Li Makintayr: "Dünyada
həqiqət
təhlükə altındadır"
Amerikalı filosof, yazar Li Makintayrın Rebeka Hillə müsahibəsi
Amerikalı filosof, yazar, pedaqoq, Boston Universitetinin Fəlsəfə
və Tarix Mərkəzinin tədqiqatçısı
Li Makintayr 2018-ci ildə
"MIT Press"* Nəşriyyatının
"Əsas Bilik"
("Essential Knowledge") seriyası üçün məşhur
kitabı "Post-həqiqət"i
yayımlamışdı. 2020-ci il yanvarın
22-si İntellektual Azadlıq
blogunda dərc olunan müsahibəsində
L.Makintayr jurnalist-yazar
Rebeka Hillə
"post-həqiqət", media və həqiqət anlayışı haqqında
söhbət edib. Hazırda
"post-həqiqət" cəmiyyətdə yaşadığımızı
vurğulayan Makintayra görə, "post-həqiqət",
sübut olub-olmamasından
asılı olmayaraq kimisə nəyəsə
inanmağa məcbur etmək cəhdidir. Konsepti izah etmək
üçün maraqlı
misal gətirən Makintayr, "post-həqiqət"in
o dövrkü ABŞ prezidenti
Donald Trampın foto sübutlar əksini göstərməsinə rəğmən,
öz açılış
izdihamının ondan
öncəki prezident Obamankindən daha çox olduğunu iddia etməsinə bənzədiyini söyləyib.
Həmin
müsahibəni təqdim
edirik.
- Post-həqiqət
yalandan nə ilə fərqlənir?
- Yalan, qarşı tərəfi doğru olmayan bir şeyə
inandırmağa çalışmaqdır.
Düşünürəm ki, bu, heç
olmasa, qarışınızdakı
şəxsə az da olsa
hörməti göstərir,
çünki siz onun koqnitiv razılığını
almaq hüququnu (yəni "yalan danışırsınız" və ya "sizə inanmıram" demə haqqını) tanıyırsınız. Lakin post-həqiqət
daha məkrlidir.
Bu, deyilənlərin yalandan kənar olduğu bir vəziyyətdir. Məsələn, təsəvvür edin ki, kimsə sizə, "İnansanız,
ya inanmasanız da mən sizə
doğru olanı söyləyəcəyəm" deyir. Bu, avtoritarlar
və avtoritarlıq arzulayanlar tərəfindən
istifadə edilən və dominantlıq, güc haqqında olan bir taktikadır.
Bu o deməkdir ki, mən sizə
nəyin doğru olduğunu söyləyə
bilərəm və bu sizin reallığınıza
çevrilər.
- Beləliklə,
biz post-həqiqət cəmiyyətdə
yaşayırıq?
- Mən inanıram ki, biz post-həqiqət cəmiyyətdəyik, baxmayaraq
ki, bu məsələdə
müəyyən çaşqınlıq
var. Məsələn, Stiven
Pinkerin son məqaləsini
oxumusunuzsa, biz post-həqiqət
dövründə ola bilmərik. Səbəb nədir? Post-həqiqət dövründə
yaşadığımıza dair açıqlama verməniz, sizin dediyiniz həqiqəti təkzib edir. İnsanların çoxunun
həqiqət təhlükəsinə
qarşı ayıq olduğunu söyləmək,
təbii olaraq, həqiqətə qarşı
təhlükənin ola bilməyəcəyi
anlamına da gəlir. Mən belə bir əsaslandırma ilə razılaşa bilmərəm.
Həqiqətin təhdid edilməsi
təhlükəsi açıq
şəkildə mövcuddur.
Mən
post-həqiqət cəmiyyətdə
yaşayırıq deyəndə,
heç kimin həqiqətə əhəmiyyət
vermədiyini demirəm.
Dediyim odur ki, bu
taktikanı tətbiq edən insanlar var, həqiqətin siyasətə itaəti mövcuddur və bunu edən insanlar etdiklərinə görə heç bir qarşılıq ödəmir və artıq etdiklərinə nəzarət etmək mümkün deyil. Həqiqət təhlükə altındadır və təəssüf ki, ondan avtoritet taktikası kimi istifadə edənlər var və bu
taktikadan istifadə edənlər bunun əvəzini ödəmirlər.
- "Bunun
əvəzini ödəmirlər"
deyəndə nəyi
nəzərdə tutursunuz?
- Məsələn, Donald Trampın
Milli Hava Xidmətinin xəritəsinin
qarşısında oturub
onu flomasterlə işarələməyə başladığı
vaxt etdiyi hərəkət "post-həqiqət"
nümunəsidir. Çünki
Trampın bunu etməklə əslində
deməyə çalışdığı
budur: "Məni heç bir sübut və ya kimin nə
dediyi maraqlandırmır.
Qələmimi çıxarıb havanı dediyim vəziyyətə gətirirəm".
