"Təzkirətüş-şüəra"da

ərəblər, farslar və türklər

 

Dövlətşah Səmərqəndinin məşhur "Təzkirətüş-şüəra" əsərinin bugünlərdə Azərbaycan dilində nəşri olduqca əlamətdar hadisədir. Və tanınmış ziyalımız, mərhum Əhmədağa Əhmədovun farscadan kifayət qədər peşəkarlıqla tərcümə etdiyi əsər (çapa hazırlayan Lalə Sultanova, elmi redaktoru, professor Tərlan Quliyevdir), hər nə qədər gec işıq üzü görsə də, Azərbaycanda ərəb, fars və türk ədəbiyyatlarının müqayisəli öyrənilməsi işinə, heç şübhəsiz, təsirsiz qalmayacaqdır. Çünki bu sahədə nəinki on, hətta yüzillərlə yığılıb qalmış problemlər hələ də öz həllini gözləməkdədir.

Qədim zamanlardan intensiv qarşılıqlı mədəni-mənəvi, sosial-iqtisadi və siyasi əlaqələrdə olmuş, mənşəcə bir-birindən fərqli üç etnosun - ərəblərin, farsların və türklərin bu qədər yaxınlığı dünyanın ən böyük paradokslarından biridir ki, həm diferensial, həm də inteqrativ aspektlərdən daha dərin, daha əsaslı və daha analitik araşdırmalar tələb edir.

Tərcüməçinin də xatırlatdığı kimi, Azərbaycan Sovet Ensiklopediyasında Dövlətşah Səmərqəndinin fars-tacik təzkirəçisi olduğu göstərilmişdir. "Təzkirətüş-şüəra"nın üslubu (və müəllifin mühakimə üsulu) isə onun türk olduğunu, ancaq ümummüsəlman dəyərləri mövqeyindən çıxış elədiyini nümayiş etdirir.

Əlbəttə, Müsəlman dünyasında zaman-zaman xüsusi bir sistem yaratmış, demək olar ki, heç bir mübahisə doğurmayan ərəb-fars-türk iyerarxiyası vardır. Ola bilsin hansı dövrlərdəsə fars, yaxud türk daha üstün nəzərə çarpsın, ancaq bütün orta əsrlər boyu bu cür üstünlük impulsları həmin iyerarxiyanı dağıtmaq səviyyəsinə çatmır. Ərəbi, farsı və türkü birləşdirən ən böyük qüvvə isə məhz İslam dini (və onun yaratdığı təsisatlar) olmuşdur ki, bu, prinsip etibarilə, ərəb təfəkkürünün məhsuludur.

Dövlətşah Səmərqəndi əmindir ki, "fəsahət və bəlağət ərəblərə məxsusdur... Əcəmlər bu barədə ərəblərə tabedirlər". Və yazır: "Xüsusilə şeirin bədi elmində ərəblərin kamil məharəti vardır. İslamdan qabaq və sonra ərəblərin çoxlu şairləri olub, onların divanları fazillər arasında məqbul və məşhurdur"... Təzkirə müəllifi göstərir ki, "Allahın peyğəmbəri buyurub: "Məclislərinizi Əli ibn Əbu Talibin zikri ilə zinətləndirin". Hərçənd həzrət şahi-vilayətə şeir aid etmək məhz ədəbsizlikdir. Lakin o həzrət bu fənnə iltifat buyurmuş, onun tövhid, münacat, qəsidə, maarif, həqaiq, hətta lüğəz, müəmma və zarafatyana şeirlərindən ibarət olan mübarək divanı məşhur olduğu  üçün... o həzrətin şeirlərindən iki qitə və bir də lüğəz bu müxtəsər kitabda zikr olunacaq. Ondan artıq bəyan etmək bütün elmlərin və həqayiqin mənşəyi olan o həzrətin fəziləti qarşılığında ədəbsizlik olar".

