkə heç biri.

Hər kəs bir cür aldatdı bizi, özümüz özümüzü bir mahnının sözlərində, bir şeirin keçmişində. Kəndimizi qoca atalarımıza əmanət edib şəhərlərə köçdük. Köçəndən sonra gördük ki, burda işıqlar sönmür, yananda sevinmirik, mandarinlərin qoxusu yoxdu, alanda iyləmirik, təsbehlər namaz üçün deyil, çevirəndə dua eləmirik. Elə bildik, hamı sonacan yaşayacaq. Atalar ölməyəcək, analar qocalmayacaq, bacılar gəlin köçməyəcək, qardaşlar bizi atıb getməyəcək. Elə bilirdim, həmişəlik kəndin küçə uşağıyam. Mən isə kənddən ayrılanda qatar səsini maşınların uğultusu əvəzlədi. Təkərlər məni xəritənin qərbindən şərqinə aparırdı. Atam sağ, əmim sağ, bibilərim sağ. Arxamca baxan bir cüt gözlərin hamısında ümid var idi. İndi yoxdu.

 

Rəvan CAVİD

 

Ədəbiyyat qəzeti.- 2022.- 19 noyabr.- S.3.