Eyni şey onun vəzifəyə
gəldiyi zaman səsləndirdiyi iddialara
da aiddir. Tramp istədiyi reallığı
yaratmaq üçün
yalandan istifadə edib. Bu, post-həqiqətdir.
- Bu nöqtəyə
necə gəldik?
- Post-həqiqətin beş kökü var. Birincisi, altmış ildir mövcud olan elmin rədd edilməsidir; siqaret şirkətləri siqaret və xərçəng arasındakı əlaqə haqqında həqiqəti inkar etmək üçün əl-ələ verib. Bu inkar elmin altmış illik rəddinin (təkamül, iqlim dəyişikliyi və s.) kontorudur. Koqnitiv qərəzlilik kimi digər amillər ənənəvi medianın dəyərdən düşməsi və sosial medianın yüksəlişi ilə daha da şiddətlənib. Beynimiz bizi yoxlamağa sövq edir, biz yoxlama üçün televiziya yox, internetə baxırıq və bizim kimi düşünən birini tapmaq üçün çalışırıq. Nəhayət, mübahisəli olsa da, obyektiv həqiqətin mövcudluğuna inanmıram və hər hansı bir həqiqət iddiası hakimiyyət üçün istifadə edilən qəsb formasıdır. Məsələn, deyək ki, Flintdə (ABŞ, Miçiqan ştatının ən böyük şəhəri - tərc.) su böhranı varkən orada su böhranı olmadığını söyləmək fikri.
- İnsanlar həqiqət və ya faktlar mövzusunda
çaşqındırlar?
- Xeyr, məncə, insanlar həqiqətin/faktların nə demək olduğunu bilirlər. Məncə, bu bizdən asılıdır. Düşünürəm ki, adi insan nəyin real, nəyin həqiqət və nəyin reallıq olduğunu çox gözəl dərk edir. Filosoflar etibarlı bir həqiqət nəzəriyyəsi üzərində müzakirələr aparıblar, lakin həqiqətin mənası olmadığını iddia edəcək çox adam olduğunu düşünmürəm. İnsanlarda köklü yanlış təsəvvür var ki, biz həqiqəti sübuta əsaslandırırıq və ya məlumat, ya da ehtimallar üzərində həqiqətlər qüruruq. Düşünmə baxımdan zəif olduqları üçün öz koqnitiv qərəzlərini və inanmaq istədiklərinə inanmalarını başa düşmürlər. Bu onların yalan həqiqət anlayışına sahib olduqları mənasına gəlmir, sadəcə inanclarını necə formalaşdırdıqları mövzusunda ciddi deyillər.
- Sosial mediaya etibar etməyimiz həqiqəti dərk etmək
qabiliyyətimizə təsir edirmi?
- Təsir edər. Kimsə bir şeyin doğru olmadığına inanmaq istəyirsə, onunçün daha az araşdırma daha yaxşıdır. Ənənəvi jurnalistika öz metodlarını təkmilləşdirməli idi. Sosial media ənənəvi media anlayışını, öz sahib olduğu və vacib hesab etdiyi dəyələri əks etdirməkdə ittiham edir. Düşünürəm ki, ənənəvi media son bir neçə ildə yaxşılaşıb, çünki ənənəvi olaraq jurnalistlər siyasi qərəzliliyə görə günahlandırılmaqdan qorxurlar. Hər iki tərəfin faktlarından danışmaq istəyirlər. Ancaq yenə də yalançıya şərait yaratsanız, izləyicilərinizə pislik etmiş olursunuz. Elmi cəhətdən onlar mediada iqlim dəyişikliyinə dair ziddiyyətli fikirlər təqdim edir və heç vaxt nəyin doğru olduğunu demir, hətta bu mövzuda elmi konsensusdan danışmırlar. Beləliklə, izləyicilərin şüurunda bilik illüziyası yaranır və izləyicilər baxmağa başladıqları nöqtədən daha az məlumatlı hala düşə bilirlər.
- Bəs həll yolu nədir?
- Koqnitiv psixoloq Corc Lakoff reallıq sendviçini təklif edir. Jurnalistlər yalan təqdim edəndə onların edə bilməyəcəyi şey onu ört-basdır etməyə çalışmaqdır. Yalançıya yalan danışmaq üçün meydan vermək yalnız yalanı böyüdür. Lakoff nə edilməli olduğunu izah edir: İki doğru arasına yalanı sıxışdıraraq. Yəni həqiqəti danış, yalanı xəbər kimi ver və bunun niyə yalan olduğunu təsdiqlə. Kaş ki, jurnalistlər bu texnikanı qavraya bilsələr, lakin onlar dezinformasiyadan çox, siyasi qərəzlikdə ittiham olunmaqdan qorxurlar.
*MIT Press - elmi və texniki nəşrlərdə ixtisaslaşan
Kembricdə (ABŞ, Massaçusets) yerləşən
Massaçusets Texnologiya
İnstitutu (MIT) nəşriyyatı.
Hazırladı: Nilufər Hacılı
Ədəbiyyat qəzeti.- 2022.- 19 noyabr.- S.2.