Göründüyü kimi, Dövlətşah Səmərqəndi ərəb şairləri haqqındakı söhbətə əsl  ərəb-müsəlman tərzində, yəni yüksək bəlağət və fəsahətlə başlayır. Və Ləbid Əsvəd əl-Bahili, Fərəzdəq Nəcdi, Dibil ibn Əli Xürai, İbnür-Rumi, Mütənəbbi, Əbül-Əla Süleyman Məğribi Məəri, Həriri, Əbülfəth Büsti Məğribi, Müinəddin Təntərani, Kəb ibn Züheyrdən ibarət on böyük şair haqqında yığcam məlumat verir. Həmin şairlərin əsas fəzilətləri isə İslam qarşısındakı maneələri dəf edib, dinin daha geniş yayılmasında əvəzsiz xidmət göstərmələridir... Məsələn, Ləbid Əsvəd əl-Bahili hələ cahiliyyə dövründə, mövcud ənənəyə uyğun olaraq, yazdığı qəsidəni Kəbənin qapısından asmışdı ki, camaat oxusun. Qəsidə Allahın birliyindən bəhs edirdi. "İqrə" surəsinin ayələri nazil olduqda Həzrət Peyğəmbər buyurur ki, onları Ləbidin qəsidəsinin qarşısından assınlar. Şair ayələrlə tanış olanda dərhal anlayır ki, onlar bəşər təfəkkürünün  səviyyəsindən çox yüksəkdədir. Odur ki,  Həzrət Peyğəmbərin səhabələri sırasına keçir. Və sonralar kafir şairlərin həcvlərinə Həzrət Peyğəmbərin icazəsi ilə məhz  Ləbid cavab verərmiş.

Yaxud başqa bir böyük ərəb şairi Kəb ibn Züheyr İslamı qəbul etməmişdən əvvəl Peyğəmbərin yaxın adamlarından bəzilərini həcv eləmişdi.  Peyğəmbər onun qanının halal olduğunu söylədikdə peşmanlıq keçirən şair Həzrət Peyğəmbərin şəninə bir qəsidə yazıb hüzuruna tələsir, İslamı qəbul etdikdən sonra qəsidəni oxuyur. Peyğəmbər onun günahından keçməklə yanaşı, əynindəki Yəmən bürdəsini çıxarıb ona bağışlayır.

 

"Təzkirətüş-şüəra" müəllifi Azərbaycan ədəbiyyatı tarixində Xətib Təbrizinin müəllimi kimi məşhur olan Əbül-Əla Məəridən də bəhs edir: "O, Şam şəhərinin Hümüs civarındandır. Onun fəziləti və kamil bəlağəti olub, məani və bəyan elmləri üzrə kitablar yazmışdır. Divanı ərəblər arasında məşhurdur... Abbasi xanədanı mədhində Əbül-Əlanın çoxlu qəsidələri var".

Maraqlıdır ki, Dövlətşah Səmərqəndi ərəb şairləri içərisində "məliküş-şüəra vəl-füzəla" təyinli İbnür-Rumidən də söhbət açır. Və göstərir ki, "ona "ədibüt-türk" də deyirlər. O, fazil, alim və fəsahət sahibi olub... Onun divanı və şeirləri ərəblər arasında məşhurdur. Şeyxürrəis Əbu Əli Sina... ona böyük etiqad bəsləyirdi və onun bəzi çətin şeirlərinə şərh də yazmışdır. Ədibüt-türk deyir:

 

Onun göyərtisini və keşnişini yeyib

Çılpaq halda şehli otların üstündə duranda

Öz yerimizə Əmirəl-mömininə

Bu cür göyərti və naxışlı döşəmə arzu edirik.

 

"Təzkirətüş-şüəra"nın müqəddimədən sonrakı ilk fəslinin əvvəlində qeyd edilir ki, "tufanlar, hadisələr, inqilab və kütləvi qırğınlar vəziyyətin dəyişməsinə səbəb olur. Odur ki, alimlər və fazillər islamdan qabaq fars dilində şeir və şair adları tapa bilməyiblər. Amma dillərdə deyilənə görə, fars  dilində ilk şeir deyən Bəhram Gur olmuşdur". Təzkirə müəllifi bir sıra nümunələr gətirdikdən sonra yazır: "Buradan məlum olur ki, islamdan qabaq da fars dilində şeir deyirlərmiş. Amma elə ki. Kəsra və Əcəm  mülkü ərəblərin əlinə düşmüş, o qövm din və şəriəti zahirə çıxarmaq üçün çalışıb Əcəmin qayda-qanunlarını örtüb basdırmış, ola bilsin ki, şeiri qadağan da etmişdir...".

İslamın yayıldığı ilk dövrlərdə ərəb təəssübkeşliyinin güclü olması, əlbəttə, təbii idi. Hər nə qədər "cahiliyyə"nin bilavasitə övladları kimi təqdim olunsalar da, ərəblər artıq bir neçə min illik sami xalqları mədəniyyətinin (akkadlar, aşşurlar və b.) varisi idilər. Və belə bir zəngin varislik nə farslar, nə də türklərə qismət olmamışdı... Dövlətşah Səmərqəndi özünəqədərki mənbələrə əsaslanaraq yazır ki, "Xülafayi-Raşidin zamanından Sultan Mahmud Qəznəvi vaxtına qədər  padşahların dərgahında qanunlar, dəftərlər, əmrlər, qərarlar ərəb dilində yazılırdı və padşahlar sarayında fars dilində  fərmanlar yazmaq eyb hesab olunurdu"... Hətta bir hökmdara farsca "Vamiq və Əzra" dastanı təqdim olunanda o demişdi ki, "biz "Quran" oxuyan adamlarıq. "Quran"dan və bizim peyğəmbərlərin şəriətindən başqa bu növ kitablar bizə lazım deyil.  Bu kitabı atəşpərəstlər yazıb, biz onu rədd edirik".

Ərəblərin farslara qarşı mübarizə aparmasının əsas səbəbi, heç şübhəsiz, farsların təxminən min illik tarixi olan dinlərindən - atəşpərəstlikdən (zərdüştilikdən) əl çəkmək istəmədikləri idi, halbuki onlarla (farslarla) müqayisədə daha tolerant olan tanrıçı türklər ərəb hakimiyyəti üçün elə də böyük təhlükə mənbəyi sayılmırdılar... Ancaq Müsəlman dünyası hərbi-siyasi baxımdan tədricən türklərin əlinə keçdi. Və əslində, müharibə meydanlarında bir-birlərinin kökünü kəsməyə hazır olan türklər ərəblərin qurduğu, farsların isə sülh yolu ilə mənimsəməyə çalışdıqları həmin Müsəlman dünyasında tezliklə at oynatmağa başladılar.

Müxtəlif regionlarda siyasi idarəçiliyə (hakimiyyətə!) yiyələnən türklər həm ərəb, həm fars, həm də türk mütəfəkkirlərini, alimlərini, şairlərini öz saraylarında himayə etmələri ilə hətta xəlifəyə belə təsir göstərmək imkanları qazanmışdılar. Təzkirə müəllifi belə bir səciyyəvi əhvalatı misal gətirir ki, Sultan Mahmud bir sıra fəthlərdən sonra xəlifənin yanına nüfuzlu bir imam göndərib xahiş edir ki, ona  ad-sanına layiq ləqəb versin. Xəlifə (ərəb!) hökmdarı (türkü!) aşağılamaq üçün (eyni zamanda Sultan Mahmuddan çəkinir, qarşı çıxmaqdan ehtiyatlanırdı) ona "əmirəl-möminin vəlisi" ləqəbini verir. Sultana ərz edirlər ki, "vəli"nin iki mənası var: həm "dost" deməkdir, həm də "kölə"...  Hökmdar dərhal xəlifəyə yüz min dirhəm göndərib yazır ki, otuz ildir peyğəmbərin yolunda qılınc çalır, bu pulun müqabilində ona bir əlif satsın, yəni "vəli"ni, "vali" eləsin ki, "kölə" ehtimalı aradan qalxsın... "Xəlifə sultanın fəzilət və fərasətinin kamilliyinə təəccüb etdi. Bundan sonra illər uzunu darül-xilafətdən "vali" ləqəbi ilə əmrlər və hökmlər  sadir olurdu".

"Təzkirətüş-şüəra"da Sultan Mahmud Qəznəvinin son dərəcə mükəmməl obrazı yaradılmışdır ki, bu mükəmməlliyin səviyyəsini göstərən ən mühüm cəhət hökmdarın öz himayəsində olan şairlərə münasibətidir. Təzkirə müəllifi yazır: "Belə deyirlər ki, Sultan Yəminəddövlə Mahmudun rikabında həmişə dörd yüz seçmə şair olardı. Onların irəlidə olanı və əvvəlincisi Ustad Ünsüri idi. Bu şairlərin hamısı özlərini Ünsürinin şagirdi olduqlarını təsdiq və etiraf edərdilər.

...Axırda Sultan Mahmud onu öz məmləkətində "məliküş-şüəra" ləqəbi ilə mükafatlandırdı və əmr verdi ki, ətraf vilayətlərdə harada xoştəb şair varsa, öz şeirlərini bu ustada göstərsin, ustad onu dürüstləşdirib əlahəzrətə  yetirsin".

Belə istedadların biri də Firdovsi olur. O Firdovsi ki, "Tus hakimi ona zülm və haqsızlıq edirdi. O, hökmdən şikayət etmək üçün Tusdan Qəzneynə gedir və bir müddət Sultan Mahmudun sarayına gedib-gəlir, ancaq onun müşkülü həll olunmur. O, gündəlik xərcini ələ  gətirə bilmir. Axır şairlik etməyə başlayır, qitə və qəsidələr yazmaqla camaatdan və ayrı-ayrı şəxslərdən ona cüzi maaş yetişirdi. O, Ustad Ünsürinin söhbəti arzusunda idi, lakin Ünsüri cah-cəlal sahibi olduğu üçün bu arzusu müyəssər olmurdu".

Dövlətşah Səmərqəndi aydın şəkildə göstərir ki, Firdovsi türk hökmdarının sarayına can atmış, hətta bunun üçün şairlik etməyə də başlamışdı... "Bir gün bir hiylə ilə o özünü Ünsürinin məclisinə saldı. O məclisdə Ünsürinin iki şagirdi - Əscədi və Fərruxi də hazır idilər. Ustad Ünsüri Firdovsini kəndli qiyafəsində görüb zarafatla dedi ki, ay qardaş, şairlər məclisində şairdən başqa özgə adamlar oturmaz. Firdovsi cavab verdi ki, bəndənin bu fəndə bir az şüur mayəsi var"... Firdovsinin "hiylə"si o həddə gəlib çatır ki, Ünsüri ondan soruşur: "Şahnamə"ni nəzmə çəkə bilərsənmi?..

Məlumdur ki, Ünsüri türk hökmdarının sarayında fars ədəbi-mədəni mühitinin "missioner"i idi. Və bu missiya Sultan Mahmud Qəznəvini, görünür, elə də rahatsız etmirdi. Əslində, həmin ənənə mərkəzdən (ərəb xəlifələrinin saraylarından) gəlirdi. Saraya cəlb olunmuş fars şairləri həm ərəb, həm də türk hökmdarlarını mədh edib ruhlarını oxşasalar da, məhz İran eposunun ("Şahnamə"nin) motivlərinə, metaforalarına, ifadələrinə əsaslanır, dəbdəbəli fars dili ilə yanaşı, son dərəcə romantik İran "tarix"ini - qəhrəmanlığını da təbliğ edirdilər. Doğrudur, ərəb saraylarında İran əfsanələrini işə keçirmək elə də asan deyildi: hər şeydən əvvəl ona görə ki, ərəb hakimiyyəti çox möhtəşəm ideoloji əsaslara - islam dininə dayanırdı; ikincisi, həmin hakimiyyəti kifayət qədər mükəmməl inzibati idarəçilik sistemi həyata keçirir, heç bir yad müdaxiləyə imkan vermirdi; üçüncüsü isə, İran dövlətini məğlub edib iranlılara islam dinini qəbul etdirmiş ərəblər fars şairlərinin "Şahnamə" qəhrəmanlarını (və metaforalarını) saya salmazdılar...  IX-XI əsrlərdə yeni-yeni baş qaldıran, həm öz vətənlərində, həm də Xilafət-Müsəlman dünyası miqyasında dövlətlər, imperiyalar yaradan türklərin  saraylarında isə İran-fars mədəniyyətinə az qala ərəb mədəniyyəti qədər maraq var idi.

Təzkirəçi yazır ki, Ünsüri saray şairliyinə yeni namizədini - Firdovsini sultanla görüşdürəndə işarə edir ki, onun mədhinə bir neçə beyt söyləsin.  Firdovsinin bədahətən dediyi beytlərdən biri budur ki,

 

Uşaq süddən kəsilən kimi

Beşikdə əvvəlcə "Mahmud" deyir.

 

Beyt sultanın xoşuna gəlir,  göstəriş verir ki, "Şahnamə"ni nəzmə çəkməyə başlasın... İstər bu, istərsə də digər mənbələrdə öz əksini tapmış məlumatlar xeyli dərəcədə tendensiyalıdır. Görünür ki, Firdovsinin (əslində, farsların) mənafeyi  naminə uydurulmuşdur. Belə ki, Sultan Mahmud Qəznəvi şairin istedadını qiymətləndirir, yaradıcılıqla rahat məşğul olması üçün ona hər cür şərait yaradır, vaxtaşırı qəbul edib "Şahnamə"dən parçalara qulaq asır. Ancaq birdən-birə Firdovsi onun gözündən düşür... "Təzkirətüş-şüəra"ya görə, bunun səbəbi sultanın yaxın adamı Əyazla (Ayazla) Firdovsinin yola getməməsi, onu incitməsi olmuşdur. Əyaz sultana yalan-doğru belə bir xəbər çatdırmışdır ki, şair şiədir. Sultan isə Firdovsiyə qəzəblənmiş, şiəlikdən əl çəkməsini tələb eləmişdi. Hökmdarla şair arasında əmələ gələn soyuqluq onunla nəticələnir ki, "Şahnamə" müəllifi umduğunu ala bilmir... Sultan Mahmudu həcv edən Firdovsi müxtəlif yerlərə qaçır, qocalıb haldan düşdükdə isə öz vətənində - Tusda gizli yaşayır. Və guya hökmdar  peşman olub şairə layiq olduğu ənamı göndərəndə Firdovsi artıq həyatda yox idi.

Dövlətşah Səmərqəndi deyilənlərə əsaslanıb yazır ki, Firdovsi atəşpərəstləri (və atəşpərəstliyi) mədh etdiyinə görə Şeyx Gürgani onun meyit namazını qılmadı. Lakin həmin gecə yuxuda şairi cənnətdə görüb soruşdu ki, bu mənsəbə nəyin hesabına çatmısan?.. Firdovsi cavab verir ki, Allahın şəninə dediyim bu beytə görə:

 

Dünyada insanı ucaldan da, alçaldan da Sənsən,

Bilmirəm nəsən, hər nəsənsə, elə Sənsən.

 

"Təzkirətüş-şüəra" müəllifi, hər cəhətdən göründüyü kimi, Sultan Mahmudu nə qədər yüksək qiymətləndirsə də Firdovsini onun ayağına vermir. Və müxtəlif üsullardan istifadə edərək şairi ondan üstün tutur, müqəddəsləşdirməyə çalışır... Farslara tanınan həmin müqayisəyəgəlməz nüfuz Səlcuqilərlə bağlı olaraq da diqqəti çəkir. Məsələn, Cəlaləddin Məlik şahın dövründə səltənətin "bəzəkli bir gəlin" kimi olduğunu deyərkən dərhal vəzir Nizamülmülkün xidmətlərini  xatırlayıb sarayda ona qarşı edilən haqsızlıqları dilə gətirir.

Əlbəttə, Dövlətşah Səmərqəndi  II minilliyin əvvəllərindən başlayaraq Dünya hakimiyyəti iddiasında olan (və bu iddianı doğrultmaq uğrunda uğurla mübarizə aparan!) türk hökmdarlarına qarşı dura bilməzdi. Onların  mədhinə də şairlər təzkirəsi üçün hətta həddindən artıq sayılacaq qədər yer ayırmışdır. Lakin  özünü həmin hökmdarların ən kiçik "qüsur"unu belə qeyd etməkdən, onları ərəb (islam) dininin, fars ədəbiyyatının tələbləri mövqeyindən (və səviyyəsindən!) mühakimə eləməkdən saxlaya bilmir.  Bir tərəfdən, "gözəl dövlət başçısı, fağırların dostu, təbiətcə ədalətli, mələk kimi pak və Allaha itaətkar" Sultan Səncərə böyük dəyər verir, digər tərəfdən isə yazır ki, "o, dövlətinin axır çağlarında alimlərin  maaşını, saleh şəxslərin məvacibini kəsdi. Bunlar bir daha onun dövlətinin  zavalına səbəb oldu... Nəhayət, ğuzlar hücum edib onu həbsə aldılar. Xorasan vilayətlərinin çoxu, Mavəraünnəhr, iki İraq və bir çox şəhərlər o şuluqluqda xaraba qaldı... Sultan  ğuzların əsirliyindən xilas olanda artıq qocalaraq düşkünləşmişdi"... Sultana aid edilən bu və ya digər günahlarla ğuzların onu hakimiyyətdən məhrum etməsi arasında iddia olunan əlaqə elə də məntiqli görünmür. Və türk hökmdarlarını məzəmmət edərkən məntiqə əsaslanmaqdan daha çox hissə qapılması, daha doğrusu, ilk növbədə ərəb, sonra fars, yalnız axırda türk təəssübkeşliyinə meydan verilməsi "Təzkirətüş-şüəra" üçün səciyyəvidir ki, bu cür milli təvazökarlıq ərəb-fars-türk iyerarxiyasında ancaq müəyyən həddə qədər normal sayıla bilərdi.

Dövlətşah Səmərqəndi Azərbaycan şairi Əbül-Əla Gəncəvi haqqındakı sözlərini belə başlayır: "Onu  ustadüş-şüəra adlandırırlar. O, dünya və dinin cəlalı Şirvanşahi-kəbir Axsitan Mənuçehr zamanında Şirvan mülkünün və onun ətrafının məliküş-şüərası imiş, şəni böyük və cah-cəlal sahibi olub. Xaqani ilə Fələki Şirvani hər ikisi onun şagirdi olublar". Təzkirə müəllifi "Nizamüt-təvarix" əsərinə istinadən  əlavə edir ki, "Şirvan şahları Bəhram Çubin nəslindəndir".

Qədim Azərbaycan tarixinin görkəmli araşdırıcısı, professor Həsən Həsənov  "Makedoniyalı İskəndər və Atropat" kitabında (Bakı, 2017) müxtəlif mənbələrə əsaslanaraq göstərir ki, Bəhram Çubin türk mənşəli Aşkanilər nəslinə mənsub böyük dövlət xadimi olmuşdur (səh. 80-83). Həmin qənaət isə Şirvanşahları müəyyən dərəcədə farslaşmış türklər kimi səciyyələndirir.

Təzkirədə Əbül-Əlanın şagirdləri Xaqani ilə Fələkiyə həsr etdiyi sətirlərində bu dahi şairlərin yaradıcılığı, şəxsiyyəti yüksək qiymətləndirilir. Onlar "məliküş-şüəra", Mücirəddin Beyləqani isə "məlikül-kəlam" olaraq təqdim edilir... Başqa bir məlikül-kəlam Zəhir Faryabi haqqında isə deyilir ki, o, Qızıl Arslanı belə mədh edib:

 

Dünya hökmdarının

            dövlətinin yümnündən bu aləm

İrəm bağına, cənnət fəzasına oxşayır.

...Dara və Keyqubadın əhvalatı əfsanə oldu,

Cəmşid və Ərdəvanın siyasəti  ləğv oldu.

Bu cür qərarlaşmış səltənəti,

            bu cür dövləti olan padşahlığı

Çoxdandı ki, zəmanə heç kəsdə görməyib.

 

Bu məlumat ona görə maraqlıdır ki, İran şahlarına deyilmiş (və yüzillərlə  qəlibləşmiş!) tərif-metaforalar indi türk hökmdarının qarşısında dəyərsiz, qüvvəsini itirmiş elan olunur... Dövlətşah Səmərqəndi yazır ki, "Zahir bir müddət sultanlara və hakimlərə xidmət edəndən sonra istefaya çıxdı, elm və ibadətlə məşğul olmağa başladı... Atabəy Qızıl Arslanın hakimiyyəti zamanı Təbrizdə vəfat etdi. Sorxabda Xaqaninin və Mücirəddin  Beyləqaninin qəbrləri yanında dəfn olunub".

"Təzkirətüş-şüəra"nın üçüncü təbəqəsinin Şeyx Nizami Gəncəvi ilə başlaması təsadüfi deyil. Çünki onun "böyüklüyünü, fəzilətini və kamalını yazmağa və bəyana gətirməyə qələm və dil acizdir". Təzkirə müəllifi belə bir rəvayət nəql edir ki, Qızıl Arslan şeyxi öz hüzuruna  çağırmaq üçün adam göndərir. Gəlib deyirlər ki, o, hökdarlarla söhbət eləmək istəmir. Qızıl Arslan özü gəlir. Şeyx hökmdarın gəldiyini bilib qeyb aləmindən ona elə bir qəbul mərasimi təşkil edir ki, Qızıl Arslan şeyxin qədəmlərini öpmək istəyir. Ancaq həmin anda gerçək aləmə qayıdıb görür ki, "bir mağaranın qapısında görkəmsiz bir qoca oturub, qabağında mürəkkəbqabı, qələm, "Quran", canamaz, bir əsa və bir neçə vərəq kağız qoyub. O, təvazökarlıqla şeyxin əlini öpdü, onun şeyxə olan etiqadı ali dərəcəyə çatdı... Şeyx onun (Qızıl Arslanın - N.C.) xatirini əzizləyib, hərdənbir atabəyin görüşünə gedər və onunla söhbət edərdi".

Təzkirənin (və təzkirəçinin) Nizami şəxsiyyətinə olan bu münasibəti, əlbəttə, o dərəcədə qeyri-adidir ki, bu mövzuda (və miqyasda!) söhbəti davam etdirməyi daha münasib bilməyib çox mütəvaze bir səmimiliklə öz idrak-mühakimə səviyyəsinə enir ki, bu, hökmdar - şeyx - şair  münasibətlərinin müxtəlif dövrlər üzrə təsvirindən ibarətdir. Həmin təsvir (və münasibətlər!), tamamilə təbiidir ki, müəyyən qanunauyğunluqların axtarışı ilə müşayiət olunur, ancaq bu axtarışların müəyyən bir nəticəyə gətirib çıxaracağını iddia etmək çətindir.

Dövlətşah Səmərqəndi "qərinələrin sahibqiranı və axır zamanın xatəmül-kəlamı" adlandırdığı Xacə Xosrov Dəhləvi haqqında yazır: "Əsli türkdür, deyirlər ki, Kiş şəhərindəndir. Qərşi hüdudunda yaşayan Həzarəyi-laçindəndir. Çingiz xan zamanında o, xalq Mavərünnəhrdən qaçıb Hində gedibdir"...  Xosrov Dəhləvinin şairlikdə hansı mənsəbə çatdığını göstərmək üçün təzkirə müəllifi xatırladır ki, "əmirzadə Baysunqur Əmir Xosrovun "Xəmsə"sini Nizaminin "Xəmsə"sindən yüksək tuturdu, lakin xaqani-məğrur Uluğ bəy - Allah onun yolunu işıqlardırsın - qəbul etmirdi. Onun Nizamiyə olan etiqadı möhkəm idi. Bu iki padşah arasında dəfələrlə bu barədə qızğın mübahisələr baş verib". Və əlavə edir: "Əgər o mübahisələr bu zəmanədə baş versə idi, ömrünü əbədiyyata tapşırmış zəmanə fazilləri kimin üstün olduğunu göstərərdilər"...

"Təzkirətüş-şüəra" müəllifi bir çox hallarda ehtirassız təzkirəçi rolundan kənara çıxır, dövr barəsində, eləcə də özü haqqında məlumat verir: "Baxmayaraq ki, bu möhtacın əcdadı canfədalıqlar edib və bu ailənin səadəti, bəndəzadənin dövləti olmalı idi, lakin bu miskin bu gün böyük zillətlə bir parça çörək hasil edir... Bu bəndə gündən-günə atadan qalan mülkü və mirası satır, türkmənlərin qapısında durub borc istəyir...".

Təzkirə müəllifinin türkmənlərə, tatarlara münasibətində xüsusilə XIII əsrdən sonrakı hadisələrin təsviri zamanı müəyyən sosial-siyasi diferensiasiya müşahidə olunur. Türk həm quldur, həm də hökmdardır... Başlıcası isə odur ki, dünya dahi bir türkün - Əmir Torağayın oğlu Əmir Teymur Gürganın əmri altındadır... "Aləmin boyun vuranları onun hökmünə boyun qoydular, tac sahibləri onun qulluq həlqəsini qulaqlarından asdılar"... Dövlətşah Səmərqəndiyə görə, Teymurun övladları dünyanı idarə etməyin ayrı yolunu seçdilər... Onun "vəfatından sonra Sultanzadə Xəlilullah Səmərqənd taxtına əyləşdi. Padşahzadə özü gözəl olmaqla, xoş xasiyyəti, zərif təbi və açıq əli var idi. O, sahibqiranın (Əmir Teymurun - N.C.) bütün səltənəti müddətində İranı və Turanı xarabaya çevirərək yığdığı xəzinəni açıb qoşuna və rəiyyətə neysan buludu kimi... səpələməyə başladı. Onun dövründə şairlərə böyük nəvazişlər olundu, onlar şahı mədh etməklə məşğul idilər"...

"Təzkirətüş-şüəra"nın əsas "personaj"ları, heç şübhəsiz, farsdilli (  müxtəlif xalqlardan olan) şairlərdir ki, onlar, bir qayda olaraq, hökmdarlara qəsidə yazmaqla, onları mədh etməklə qiymətləndirilirlər. Hökmdarlar isə islamın müdafiəçisi və poeziyanın hamisi olan türklərdir. Və odur ki, təzkirənin siyasi coğrafiyası, prinsip etibarilə, türklüyü, ədəbi coğrafiyası isə farslığı əks etdirir.

Həm ərəblər, həm də farslar etnik-mədəni bütövlük olaraq təqdim edildiyi halda, türklər ayrı-ayrı coğrafiyaların, tayfa ittifaqlarının, siyasi hakimiyyətlərin cəmiyyətləri kimi nəzərdən keçirilirlər ki, bunun da birinci səbəbi orta əsrlərin sonlarına doğru türklər arasında gedən etnik, coğrafi, siyasi və s. bölünmə prosesinin geniş vüsət almasıdır. Təzkirə müəllifinin məhz öz dövründə, yəni XV əsrdə həmin prosesə, bir tərəfdən, kifayət qədər detalları ilə, digər tərəfdən, xeyli dərəcədə subyektiv (tendensiyalı) yanaşması da onun yalnız ədəbi deyil, həm də siyasi missiyalı bir şəxsiyyət olduğunu göstərməkdədir.

Təzkirənin "Xatimə"sində "məlikül-üməra və mürəbbiyül-füzəla əmirül-kəbir Nizaməddin Əlişir" - Əlişir Nəvaidən bəhs edilir. Xatırladılır ki, onun atası "sultani-əzəm Əbülqasım Babur Bahadurun hakimiyyəti dövründə dövlətin tədbirçisi, müşaviri və ən etibarlı adamı hesab olunurdu". Xüsusi olaraq əlavə edir ki, "türk olmasına baxmayaraq (ifadəyə diqqət yetirin! - N.C.) fəziləti tərk etmirdi. O, öz ali himmətini sərf edirdi ki, oğlu fəzilət libası ilə zinətlənib, hidayət nuru ilə parıldasın".

Dövlətşah Səmərqəndi göstərir ki, Əlişir Nəvai "hələ cavan vaxtlarından iki dilə mükəmməl sahib olmuşdur: türki şivəsində sahib-fən, farsi təriqəsində sahib-fəzl idi... Sultan Babur şeirşünas və hünərpərvər bir padşah idi. O, həmişə əmiri-kəbirin təbinin lətifliyinə afərin deyərdi, onun türki və farsi şeirlərini oxuyar... afərin deyərdi". Təzkirəçinin məlumatına görə əmir Əlişir Nəvai "öz xalis malını riyasız olaraq Allah yolunda xərc edib məmləkətdə mədrəsələr, məscidlər, karvansaralar, xəstəxanalar, məqbərələr, xanəgahlar tikdirmiş və onlardan ötrü təxminən beş yüz tümən dəyərində vəqflər təyin etmişdir".

"Təzkirətüş-şüəra" müəllifinin Əlişir Nəvaiyə həsr olunmuş qəsidəsi də xüsusilə o baxımdan maraqlıdır ki, bir beyti türkcə, bir beyti farsca, yəni müləmmə  şəklində olmaqla Nəvainin hər iki dildə qələm çalmasına ehtiram bildirir.

Əsər İslam padşahının - Sultan Hüseyn Bayqaranın tarifi ilə başladığı kimi onun tarixi qəhrəmanlıqlarının xatırlanması ilə sona çatır. Və Sultan Hüseyn türkdən daha çox bir müsəlman hökmdarı olaraq tərif edilir...  "Asimandan ona verilən hər fəth Baxıb görürəm ki, başqa bir fəthin müqəddiməsidir"... Ancaq təsvir olunan sosial, siyasi və ədəbi hadisələrin xronologiyası göstərir ki, ərəb, fars və türk "ittifaqı" artıq dağılmaq üzrədir... "İslam padşahı" missiyasını isə türklər ələ keçirib daxili çəkişmə predmetinə çevirmişlər. Ərəblərlə farslar isə müdrikcəsinə susub türklərin bir-birlərilə çəkişmələrinin nə ilə nəticələnəcəyini gözləyirlər, çünki onlar artıq İslama inansalar da, İslam padşahlığına inanmırlar...

 

Nizami CƏFƏROV

 

Ədəbiyyat qəzeti.- 2022.- 19 noyabr.- S.8-9.